Azərbaycan Prezidenti İlham Əliyev Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkiyə “Şərəf” ordeni təqdim edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki “Şərəf” ordeni ilə təltif olunub.

Dövlətimizin başçısı iyunun 17-də yüksək mükafatı Patrik Hikkiyə təqdim edib.

Prezident İlham ƏLİYEV dedi:

-Cənab prezident, ilk növbədə Sizi yubileyiniz münasibətilə təbrik etmək istərdim. Çox şadam ki, Siz ad gününüzü Bakıda, əminəm, Sizə çox yaxın olan bir ölkənin paytaxtında qeyd edirsiniz. Fürsətdən istifadə edərək Avropada idmanın, Olimpiya hərəkatının inkişafı naminə həyata keçirdiyiniz işlərə görə Sizə təşəkkürümü bildirmək istərdim.

İyirmi ilə yaxındır Avropa Olimpiya ailəsinin üzvü olaraq mən Sizin qitəmizdə idmanın inkişafına sadiqliyinizə, fəaliyyətinizə və fədakarlığınıza çox yaxşı bələdəm. Mən Avropa Olimpiya Komitəsinin iclaslarında bizim birgə iştirak etdiyimiz vaxtları xatırlayıram. Təəssüf ki, hazırda mən işimlə əlaqədar iclaslarda iştirak edə bilmirəm, lakin Sizin fəaliyyətinizi yaxından izləyirəm. Mən Sizi dünyada Avropa idmanının təbliği ilə bağlı əldə etdiyiniz böyük nailiyyətlər münasibətilə təbrik etmək istəyirəm.

Əlbəttə ki, ilk Avropa Oyunlarının təşkili ilə bağlı Avropa Olimpiya ailəsinin dəstəklədiyi qərar tarixi qərar idi. Biz ilk Oyunları Bakıda keçirməkdən qürur duyuruq. Bu, bizə ölkəmizi təqdim etmək, imkanlarımızı nümayiş etdirmək və möhtəşəm tədbiri təşkil etmək imkanı verir. Biz ictimaiyyətin bu tədbirə böyük maraq göstərdiyini görürük. Əminəm ki, Oyunlar sona çatandan sonra biz minlərlə insanın, xüsusilə uşaqların idmana marağının artmasının, çempion olmağa çalışmasının şahidi olacağıq. Bu, Azərbaycanda idmanın gələcək inkişafında olduqca müsbət rol oynayacaq.

Avropada, Azərbaycanda idmanın və Olimpiya hərəkatının inkişafındakı böyük nailiyyətləri nəzərə alaraq mən Sizin Azərbaycanın ən ali mükafatlarından biri olan “Şərəf” ordeni ilə təltif edilməyinizlə bağlı sərəncam imzalamışam və onu Sizə təqdim etmək istəyirəm.

Prezident İlham Əliyev “Şərəf” ordenini Patrik Hikkiyə təqdim etdi.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik  HİKKİ dedi:

-Cənab Prezident, bu, mənim üçün şərəfdir. Bu yüksək mükafata görə Sizə təşəkkür edirəm. Biz birlikdə uzun yol qət etmişik. Mən Sizi şəxsən uzun illərdir tanıyıram. İndi mən Azərbaycanı və Azərbaycan vətəndaşlarını yaxından tanımaq imkanını əldə etmişəm. Bura mənim ikinci evim kimidir. Mən burada özümü çox rahat hiss edirəm, hər kəsdən ehtiram görürəm. Bütün Avropadan mənə Oyunların təşkili, keçirildiyi yerlər, buradakı rəqabətlilik, qonaqpərvərliklə bağlı fikirlər bildirirlər. İndiyədək mən heç bir şikayət almamışam - nə nəqliyyat, nə qida, nə də başqa məsələlərlə bağlı.

Patrik Hikki birinci Avropa Oyunlarının ilk günlərində Azərbaycan idmançılarının qazandıqları böyük uğurlar münasibətilə Prezident İlham Əliyevi və xalqımızı təbrik etdi.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında