2010-cu ildə Azərbaycan iqtisadiyyatı uğurlu inkişafını davam etdirir

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir
Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi
Aprelin 14-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir. Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.
-Nazirlər Kabinetinin bugünkü iclası 2010-cu ilin birinci rübünün yekunlarına həsr edilib. 2010-cu ildə Azərbaycan iqtisadiyyatı uğurlu inkişafını davam etdirmişdir. Bütün sosial-iqtisadi göstəricilərimiz yüksək səviyyədədir. Nəzərə almalıyıq ki, 2009-cu il dünya tarixində böhran ili kimi qalmışdır və 2009-cu ildə iqtisadiyyatımız, təxminən 10 faiz artmışdır. Bu artımın üzərində əlavə artıma nail olmaq əlbəttə ki, böyük uğur hesab oluna bilər. Bəzi ölkələr var ki, 2010-cu ildə müsbət dinamika nümayiş etdirir. Ancaq nəzərə almalıyıq ki, o ölkələrdə 2009-cu ildə iqtisadiyyat 7, 10, 15 faiz tənəzzülə uğramışdır. Əlbəttə ki, bu tənəzzüldən sonra müəyyən dərəcədə inkişaf dinamikası da mümkündür.
Azərbaycanın uğuru ondan ibarətdir ki, 2004-2009-cu illərdə iqtisadiyyatımız 2,8 dəfə artmışdır. Bunun üzərində əlavə iqtisadi artıma nail olmaq bir daha göstərir ki, apardığımız siyasi, iqtisadi və sosial islahatlar öz nəticələrini verməkdədir. İlin birinci rübündə iqtisadiyyat 5,4 faiz artmışdır. Sənaye istehsalı 5,6 faiz, sevindirici haldır ki, qeyri-neft sektoru 2,8 faiz, kənd təsərrüfatı 1,5 faiz artmışdır. İnflyasiya cəmi 3,8 faiz təşkil etmişdir ki, bu da öz növbəsində, sosial məsələlərin həlli üçün bizə əlavə imkanlar yaradır. Demək olar ki, qiymət artımı çox az səviyyədədir. Nəzərə alsaq ki, əhalinin pul gəlirləri artır, - bunun ən gözəl göstəricisi banklara qoyulan əmanətlərin 30 faizdən çox artmasıdır, - görərik ki, inflyasiyanın bu aşağı səviyyədə saxlanması insanların rifah halına mənfi təsir göstərmir.
Bir sözlə, bütün makroiqtisadi göstəricilərimiz bir daha sübut edir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur. Azərbaycan öz müsbət inkişafını gücləndirir və davam etdirir.
Büdcə xərcləri tam şəkildə təmin edilir. Əlbəttə ki, buna büdcə gəlirləri zəmin yaradır və bu məsələ ilə də bağlı heç bir problem yoxdur. Valyuta ehtiyatlarımız artır. Həm keçən il və həm də bu ilin birinci rübündə strateji valyuta ehtiyatlarımız artmışdır. Bu gün Azərbaycanın valyuta ehtiyatları 22,3 milyard dollar təşkil edir. Bu, çox böyük məbləğdir. İstənilən ölkə üçün böyük məbləğdir. Xüsusilə nəzərə alsaq ki, Azərbaycanın həm ərazisi, həm əhalisi o qədər də böyük deyil və ölkə iqtisadiyyatına qoyulan sərmayələr də yüksək səviyyədədir, əlbəttə ki, biz gələcəkdə də valyuta ehtiyatlarımızın artımını görəcəyik. Çünki əvvəlki illərdə görülən işlər, xüsusilə neft-qaz siyasətimiz imkan verir ki, biz çox böyük məbləğdə valyuta ehtiyatlarımızı yığaq ki, öz növbəsində həm iqtisadi, həm infrastruktur, həm sosial məsələlərin həlli üçün onlardan istifadə edək və güclü bir maliyyə resursları əldə edək.
Artıq Azərbaycan öz maliyyə imkanları ilə dünya bazarlarına çıxır. Mötəbər beynəlxalq maliyyə qurumları Azərbaycan Dövlət Neft Fondunu başqa ölkələrdə müştərək şəkildə investisiyaların qoyulmasına cəlb edir və biz buna müsbət baxırıq. Bu, onu göstərir ki, Azərbaycan dünya miqyasında çox müsbət imicə malik olan ölkədir. Aparıcı beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığımız uğurludur, bərabərhüquqludur. Biz bərabərhüquqlu tərəfdaş kimi növbəti illərdə dünya iqtisadiyyatına daha da çox inteqrasiya edəcəyik.
Dövlət İnvestisiya Proqramı icra edilir. Proqramın icrası ilə bağlı heç bir problem yoxdur. Nə maliyyə problemi, nə də ki, texniki problem. Bizim həm texniki imkanlarımız artır və həm də keçən il nəzərdə tutulmuş bütün investisiya layihələri uğurla icra edilir. Əminəm ki, bütün investisiya layihələrimiz vaxtında və böyük keyfiyyətlə icra ediləcəkdir.
İlin birinci rübündə ölkə iqtisadiyyatı üçün önəmli hadisələr baş vermişdir. Əlbəttə ki, bütün ölkədə müxtəlif obyektlər, yeni iş yerləri açılır. Eyni zamanda, ölkəmizin sənayeləşməsi üçün çox vacib olan nəhəng tikinti-infrastruktur obyektləri də inşa edilməyə başlanmışdır. Xüsusilə vurğulamaq istəyirəm ki, bu yaxınlarda Bakıda yeni, müasir gəmiqayırma zavodunun təməl daşı qoyulmuşdur. Bu zavoda çox böyük ehtiyac vardır. Çünki biz donanmamızı müasirləşdirməliyik. Həm Xəzər Dəniz Gəmiçiliyinin, həm də Dövlət Neft Şirkətinin donanmalarını müasirləşdirməliyik. Eyni zamanda, tikiləcək yeni müasir gəmiqayırma zavodu bizə imkan verəcək ki, istənilən növ gəmiləri - katerləri, hərbi döyüş gəmilərini istehsal edək. Bu, eyni zamanda, Azərbaycanın döyüş potensialının gücləndirilməsinə xidmət göstərəcəkdir.
Biz Xəzərdə öz mövqelərimizi möhkəmləndiririk. İstər neft-qaz əməliyyatları, istər infrastruktur, istərsə də donanmanın gücü baxımından Azərbaycan, əlbəttə ki, Xəzərdə çox güclü mövqelərə malikdir. Gəmiqayırma zavodunun işə başlaması nəticəsində biz artıq idxaldan asılı olmayacağıq. Son illər ərzində xaricdən kifayət qədər müxtəlif tipli gəmilər alınmışdır ki, bu da öz növbəsində Azərbaycanın iqtisadi potensialını gücləndirən amillərdən biridir.
Mən gəmiqayırma zavodunu xüsusilə vurğulamaq istəyirəm. Çünki bu, bir də onu göstərir ki, həm Azərbaycan dövləti və hökuməti ölkəmizin müasirləşməsi istiqamətində çox düzgün və vaxtında addımlar atır, eyni zamanda, xarici tərəfdaşlar Azərbaycan ilə birgə işlər görmək əzmindədirlər. Gəmiqayırma zavodunun səhmdarları arasında Azərbaycan qurumları və eyni zamanda, xarici tərəfdaşlar da vardır. Onlar da böyük həcmdə investisiyalar qoyacaqlar. Yəni bu, özlüyündə göstərir ki, Azərbaycan sərmayə qoyuluşu üçün cəlbedici ölkə kimi öz funksiyalarını, imkanlarını genişləndirir. Əminəm ki, bu istiqamətdə atdığımız addımlar Azərbaycanın sənaye potensialının gücləndirilməsinə xidmət göstərəcəkdir.
Sənaye potensialımızın gücləndirilməsi üçün başqa addımlar da atılır. Böyük tədbirlər, ixtisaslaşdırılmış texnoparkların tikintisi nəzərdə tutulur. Hərbi sənaye kompleksinin inkişafı sürətlə gedir və mən bu ilin birinci rübündə müdafiə sənayesi kompleksini təşkil edən iki böyük zavodun açılışında iştirak etmişəm. Bütün bu istiqamətlərdə planlarımız icra edilir.
Keçən ay ölkəmizin sosial-iqtisadi inkişafını təmin edən dövlət proqramının müzakirəsini keçirdik. Regionların inkişafı geniş şəkildə müzakirə edildi. Mən o iclasda səslənən fikirləri təkrarlamaq istəmirəm. Bütün vəzifələr qoyuldu, istiqamətlər müəyyən edildi, konkret tapşırıqlar verildi ki, regionların inkişafı sürətlə getsin, bütün maliyyə resursları səfərbər olunsun. Dövlət investisiya layihələri, eyni zamanda, regionların inkişafını təmin edir. Bank sektorunun inkişafı və əlavə resursların əldə edilməsi kreditləşməni asanlaşdırır. Eyni zamanda, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən dövlət xətti ilə kifayət qədər böyük məbləğdə vəsait ayrılır, texnika alınır. Yəni regionların, kənd təsərrüfatının, emal sənayesinin inkişafı üçün praktiki addımlar atılır. Bu addımlar artıq bir neçə ildir ki, atılır. Biz bu addımların səmərəsini, nəticələrini görürük. Bunu həm iqtisadi göstəricilərdə, eyni zamanda, gündəlik həyatda görürük.
Bir sözlə, Azərbaycan qarşıda duran əsas vəzifələrdən biri olan iqtisadiyyatın şaxələndirilməsi məsələlərini uğurla icra edir. Əgər belə olmasaydı, biz bu böhran aylarında özümüzü o qədər arxayın hiss etməzdik. Əgər iqtisadiyyatımız artıq şaxələndirilmiş iqtisadiyyat olmasaydı, Azərbaycan rəqabətqabiliyyətliliyinə görə mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən MDB məkanında birinci yeri tutmazdı. Məhz ona görə biz birinci yeri tutmuşuq ki, iqtisadiyyatımız çoxşaxəlidir, bir sektordan asılı deyildir. Neft-qaz sənayesi, güclü neft-qaz potensialımız, o sektora cəlb edilən investisiyalar, onlardan düzgün istifadə edilməsi bizə imkanlar yaratdı ki, iqtisadiyyatımızı şaxələndirək. Bu gün biz buna nail ola bilmişik və dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə Azərbaycan 51-ci yerdədir. Bu, çox böyük uğurdur, böyük nəticədir. Əminəm ki, biz bu yüksək yerləri daim əlimizdə saxlayacağıq.
Bu yaxınlarda növbəti sevindirici xəbər gəldi ki, dünyanın ən mötəbər beynəlxalq təşkilatlarından biri olan Dünya İqtisadi Forumu Azərbaycanı informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə MDB məkanında birinci yerə layiq görmüşdür. Nəzərə alsaq ki, informasiya-kommunikasiya texnologiyaları Azərbaycanda cəmi 5-6 ildir inkişaf etməyə başlamışdır, bu da çox gözəl göstəricidir. Biz qısa müddət ərzində böyük uğurlara nail ola bilmişik. Bu, həm iqtisadi inkişaf, həm müasirlik, həm də təhsil deməkdir.
İnformasiya-kommunikasiya texnologiyalarının gələcək inkişafımızda çox önəmli rolu olacaqdır. Çünki bütün dünyanın elmi-texniki tərəqqisi bu istiqamətdə inkişaf edəcəkdir. O ölkələr ki, bu sahədə birinciliyi əldə edir, yaxud da, apardıqları islahatlarla bu istiqamətdə uğurlar qazanır, onlar gələcəkdə daha da böyük imkanlara malik olacaqlar.
Birinci rübdə bizim neft-qaz sənayesində çox əlamətdar hadisələr baş vermişdir. "Çıraq" layihəsinə start verilmişdir. Bu da çox böyük layihədir. Əlbəttə ki, "Azəri-Çıraq-Günəşli" yataqları üzrə "Əsrin müqaviləsi"nin icrası çərçivəsində görüləcək işlərdir. Ancaq əhəmiyyəti nəzərə alınaraq bu layihəyə xüsusi bir istiqamət, xüsusi bir ad verildi. "Çıraq" layihəsi əlavə 6 milyard dollar investisiyanın qoyuluşunu tələb edir. Minlərlə yeni iş yerinin açılmasını təşkil edəcəkdir. O iş yerlərinin 90 faizindən çoxu Azərbaycanda açılacaqdır. Beləliklə, Azərbaycanda həm neft hasilatının artımı təmin ediləcək, həm də ki, hasilatın sabit vəziyyətdə saxlanması üçün əlavə imkanlar yaranacaqdır. Bu, uzun illər bundan sonra hasilatı yüksək səviyyədə, sabit səviyyədə saxlayacaqdır. Bu da ölkəmizin inkişafı üçün çox vacibdir ki, biz öz gələcək planlarımızı elə quraq ki, əldə ediləcək əlavə mənfəət həm ehtiyatların artırılmasına yönəldilsin, eyni zamanda, investisiya xərclərinin təmin edilməsi daha da geniş vüsət alsın.
Azərbaycanda investisiya layihələri uğurla icra edilir. Son illər ərzində on milyardlarla dollar vəsait qoyulubdur, daxili investisiyalar xarici investisiyaları böyük fərqlə üstələyir. Bizim siyasətimiz ondan ibarətdir və maliyyə böhranından belə uğurlu çıxmağımızın səbəbi də ondadır ki, biz əldə edilmiş gəlirləri həm əmanət kimi çox etibarlı şəkildə saxlamışıq və ehtiyatlarımız artıb. Eyni zamanda, ölkənin tələbatını ödəmək üçün investisiya şəklində sənaye istehsalına, infrastruktur layihələrinə qoymuşuq ki, həm iş yerləri açıldı, həm də iqtisadiyyatın şaxələndirilməsi üçün əlavə imkanlar yarandı.
Biz bu siyasəti gələcəkdə də davam etdirəcəyik. Həm valyuta ehtiyatlarımız artacaq, eyni zamanda, dövlət investisiya proqramı elə tutulmalıdır ki, əsas vəzifələr icra edilsin. Bu il üçün nəzərdə tutulmuş investisiya layihələri hesab edirəm ki, bizi tam şəkildə təmin edir. Əlbəttə ki, gələcək illərdə biz başqa sahələrə investisiyanın cəlb edilməsini təmin edəcəyik.
Sosial məsələlərin həllinə gəldikdə, iqtisadi inkişaf bu məsələlərin həlli üçün başlıca şərtdir. Əgər güclü iqtisadi siyasət olmasa, heç bir sosial layihəni, sosial proqramı icra etmək mümkün olmayacaqdır. Biz bütün sosial proqramları uğurla icra edirik. Pensiyalar, maaşlar vaxtaşırı artırılır. Bu il də maaşların və pensiyaların artımı nəzərdə tutulur. Ünvanlı sosial proqram uğurla icra edilir. Bütün sosial proqramlar, sosial ödəmələr vaxtında təmin edilir.
Sosial obyektlərin tikintisi istiqamətində çox böyük işlər görülür. Təkcə bu ilin birinci rübündə proqrama dövlət büdcəsində nəzərdə tutulmayan layihələr əlavə edildi. Çünki yerlərdən xahişlər daxil oldu ki, bəzi rayonlarda tibbi xidmətin lazımi səviyyədə olmaması insanları narahat edir. Baxmayaraq, son illərdə demək olar ki, hər bir bölgədə ən müasir tibbi avadanlıqla təchiz edilmiş müasir xəstəxanalar, müalicə diaqnostika kompleksləri tikilmişdir və onlar insanlara gözəl xidmət göstərir. Hələ ki, biz bu problemi tam şəkildə həll edə bilməmişik. Ona görə yerlərdən gələn təkliflər, xahişlər əsasında göstəriş verildi ki, Prezidentin Ehtiyat Fondundan əlavə vəsait ayrılsın, Ağcabədi, Beyləqan, İmişli və Saatlı rayonlarında yeni müasir xəstəxanaların tikintisi, yaxud da mövcud xəstəxanaların əsaslı təmiri məsələləri öz həllini tapsın. Yəni, biz bu məsələlərə həmişə çox çevik reaksiya veririk. Yenə də deyirəm, biz çalışırıq ki, dövlət büdcəsində bütün məsələləri həll edək. Deyə bilərəm ki, əksər hallarda mütləq buna nail oluruq. Ancaq olur ki, il ərzində hansısa məsələ ortalığa çıxır, biz buna operativ reaksiya verməliyik. Belə məqsədlər üçün biz Prezidentin Ehtiyat Fondundan istifadə edirik və bundan sonra da edəcəyik ki, insanları narahat edən əsas problemləri maksimum dərəcədə və qısa müddət ərzində aradan qaldıraq.
Artıq bizim iclaslarda elektrik enerjisi, qaz təchizatı məsələləri daha geniş şəkildə müzakirə olunmur. Çünki bu məsələlərin böyük hissəsi həllini tapıbdır. Düzdür, qazlaşdırma prosesi davam edir və davam etməlidir ki, bütün insanlar, bütün yaşayış məntəqələri maksimum dərəcədə təmin olunsun. Ancaq bu problemlər görülən tədbirlər nəticəsində ciddi sosial problem kimi artıq aradan qalxıb. Bu gün səylərimiz bu əsas infrastruktur layihələrinin - içməli su, kanalizasiya məsələlərinin həllinə yönəldilibdir. Bu istiqamətdə də artıq işlər başlanmışdır. Mən istəyirəm ki, daha da sürətlə başlasın və bütün rayon mərkəzlərini əhatə etsin. İstəyirəm ki, bütün rayon mərkəzlərində işlər tezliklə başlasın, çünki insanları bu gün ən çox narahat edən məsələlər məhz içməli su və kanalizasiya məsələləridir. Onu da deməliyik ki, bizim əksər yaşayış məntəqələrində heç vaxt, heç bir dövrdə kanalizasiya olmamışdır. İçməli su həmişə problem olmuşdur. Ancaq biz bu ciddi problemi çox ciddi həll etməliyik. Elə etməliyik ki, bu problem Azərbaycandan yığışdırılsın və insanlar tam şəkildə öz haqlı hüquqlarından istifadə edə bilsinlər.
Bir sözlə, 2010-cu ilin birinci rübü sosial-iqtisadi inkişaf baxımından çox uğurludur. Mən əminəm ki, gələcək aylarda biz bu müsbət dinamikanı saxlayacağıq və Dövlət İnvestisiya Proqramı çərçivəsində dövlət büdcəsində nəzərdə tutulmuş bütün vəzifələr uğurla icra ediləcəkdir.
Hesab edirəm ki, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində həlledici mərhələyə qədəm qoymuşuq. Mən bu barədə öz fikirlərimi dəfələrlə ictimaiyyətlə bölüşürəm, Azərbaycanın mövqeyini bildirirəm. Ancaq hadisələr çox sürətlə inkişaf edir və əlbəttə ki, danışıqlar prosesinin indiki mərhələsi haqqında da mən həm öz fikirlərimi bildirmək, həm də Azərbaycan dövlətinin rəsmi mövqeyini bir daha açıqlamaq istəyirəm. Dəfələrlə qeyd etmişik və demişik ki, bu münaqişə öz həllini ancaq beynəlxalq hüquq normaları əsasında tapa bilər. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra edilməlidir, işğalçı qüvvələr bütün işğal edilmiş torpaqlardan çıxarılmalıdır, Azərbaycan vətəndaşları - qaçqınlar, köçkünlər işğal edilmiş bütün ərazilərə, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdırlar və Dağlıq Qarabağın statusu ondan sonra müəyyən oluna bilər. Bununla bərabər, bu status ancaq və ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. Azərbaycan dövləti bundan kənarda heç bir statusa heç vaxt razılıq verməyəcəkdir. Biz razılıq vermədiyimiz təqdirdə heç kim qanunsuz qurum olan Dağlıq Qarabağı müstəqil qurum kimi tanımayacaqdır.
Bizim vətəndaşlarımız işğal edilmiş torpaqlara qayıdandan sonra Dağlıq Qarabağın keçici, yəni müvəqqəti statusu öz həllini tapa bilər. Ancaq o stasus, yenə də deyirəm, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır. Bütün mərhələlərdə, danışıqların ilk günlərindən Azərbaycanın mövqeyi ondan ibarət olmuşdur ki, Dağlıq Qarabağa dünyada mövcud olan ən yüksək muxtariyyət statusu verilə bilər. Biz bu mövqedə qalırıq və ermənilərdən fərqli olaraq heç vaxt etnik təmizləmə əməliyyatları aparmamışıq, belə niyyətimiz də yoxdur. Bəzi hallarda biz Ermənistandan çox sadəlövh və gülməli bəyanatlar eşidirik ki, əgər Azərbaycanın istədiyi məsələ öz həllini taparsa, Azərbaycanın təklifi qəbul olunarsa, o zaman Dağlıq Qarabağda ermənilər qalmayacaqdır. Qoy onlar bizi öz arşını ilə ölçməsinlər. Azərbaycan xalqı başqa millətlərə qarşı heç vaxt ayrı-seçkilik etməmişdir. Biz Ermənistandan fərqli olaraq monodövlət deyilik. Bizdə bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Bizim xüsusiyyətimiz bundadır. Bizim düşüncəmiz bundadır. Ermənistan isə bəlkə də dünyada tək ölkədir ki, yəni ada olmayan ölkədir ki, orada erməni millətindən başqa millət yaşamır. Baxmayaraq ki, bugünkü Ermənistan Azərbaycanın əzəli torpaqları üzərində qurulubdur, İrəvan xanlığının əhalisinin əksəriyyəti azərbaycanlılar idi. Bu, bizim tarixi torpağımızdır. Ancaq azərbaycanlılar müxtəlif tədbirlərlə, müxtəlif yollarla indiki Ermənistandan qovuldu. Nəinki azərbaycanlılar, bütün başqa millətlər də Ermənistandan ya qovuldu, ya öldürüldü, ya sıxışdırıldı, ya da elə dözülməz şərait yaradılmışdır ki, onlar orada qala bilmirlər. Ona görə Azərbaycan dövləti heç vaxt heç kimə qarşı etnik təmizləmə siyasəti aparmamışdır və aparmayacaqdır. Əgər beynəlxalq hüquq normalarını əks etdirən təkliflər Ermənistan tərəfindən qəbul edilərsə, o zaman Dağlıq Qarabağda erməni icması ilə bərabər Azərbaycan icması da yaşayacaq, yaşamalıdır və onların orada, azərbaycanlıların orada yaşaması həm tarixi ədaləti tam təsdiq edəcək, həm də ki, beynəlxalq hüquq normalarına tam uyğundur.
Bugünkü mərhələdə Ermənistan öz mövqeyini bildirməlidir. Uzun illərdir ki, biz Minsk qrupunun həmsədr ölkələrinin dövlət, hökumət başçılarına mövqeyimizi bildirmişik. Ermənistan danışıqları süni şəkildə uzadır. Ermənistan danışıqlarda səmimi deyildir və danışıqları sadəcə olaraq bir bəhanə kimi aparır və çox ləng aparır. Müəyyən mərhələlərdə razılaşdırılmış məsələlərə yenidən qayıtmaq istəyir, yenidən onları ortaya qoyur ki, sadəcə olaraq vaxt udsun. Hesab edirlər ki, vaxt keçdikcə bu status-kvo vəziyyəti daha da möhkəmlənəcək və on ildən, iyirmi ildən sonra artıq qeyri-qanuni qurum olan Dağlıq Qarabağın elə bil ki, legitimləşdirilməsi üçün daha da əlverişli imkanlar olacaqdır.
Dəfələrlə həm Minsk qrupunun səfirlərini, həm də dövlət və hökumət başçılarını məlumatlandırmışıq ki, bizim şübhələrimiz var və bu şübhələr elə boş yerə yaranmayıb. Bu şübhələrin əsası var ki, Ermənistan sadəcə olaraq vaxt uzadır, danışıqları belə bir əbədi prosesə çevirmək istəyir, sanki bu danışıqlarda iştirak edir, ona görə onlara qarşı sanksiyalar tətbiq edilməməlidir. Danışıqların uğurlu olmaması səbəbini müxtəlif yollarla Azərbaycanın üzərinə yıxmaq istəyir.
Artıq biz o mərhələyə yaxınlaşmışıq ki, Ermənistanın bu məkrli, riyakar və yalançı siyasəti davam edə bilməz. Biz o mərhələdəyik ki, onlar Minsk qrupunun həmsədrləri olan ölkələrin təklifinə cavab verməlidirlər. Yenilənmiş Madrid prinsipləri əsasında iki tərəfə təqdim edilmiş təklif üç ölkənin təklifidir. Düzdür, bu təklifin formalaşmasında və indiki vəziyyətə gətirib çıxarılmasında Azərbaycan diplomatiyasının çox böyük rolu vardır. Əgər biz mərhələnin əvvəlindəki təkliflərə baxsaq, yəni Praqa prosesi adlandırdığımız mərhələnin əvvəlinə, prosesin əvvəlinə baxsaq, görərik ki, o təkliflərdə bizi qane etməyən çoxsaylı məqamlar var idi. Çox böyük təhlükəli məqamlar var idi, nə vaxtsa Dağlıq Qarabağı Azərbaycandan ayıra biləcək müəyyən mexanizmlər orada görünməkdə idi. Əlbəttə ki, biz onu heç vaxt qəbul edə bilməzdik.
Son illər ərzində, son 5 il ərzində Praqa prosesi çərçivəsində bizim səylərimiz nəticəsində və eyni zamanda, hesab edirəm ki, həmsədr ölkələrin məsələyə yeni bucaqdan baxışı nəticəsində biz bugünkü yenilənmiş Madrid prinsipləri əsasında verilmiş təklifləri görürük və müzakirə edirik. Ona görə bu, böyük bir proses idi. Müxtəlif dövrlərdə Ermənistan tərəfi bu prosesdən müxtəlif yollarla çıxmaq istəyirdi. Bəzən danışıqları tərk etməklə, bəzən çox müəmmalı səbəblər gətirərək danışıqları yarımçıq tərk etməklə, sadəcə olaraq, heç kimə demədən danışıqlardan uzaqlaşmaqla özlərini bir növ gülünc vəziyyətə salırdılar. Ancaq biz görürük ki, onlar hər şeyə razıdırlar. Özlərini gülünc vəziyyətə salmağa razıdırlar. Özlərini qeyri-konstruktiv mövqeyin sahibi olan ölkə kimi təqdim etməyə hazırdırlar, təki bu proses əbədi proses olsun, danışıqlar getsin və dünya da sanki arxayınlaşsın ki, burada hər şey sakit olacaq, müharibə olmayacaq, onlar danışırlar, qoy danışsınlar.
Artıq biz o xəttə çatmışıq ki, Ermənistan tərəfi və əlbəttə ki, Azərbaycan tərəfi öz mövqeyini bildirməlidir. Biz öz mövqeyimizi bildirmişik. Həm keçən ilin noyabr ayında Münxen şəhərində Ermənistan prezidenti ilə apardığım danışıqlarda və son dəfə Soçidə Rusiya Prezidenti Medvedevin təşəbbüsü ilə növbəti üçtərəfli görüş əsnasında Azərbaycan rəsmi şəkildə öz mövqeyini bildirib ki, prinsip etibarilə yenilənmiş Madrid prinsipləri üzərində verilən təklif bizim üçün məqbuldur, o təklifdə bizim üçün narahatedici məqamlar çox azlıq təşkil edir.
Orada kiçik istisnalar etməklə o təklif əsas kimi götürülməlidir və bu təklifin əsasında sülh sazişi hazırlanmalıdır. Ancaq əfsuslar olsun ki, Ermənistan tərəfi bu günə qədər öz mövqeyini bildirməyib. İki aydan çox vaxt ərzində sadəcə olaraq mövqe bildirməyib. Ondan sonra bizə çatan məlumata görə onların o təklifə verdikləri əlavələr əslində bizi prosesin əvvəlinə gətirib çıxaracaqdır. Bunu nə biz qəbul edə bilərik, nə də ki, Minsk qrupunun həmsədr ölkələri. Ona görə bizə söz verilib ki, bu müddət ərzində Ermənistan tərəfi ilə çox ciddi iş aparılacaq və onlara sübut etməyə çalışacaqlar ki, bu təklifi qəbul etsinlər.
Biz də bu mərhələdəyik. Ona görə biz əlbəttə ki, vəziyyəti, bölgədə gedən prosesləri təhlil edirik və Ermənistandan cavab gözləyirik ki, onlar üç ölkənin - Rusiya, Fransa və Amerikanın təklifinə müsbət cavab verəcəklər və belə olan halda biz danışıqları fəal şəkildə aparacağıq, artıq danışıqların yeni mərhələsi başlayacaq, konkret saziş üzərində işlər başlanacaqdır. Əgər onlar bu təklifi qəbul etməsələr, onda hesab edirəm ki, danışıqlar öz mənasını itirəcək və sadəcə imitasiya naminə, görüntü yaratmaq üçün danışıqlar aparmaq bizim üçün qəbuledilməzdir.
Mən müxtəlif dövrlərdə, müxtəlif mərhələlərdə demişəm ki, biz imitasiya naminə danışıqlar aparmayacağıq. O vaxta qədər aparacağıq ki, bizdə ümid var ki, onlardan bir nəticə çıxacaqdır. Əgər gördük ki, burada heç bir ümid yoxdur, onda danışıqlar dayanmalıdır və əlbəttə ki, bu prosesdə yeni mərhələ başlanacaqdır. O mərhələ nədən ibarət olacaq, bunu hələ ki, demək tezdir. Hər halda biz istənilən ssenariyə hazırıq. Öz hazırlıq işlərimizi görürük ki, vəziyyətə uyğun şəkildə addımlarımızı ataq. Ancaq mən hesab edirəm və bir daha bunu vurğulamaq istəyirəm, indiki mərhələdə artıq hamı üçün, həm də həmsədr ölkələr üçün bəllidir ki, Ermənistan tərəfi danışıqları pozur. Həmsədr ölkələr əgər əvvəllər buna bir növ göz yummaq istəyirdilərsə, artıq bu gün bunu etmək mümkün deyildir. Çünki onlar üçün də bəllidir ki, Ermənistan tərəfi danışıqları əslində pozur. Belə olan halda mən tam əminəm ki, Ermənistan tərəfi ilə ciddi iş aparılmalıdır. Ermənistanı hansısa yollarla stimullaşdırmaq, onlara ümid vermək, onların işğalçı siyasətinə yenə göz yummaq siyasəti ona gətirib çıxara bilər ki, danışıqlar pozulacaqdır.
Ona görə mən hesab edirəm ki, indiki həlledici mərhələdə bütün ölkələr, xüsusilə Minsk qrupunun həmsədr ölkələri çox həssas olmalıdırlar. Vəziyyətlə bəlkə də yaxından tanış olmayan insanlar daha da çalışmalıdırlar ki, bölgədəki vəziyyəti öyrənsinlər, bölgədə gedən tarixi prosesləri heç olmasa kitablardan oxusunlar. Son iyirmi ilin tarixini öyrənsinlər. Əgər bilmirlərsə, mən heç kimi günahlandırmaq istəmirəm, bunu öyrənsinlər ki, düzgün nəticə çıxarsınlar, addımları düzgün istiqamətdə atsınlar. Ancaq biz görürük, bu gün, həlledici məqamda Ermənistana elə bir siyasi dəstək verilir ki, bundan sonra Ermənistan danışıqlardan ümumiyyətlə imtina edə bilər.
Bu gün Dağlıq Qarabağı kənarda qoyub bölgədə başqa məsələləri həll etmək nə dərəcədə düzgündür?! Tamamilə yanlışdır, tamamilə səhvdir və Azərbaycanın milli maraqlarına zidd olan mövqedir. Milli maraqlarımıza zidd olan mövqe nümayiş etdirənə biz hansı mövqeni nümayiş etdirə bilərik?! Əgər bizim maraqlarımız pozulursa, maraqlarımızı pozanın maraqlarını necə müdafiə edə bilərik, necə dəstəkləyə bilərik?! Ölkələrin böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, dünyada hər şey qarşılıqlıdır. Bunu biz icad etməmişik. Dünya birliyi bu əsasda fəaliyyət göstərir. Nə iqtisadi potensial, nə hərbi güc, nə əhali, nə ərazi ikitərəfli münasibətlərdə rol oynaya bilməz. Əgər belə olsa, onda BMT gərək öz fəaliyyətini dayandırsın. Bütün ölkələr bərabər hüquqlara malikdirlər və bütün ölkələr bərabərhüquqlu münasibətlər qururlar, qurmalıdırlar. Hər halda Azərbaycan o ölkələrdəndir ki, ancaq bu yanaşmanı qəbul edir.
Əlbəttə ki, əgər bizim maraqlarımız kənara qoyulursa, əgər torpaqlarımızın işğalına göz yumulursa və işğalçı dövləti çətin, ağır iqtisadi vəziyyətdən çıxarmaq üçün min bir səy göstərilirsə, Azərbaycan ictimaiyyəti bunu necə qəbul edə bilər?! Nə üçün işğalçı ölkəyə təzyiqlər göstərilmir?! Nə üçün Azərbaycan bugünkü danışıqlarda demək olar ki, ən böyük konstruktivlik nümayiş etdirir, Ermənistan danışıqları pozur?! Ermənistanı bu ağır vəziyyətdən çıxarmaq cəhdlərini biz görürük. Nə üçün məhz Türkiyə-Ermənistan sərhədləri açılsın və Ermənistana elə bil ki, nəfəs gəlsin?!
Birincisi, Türkiyə-Ermənistan sərhədlərinin açılması Türkiyə və Ermənistanın işidir. Buna heç kim qarışmamalıdır. Nə biz qarışmalıyıq, nə də ki, başqaları. Baxmayaraq ki, ölkələrin bəziləri hesab edir ki, hər işə qarışmalıdır. Bu, iki ölkə arasında olan münasibətlərdir. Qoy bu iki ölkə münasibətləri həll etsin. Əlbəttə ki, bu ölkələr münasibətləri həll edəndə regionda gedən prosesləri nəzərə alacaqlar, tarixi nəzərə alacaqlar, tarixi münasibətləri nəzərə alacaqlar. Heç şeydən xəbəri olmayan, bölgədə gedən proseslərdən xəbəri olmayan tərəflər təzyiqlə, şantajla, qara yaxmaqla nəyə nail olmaq istəyirlər?! Biz bunu belə qəbul edirik. Bu açıq şəkildə Azərbaycanın maraqlarına zidd olan bir siyasətdir. Azərbaycan dövləti öz siyasətində adekvat addımlar atır və atacaqdır.
O ki qaldı danışıqlar prosesinə, bir daha demək istəyirəm, biz hələ ümid edirik ki, Ermənistan tərəfi təklif edilən varianta müsbət cavab verəcəkdir. Əgər belə olarsa, biz sülh danışıqlarını daha fəal şəkildə aparacağıq və danışıqlarda yeni mərhələ, yəni müsbət mərhələ açıla bilər.
* * *
Sonra çıxışlar oldu.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında