Vergilər naziri Fazil MƏMMƏDOV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident!
Hörmətli müşavirə iştirakçıları!
Ümummilli lider Heydər Əliyevin dövlətçiliyin, demokratik cəmiyyətin və yeni iqtisadi sistemin yaranmasını təmin edən, milli maraqlara uyğun siyasi kursu və bu kursun alternativsiz olaraq möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən qətiyyətlə və inamla davam etdirilməsinin məntiqi nəticəsi olaraq 2009-cu il də dövlətimizin iqtisadi qüdrətinin, rəqabət qabiliyyətinin qiymətləndirilməsi baxımından əlamətdar bir il olmuş, əsası ümummilli lider tərəfindən qoyulan iqtisadi siyasətin Azərbaycan modelinin mövcud iqtisadi münasibətlər müstəvisində alternativsiz olduğunu bir daha sübut etmişdir.
Fazil Məmmədov qeyd etdi ki, dünyada baş verən neqativ maliyyə dalğalanması dövründə Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uzaqgörənliklə həyata keçirilən iqtisadi siyasət respublika iqtisadiyyatını və maliyyə sektorunu böhranın zərərli təsirindən qoruyub. Nazir hesabat dövründə ölkənin iqtisadi artım tendensiyasını konkret faktlar əsasında diqqətə çatdıraraq dedi:
- Hesabat dövründə dövlət büdcəsinin mədaxili 2 milyard 446 milyon manat və ya 104 faiz icra edilmişdir. Vergilər Nazirliyi tərəfindən büdcəyə 1 milyard 9,5 milyon manat, Dövlət Gömrük Komitəsi tərəfindən 205,4 milyon manat, Dövlət Neft Fondundan 1 milyard 225 milyon manat, sair daxil olmalardan 6,1 milyon manat vəsait daxil olmuşdur.
Cari ilin birinci rübündə dövlət büdcəsinin xərcləri 1 milyard 979,1 milyon manat icra edilmişdir. Büdcə xərclərinin 33,8 faizi və ya 669 milyon manatı sosial yönümlü olmaqla, ötən ilin eyni dövrü ilə müqayisədə 68,9 milyon manat və ya 11,5 faiz çoxdur.
Təhsil xərclərinə 17,2 milyon manat və ya 7,7 faiz, sosial müdafiə və sosial təminat xərclərinə isə 50,1 milyon manat və ya 17,2 faiz çox vəsait yönəldilmişdir. Ölkə iqtisadiyyatına bütün maliyyə mənbələri hesabına 1 milyard 636,8 milyon manat, o cümlədən daxili mənbələr hesabına 1 milyard 231 milyon manat investisiya qoyulmuşdur ki, bunun da 583,4 milyon manatı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilmişdir.
Hesabat dövründə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 197 sahibkarlıq subyektinə 19,1 milyon manat güzəştli kreditlər verilmişdir ki, bu da 2009-cu illə müqayisədə 2 dəfə çoxdur. Ötən dövr özəl sahibkarlığın sabit iqtisadi münasibətlər qurması ilə də səciyyəvi olmuş, nəticədə qeyri-dövlət sektorunun vergi daxilolmalarında xüsusi çəkisi 67,6 faizə çatmışdır.
Ölkə iqtisadiyyatında qeyri-neft-qaz sektorunun inkişafı istiqamətində dövlət başçısının qəbul etdiyi qərarlar və verdiyi tapşırıqlar nəticəsində bu sahədə iqtisadi sabitlik saxlanılmış, 2010-cu ilin birinci rübü ərzində qeyri-neft-qaz sektoru üzrə 536,6 milyon manat proqnoza qarşı büdcəyə 548,5 milyon manat vəsait daxil olmuşdur.
2010-cu ilin birinci rübü ərzində vergi orqanları tərəfindən bilərəkdən vergidən yayınma, qanunsuz sahibkarlıq və digər qanunazidd hərəkətlərə qarşı ciddi mübarizə aparılmış, bu xüsusatdan olan materiallar üzrə aparılmış nəzarət tədbirləri nəticəsində 245,8 milyon manat əlavə vəsait hesablanmışdır ki, bu da büdcəyə təmin olunmuş ümumi daxilolmanın 24,4 faizini təşkil edir.
İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) üzrə aparılan təkmilləşdirmə işləri tərəfimizdən davam etdirilmiş, sahibkarlara təqdim edilən elektron xidmətlərin sayı və keyfiyyəti artırılmışdır. Təkcə "elektron-bəyannamə" sisteminin tətbiqindən ötən müddət ərzində 135 minə yaxın vergi ödəyicisi 2 milyona yaxın elektron bəyannamə təqdim etmişdir. Hal-hazırda əlavə dəyər vergisi (ƏDV) ödəyicilərinin 99 faizi öz vergi bəyannamələrini internet vasitəsi ilə təqdim edirlər.
İnternet vergi idarəsi vasitəsilə təqdim olunan elektron xidmətlərin bir hissəsi olan ƏDV-nin depoziti hesabına 2010-cu ilin birinci rübü ərzində daxil olmuş 284,8 milyon manatın vergi ödəyiciləri tərəfindən idarə olunması avtomatlaşdırılmış sistemlər vasitəsilə həyata keçirilmiş, depozit hesabına daxil olan vergi ödəyiciləri tərəfindən 180 mindən çox köçürmə əməliyyatı aparılmışdır. Depozit hesabdan büdcəyə ödənilmiş vergi məbləği 354,3 milyon manat təşkil etmişdir.
Möhtərəm cənab Prezident!
Sizin siyasi iradəniz hesabına reallaşdırılması mümkün olan bu layihənin icrası ilə MDB-də ilk dəfə olaraq ƏDV ödəyicilərinin vergi əvəzləşmələri üzərində mükəmməl nəzarət formasının tətbiqi başa çatdırılmış, dövlət təşkilatlarının mal, iş, xidmət alışı zamanı ödədikləri ƏDV-nin fırıldaqçılar tərəfindən mənimsənilə bilməsi, hətta ehtimal olaraq belə mümkün olmayan bir prosesə çevrilmişdir.
Cari ilin mart ayının 1-dən etibarən MDB ölkələrində ilk dəfə olaraq dövlət qurumu kimi Vergilər Nazirliyində yeni "on-layn kargüzarlıq" sistemi istifadəyə verilmiş və vergi ödəyicilərinə Vergilər Nazirliyi ilə yazışmaları internet vasitəsilə apara bilmələri üçün şərait yaradılmışdır.
Möhtərəm cənab Prezident!
Hörmətli müşavirə iştirakçıları!
Dünyada mövcud olan qlobal maliyyə böhranı şəraitində belə ölkə Prezidentinin təşəbbüsü ilə yerli sahibkarlığın inkişaf etdirilməsi, onların birbaşa vergi yükünün azaldılması məqsədi ilə müvafiq qanunvericilik aktlarında dəyişiklik edilmiş, 2010-cu ildən mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə, fiziki şəxslərdən gəlir vergisinin maksimal həddi 35 faizdən 30 faizə, fərdi sahibkarlar üçün isə 35 faizdən 20 faizə endirilmişdir. Bir sıra fəaliyyət növləri üçün xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumunun məbləğləri azaldılmışdır.
Bank və maliyyə sektorunun dayanıqlılığını artırmaq məqsədilə banklara və sığorta təşkilatlarına nizamnamə kapitalının artırılmasına yönəldilən məbləğlərin mənfəət vergisindən azad olunması barədə qanunvericiliyə edilmiş dəyişiklik bu sektorun inkişafına çox əhəmiyyətli müsbət təsir göstərmişdir. Təkcə bu il banklar və sığorta təşkilatları 145 milyon manat məbləğində bu güzəştdən istifadə etmək barədə qərarlar qəbul etmişlər ki, bu da mövcud şəraitdə sektora ölkə başçısı tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Möhtərəm cənab Prezident!
Ötən il ölkəmizin bazar iqtisadiyyatına keçidinin başa çatması, sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə səciyyəvi olmuşdur. Bu mərhələnin xüsusiyyəti özəl sektorun, sahibkarlığın ölkənin iqtisadi həyatında əsas hərəkətverici qüvvəyə çevrilməsidir. Sizin hər zaman qeyd etdiyiniz "gələcəkdə Azərbaycan iqtisadiyyatı daha çox sahibkarlıq fəaliyyətinin inkişafından asılı olacaqdır" fikri günün reallığına çevrilmişdir. Sizin bu il mart ayının 12-də "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda söylədiyiniz "sahibkarlara bundan sonra da dəstək, həm də siyasi dəstək göstəriləcəkdir... Əlbəttə ki, sahibkarlar da dövlət və xalq qarşısında öz vəzifə borclarını şərəflə yerinə yetirməlidirlər, vergiləri vaxtında ödəməlidirlər" sözləri sahibkarlığa hərtərəfli dəstəyin göstərilməsi, aqrar sahəyə və qeyri-neft-qaz sektorunun digər sahələrinə diqqət və qayğının təzahürü olmaqla, əvvəlki illərdə olduğu kimi, 2010-cu ildə də hökumətin qarşısına qoyduğunuz əsas vəzifələrdən biridir.
Hesab edirəm ki, cari ildə və ortamüddətli perspektivdə makroiqtisadi sabitliyin qorunub saxlanılması, həyata keçirilən genişmiqyaslı infrastruktur layihələrin dövlət tərəfindən ardıcıl olaraq davam etdirilməsi, uzunmüddətli və ucuz kreditlərin alınmasına sahibkarların çıxış imkanlarının artırılması sahibkarlığın inkişafına əlavə güclü impuls verəcəkdir.
Möhtərəm cənab Prezident, hökumətin 2009-cu ilin yekunlarına həsr olunmuş geniş iclasında verdiyiniz tapşırıq və tövsiyələr cari il üçün müəyyən olunmuş büdcə-vergi və makroiqtisadi siyasətdə tamamilə öz əksini tapmış, müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılmışdır. Dünyada maliyyə böhranının zəifləməsi, bir çox ölkələrdə iqtisadi artımın bərpa olunması, maliyyə-kredit bazarlarında baş verən canlanma, dünya bazarlarında enerjidaşıyıcılarına münasib qiymətlərin bərqərar olması 2010-cu ildə Azərbaycan iqtisadiyyatının inkişafı, xalqın rifah halının yaxşılaşdırılması, ölkəmizin iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsi üçün əlverişli zəmin yaradır. Belə bir şəraitdə Sizin böyük uzaqgörənlik və qətiyyətlə həyata keçirdiyiniz sosial-iqtisadi siyasət, dövlət proqramları və regional layihələrin icrası qarşımızda yeni vəzifələr qoymaqla islahatların davamlı olmasını tələb edir. Bu baxımdan cari ildə də bütün zəruri tədbirlərin həyata keçirilməsini davam etdirəcək, 2010-cu ildə qarşımıza qoyduğunuz vəzifələrin və tapşırıqların tam şəkildə icra olunması üçün bütün tədbirləri həyata keçirəcəyik.
Diqqətinizə görə təşəkkür edirəm!
* * *
Prezident İlham ƏLİYEV: Fazil Məmmədov, eyni zamanda, Azərbaycan Güləş Federasiyasının prezidentidir və dünən Bakıda güləş üzrə Avropa çempionatı başlanmışdır. Özü də bizim üçün çox uğurlu başlanmışdır. Mən dünən açılışda olmuşam və o mübarizəni seyr etmişəm. Böyük qələbədir - birinci gündə iki qızıl, bir gümüş medalın qazanılması, doğrudan da, Azərbaycanın qüdrətini, Azərbaycan güləş məktəbinin imkanlarını göstərir. Onu da qeyd etməliyəm ki, təkcə bu ay ərzində, yəni bir ay ərzində Bakıda dörd beynəlxalq səviyyəli mötəbər idman yarışı keçirilmişdir: qılıncoynatma üzrə gənclər arasında dünya çempionatı, cüdo üzrə beynəlxalq turnir, Avropa güləş çempionatı və gənclər arasında boks üzrə dünya çempionatı. Yəni, Bakı, doğrudan da, dünyanın idman mərkəzinə çevrilmişdir.
Güləşçilərin uğurları isə bizim hamımızı xüsusi sevindirir. Çünki güləş bizim milli, ənənəvi idman növümüzdür. Mən çox şadam ki, bu sahədə, idmanın güləş növü üzrə qələbələrimiz gündən-günə artır. Beynəlxalq yarışlarda, dünya çempionatlarında, dünya kuboklarında Azərbaycan güləşçiləri birincidirlər. Dünya kubokunun sahibi olmuşuq. Ondan sonra dünya çempionatında güləşin bütün növləri üzrə yenə də birinci olmuşuq. Xüsusilə, nəzərə alsaq ki, güləş çox populyar idman növüdür və çempionatlarda, yəni dünya çempionatlarında 100-dən yuxarı ölkə iştirak edir. Bu ölkələr arasında birinci olmaq doğrudan da böyük nailiyyyətdir. Bu, əlbəttə ki, güləşçilərin uğurudur. Eyni zamanda, qeyd etməliyəm ki, Fazil Məmmədov Güləş Federasiyasına prezident seçiləndən sonra federasiyada işlər daha da yaxşı getməyə başlamışdır. Demək olar ki, federasiyada dönüş yarandı, həm bütün təşkilati məsələlər müsbət həll olunur, güclü məşqçi tərkibi formalaşıbdır. Güləşçilər də çox böyük peşəkarlıq, ustalıq, məharət göstərirlər. Dünən Heydər Əliyev adına İdman Sarayında güləşçilərimizin qələbəsi insanları coşdurdu. Əminəm ki, yarışa televiziya ilə baxan hər bir Azərbaycan vətəndaşı da haqlı olaraq qürur hissləri keçirirdi. Bu fürsətdən istifadə edərək, mən bütün Azərbaycan xalqını gözəl qələbələr münasibətilə təbrik etmək istəyirəm. Hələ çempionat davam edir, əminəm ki, yeni uğurlar olacaqdır. Güləşçilərə və Güləş Federasiyasına yeni uğurlar arzulayıram.
Fazil MƏMMƏDOV: Möhtərəm cənab Prezident, tam məsuliyyətlə əmin edirəm ki, bütün nailiyyətlərin hamısı birbaşa Sizin adınızla bağlıdır. Heç bir dəstək, heç bir kömək Sizin mənəvi dəstəyiniz qədər onları ruhlandıra bilməz. Hətta Siz xarici ölkələrdə keçirilən dünya və Avropa çempionatlarında hər gün idmançılarımızın vəziyyəti ilə və görüşlərin gedişi ilə maraqlanırsınız və mən sözlərinizi olduğu kimi onlara çatdırıram. Mən ali diqqətinizə çatdırıram və bunu müşavirə iştirakçılarına da bildirmək istəyirəm ki, Sizin mənəvi dəstəyinizi heç nə əvəz edə bilməz.
Möhtərəm cənab Prezident, Sizin təbrikləriniz, dünən Avropa çempionatının açılışında iştirakınız idmançılarımıza ruh verən əsas amil idi. Əlbəttə onların fiziki hazırlığı yaxşıdır. Amma onlara ən böyük ruhu, ən böyük dəstəyi verən Sizsiniz. Tək onlara yox, bütün idmançılara, eyni zamanda, Azərbaycan xalqına. Sizə çox böyük təşəkkür edirik.
İlham ƏLİYEV: Sağ olun.
* * *
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli ƏLƏKBƏROV ölkənin davamlı iqtisadi inkişafının əhalinin sosial-müdafiəsinin gücləndirilməsi, aztəminatlı insanlara dövlət qayğısının artırılması istiqamətində tədbirlərin uğurla həyata keçirilməsinə yaratdığı imkanlardan danışaraq dedi:
- Möhtərəm cənab Prezident!
Dünya maliyyə böhranının aparıcı dünya ölkələrinin iqtisadiyyatına təsirsiz ötüşmədiyi bir vaxtda respublikamızın iqtisadiyyatında baş verə biləcək hər hansı mənfi təsirə qarşı, məhz Sizin uzaqgörən siyasətinizin bəhrəsi olaraq, qabaqlayıcı tədbirlər görülmüş və nəticə etibarilə nəzərdə tutulmuş sosial proqramların həyata keçirilməsi işləri səngimədən davam etdirilmişdir. Bir sıra beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş konfranslarda Azərbaycanda aparılan uğurlu sosial-iqtisadi siyasət xüsusi qeyd olunmuş və əldə edilmiş nailiyyətlər müxtəlif ölkələrə nümunə kimi göstərilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında qoyduğunuz vəzifələrin icrası üzrə 2010-cu ilin birinci rübündə müvafiq tədbirlər həyata keçirmişdir. Hazırda 165 min 730 ailə ünvanlı dövlət sosial yardımından bəhrələnir. Hər ailəyə ödənilən yardımın orta aylıq məbləği 115 manatdır. Ümumilikdə, əhalinin həyat səviyyəsinin və pul gəlirlərinin artmasını nəzərə alaraq, cari ilin sonuna 145 min ailənin yardım alacağı proqnozlaşdırılır.
Sizin, cənab Prezident, təsdiq etdiyiniz "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən, nazirlik tərəfindən "Azərbaycan Respublikasında aztəminatlı ailələrin sosial reabilitasiyası üzrə Dövlət Proqramı"nın layihəsinin hazırlanması prosesinə başlanılmışdır.
Möhtərəm cənab Prezident!
Son 5 il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində həyata keçirilən "Pensiya və sosial təminat" layihəsi çərçivəsində qazanılan təcrübəyə əsaslanaraq, ötən il Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə sosial sahədə daha geniş islahatların aparılmasına şərait yaradacaq yeni "Sosial müdafiənin inkişafı" layihəsinin icrasına başlanmışdır. Məlumat üçün bildirim ki, Dünya Bankı "Pensiya və sosial təminat" layihəsi çərçivəsində Ünvanlı dövlət sosial yardımı Proqramının monitorinqi məqsədilə ölkə üzrə 6660 ev təsərrüfatında sorğular keçirmişdir. Bu sorğuların nəticələrinin təhlili yardımların təyinatında ünvanlılıq prinsipinə 90 faizə qədər əməl olunduğunu təsdiqləmişdir.
Ölkəmizin iqtisadi imkanları artdıqca əlillərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər daha uğurla davam etdirilir.
Möhtərəm cənab Prezident!
Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ailə üzvləri və Qarabağ müharibəsi əlillərinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması hər zaman Sizin diqqətinizdə olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlil və şəhid ailələri üçün 2008-ci ildə əvvəlki illə müqayisədə 2,3 dəfə çox, yəni 396 mənzil istifadəyə verilmişdisə, 2009-cu il ərzində bundan təxminən iki dəfə artıq - 707 mənzilin tikintisi başa çatdırılmışdır.
Mənzillərin inşasında bu həcmin saxlanılması və nəticədə növbədə olan insanların yeni müasir mənzillərlə təminatının tam başa çatdırılması və aparılan işlərin gücləndirilməsi ilə əlaqədar Sizin şəxsi tapşırığınızın icrası olaraq cari ildə də bu sahədəki fəaliyyətimizi səngimədən davam etdirəcəyik. Ümumilikdə, indiyədək 3 mindən artıq əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunmuşdur. Eyni zamanda, 1998-ci ildən 2009-cu ilədək 2114 ədəd "Oka" markalı minik avtomobili müvafiq kateqoriyalardan olan əlillərə təqdim edilmişdir. Ötən il bu sahədə də irəliləyişə nail olunmuş, keyfiyyəti və rahatlığı ilə daha üstün olan 500 "Slavuta" markalı avtomobil respublikaya gətirilmişdir. Bu il daha 350 ədəd avtomobilin alınması planlaşdırılır. Mənzillərin və avtomobillərin təqdimat mərasimində Sizin, cənab Prezident, dəfələrlə iştirakınız bu qəbildən olan insanlara Prezident qayğıkeşliyinin real nümunəsi kimi əhali tərəfindən dəyərləndirilir.
Möhtərəm cənab Prezident!
Son illər müxtəlif bölgələrdə yeni tibb müəssisələrinin istifadəyə verilməsi, səhiyyə xidmətlərinin təkmilləşməsi, eyni zamanda, zona tibbi sosial ekspert komissiyalarının fəaliyyətinə nəzarətin gücləndirilməsi əlillərin reabilitasiya göstəricilərinin yaxşılaşmasına səbəb olmuşdur. 2009-cu ildə ilkin əlilliyin artımı əvvəlki illə müqayisədə 6412 nəfər və ya 25,9 faiz azalmış, tam reabilitasiyası 5,4 faizə yüksəlmişdir. Bu da son 5 ildə ən yüksək göstəricidir. Nəticədə əlilliyin artım faizi demək olar ki, sıfıra endirilmişdir. Müsbət tendensiya yanvar-mart aylarında da davam etdirilmiş və tam reabilitasiya göstəriciləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artmışdır.
Əlillərin problemlərinə kompleks yanaşmanı təmin etmək məqsədi ilə respublika üzrə lazımi məlumatları özündə əks etdirən vahid məlumat bazasının təşkilinə başlanılmışdır. Bütün bu tədbirlərlə paralel olaraq, aktiv sosial müdafiə tədbirlərinə də önəm verilir. Cari ilin birinci rübü ərzində Dövlət Məşğulluq Xidməti tərəfindən 5266 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlə təmin olunmuş, 1460 nəfər vətəndaş müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən təxminən 2 dəfə çoxdur. Növbəti aydan respublikamızın əksər şəhər və rayonlarında əmək yarmarkalarının təşkilinə start veriləcəkdir. Ötən il 57 şəhər və rayonda keçirilmiş bu tədbirlər vasitəsilə 8132 nəfər işə düzəlmişdir. Ümumilikdə, 2009-cu il ərzində Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən 28382 nəfər işlə təmin olunmuşdur.
Möhtərəm cənab Prezident!
Sizin miqrasiya idarəetmə sisteminin inkişafına dair müvafiq fərmanınızın icrası olaraq "Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası" hazırlanmış və Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir. 2010-cu il üçün bu kvota cəmi 10700 nəfərdir. Hazırda respublikamızda müvafiq fərdi icazə əsasında 82 ölkədən 6386 nəfər əmək fəaliyyəti ilə məşğul olur ki, bu da ötən ilin müvafiq dövründəkindən 602 nəfər və ya 1,4 dəfə çoxdur.
Hesabat dövrü ərzində verilmiş və müddəti uzadılmış fərdi icazələrin sayı 1976 olmuşdur. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 397 nəfər və ya 1,3 dəfə çoxdur. Əcnəbilərə fərdi icazələrin alınması üçün dövlət rüsumu məbləğinin 45 manatdan 1000 manata qaldırılması daxili əmək bazarının qorunması ilə yanaşı, həm də işəgötürənlər tərəfindən ölkəmizə əsasən yüksək ixtisaslı kadrların gətirilməsinə, həmçinin yerli mütəxəssislərin peşə və ixtisaslarının artırılmasına daha artıq dərəcədə diqqət göstərmələrinə xidmət edir.
Möhtərəm cənab Prezident!
İş yerlərində əmək qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətinin gücləndirilməsi işləri davam etdirilmişdir. 2009-cu il ərzində Dövlət Əmək Müfəttişliyi tərəfindən 2438 müəssisədə həyata keçirilən dövlət nəzarəti nəticəsində 9124 halda əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilmiş, 553 870 manat məbləğində cərimə tətbiq edilmişdir.
Həmçinin 7048 nəfər işçi ilə əmək müqaviləsi bağlatdırılmış, vətəndaşlara ödənilməsi təmin edilmiş gecikdirilmiş vəsaitin ümumi məbləği 1045564 manat olmuşdur.
Birinci rüb ərzində işə qeyri-leqal cəlb edilən 431 nəfərlə əmək müqaviləsi bağlatdırılmış, vətəndaşlara ödənilməsi təmin edilmiş gecikdirilmiş vəsaitin ümumi məbləği 200139 manat olmuşdur.
Əməyin mühafizəsinin təşkilinə dövlət nəzarətinin gücləndirilməsi nəticəsində son üç ildə iş yerlərində baş verən bədbəxt hadisələrin və bu hadisələr zamanı həlak olanların sayı ilbəil azalmışdır. Belə ki, 2007-ci ildə istehsalatla əlaqəli 259, 2008-ci ildə 255, 2009-cu ildə isə 231 bədbəxt hadisə baş vermiş, bu hadisələr nəticəsində ölənlərin sayı müvafiq olaraq 128 nəfər, 72 nəfər və 69 nəfər təşkil etmişdir. Hesabat dövründə istehsalatda 15 nəfər dünyasını dəyişmişdir.
Möhtərəm cənab Prezident!
Çıxışımın sonunda Sizi əmin edirəm ki, əhalinin həyat səviyyəsinin yüksəldilməsi üzrə müəyyən etdiyiniz vəzifələrin ləyaqətlə icra olunması üçün bütün potensialımızdan bundan sonra da istifadə edəcəyik. Diqqətinizə görə təşəkkür edirəm.
* * *
Dövlət Gömrük Komitəsinin sədri Aydın ƏLİYEV bildirdi ki, müəllifi ümummilli lider Heydər Əliyev olan iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi altında müasir dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirilməsi hər bir sahədə yeniləşən, inkişaf edən respublikamızı regionun əsas aparıcı dövlətinə çevirməklə, beynəlxalq aləmdə ölkəmizin mövqeyini daha da möhkəmləndirir. Komitə sədri dedi:
- Möhtərəm cənab Prezident, zati-alinizin rəhbərliyi altında iqtisadi inkişaf strategiyasının müasir dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirilməsi nəticəsində bu gün hər bir sahədə yeniləşən, inkişaf edən respublikamız regionun əsas aparıcı dövlətinə çevrilməklə beynəlxalq aləmdə öz mövqeyini daha da möhkəmləndirməkdədir. Zati-alinizin diqqət və qayğısı sayəsində ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, iqtisadi siyasətin digər sahələri kimi gömrük xidmətinin inkişafı üçün də geniş imkanlar yaratmışdır.
Təsadüfi deyil ki, əvvəlki illərdə olduğu kimi 2010-cu il üçün təsdiq olunmuş dövlət büdcəsinin gəlirlər hissəsində gömrük orqanlarının özünəməxsus yeri vardır. Məlumat üçün qeyd edim ki, cari ilin birinci rübündə Dövlət Gömrük Komitəsi üzrə proqnozlaşdırılan 205 milyon manata qarşı idxal-ixrac əməliyyatlarından 205,4 milyon manat vəsait toplanaraq dövlət büdcəsinə köçürülməklə rüblük proqnoza 100,2 faiz əməl edilmişdir. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, rüblük proqnozun yerinə yetirilməsinə gömrük orqanları üçün əsas vergitutma bazası sayılan idxalın həcminin cari ilin yanvar-mart aylarında ötən ilin müvafiq dövrünə nisbətən əhəmiyyətli dərəcədə azalması şəraitində nail olunmuşdur. Belə ki, bu ilin ilk 3 ayı ərzində ölkəyə idxal olunan malların ümumi həcmi 2009-cu ilin müvafiq dövrünə nisbətən 167 milyon ABŞ dolları və yaxud 12,6 faiz, əsas vergi tutulan mal mövqelərindən isə dənli bitkilərin idxalı 31,9 milyon ABŞ dolları, yaxud 38,9 faiz, elektrik avadanlıqları 78,4 milyon ABŞ dolları, yaxud 42,2 faiz, digər avadanlıq və texniki qurğular 40,6 milyon ABŞ dolları, yaxud 15,9 faiz, avtonəqliyyat vasitələri 29,4 milyon ABŞ dolları və ya 19,5 faiz aşağı düşmüşdür.
Möhtərəm cənab Prezident!
Məlum olduğu kimi, son illər ərzində baş verən qlobal maliyyə iqtisadi böhranının dünya iqtisadiyyatına təsiri davamlı xarakter almaqla əksər ölkələrdə, o cümlədən Avropa İttifaqı və MDB məkanında ümumi daxili məhsulun azalması müqabilində respublikamızda daim iqtisadi artım müşahidə olunmaqla yanaşı, ardıcıl olaraq aparılan genişmiqyaslı islahatlar ölkəmizi dünyanın iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərin etibarlı tərəfdaşına çevirmişdir. Respublikada həyata keçirilən uğurlu iqtisadi siyasətin əsas prioritetlərindən sayılan xarici ticarətin daha da liberallaşdırılması, idxal-ixrac əməliyyatları üzrə gömrük prosedurlarının sadələşdirilməsi, xarici iqtisadi fəaliyyətdə gömrük tarif tənzimlənməsi və maliyyə-vergi mexanizminin təkmilləşdirilməsi istiqamətində son dövrlərdə xeyli iş görülmüş, Azərbaycan Respublikasının gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası cari ilin birinci rübündə davam etdirilmişdir.
Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 mart tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Ümumdünya Gömrük Təşkilatı arasında Azərbaycan Respublikasının Bakı şəhərində potensialın gücləndirilməsi üzrə Ümumdünya Gömrük Təşkilatının regional ofisinin yaradılması ilə əlaqədar Anlaşma Memorandumu"nun həyata keçirilməsinə başlanılması xüsusi əhəmiyyət kəsb etməkdədir. Belə ki, bu ofis Avropa regionunda potensialın gücləndirilməsi mərkəzi olaraq koordinasiya və tədbirlərin həyata keçirilməsi, gömrük xidmətlərinə yardımın göstərilməsinin və donor təşkilatlarla qarşılıqlı əlaqələrin yaradılmasını təmin etməklə ÜGT-yə üzv dövlətlərlə səmərəli fəaliyyətin təşkilinə xidmət edəcəkdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq Dövlət Gömrük Komitəsi tərəfindən memorandumun həyata keçirilməsi üzrə müvafiq tədbirlər görülməkdədir.
Cənab Prezident!
Hörmətli müşavirə iştirakçıları!
Xarici iqtisadi fəaliyyət iştirakçılarına göstərilən gömrük xidmətinin müasirləşdirilməsi, idxal-ixrac əməliyyatları üzərində gömrük nəzarətinin və gömrük statistikasının daha da təkmilləşdirilməsi cari ilin ötən dövrü ərzində də davam etdirilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "Bir pəncərə" prinsipinin tətbiqinə dair 2008-ci il 11 noyabr tarixli fərmanının tələblərinə uyğun olaraq gömrük orqanlarında müvafiq seminarlar təşkil edilmiş, sərhəd-buraxılış məntəqələrindən keçirilən mallar üzrə elektron nəzarət sisteminin yeni proqram təminatı, habelə gömrük işinin müxtəlif sahələrini nizama salan bir çox normativ-hüquqi sənədlər hazırlanaraq gömrük orqanlarının xidməti istifadəsinə verilmişdir. Yeri gəlmişkən, qeyd etmək istərdim ki, "Bir pəncərə" prinsipi ilə bağlı ölkəmizin təcrübəsi yayılmaq məqsədilə artıq bir sıra xarici dövlətlərin gömrük orqanları və beynəlxalq maliyyə qurumlarında maraq doğurmaqdadır.
Cari ilin yanvar ayından etibarən, ilkin olaraq Gömrük Komitəsi üzrə bütün kargüzarlıq işləri xüsusi yaradılmış proqram təminatı əsasında uğurla aparılmaqdadır. Hazırda gömrük rəsmiləşdirilməsi və nəzarətin avtomatlaşdırılmış sistemi və gömrük mədaxil orderlərinin vahid baza üsulundan istifadə edərək veb-texnologiyalar əsasında işlənmiş yeni proqram təminatları yaxın gələcəkdə tətbiq edilməsi üçün yerli gömrük orqanlarında testdən keçirilir.
2010-cu ilin yanvar-mart ayları ərzində respublikanın gömrük orqanları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1349 hüquqpozma aşkar edilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən təqribən 2 dəfə çoxdur. Qeydə alınan faktlardan 58-i cinayət xarakterli olmaqla 66 nəfər, o cümlədən bir neçə mütəşəkkil cinayətkar qrup üzvü şübhəli şəxs qismində saxlanılmışdır.
Bu ilin birinci rübündə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı aşkar olunmuş 16 fakt üzrə ümumilikdə 61,4 kiloqram müxtəlif növ narkotik maddələrin, o cümlədən 48 kiloqram həşiş, 13 kiloqram heroin, 7 kiloqramadək digər psixotrop maddələrin respublikamızın gömrük sərhədindən keçirilməsinin qarşısı alınmışdır. Aşkar edilmiş 1291 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 122 hüquqi şəxs, o cümlədən 37 xarici hüquqi şəxs və 1169 fiziki şəxs (onlardan 306-sı xarici) inzibati məsuliyyətə cəlb edilmiş, 461 min manat dəyərində qaçaqmal aşkar edilərək 245,8 min manat və ya ötən ilin müvafiq dövrünə nisbətən 2 dəfə çox cərimə tətbiq edilmişdir.
Hesabat dövründə gömrük orqanlarının maddi-texniki bazasının inkişafı məsələləri də diqqət mərkəzində saxlanılmışdır. Belə ki, inşasına bir qədər əvvəl başlanılmış Tovuz Gömrük İdarəsinin Sınıqkörpü və Biləsuvar sərhəd keçid məntəqələrinin əsaslı tikintisi, habelə Balakən Gömrük İdarəsinin Mazımçay və Astara sərhəd keçid məntəqələrinin beynəlxalq standartlara uyğun yeni binalarının son tamamlama işləri yekunlaşmaq üzrə olmaqla, hazırda onların zəruri texniki təchizatı üçün işlər davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq Xaçmaz Gömrük İdarəsinin Xudat sərhəd keçid məntəqəsinin yeni binasının tikintisi, habelə Biləsuvar, Balakən və Tovuz gömrük idarələrində gömrük terminalları və anbarların inşası üçün aidiyyatı tədbirlər görülür.
Möhtərəm cənab Prezident!
Qürurla qeyd etməliyəm ki, ölkəmizdə müasir tələblərə cavab verən modern gömrük sistemlərinin yaradılması işi dövlətimiz tərəfindən daim dəstəklənir və bu sahədə əldə olunan nailiyyətlər qiymətləndirilir. Cari ilin yanvar ayında Sizin imzaladığınız sərəncamlarla Dövlət Gömrük Komitəsinin şəxsi heyətinin təltif edilməsi bütövlükdə ölkəmizin gömrük sisteminə yüksək dövlət qayğısının əyani sübutudur. Göstərdiyiniz yüksək etimada, diqqət və qayğıya görə respublikamızın bütün gömrük işçiləri adından dərin təşəkkürümü və minnətdarlığımı bildirərək, zati-alinizi və bugünkü müşavirə iştirakçılarını əmin etmək istərdim ki, Dövlət Gömrük Komitəsi xarici iqtisadi fəaliyyət iştirakçılarına gömrük xidmətinin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi, gömrük nəzarətinin və tarif tənzimlənmə mexanizminin daha da təkmilləşdirilməsi, maliyyə intizamının möhkəmləndirilməsi, qaçaqmalçılıq və digər hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi istiqamətindəki məqsədyönlü fəaliyyətini davam etdirməklə qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün bütün zəruri tədbirlərin görülməsini təmin edəcəklər.
Diqqətinizə görə təşəkkür edirəm!
* * *
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz HƏSƏNOV ölkədə irimiqyaslı layihələrin icrası, infrastruktur təminatının gücləndirilməsi, regionların sosial-iqtisadi inkişafı, qeyri-neft sektorunun rəqabət və ixrac imkanlarının gücləndirilməsi ilə paralel olaraq əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı istiqamətində rəhbərlik etdiyi qurumun gördüyü işlər barədə dövlətimizin başçısına məlumat verərək dedi:
- Cənab Prezident!
Yuxarıda qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikasında istehsal olunan və respublikaya idxal olunan insan həyatı və sağlamlığı üçün təhlükəli məhsullara nəzarətin gücləndirilməsinə tərəfinizdən xüsusi önəm verilərək bu sahədə işin təkmilləşdirilməsi məqsədilə komitənin yaradılması haqqında sərəncam imzalanmış, qarşımızda mühüm vəzifələr qoyulmuşdur. Eyni zamanda, 2009-cu ilin yekunlarına həsr olunmuş müşavirədə respublikada istehsal olunan məhsulların xarici bazarlara çıxışının təmin edilməsi üçün tərəfinizdən xüsusi göstəriş verilmişdir.
Tapşırıqlarınızın icrası məqsədi ilə istehlakçıların mənafeyinin, həyat və sağlamlığının qorunması, keyfiyyət infrastrukturu sahəsində qanunvericilik bazasının beynəlxalq tələblərə uyğunlaşdırılması, beynəlxalq və Avropa standartlarının Azərbaycan Respublikasında tətbiqi həyata keçirilir. Komitənin fəaliyyətini tənzimləyən qanunvericilik bazası Avropa Birliyinin və Dünya Ticarət Təşkilatının tələblərinə uyğun olaraq təkmilləşdirilir.
Beynəlxalq və Avropa standartlarının Azərbaycan Respublikasında tətbiqi ölkələrarası ticarət əlaqələrinin inkişafına, mal və məhsulların rəqabət imkanlarının artırılmasına, yerli istehsalçıların xarici bazarlara çıxışına, məhsulların təhlükəsizlik tələblərinin təmin olunmasına zəmin yaradır. Komitə Azərbaycan Respublikasını 2003-cü ildən Beynəlxalq Standartlaşdırma Təşkilatında (İSO) tamhüquqlu üzv və 2010-cu il 1 yanvar tarixindən Avropa Standartlaşdırma Təşkilatında (CEN) müşahidəçi qismində təmsil edir. Qeyd edilən təşkilatlarda üzvlük beynəlxalq və Avropa standartlarının respublikada birbaşa tətbiqinə imkanlar yaradır.
Cənab Prezident, Sizin göstərişinizə əsasən bir sıra istiqamətlər üzrə beynəlxalq və Avropa standartlarının Azərbaycan Respublikasında tətbiqinə dair artıq müvafiq işlər aparılır. Belə ki, Azərbaycan Respublikasında dövriyyəyə buraxılan yanacaq məhsullarının Avropa standartları (Avro-2) əsasında bir sıra milli standartlar hazırlanmış və həmin standartlar 2010-cu il 1 iyul tarixindən tətbiq olunacaqdır. Dövriyyəyə buraxılan neft məhsullarının keyfiyyətinə nəzarətin səmərəli təşkili məqsədi ilə bu sahədə müasir laboratoriyanın inşasına başlanmışdır.
Komitə tərəfindən enerji səmərəliliyi sahəsində beynəlxalq standartların tətbiqi məqsədilə müvafiq Dövlət Proqramının layihəsi hazırlanmış və hökumətə təqdim edilmişdir.
Yeyinti məhsulları, turizm, informasiya texnologiyaları, tikinti materialları sahələrində də bir sıra beynəlxalq və Avropa standartları milli standartlar kimi qəbul edilmiş və bu işlər davam etdirilir.
Qeyd edilən sahələrdə işin davamlı şəkildə həyata keçirilməsi və səmərəliliyinin artırılması məqsədilə müvafiq dövlət qurumlarının iştirakı ilə qida məhsulları, neft və qaz, informasiya texnologiyaları, ekologiya, turizm, tikinti materialları üzrə texniki komitələr yaradılmışdır.
Cənab Prezident, beynəlxalq standartların tətbiqi milli sənayenin rəqabət imkanlarının artırılmasına və yerli məhsulların xarici bazarlara çıxışının təmin olunmasına artıq öz təsirini göstərmişdir. Belə ki, 2009-cu ildə MDB çərçivəsində keyfiyyət üzrə keçirilən müsabiqənin nəticələrinə görə Azərbaycan şirkətləri 4 nominasiyadan üçü üzrə birinci yer tutmuş, bir şirkətimiz isə müsabiqənin laureatı elan olunmuşdur.
Möhtərəm cənab Prezident, tapşırığınıza əsasən daxili bazarı keyfiyyətsiz məhsullardan qorumaq məqsədi ilə mütəmadi olaraq monitorinqlər aparılır. Nəzarət tədbirləri mülkiyyət formasından asılı olmayaraq bütün məhsul istehsalçıları və idxalçılarını əhatə edir. Monitorinqlər nəticəsində hələ də bir sıra istehsalçılar və sahibkarlar tərəfindən keyfiyyətsiz ərzaq məhsullarının istehsalı və respublikaya idxal olunması aşkar olunur. Bununla bağlı tərəfimizdən qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər həyata keçirilir. Belə ki, insan həyatı və sağlamlığına təhlükə yaradan, normativ sənədlərə uyğun olmayan qida məhsulları istehsalçılarına və idxalçılarına qarşı ümumi dəyəri 97475 manat məbləğində cərimə sanksiyaları tətbiq olunmuşdur. Ölkədə istehsal olunan və idxal yolu ilə gətirilən 40 ton qənnadı məmulatları, 888 ton düyü, 10 ton süd məhsulları, 56 min litr alkoqolsuz içkilər və meyvə şirələri insan sağlamlığı üçün təhlükəli olduğuna görə dövriyyədən çıxarılaraq məhv edilmişdir.
Məhsullar komitənin nəzdində fəaliyyət göstərən, müasir avadanlıqla təchiz olunan və müvafiq təlimlər keçmiş ekspertlərə malik olan ərzaq laboratoriyasında sınaqlardan keçirilir.
Eyni zamanda, respublika ərazisində yerləşən 45 yanacaqdoldurma məntəqəsində məhsulların keyfiyyətinə dövlət nəzarəti həyata keçirilmişdir. Aparılmış araşdırmalar nəticəsində 26 yanacaqdoldurma məntəqəsində nöqsanlar aşkar edilmişdir və bununla əlaqədar qanunvericiliyə müvafiq olaraq inzibati tədbirlər görülmüşdür. Əhalinin keyfiyyətsiz məhsullardan qorunması məqsədi ilə bu cür nəzarət tədbirləri mütəmadi olaraq həyata keçirilir.
İxrac potensialının artırılması, keyfiyyətli və rəqabətqabiliyyətli məhsulların istehsalı eyni zamanda metrologiya sahəsinin inkişafı ilə sıx bağlıdır. Bunu nəzərə alaraq, sahənin inkişaf etdirilməsi məqsədi ilə Milli Etalon Mərkəzi yaradılmışdır. Mərkəzin respublika iqtisadiyyatının prioritet sahələrini əhatə edən dövlət etalonları laboratoriyaları Avropa İttifaqının maliyyə dəstəyi və ekspertlərinin iştirakı ilə formalaşdırılmaqdadır. Bunlar kütlə, təzyiq, fiziki-kimyəvi, temperatur və elektrik kəmiyyətləri üzrə dövlət etalonları laboratoriyalarıdır. Hal-hazırda laboratoriyalarda Avropadan gətirilmiş avadanlığın quraşdırılması və işçi heyəti üçün təlimlər həyata keçirilir. Bu işlər yaxın zamanlarda yekunlaşacaqdır. Əlavə olaraq Beynəlxalq Atom Enerjisi Təşkilatı ilə birgə layihə çərçivəsində dozimetrik laboratoriyanın yaradılmasına başlanmışdır.
Əqli mülkiyyət hüquqlarının qorunması, innovasiya fəaliyyətinin təşviqi komitənin digər fəaliyyət sahəsidir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin məqsədi ixtiraların, əmtəə nişanlarının və digər sənaye mülkiyyət obyektlərinin hüquqi mühafizəsinin təşkili, bu sahədə hüquqların qorunmasından ibarətdir.
Ölkəmizdə son illər ərzində həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsi olaraq azad rəqabət mühitinin yaranması, milli bazarda əmtəə nişanlarının inkişafı bu əqli mülkiyyət obyektlərinin qeydiyyatının artmasına təsir etməkdədir. Eyni zamanda, əlverişli iqtisadi mühit innovasiya fəaliyyətinə də təkan vermişdir.
Sonda möhtərəm cənab Prezident, icazə verin əmin edim ki, komitənin kollektivi Sizin yüksək etimadınızı doğruldacaqdır. Təşəkkür edirəm.
* * *
Prezident İlham Əliyev iclasda yekun nitq söylədi.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında