Mayın 25-də Bakıda birinci Avropa Oyunlarının Atletlər və Media kəndlərinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva açılışlarda iştirak ediblər.
Dövlətimizin başçısı və xanımı əvvəlcə Atletlər kəndində oldular.
Gənclər və idman naziri, birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov dövlətimizin başçısına və xanımına görülmüş işlərlə bağlı məlumat verdi.
Qeyd edildi ki, birinci Avropa Oyunlarının keçirilməsi zamanı istifadə olunacaq Atletlər kəndi 383 min kvadratmetr sahəni əhatə edir. Atletlər kəndi Oyunların keçiriləcəyi əsas idman komplekslərinə – Bakı Olimpiya Stadionuna, Milli Gimnastika Arenasına və Heydər Əliyev Beynəlxalq Aeroportuna yaxın olmaqla yanaşı, şəhərin müxtəlif istiqamətlərinə gediş-gəlişin rahat və sərfəli olduğu bir ərazidə yerləşir.
Azərbaycan Prezidenti İlham Əliyev Atletlər kəndinin rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva atletlərin qalacağı binalarda yaradılan şəraitlə tanış oldular. On üç yaşayış binasından, yardımçı binalardan ibarət kompleksdə iki, üç və dördotaqlı 1042 mənzil var. Hər mənzil isə 2, 4 və 6 yataq otağından ibarətdir. Burada ümumilikdə 7499 atlet və rəsmi şəxs yerləşə biləcək. Atletlər kəndində idmançılar və komanda rəsmiləri üçün təhlükəsiz, rahat yaşayış şəraiti yaradılıb. Hər binanın birinci mərtəbəsində ümumi istirahət yerləri var. Burada pulsuz internetə çıxış imkanı olacaq.
Oyunlar müddətində atletləri və qonaqları idman arenalarına vaxtında çatdırmaq üçün inşa edilən böyük avtobus dayanacağında da hər cür şərait yaradılıb.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Atletlər kəndindəki yeməkxana ilə də tanış oldular. Bildirildi ki, burada idmançılara əsasən dünya mətbəxi təqdim ediləcək. Yeməkxanada eyni vaxtda 2015 atletə yüksək səviyyədə xidmət göstəriləcək.
Dövlətimizin başçısı Atletlər kəndinin kommersiya mərkəzi ilə də tanış oldu. Burada gözəllik salonu, poçt, turizm ofisi və valyuta mübadiləsi məntəqəsi fəaliyyət göstərəcək. Oyunların keçirildiyi günlərdə buradakı supermarketdə “Bakı-2015” birinci Avropa Oyunlarının rəmzlərinin əks olunduğu məhsullar satışa çıxarılacaq. Kommersiya mərkəzindən müxtəlif stadionlarda və idman qurğularında Oyunları izləmək üçün bilet almaq da mümkün olacaq. Bunun üçün ayrıca bilet satışı məntəqəsi fəaliyyət göstərəcək.
Qeyd olundu ki, bu mötəbər idman yarışını izləmək üçün artıq 200 minə yaxın bilet satılıb. Bu proses hazırda davam edir. Müşahidələr göstərir ki, Oyunlara maraq həddən artıq böyükdür.
Atletlər kəndinin mədəniyyət və turizm mərkəzində isə sərgi təşkil olunacaq. Burada ölkəmizin müxtəlif dövrlərə aid sənətkarlıq nümunələri, o cümlədən xalça, geyim və məişət əşyalarının nümayişi və satışı təşkil ediləcək.
Sonra Prezident İlham Əliyev və birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva “Best of Azerbaijan” adlanan yeməkxana ilə tanış oldular. Burada yalnız ölkəmizin zəngin mətbəxinə aid təamlar təklif olunacaq və bu xidmətdən eyni vaxtda 450 idmançı istifadə edəcək.
Atletlər kəndində əsas diqqət yetirilən məsələlərdən biri də yarışlar zamanı idmançılara və məşqçilərə, qonaqlara, ümumiyyətlə, ehtiyacı olan hər kəsə yüksək tibbi xidmət göstərməkdir. Bu məqsədlə də burada xüsusi poliklinika fəaliyyət göstərəcək. Binada müxtəlif təyinatlı otaqlar, o cümlədən qeydiyyat, müalicə, stomatoloji, oftalmoloji, laboratoriya, rentgen, fizioterapiya və s. xidmət sahələri var. Poliklinika ən zəruri avadanlıqla təchiz olunub. Bu səhiyyə mərkəzi hər gün səhər saat 8-dən axşam saat 20-dək fəaliyyət göstərəcək və günün 24 saatı təcili yardım xidməti olacaq. Dopinq nəzarəti mərkəzi də poliklinika ilə yanaşı yerləşir.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Media kəndinin açılışında iştirak etdilər.
Azərbaycan Prezidenti Media kəndinin rəmzi açılışını bildirən lenti kəsdi.
Birinci Avropa Oyunlarını işıqlandırmaq məqsədilə ölkəmizə gələn jurnalistlər Media kəndində yerləşdiriləcək. Burada media nümayəndələrinə səmərəli işləmək və istirahət etmək üçün hər cür şərait yaradılıb. Akkreditasiya mərkəzi ilə tanışlıq zamanı bildirildi ki, ilk Avropa Oyunlarını işıqlandırmaq məqsədilə 900-ə yaxın xarici media təmsilçisi qeydiyyatdan keçib. Burada da mədəniyyət və turizm mərkəzi yaradılıb. Mərkəzdə jurnalistlər üçün Azərbaycan haqqında müxtəlif məlumatların əks olunduğu bukletlər və kitablar sərgilənir. Burada yaradılan şərait təsdiq edir ki, Azərbaycanda birinci Avropa Oyunlarına ən yüksək səviyyədə və bütün parametrlərə uyğun hazırlıq gedir. Xarici media təmsilçilərinə yaradılan şərait jurnalistlərə Oyunları operativ şəkildə bütün dünyaya çatdırmağa imkan verəcək. Onları Media kəndindən idman arenalarına pulsuz xüsusi avtobuslar aparıb-gətirəcək.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva jurnalistlərin qalacağı mənzillərlə də tanış oldular. Media kəndindəki 4 binada ümumilikdə 536 mənzil var. Media kəndində jurnalistlər üçün ayrıca yeməkxana nəzərdə tutulub. Burada onlara dünya mətbəxindən müxtəlif təamlar təklif olunacaq. Yeməkxanada eyni vaxtda 500 nəfər qidalana biləcək.
Həm Atletlər, həm də Media kəndlərində yaradılan şərait dünyada idman ölkəsi kimi tanınan, Olimpiya hərəkatına dəstəyi dövlət siyasətinin əsas istiqamətlərindən biri seçən Azərbaycanda bu cür infrastruktur layihələrinin icrası həm də ölkəmizin uğurlu inkişafının göstəricisidir. Burada görülən hazırlıq işləri bu mötəbər beynəlxalq idman tədbirinin yüksək səviyyədə keçiriləcəyinə bir daha əminlik yaradır. Oyunlar zamanı paytaxtımıza 10 minədək idmançının, məşqçinin, rəsmi şəxsin, jurnalistin gələcəyi gözlənilir. Yarış günlərində Avropanın, eləcə də dünyanın aparıcı telekanalları Bakıdan xəbərlər yayacaq, paytaxtımız növbəti dəfə dünya idmanının mərkəzinə çevriləcək. Birinci Avropa Oyunlarının keçirilməsində qazanacağımız təcrübə gələcəkdə digər mühüm yarışlara ev sahibliyi etməyimizə geniş imkan yaradacaq.
* * *
Sonda xatirə şəkli çəkdirildi.
AZƏRTAC
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.