Birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılar, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri və xarici tərəfdaşlarla görüş keçirilib

Azərbaycan Prezidenti İlham Əliyev görüşdə iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

 

İyunun 29-da birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və Oyunların təşkilində xidmətləri olan xarici tərəfdaşlarla görüş keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı,

“Bakı-2015" birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri

Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər. Əvvəlcə birinci Avropa Oyunlarının möhtəşəm açılış və bağlanış mərasimlərini, yarışlarda ən yaddaqalan məqamları, o cümlədən Azərbaycan idmançılarının çıxışlarını əks etdirən videoçarx nümayiş olundu. Dövlətimizin başçısı mərasimdə nitq söylədi.

-Hörmətli Avropa Olimpiya Komitələrinin prezidenti cənab Patrik Hikki!

Hörmətli xanımlar və cənablar!

Əziz idmançılar!

Bakıda birinci Avropa Oyunları uğurla başa çatıb. Bu münasibətlə mən sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Birinci Avropa Oyunları ölkəmiz və Avropa üçün tarixi hadisədir. Ölkəmiz üçün ona görə tarixi hadisədir ki, bu günə qədər Azərbaycanda bu səviyyədə beynəlxalq idman yarışı keçirilməmişdir. Avropa üçün isə ona görə ki, Avropada başqa qitələrdən fərqli olaraq heç vaxt qitə oyunları keçirilməmişdir.

2012-ci ilin dekabrında Avropa Olimpiya Komitələrinin qərarı ilə birinci Oyunların keçirilməsi qərarı qəbul edilmişdir və bu şərəfli missiya bizim üzərimizə düşmüşdür. Bu qərara görə, bu qərarın qəbul edilməsində iştirak etmiş bütün insanlara və ilk növbədə Avropa Olimpiya Komitələrinin prezidenti cənab Patrik Hikkiyə öz adımdan və bütün Azərbaycan xalqı adından bir daha minnətdarlığımı bildirmək istəyirəm. Məhz cənab Patrik Hikkinin təşəbbüsü ilə bu Oyunlar baş tutdu. Bu Oyunların keçirilməsində iştirak etmiş bütün insanlara bir daha öz dərin minnətdarlığımı bildirmək istəyirəm.

Bu qərardan sonra Azərbaycanda gərgin iş başlamışdır. Təşkilat Komitəsi, Beynəlxalq Əməliyyat Komitəsi yaradılmışdır. Hamımız yaxşı dərk edirdik ki, bu Oyunları yüksək səviyyədə keçirmək üçün gərək bütün ictimaiyyət, bütün Azərbaycan vətəndaşları buna fəal dəstək olsunlar. Belə də oldu. Məşəlin qarşılanması mərasimlərində iki milyona yaxın Azərbaycan vətəndaşı iştirak etmişdir. Bu böyük ictimai dəstək bizə güc və inam verdi ki, biz bu Oyunları ən yüksək səviyyədə keçirək.

Yadımdadır, qərar qəbul olunandan sonra mən xalqa müraciət etdim və xalqı təbrik etdim. Eyni zamanda, dedim ki, biz çalışacağıq bu Oyunları ən yüksək səviyyədə keçirək. Şadam ki, bu, belə də oldu. Doğrudan da birinci Avropa Oyunları tarixdə həm də ona görə qalacaq ki, bu Oyunlar ən yüksək dünya səviyyəsində keçirilmişdir.

Bu Oyunların keçirilməsi üçün cəmi iki il yarım vaxtımız var idi. Təsəvvür etmək çətin deyil ki, biz nə qədər gərgin iş gördük. Gərgin şəraitdə, vaxt azlığı. Əlbəttə ki, bu böyük məsuliyyət bizim üzərimizdə idi. Avropa Oyunlarının standartları o vaxt mövcud deyildi. Əslində, Oyunların standartlarını biz birlikdə Azərbaycanda yaratdıq və bu, ən yüksək standartlardır. 

Məşəlin alovlandırılması mərasimi də çox yaddaqalan oldu. Mən bir daha Avropa Olimpiya Komitələrinin prezidenti cənab Hikkiyə minnətdaram ki, onun və Avropa Olimpiya Komitələrinin qərarı ilə gələcək Oyunların məşəli məhz Azərbaycanda, Bakıda Atəşgah məbədində yandırılacaqdır.

Oyunların hazırlanmasında Beynəlxalq Əməliyyat Komitəsinin - BEGOC-un rolunu yüksək qiymətləndirirəm. Orada işləyən peşəkar insanlar əlbəttə ki, öz təcrübələrini, biliklərini Azərbaycana gətirmişlər, bizimlə bölüşmüşlər. Onlarsız bu Oyunları bu səviyyədə keçirmək mümkün olmayacaqdı.

Bilirəm ki, onlar da bu aylar, illər ərzində Azərbaycanı ürəkdən sevmişlər. Azərbaycanın bütün imkanlarını, xalqın əhval-ruhiyyəsini və ölkəmizdə gedən müsbət prosesləri görərək onlar bizim xalqımıza, dövlətimizə çox bağlı oldular. Əminəm ki, bu xatirələr onların qəlbindən heç vaxt silinməyəcək. Çünki onların həyatlarının bir hissəsi Azərbaycanda keçibdir. Əminəm ki, biz gələcəkdə də onlarla tez-tez görüşəcəyik.

Könüllülərin fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Oyunların keçirilməsinin yükünün böyük hissəsi onların üzərinə düşmüşdür. Konüllülər bir daha onu göstərdi ki, ölkəmizin çox böyük potensialı, insan kapitalı var. Mən 2003-cü ildə Prezident kimi fəaliyyətə təzə başlayanda demişdim ki, bizim əsas vəzifəmiz iqtisadi kapitalı, daha doğrusu, “qara qızıl”ı insan kapitalına çevirməkdir. Bugünkü gənclər müstəqillik dövründə böyümüş, tərbiyə almış gənclər bizim üçün qürur mənbəyidir. İyirmi minə yaxın könüllü, - onların böyük əksəriyyəti yerli uşaqlardır, insanlardır, gənclərdir, - gecə-gündüz çalışmışdır. Onlar gecə-gündüz peşəkarlıqla, ustalıqla, məharətlə çalışaraq idmançılara, qonaqlara böyük mədəniyyət, hörmət, Azərbaycan xalqına xas olan qonaqpərvərlik və mehribanlıq göstərmişlər. Bu günlər ərzində xarici qonaqlarla təmaslar əsnasında könüllülər haqqında daim bu xoş sözləri eşidirəm. Doğrudan da bizim gələcəyimiz etibarlı əllərdədir. Könüllülər bu Oyunlardan sonra əminəm ki, cəmiyyətdə öz layiqli yerlərini tutacaqlar. Onlar bizim gələcəyimizdir. Azərbaycanın gələcək inkişafı gənclərin əlində olmalıdır. Gənclər bilikli, savadlı, peşəkar və vətənpərvər olmalıdırlar. Necə ki, bizim könüllülərimiz peşəkar, bilikli və vətənpərvərdirlər.

Mən bu gün Təşkilat Komitəsinin fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Çünki Təşkilat Komitəsinin çox böyük və gərgin fəaliyyəti olmuşdur. Təbii ki, ictimaiyyət tam şəkildə bu fəaliyyətin nədən ibarət olduğunu bilə bilməz. Çünki Təşkilat Komitəsinin tədbirləri mütəmadi qaydada keçirilirdi. Ancaq ictimaiyyətə o qədər də geniş məlumatlar verilmirdi. Hər bir xırda məsələ üzrə bütün işlər ən yüksək səviyyədə görülmüşdü və məhz buna görə Oyunların keçirilməsində heç bir problem yaşanmadı.

Təşkilat Komitəsinə rəhbərlik etmiş Mehriban Əliyevanın böyük fəaliyyətini xüsusilə yüksək qiymətləndirirəm. O, bu Oyunların keçirilməsinə çox böyük töhfə vermişdir. Deyə bilərəm ki, bu Oyunların bu səviyyədə keçirilməsinə öz canını qoymuşdur. Mən Təşkilat Komitəsinin tərkibini müəyyən edərkən tam əmin idim ki, bu tərkibdə bu Komitə ən yüksək nəticə göstərə bilər. Çünki burada həm təcrübə, həm peşəkarlıq və ən önəmlisi xalqa, dövlətə sevgi, məhəbbət var idi və var. Bu, ümumiyyətlə ölkəmizin əldə etdiyi uğurların əsas şərtidir. Bəzən məndən soruşurlar ki, Azərbaycan sürətlə inkişaf edir, - baxmayaraq bölgədə, dünyada, bizim qitədə yaşanan proseslər o qədər də ürəkaçan deyil, - nədir bunun sirri?

Bu barədə çox danışmaq olar. Ancaq mən hesab edirəm əsas məsələ ondan ibarətdir ki, biz dövlətimizi, xalqımızı hər şeydən çox sevirik. Bu məhəbbət, bu vətənpərvərlik, bu peşəkarlıq və işimizə sədaqət əlbəttə, imkan verir ki, Azərbaycan sürətlə inkişaf etsin və bizim gələcəkdə də çox böyük qələbələrimiz olacaqdır.

Əlbəttə, bu gün mən idmançıların uğurlarını, qələbələrini xüsusilə qeyd etmək istəyirəm. Təbii ki, biz bu Oyunları yüksək səviyyədə keçirməli idik və keçirdik. Bu, bir daha ölkəmizin potensialını, gücünü göstərdi. Biz bu potensialı əlbəttə ki, bilirdik. Bu potensialı biz yaratmışıq. Cəmi 24 il ərzində Azərbaycan elə zirvələrə qalxıb ki, bəzi ölkələrə bu səviyyəyə qalxmaq üçün bəlkə yüzilliklər lazımdır. Bu Oyunlar sadəcə olaraq bizə imkan verdi ki, bu potensialı dünyaya, Avropaya, eləcə də öz ictimaiyyətimizə nümayiş etdirək. Həm insani potensial, həm dövlətimizin iqtisadi potensialı, həm cəmiyyətdə hökm sürən xoş əhval-ruhiyyə, xalqla iqtidar arasındakı birlik, milli ideyalar ətrafında birləşməyimiz, milli həmrəylik - məhz budur bizim uğurlarımızın əsas şərtləri.

Bu Oyunlar imkan verdi ki, biz özümüzü göstərək. Bizi istəməyən qüvvələr bəzi hallarda bunu bizə irad tuturdular ki, Azərbaycan Oyunları keçirməklə özünü göstərmək istəyir. Bu, təbiidir. Əlbəttə, hər bir ölkə özünü göstərmək istəyir. İnkişaf etmiş ölkələr, hansılar ki, dəfələrlə bu səviyyəli tədbirləri keçirmişlər. Onlar da özlərini göstərmək istəmişlər. Yəni, burada heç bir qəbahət yoxdur. Bəli, bizim göstərə biləcəyimiz nümunələr həddindən artıq çoxdur. Biz Azərbaycanı dünyaya müasir, dinamik, demokratik, inkişaf edən, öz mədəniyyətinə, tarixinə bağlı olan xalq kimi, dövlət kimi göstərmişik. Bu Oyunlar cəmiyyətdə nadir bir əhval-ruhiyyə yaratdı. Bu, əvvəllər də var idi. Yəni, cəmiyyətimiz milli ideyalar, milli maraqlar uğrunda çox fəal hərəkət edir. Ancaq bu Oyunlar xalqımızı bir daha birləşdirdi. Bir daha bizi qürurlandırdı ki, görün, biz nəyə qadirik.

İdmançıların uğurlarına qayıdarkən bu, xüsusilə böyük əhəmiyyət daşıyır. Çünki onların qələbələri bu Oyunları daha da böyük zirvəyə qaldırdı. Mən tam əminəm ki, bəlkə burada oturanlar və ümumiyyətlə ictimaiyyət arasında yəqin müxtəlif fərziyyələr var idi ki, bizim komandamız neçənci yeri tutacaq. Amma bəlkə heç kim inanmırdı ki, bu, ikinci yer olacaqdır. Bu, tarixi qələbədir. Azərbaycan idmanının, Azərbaycan dövlətinin qələbəsidir. Əziz idmançılar, mən sizi öpürəm, bağrıma basıram. Sağ olun.

Bu günlər ərzində hamımız yəqin ki, bir neçə dəfə kövrəldik. Hamımızın elə unudulmaz anları olmuşdur ki, bunu sözlə təsvir etmək çətindir. Qələbə sevinci, qürur hissi, idmançılarımızın rəşadəti, gücü, xalqımızın birliyi, bütün bunlar heç vaxt yadımızdan çıxmayacaq.

 Azərbaycan bu gün zirvədədir. Azərbaycan bu gün müstəqil, inkişafda olan güclü dövlət kimi uğurla irəli gedir. Bizim siyasi, iqtisadi sahələrdə, diplomatik arenalarda, idman yarışlarında böyük qələbələrimiz var. Biz haqlı olaraq, bununla fəxr edirik. Fəxr edirik ki, biz Azərbaycan vətəndaşıyıq. Biz fəxr edirik ki, cəmi 24 il ərzində Azərbaycan xalqının istedadı, zəhməti hesabına, düşünülmüş siyasət hesabına güclü dövlət qurmuşuq.

İdman hər bir ölkənin ümumi inkişafını göstərir. Əgər idmanda böyük nəticələri əldə edən ölkələrin siyahısına baxsanız,- bu Oyunlar da bunun bariz nümunəsidir,- görərsiniz ki, birinci sıralarda ancaq hərtərəfli cəhətdən inkişaf etmiş ölkələrdir. Çünki kasıb, inkişaf etməyən, geridə qalmış ölkələrdə çox nadir hallarda böyük idman nəticələri olur.

İdmanda əldə edilən uğurlar müəyyən bir baza əsasında yaranır. Bu bazanı biz yaratmışıq. Artıq neçə ildir ki, biz idmanın inkişafı ilə çox ciddi məşğul oluruq. İdmançılar, klublar, federasiyalar, idman cəmiyyətləri, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, biz hamımız birlikdə idmanı inkişaf etdiririk. Təsadüfi deyil ki, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında bizim idmançılarımız ən yüksək kürsüyə qalxırlar. Bu dəfə isə bu Oyunlar Azərbaycan idmanının, Azərbaycan dövlətinin təntənəsidir.

Biz gələcəkdə də uğurla inkişaf edəcəyik. Məndə bu məsələ ilə bağlı heç bir şübhə yoxdur. Azərbaycan inkişaf yolu ilə gedəcək. Gələcəkdə bizim böyük uğurlarımız və qələbələrimiz olacaqdır. Bu yolda bütün Azərbaycan xalqına yeni uğurlar, yeni qələbələr arzulayıram.

 

Mən ümid edirəm ki, gələcəkdə yolumuzun haraya düşməsindən asılı olmayaraq, Azərbaycanın bir parçası bizim ürəyimizdə qalacaq və inanıram ki, bizim yollarımız kəsişəcək.

 

*   *   *

 

“Şöhrət” ordeni ilə təltif olunduğuna görə dövlətimizin başçısına minnətdarlığını bildirən gənclər və

idman naziri Azad  RƏHİMOV dedi:

Möhtərəm cənab Prezident!

Hörmətli Mehriban xanım!

Cənab prezident Patrik  Hikki!

Mərasim iştirakçıları!

İcazə verin, ilk növbədə burada, səhnədə dayanan idmançılarımızın adından Sizə ürəkdən gələn minnətdarlığımı bildirim. Siz 17 gün ərzində onlarla bir yerdə olmusunuz, 17 gün Siz onlara dəstək vermisiniz. İlk dəfə olaraq Azərbaycanın tarixində qazanılan bu yüksək nailiyyət məhz Sizin diqqətinizin, qayğınızın, idmançılarla daim bir yerdə olmağınızın nəticəsidir. Biz bütün idmançıların adından Sizə bir daha dərin minnətdarlığımızı bildiririk.

Mən xüsusilə qeyd etmək istəyirəm ki, bu yüksək mükafat təkcə mənim mükafatım deyil. Bu, bizimlə birgə işləyən bütün insanların əməyinə verilən mükafatdır. Sizə on yeddi min könüllünün adından da dərin minnətdarlığımızı bildiririk ki, bu fürsəti onlara Siz yaratdınız. Onlar dövlətimiz, ölkəmiz, əziz Prezidentimiz üçün bu yüksək idman yarışını təşkil edə bildilər, bizimlə bərabər işlədilər. Sizə bütün idmansevərlərin adından bir daha dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun.

Mərasimdə Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə

Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi barədə Prezident  İlham Əliyevin 2015-ci il 29 iyun tarixli Sərəncamı oxundu (Sərəncamın mətni qəzetin bugünkü nömrəsində dərc olunur).

Dövlətimizin başçısı  “Heydər Əliyev” ordenini Mehriban Əliyevaya təqdim etdi.

Əməyinə verilən yüksək qiymətə görə minnətdarlığını bildirən “Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə çıxış etdi.

- Hörmətli cənab Prezident!

Hörmətli prezident Patrik Hikki!

Əziz idmançılar!

Əziz dostlar!

Xanımlar və cənablar!

İlk Avropa Oyunlarının uğurla başa çatması və idmançılarımızın nailiyyətləri münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm. Azərbaycan öz qüdrətini, əzəmətini və birliyini dünyaya bir daha nümayiş etdirdi.

Əziz idmançılar, bizə qələbə sevincini bəxş etdiyinizə görə sizə öz dərin hörmətimi və məhəbbətimi ifadə edirəm.

Hörmətli cənab Prezident, bizim əməyimizi belə yüksək qiymətləndirib Azərbaycanın ali orden və medalları ilə təltif etdiyinizə görə hər birimizin adından Sizə öz dərin minnətdarlığımı bildirirəm. Müstəqil Azərbaycanın hər bir qələbəsinin arxasında Sizin əməyiniz, biliyiniz, iradəniz durur. Çox sağ olun ki, biz bu gün qüdrətli, sabit, öz sözünü deyən və öz maraqlarını qoruyan dövlətin vətəndaşıyıq. Çox sağ olun ki, Sizin və Azərbaycan xalqının birliyi nəticəsində ölkəmiz belə inanılmaz nailiyyətlərə imza atıb. Oyunlara hazırlıq zamanı bizə göstərdiyiniz dəstəyə görə çox sağ olun. Ən çətin məqamlarda, ən dramatik anlarda Siz bizə arxa oldunuz. Sizin ölkəmizə, xalqımıza olan inamınız heç bir şübhə qoymurdu ki, hər şey əla olacaq və biz yenə də qələbə çalacağıq. Siz bir daha bütün dünyaya sübut etdiniz ki, heç bir qara qüvvə bizi hədəf seçib qorxuda bilməz və ədalət, xoş niyyət, xalqla birlik hər zaman zəfər çalacaq.

Bu 17 gün ərzində yaşadığımız xoş anlar üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Mən idman leksikasından istifadə etsəm deyə bilərəm ki, bu 17 gün ərzində Azərbaycan xalqı bir komanda idi və Siz bu komandanın şərəfli kapitanı idiniz. Belə olan halda, əlbəttə, qalib gəlməmək mümkün deyildi. Vətənimizə, doğma Azərbaycanımıza xidmət etmək ən böyük şərəfdir və xidmətimizin nəticələrini görüb yaşamaq ən böyük xoşbəxtlikdir.

Cənab Prezident, biz hər birimiz ölkəmizin əsgəriyik və Azərbaycanın gələcəyi naminə daha da tam gücümüzlə xidmət etməyə hazırıq.

Çox sağ olun, bir daha çox sağ olun ki, Azərbaycanı belə yüksək zirvələrə qaldırmısınız. Qoy Tanrı Sizi və Azərbaycanı hər zaman qorusun! Çox sağ olun. 

 

*   *   *

 

Nazir Azad RƏHİMOV:

Cənab Prezident, Siz daim bizi sevindirirsiniz, bizim nailiyyətlərimizi yüksək qiymətləndirirsiniz. Biz də, idmançılar da, bu salonda əyləşənlər də düşündük ki, Sizi nə ilə sevindirə bilərik. Qərara gəldik ki, Sizin də qeyd etdiyiniz kimi, Oyunlarda bizi sevindirən, kövrəldən gözəl anları bir videoçarx şəklində hazırlayıb burada nümayiş etdirək. Bu, bizim hamımızın adından Sizə hədiyyəmizdir. Çox sağ olun.

Sonra videoçarx nümayiş olundu.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında