Azərbaycanın güləşçisi Mariya Stadnik birinci Avropa Oyunlarının çempionu olub

Qadınlar arasında sərbəst güləş yarışlarının qaliblərinə medalları Azərbaycanın birinci xanımı Mehriban Əliyeva təqdim edib

İyunun 15-də Heydər Əliyev adına İdman Sarayında “Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində qadınlar arasında sərbəst güləş yarışları keçirilib. Millimizin üzvü Mariya Stadnik bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva final qarşılaşmasını izləyiblər. 

Xanım idmançılar 4 çəki dərəcəsində mükafatlar uğrunda mübarizə aparıblar. 48 kiloqram çəki dərəcəsində yığmamızın liderlərindən olan Mariya Stadnik təsnifat mərhələsindən azad edilib. Dünya və dördqat Avropa çempionu mübarizəyə səkkizdəbir finaldan başlayıb. M.Stadnikin ilk görüşdə rəqibi portuqaliyalı Liliana Kosta dos Santos olub. İdmançımız rəqibinə böyük hesabla qalib gəlib: 12:2. Olimpiya mükafatçımız dörddəbir finalda fransalı Julye Sabatyedən də üstün olub. Mariya bu dəfə döyüşü 11:0 hesablı qələbə ilə başa çatdırıb. Təmsilçimiz finala gedən yolda polşalı İvona Matkovska ilə gücünü sınayıb. M.Stadnik bu döyüşdən də qalib ayrılıb: 8:2.

Mariya Stadnikin final görüşü də maraqlı və gərgin mübarizə şəraitində keçib. Bolqarıstanlı Elitsa Yankova ilə üz-üzə gələn Stadnik rəqibini 12:1 hesabı ilə məğlub edib və birinci Avropa Oyunlarının çempionu adını qazanıb. Beləliklə, Azərbaycan öz aktivinə daha bir qızıl medal yazıb.

Sonra qaliblərin mükafatlandırılması mərasimi olub.

Azərbaycanın birinci xanımı, “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva medalları qalib idmançılara təqdim edib.

Qalib idmançımızın şərəfinə Azərbaycanın dövlət himni səslənib, üçrəngli bayrağımız qaldırılıb.

Əlli beş kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan güləşçisi Natalya Sinişin də yarışa səkkizdəbir finaldan başlayıb. Yalnız yarımfinalda uduzan Natalya Sinişin bununla bürünc medal uğrunda mübarizə aparmaq hüququ qazanıb. Üçüncü yer uğrunda görüşdə Ukrayna idmançısı Tatyana Kitlə qarşılaşan Natalya Sinişin rəqibini 10:0 hesabı ilə məğlub edərək bürünc mükafata sahib olub.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında