Azərbaycan Prezidenti İlham Əliyev Böyükşor bulvarının və parkının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 22-də Böyükşor gölünün bərpası layihəsinin birinci mərhələsi çərçivəsində görülmüş işlərlə tanış olublar.

Dövlətimizin başçısı və xanımı göl sahilində salınmış Böyükşor bulvarının və parkının açılışında iştirak ediblər.

Azərbaycan Prezidenti və xanımı əvvəlcə Böyükşor gölünün bərpasının ilkin mərhələsi çərçivəsində görülmüş işlərə dair stendə baxdılar.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Böyükşor gölünün bərpasının birinci mərhələsi çərçivəsində görülən işlər barədə dövlətimizin başçısına ətraflı məlumat verdi.

Sonra Prezident İlham Əliyev Böyükşor bulvarının və parkının rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva elektromobil və avtobusla Böyükşor bulvarının və parkının ərazisini gəzdilər.

Bu layihə Prezident İlham Əliyevin 2014-cü il 17 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na və “Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında” 2013-cü il 26 dekabr tarixli fərmanına uyğun olaraq həyata keçirilir.

Layihə ilk növbədə, böyük sosial əhəmiyyəti ilə diqqət çəkir. Vaxtilə sürətlə inkişaf edən paytaxtın tələblərinə uyğun gəlməyən, ekoloji tarazlığı pozan bu ərazidə çox qısa zamanda bu cür nəhəng infrastruktur layihəsinin reallaşdırılması Prezident İlham Əliyevin yürütdüyü sosial siyasətin uğurlarının əyani təsdiqidir. Birinci Avropa Oyunlarına daxil olan tədbirlərin böyük əksəriyyətinin Böyükşor gölünün şərq sahilində yerləşən Bakı Olimpiya Stadionunda və digər infrastruktur komplekslərində keçirilməsi isə bu layihənin əhəmiyyətini daha da artırır. Layihənin birinci mərhələsi çərçivəsində həyata keçirilən tikinti işləri zamanı gölün şərq və cənub sahilində bulvar və park salınıb. Ümumi abadlıq işlərinin sahəsi 15 hektardan çoxdur. Bu ərazidə neftlə çirklənmiş torpaqlar təmizlənib. Həmçinin çirklənmiş yeraltı suların gölə daxil olmasının qarşısı tamamilə alınıb və drenaj sistemi qurulub.

Bildirildi ki, sahilboyu gəzinti zolağının uzunluğu 2,5 kilometr, bulvar sahəsinin ümumi eni isə 94 metrdir. Burada idman və uşaq oyun meydançaları qurulub, ayrıca qaçış və velosiped zolaqları salınıb, minlərlə ağac və bəzək kolu əkilib. Gölün içində quraşdırılmış fəvvarələr kompleksi şəhərimizin qonaqlarının zövqünü oxşamaqla yanaşı, həm də gölün suyunun keyfiyyətinin yaxşılaşdırılması üçün onu oksigenlə zənginləşdirir. Gölün idarə edilməsi, su keyfiyyətinin yaxşılaşdırılması və monitorinqi üçün günəş enerjisi ilə qidalanan xüsusi qurğulardan istifadə edilir.

Bakı Olimpiya Stadionuna yaxın olan Böyükşor gölünün sahilində həyata keçirilən abadlıq-quruculuq tədbirləri şəhərimizin daha da gözəlləşməsinə, insanların rahatlığına xidmət edəcək və paytaxtımızın sakinlərində və qonaqlarında xoş təəssüratlar, dərin məmnunluq hissi yaradacaq. Bir vaxtlar burada mövcud olan ekoloji fəlakətin aradan qaldırılması indi bu ərazini geniş yaşıllıq zolaqlarının, təbii landşaftın olduğu məkana çevirib. Burada iaşə və əyləncə məkanlarının yaradılması isə onun paytaxtın arxitekturasına xüsusi yaraşıq verəcəyini bir daha təsdiqləyir.

Qeyd edildi ki, beynəlxalq ekspertlərin qiymətləndirmələrinə əsasən, Böyükşor gölü dünyada ən çox çirklənmiş sututarlardan hesab olunurdu. Qısa müddətdə görülmüş işlər nəticəsində gölün ekoloji göstəricilərinin dinamikası müsbətə doğru əhəmiyyətli dərəcədə dəyişib. Uzun illər Böyükşor gölünə axıdılan sənaye və məişət tullantı sularının və neft qalıqlarının qarşısı artıq böyük həcmdə alınıb. Belə ki, layihənin icrasına başlamazdan əvvəl gölə 76 mənbədən sənaye və məişət tullantı suları axıdılırdı. Layihə ərazisində bu mənbələr tamamilə ləğv edilib, qalan sahədə isə 20-yə endirilib və bu göstərici azalmaqdadır.

Gölün dibinin təmizlənmiş ərazilərində neftlə çirklənmənin səviyyəsi 121 min mq/kiloqramdan 86-ya enib ki, bu da gölün dibinin artıq ekoloji normalar çərçivəsində olması deməkdir. Layihə ərazisinin cənub sahili boyunca kanalizasiya xətti çəkilib və bu hissədə çirklənmə mənbələrinin qarşısı tamamilə alınıb. Gölə axıdılan bütün mənbələrin qarşısının alınması suyun keyfiyyətini yaxşılaşdırır. Neftlə çirklənmiş əsas ərazi layihə ərazisinin Balaxanı qəsəbəsi tərəfindədir. Gölün şimal hissəsi sovet dövründə, əsasən də İkinci dünya müharibəsi zamanı xam neft üçün açıq anbar ərazisi kimi istifadə edilib və bu, gölü həddən artıq çirkləndirib. Qədim Balaxanı neft yataqlarından gölün bu hissəsini çirkləndirən neft tullantılarının qarşısının alınması üçün 1850 metr uzunluğunda xüsusi bənd inşa edilib. Bu bənd Balaxanı qəsəbəsi tərəfdən gölün tarixi məcrasının sərhədləri boyunca tikilib. Eyni zamanda, yüz ildən artıq müddətdə göl dibinə yığılmış çirkli çöküntülərin çıxarılması və zərərsizləşdirilməsi işləri görülür.

Layihənin ilkin mərhələsində gölün dibindən 2,8 milyon kubmetr həcmində çöküntü çıxarılaraq gələcəkdə zərərsizləşdirilməsi üçün müvəqqəti təcrid edilmiş anbar ərazisinə toplanıb. Gələcəkdə dib çöküntülərinin zərərsizləşdirilməsi üçün 100 hektar ərazidə müvəqqəti saxlanc anbarı inşa edilib. Gölün mühafizə zonası da daxil olmaqla, ciddi mühafizə işi təşkil edilib, göl və sahil xətlərinin məişət və tikinti tullantıları ilə çirklənməsinin qarşısı tamamilə alınıb. Bundan əlavə, burada su səviyyəsinin tənzimləyən üç su keçid hidrotexniki qurğusu inşa edilib. Suyun səviyyəsinin və keyfiyyətinin idarə edilməsi üçün avtomatlaşdırılmış nəzarət-monitorinq sistemi quraşdırılıb.

Gölün Bakı Olimpiya Stadionu tərəfində ümumi uzunluğu 7200 metr olan 2 neft, 2 qaz və 2 su borusu yeraltı dəhlizə köçürülüb. Gölün mühafizə zonasında 11 mühafizə məntəqəsi quraşdırılıb və bərk tullantıların atılmasının və əraziyə kənar müdaxilələrin qarşısı tam alınıb. Birinci mərhələnin icrası və layihə ərazisinin təcrid edilməsi məqsədilə burada 1570 metr uzunluğunda bənd çəkilərək Böyükşor gölü iki hissəyə ayrılıb. Gölün digər tərəfinin təmizlənməsi işləri layihənin növbəti mərhələsində həyata keçiriləcək. Bu bənd gələcəkdə Ziya Bünyadov prospekti ilə Balaxanı şosesini birləşdirəcək 8 zolaqlı magistral yolun özülü olacaq. Buradan da görünür ki, Böyükşor gölünün 300 hektara yaxın hissəsində icra olunan birinci mərhələ üzrə işlər uğurla həyata keçirilib.

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən gölün tam bərpasını nəzərdə tutan növbəti mərhələdə göl öz təbii tarixi məcrasına qaytarılacaq, su səviyyəsi tənzimlənəcək və ekosistem bərpa olunacaq.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında