Ordubadda Biləv Su Elektrik Stansiyasının açılışı
Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində oktyabrın 5-də Ordubad rayonundakı Biləv Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı əvvəlcə tənzimləyici bəndə və su anbarına baxdı.
Məlumat verildi ki, stansiyanın inşasına 2009-cu ilin martında başlanılmışdır. İnşaat işlərinin yüksək keyfiyyətlə və qısa müddətdə yerinə yetirilməsi üçün maksimum səy göstərilmişdir.
Stansiya ilin bütün fəsillərində bol suyu olan Gilançaydan qidalanır. Su əvvəlcə tənzimləyici bəndə yığılır. Burada suyun toplanması üçün sahəsi 5,15 hektar olan süni göl yaradılmışdır. Göldəki bəndlərin eni 159 metrdir, hündürlüyü isə 7,3 metrlə 9,5 metr arasında dəyişir. Gölün su tutumu 250 min kubmetrdir. Buradan su açıq və qapalı kanallarla sutəmizləyici anbara ötürülür. Üçsıralı anbar 8200 kubmetr su tutur. Burada su bərk cisimlərdən təmizlənir və anbara ötürülür. Anbarın su tutumu 34 min kubmetrdir.
Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, bu anbardan su poladdan hazırlanan təzyiq borusu ilə stansiyaya verilir. Suyun təzyiqi 24 atmosferə bərabərdir. Burada hər birinin diametri 2,4 metr olan 2 sifon quraşdırılmışdır. Bu sifonlardakı suyun təzyiqi 3,2 və 6,4 atmosfer təşkil edir.
Sonra Prezident İlham Əliyev stansiya binasının olduğu əraziyə gəldi. Muxtar respublika ictimaiyyətinin nümayəndələri, energetiklər və inşaatçılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev stansiyanın maketinə və şəkillərinə baxdı. Diqqətə çatdırıldı ki, stansiya binası bütün zəruri avadanlıqla təchiz edilmişdir. Burada Avstriya şirkətinin hazırladığı iki turbin və iki generator quraşdırılmışdır. Stansiyanın nominal gücü 20 meqavat, maksimal gücü isə 22 meqavatdır. Stansiyada istehsal edilən enerji yarımstansiyaya ötürülür. Gərginliyi 110/35/10 kilovolt olan yarımstansiyada hər birinin gücü 25 meqavolt\amper olan iki transformator quraşdırılmışdır. Burada şəbəkəyə iki qoşulma xətti vardır. Onların hər birinin uzunluğu 8,5 kilometr, gərginliyi isə 110 kilovoltdur. Biləv Su Elektrik Stansiyasında nəzərdə tutulan orta illik enerji istehsalı 80 milyon kilovat\saatdır. Stansiyanın həyətində də geniş abadlıq işləri görülmüş, yaşıllıq zolağı salınmışdır. Ərazidə əsaslı bəndbərkitmə işləri də aparılmışdır. Stansiyanın tikinti işləri zamanı Biləv kəndinə gedən 20 kilometrlik yol da əsaslı şəkildə yenidən qurulmuşdur.
Dövlətimizin başçısı stansiyanı işə saldı.
Stansiyanın açılışı münasibətilə keçirilən mərasimdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov çıxış etdi.{nl}
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun çıxışı
- Möhtərəm cənab Prezident!
Bu gün Azərbaycan özünün intibah dövrünü yaşayır. Bu intibahın əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Sizin rəhbərliyinizlə uğurla davam və inkişaf etdirilir. Azərbaycan iqtisadi sahədə keçid dövrünü başa vuraraq lider dövlətə çevrilmişdir. Siz Azərbaycanın inkişafının bölgələrin inkişafı ilə sıx bağlı olduğunu bildirərək, tövsiyə etmişdiniz ki, Azərbaycanın hər bir bölgəsi inkişaf etsin, hər bir rayon mərkəzi müasir standartlara cavab versin, bütün kəndlərdə abadlıq işləri aparılsın, yollar salınsın, elektrik enerjisi ilə təminat yaxşılaşsın, bir sözlə, insanların gündəlik həyatında müsbət dəyişikliklər baş versin.
Bu tövsiyəniz, ondan irəli gələn vəzifələr ölkəmizin bütün regionlarında olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da ardıcıl şəkildə həyata keçirilir. Aydındır ki, hər bir inkişafın kökündə iqtisadi inkişaf dayanır. Son 5 ildə muxtar respublikanın iqtisadi inkişafı 4 dəfə artmışdır. Sənayenin, kənd təsərrüfatının və sosial sahələrin inkişafında əsaslı dönüşə nail olunmuşdur. Son dövrlərdə yaradılan sənaye və emal sahələri Sovetlər Birliyinin mövcud olduğu illər ərzində istifadəyə verilən müəssisələrin sayını 8 dəfə üstələmişdir. Bunun sayəsində yeni iş yerləri açılmış, əhalinin məşğulluğu təmin olunmuşdur. 2003-cü ildən bu günədək Naxçıvan Muxtar Respublikasında 44 min 647 yeni iş yeri açılmışdır ki, bunun da 29 min 393-ü və yaxud 66 faizi daimi iş yerləridir. Yeni iş yerlərinin açılması, iqtisadiyyatın ümumi strukturuna uyğun olaraq və daxili bazarın qorunması tələbləri nəzərə alınaraq yeni istehsal və emal sahələrinin yaradılması sahibkarlığın inkişafı üçün əlverişli şəraitin formalaşdırılması hesabına mümkün olmuş, ümumi daxili məhsul istehsalında özəl sektorun xüsusi çəkisi 86 faiz təşkil etmişdir.
Bu illərdə sosial sahələrin inkişafı da diqqət mərkəzində saxlanmışdır. Sizin tapşırığınızla əhalinin sağlamlığının qorunması məsələlərinə xüsusi diqqət yetirilmişdir. Bu gün muxtar respublikanın hər bir rayonunda ən müasir tələblərə cavab verən mərkəzi xəstəxana binalarının tikintisi proqramı uğurla icra olunmaqdadır. Belə ki, 5 mərkəzi xəstəxana binası tikilmiş, 1 mərkəzi xəstəxananın inşası isə davam etdirilir. Naxçıvan şəhərində ətraf bölgələrdə analoqu olmayan diaqnostika-müalicə və doğum mərkəzləri istifadəyə verilmiş, bundan başqa 42 xəstəxana, 51 həkim ambulatoriyası, 56 feldşer-mama, 17 tibb məntəqəsi tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuşdur.
Təhsilin inkişafı üçün dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin ildən-ilə artırılması, müəllimlərin əmək haqlarında, tələbə və peşə-ixtisas təhsili müəssisələri şagirdlərinin təqaüdlərində özünü göstərən dinamik artım, məktəblərin pulsuz dərslik və latın qrafikalı yeni nəşrlərlə təmin edilməsi ölkə rəhbərinin bu vacib sahəyə diqqət və qayğısının bariz ifadəsidir. Son 10 ildə Naxçıvan Muxtar Respublikasında 68 min 374 şagird yeri olan 168 ümumtəhsil məktəbi binası, 1398 yerlik 14 uşaq bağçası, 18 musiqi məktəbi, 9 məktəbdənkənar tədris müəssisəsi tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir.
İstifadəyə verilmiş bütün təhsil müəssisələrində müəllim və şagirdlər üçün nümunəvi şərait yaradılmış, fənn kabinələri, laboratoriyalar, açıq və örtülü idman qurğuları, zallar müasir dünya standartları nəzərə alınaraq hazırlanmış, ən yeni informasiya və kommunikasiya texnologiyaları tətbiq olunmuşdur. Bu günədək muxtar respublikanın ümumtəhsil məktəblərinə 2781 kompyuter verilmişdir. Bu kompyuterlərin 2190-ı və ya 79 faizi internetə qoşulmuşdur. Bundan başqa, 220 məktəbdən 200-ü elektron lövhələrlə təmin olunmuşdur.
Hər bir ölkənin inkişafı onun enerji və ərzaq təhlükəsizliyi ilə sıx bağlıdır. Azərbaycanda bu sahədə həyata keçirilən tədbirlər, əldə olunan nəticələr muxtar respublikada da özünü göstərməkdədir. Hazırda muxtar respublikada əhalinin 89 növdə ərzaq, 153 növdə qeyri-ərzaq olmaqla 242 növdə məhsula olan tələbatı tamamilə yerli istehsal hesabına ödənilir. Bunlar kənd təsərrüfatının texniki təminatı ilə bağlıdır. 2005-ci ildən ötən müddətdə 540 yeni texnika, 21 min tondan çox mineral gübrə gətirilərək torpaq mülkiyyətçilərinin istifadəsinə verilmişdir.
Ərzaq təhlükəsizliyi ilə yanaşı, enerji təhlükəsizliyi də xüsusi diqqət yetirilən sahələrdəndir. Vaxt var idi ki, Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi sutka ərzində 10-12 saat verilir, böyük fasilələr yaranırdı, qonşu ölkələrdən enerji alırdıq. Sizin himayənizlə 2005-ci ildə Naxçıvan Muxtar Respublikasına təbii qaz kəmərinin çəkilməsindən sonra enerji təsərrüfatının gücləndirilməsi sahəsində təsirli tədbirlər görülmüş, modul və qaz-turbin elektrik stansiyaları, Heydər Əliyev Su Anbarı üzərində elektrik stansiyası tikilib istifadəyə verilmişdir. Bundan başqa, Biləv Su Elektrik Stansiyasının tikintisi başa çatdırılmışdır. Bu sahədə həyata keçirilən tədbirlər imkan yaratmışdır ki, Naxçıvan Muxtar Respublikası özünü 4 dəfə elektrik enerjisi ilə təmin edə bilsin. Bu gün Naxçıvan Muxtar Respublikası elektrik enerjisi alan regiondan elektrik enerjisi ixrac edən regiona çevrilmişdir. Hazırda Türkiyə Respublikasına əvvəlki illərdə alınan elektrik enerjisinin əvəzinə gündə 16 meqavat elektrik enerjisi verilir.
Möhtərəm Prezident!
2004-cü ildən bəri Siz 8 dəfə Naxçıvan Muxtar Respublikasına səfər etmiş, himayənizlə tikilmiş 50-dən çox təhsil, səhiyyə, idman və mədəniyyət müəssisələri, istehsal sahəsi və hərbi təyinatlı obyektlərin açılışını etmisiniz. Muxtar respublikaya hazırkı səfəriniz çərçivəsində Kəngərli rayonunda ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin, Naxçıvan şəhərində travertin zavodunun, məhdud fiziki imkanlılar üçün regional informasiya mərkəzinin, Naxçıvan şəhərinin içməli su təchizatının, Ordubad rayonunda Biləv Su Elektrik Stansiyasının, 87 kilometrlik Naxçıvan-Sədərək magistral yolunun ikinci hissəsinin, Şərur rayonundakı Yengicə və Maxta kənd orta məktəblərinin, Sədərək rayonunda mərkəzi xəstəxananın, orta məktəbin yeni tikilmiş binalarının və Heydərabad qəsəbəsinin yenidənqurmadan sonra açılışı həyata keçirilməkdədir.
Bütün bunlara görə Sizə öz minnətdarlığımızı bildirir, ulu öndərimizin yolunun davam etdirilməsində, məhsuldar dövlətçilik fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı arzulayırıq.
* * *
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış etdi.
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.