Xəbər verdiyimiz kimi, mayın 19-da paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Mayın 20-də səhər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hadisə yerində olub.
Dövlətimizin başçısı binaya baxış zamanı hadisənin səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi, hadisə vaxtı zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə yardımların göstərilməsi və digər məsələlərlə əlaqədar Dövlət Komissiyasının üzvlərinə yerindəcə tapşırıqlarını verdi.
Daha sonra baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının Azərbaycan Prezidentinin rəhbərliyi ilə ilk iclası keçirilib.
İclasda çıxış edən Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:
- Dünən Binəqədi rayonunun ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində 15 nəfər həlak olmuş, onlarla insan yaralanmışdır.
Həlak olanların ailələrinə, onların yaxınlarına, qohumlarına bir daha başsağlığı verirəm. Təklif edirəm ki, həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilsin (hadisə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu).
Allah rəhmət eləsin.
Mənə verilən məlumata görə, hazırda xəstəxanalarda 20-yə yaxın insan var. Onların müalicəsi təmin edilir. Səhiyyə Nazirliyi hər şeyi edir ki, onlar tezliklə sağalıb evə qayıtsınlar.
Qeyd etməliyəm ki, hadisə zamanı bizim bütün dövlət qurumlarımız çox böyük fədakarlıq göstərmişlər. Səhiyyə işçiləri, təcili tibbi yardım işçiləri, xilasedicilər, polis əməkdaşları böyük peşəkarlıq və fədakarlıq, qəhrəmanlıq göstərmişlər. Onlarla insan binadan təxliyyə edildi, xilas olundu. Bu xilasetmə əməliyyatlarında iştirak etmiş bütün insanlara dərin minnətdarlığımı bildirmək istəyirəm.
Hadisə ilə bağlı dünən mənim sərəncamımla Dövlət Komissiyası yaradılmışdır. Bu gün biz Komissiyanın birinci iclasını keçiririk. Komissiyanın birinci iclasına şəxsən mən özüm rəhbərlik edirəm.
Komissiya bütün məsələləri araşdırıb rəy verməlidir. İlk növbədə, yanğının nəticələri araşdırılmalıdır. Hüquq-mühafizə orqanlarına göstəriş verilmişdir. Onlar bu işlərlə məşğuldurlar. Dünən cinayət işi açılmışdır. Cinayət törətmiş insanlar məsuliyyətə cəlb olunmalıdırlar.
Hazırda komissiya işləyir. Əsas məsələ ondan ibarətdir ki, zərərçəkmiş insanlara qayğı, diqqət göstərilsin. Onlar indi müvəqqəti olaraq mənzil şəraiti ilə təmin edilirlər. Göstəriş verilmişdir ki, onların müvəqqəti məskunlaşması ilə bağlı bütün müvafiq tədbirlər görülsün. Onlara maddi kömək də göstərilibdir ki, bina təmir olunanadək onlar müvəqqəti olaraq kirayədə qalsınlar. Bu məsələlər öz həllini tapır.
Eyni zamanda, əlbəttə ki, yanğının səbəbləri ciddi şəkildə araşdırılmalıdır. Qeyd etdiyim kimi, hüquq-mühafizə orqanları artıq işə başlamışlar. Binanın təmiri ilə məşğul olan şirkətin rəhbərləri saxlanılıb və məsələ ciddi araşdırılmalıdır.
Bu, birinci hadisə deyil. Bundan bir qədər əvvəl Xətai rayonunda da oxşar hadisə baş vermişdir. Xoşbəxtlikdən orada heç kim həlak olmamışdır. Ancaq o məsələ də ciddi araşdırılmalıdır. Onu da qeyd etməliyəm ki, Xətai rayonundakı yaşayış binasında baş vermiş yanğının nəticəsi ilə bağlı araşdırmalar aparılır. Qeyd etməliyəm ki, o binanın təmiri ilə məşğul olan şirkət başqa şirkət idi.
Yəni, bu, onu göstərir ki, hər iki hadisədə binanın təmiri ilə məşğul olan şirkətlər böyük məsuliyyətsizlik göstərmişlər. İndi əlbəttə ki, hüquq-mühafizə orqanları bu məsələni araşdıracaq. Hələ ki, bir şey demək istəmirəm. Amma ilkin versiya ondan ibarətdir ki, təmirdə istifadə olunan üzlük materialları keyfiyyətsiz idi və odadavamlı materiallar deyildi. Mən Bakıda aparılan təmirlə bağlı dəfələrlə məsələ qaldırdım ki, ilk növbədə, təmir keyfiyyətlə aparılmalıdır və təhlükəli maddələrdən istifadə olunmamalıdır.
Müvafiq dövlət qurumlarının nümayəndələri məni də dəfələrlə inandırırdılar ki, istifadə olunan bütün materiallar keyfiyyətlidir və odadavamlıdır. Ancaq hadisə onu göstərir ki, bu, yalan məlumatdır. Bu məsələ də araşdırılmalıdır ki, bu binaların təmirində istifadə olunan materiallar harada istehsal edilib, və ya haradan idxal olunub! Onlara kim sertifikat verib? Hansı ekspertizadan keçib? Əgər ekspertizadan keçibsə, o rəyi kim verib? Əgər ekspertizadan keçməyibsə, deməli, bu binalar qanunsuz şəkildə təmir olunub. Yəni, bütün bu məsələlər ciddi şəkildə araşdırılmalıdır.
Dünən artıq müvafiq göstərişlər verilib. Mənə verilən məlumatlar hələ ki, məni qane etmir. Çünki görürəm ki, burada bəzi qurumlar bu məsuliyyəti bir-birinin üstünə atmaq istəyirlər. Ona görə hüquq-mühafizə orqanları, ilk növbədə, prokurorluq məsələni ciddi araşdırmalıdır və konkret nəticə hasil edilməlidir ki, günahkarlar kimlərdir.
Bir daha demək istəyirəm, ilkin versiya ondan ibarətdir ki, keyfiyyətsiz materiallardan istifadə olunub. Ancaq bu materiallardan artıq neçə ildir ki, Bakıda istifadə olunur və buna oxşar hadisələr baş verməyib. Mənə verilən bəzi məlumatlara görə, ilkin mərhələdə istifadə edilən materialların keyfiyyəti yüksək olub. Ancaq sonrakı mərhələdə artıq bu materialların tərkibində təhlükəli maddələr aşkar olunub. Əgər bu, belədirsə, onda bu barədə də rəsmi rəy bildirilməlidir və bu işlərdə, günahsız vətəndaşların ölümündə təqsiri olan bütün qurumlar, bütün insanlar cəzalandırılacaq. Cəza da çox ciddi olacaq. Çünki günahsız insanlar həlak olub. Onların heç bir günahı yox idi.
Bir daha demək istəyirəm ki, xilasedicilər, səhiyyə işçiləri, polis əməkdaşları çox fəal və qəhrəmancasına çalışmışlar. Əgər belə olmasa idi, qurbanların sayı daha da çox ola bilərdi. Ancaq, eyni zamanda, insanlar həlak olub və əlbəttə ki, bu, bütün xalqımızı sarsıdıb.
Onu da qeyd etməliyəm ki, hazırda Bakı şəhərində oxşar üzlük materialları ilə üzlənmiş binalar kifayət qədər çoxdur. Bəzi məlumatlara görə, 200-dən çoxdur. Artıq dünəndən, Bakı Şəhər İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə göstəriş vermişəm ki, buna oxşar materiallarla üzlənmiş bütün binalarda dərhal ekspertiza keçirilsin, o materialların tərkibi dəqiq öyrənilsin və əgər hər hansı bir təhlükə varsa, tezliklə bu üzlük materialları sökülsün və beləliklə, heç bir təhlükə olmasın.
Ancaq qeyd etməliyəm ki, bu işlər bundan əvvəl görülməli idi. Əgər bütün işlər düzgün şəkildə qurulsa idi, bu hadisə baş verməzdi. Bir daha demək istəyirəm ki, indi mənə müxtəlif məlumatlar gəlir və bəzi hallarda bu məlumatlar ziddiyyət təşkil edir. Ona görə burada aydınlıq olmalıdır. Azərbaycan vətəndaşları bilməlidirlər ki, günahkarlar kimlərdir və bu hadisəyə görə kimlər məsuliyyət daşıyacaq.
Bir daha qeyd etmək istəyirəm ki, hazırda birinci dərəcəli məsələ yanğına məruz qalmış evin sakinlərinin yerləşdirilməsidir. Onlara dövlət tərəfindən maddi yardım göstəriləcək. Dünən imzaladığım sərəncamda bu da nəzərdə tutulur. Nazirlər Kabinetinə göstəriş verilmişdir ki, onlara göstəriləcək maddi dəstəyin həcmi qısa müddət ərzində müəyyən edilsin.
Eyni zamanda, yanğına məruz qalmış bina dövlət hesabına tezliklə təmir edilməlidir. Bütün mənzillər dövlət hesabına təmir olunmalıdır. İnsanlara lazımi əşyalar veriləcək, mebel alınacaq. Yəni, bütün bunları dövlət öz üzərinə götürür. Bu, bir daha Azərbaycan dövlətinin öz vətəndaşlarına olan qayğısının təzahürüdür.
Bina tezliklə təmir olunmalıdır. Çünki insanlar binaya qayıtmalıdırlar. Əlbəttə ki, binanın yanğından sonra dayanıqlılığı müəyyən edilməlidir və bütün bu işlər maksimum qısa müddət ərzində görülməlidir.
Bir daha qeyd etməliyəm ki, bu, birinci hal deyil. Əslində birinci yanğın baş verəndən sonra bu tədbirlər görülməli idi. Mən müvafiq göstərişlər vermişdim. Çünki Xətai rayonundakı birinci bina da çox qısa bir müddət ərzində alovlanıb yanmışdı. Bu dəfə də oxşar hadisə baş vermişdir. Baxmayaraq ki, xilasedicilər, yanğınsöndürən maşınlar, təcili tibbi yardım briqadaları dərhal hadisə yerinə gəlmişlər, görüntülər var, ancaq bina çox qısa müddət ərzində yanmışdır.
Hər kəs nəticə çıxarmalıdır. Hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir. Bir daha qeyd etməliyəm ki, heç kim cəzasız qalmayacaq. Günahkar insanlar dövlət tərəfindən cəzalandırılacaq və ədalət bərpa ediləcəkdir.
* * *
Sonra Komissiyanın sədri Abid ŞƏRİFOV hadisə ilə bağlı məlumat verərək dedi:
- Cənab Prezident, dünən verdiyiniz tapşırığa uyğun olaraq komissiya hadisə yerində araşdırma aparıb. Sizin tapşırığınızla ilk növbədə, insanların yerləşdirilməsi ilə məşğul olduq. Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyəti ilə birlikdə dünən gün ərzində bu məsələni həll etdik. Hamı yerləşdirilib. Sizə məruzə edirəm ki, əlavə olaraq Sərhəd Qoşunlarından 10 üçotaqlı mənzil ehtiyatımız var. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Buzovnada 36 mənzilli pansionatı var, lazım gələrsə sakinləri orada da yerləşdirə bilərik.
Dünyasını dəyişən insanların dəfn məsələsi ilə əlaqədar Sizin tapşırığınıza uyğun olaraq şəhər icra hakimiyyəti tərəfindən yerlərdə qərargahlar yaradılıb, lazımi tədbirlər görülüb. Rəhmətə gedənlərin nəşi yaxınlarının və doğmalarının istədikləri məzarlıqlarda dəfn edilib. Bu məsələ bu gün öz həllini tapıb. Sizin tapşırığınıza uyğun olaraq bütün xərclər dövlət hesabına çəkilir.
Xəstəxanalarda müalicə alanlar Səhiyyə Nazirliyinin ciddi nəzarəti altındadır. Səhiyyə Nazirliyinin rəhbər işçilərindən müalicə ocaqlarında növbələr təşkil edilib ki, heç bir problem yaranmasın.
Komissiya iki gün ərzində binanın durumu ilə əlaqədar araşdırma aparacaq və dəqiq nəticələr barədə Sizə məruzə edəcəyik ki, gələcəkdə nə etmək olar.
Eyni zamanda, cənab Prezident, təklif edirik ki, yanğına qarşı tədbirlər çərçivəsində şəhərdə bu qəbildən olan binaların fasad işıqlandırılması dayandırılsın. Siz dediniz ki, şəhərdə 200-dən çox bu cür bina var. Biz Sizin tapşırığınıza uyğun olaraq dəqiqləşdirməliyik ki, bu binaların ən təhlükəliləri hansılardır. Təklif edirəm ki, Bakı Şəhər İcra Hakimiyyətinin, Fövqəladə Hallar, Daxili İşlər nazirliklərinin, “Azərişıq” Səhmdar Cəmiyyətinin və digər əlaqədar qurumların mütəxəssisləri ilə birlikdə evin sahiblərinin iştirakı ilə binalarda yoxlamalar aparaq. Əgər razılıq olarsa, binaların fasadlarının üzlüyünü Avropa Oyunlarına qədər sökməyə başlamayaq. Yəni, araşdırma aparaq, vəziyyəti öyrənək ki, nə etməliyik?!
Prezident İlham ƏLİYEV:
– Bunun Avropa Oyunlarına heç bir aidiyyəti yoxdur.
Abid ŞƏRİFOV: Mən işin həcminə görə deyirəm, cənab Prezident. Əlbəttə, Sizin razılığınız olduğu təqdirdə. Söhbət çoxmərtəbəli binaların fasad üzlüklərinin 20-25 gün ərzində sökülüb bərpa edilməsindən gedir. Əlbəttə, Siz necə desəniz o cür də edəcəyik.
Prezident İlham ƏLİYEV:
– Söküb bərpa etməmək də olar. Bilirsiniz, indi Avropa Oyunları, başqa tədbirlər bu faciə qarşısında heçə bərabərdir.
Abid ŞƏRİFOV: Bəli, heç nədir.
Prezident İlham ƏLİYEV:
– Heç nədir. Ona görə, ilk növbədə, bir daha demək istəyirəm, bütün buna oxşar materiallarla üzlənmiş binalardan dərhal nümunə götürülməlidir. Hər bir binadan. O materiallar təhlil edilməlidir, əgər orada təhlükə varsa, odadavamlı deyilsə, dərhal bütün binaların üzlükləri sökülməlidir. Dərhal! Bunu tez bir zamanda etmək olar. Bir həftə, maksimum iki həftə ərzində bütün binaların fasad üzlükləri sökülməlidir, Oyunlardan sonra təmir olunar. Əsas məsələ budur. Yəni, biz burada heç bir başqa amili nəzərə almamalıyıq.
Səhiyyə naziri Oqtay ŞİRƏLİYEV məlumat verərək dedi:
- Cənab Prezident, dünən 56 adama tibbi yardım göstərilib, onların bir qisminə yerlərdə təcili tibbi yardım göstərilib, 41 nəfər isə xəstəxanalarda yerləşdirilib. Onlardan 26 nəfərinə lazımi xidmət edilərək, axşam buraxılıb. Hazırda xəstəxanalarda 14 xəstə var. Onların vəziyyəti kafidir, yəni, aralarında çox ağır xəstə yoxdur. On dörd nəfər hadisə yerində dünyasını dəyişib. 68 yaşında bir qadın isə gecə xəstəxanada vəfat edib.
Prezident İlham ƏLİYEV:
– Bakı Şəhər İcra Hakimiyyəti, mən dünən göstəriş vermişəm, sakinlərin bütün problemləri həll edilməlidir, maddi təminat, yerləşmə, dəfn mərasimi-hər şey təşkil edilməlidir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala ABUTALIBOV məlumat verərək dedi: Sizin göstərişinizə əsasən orada olan zərərçəkmiş sakinlərlə bir-bir görüşdüm, hamısına yerlər göstərildi, avtobuslar da hazır idi. Təklif etdik ki, kim harada istəyirsə yerləşə bilər. Çoxu qohumlarının evinə köçmək istədi, biz etiraz etmədik. Amma dedik ki, kim harada yaşayacaqsa, bina əgər doğrudan da sağlam binadırsa və təmir olunacaqsa, təmir olunana qədər onlara kirayə haqqı veriləcək. İkincisi, onlara deyildi ki, burada mənzillərin hamısı yanıbsa onların hamısı dövlət tərəfindən təmir olunacaq, həm də mebellərlə təmin ediləcək. Onlar razılıqlarını bildirdilər.
Möhtərəm Prezident, hadisə zamanı 14 nəfər həlak olmuşdu. Axşam bir nəfər də dünyasını dəyişib - 15 nəfər. Qubaya, Sabirabada, Lökbatana aparılanlar da var. Bu işlərin hamısını dövlət tərəfindən həll etdik. Dəfn mərasimləri ilə bağlı bütün işlər dövlət tərəfindən görüldü.
Prezident İlham ƏLİYEV:
– Bir daha deyirəm ki, Nazirlər Kabineti həm həlak olanların ailələrinə, həm də yaralananlara veriləcək maddi köməyin həcmini tezliklə müəyyən etsin. Təklif versin ki, burada yubanma olmasın, bu işlər çox vaxt aparmasın. O vaxta qədər şəhər icra hakimiyyəti qalan bütün məsələləri öz üzərinə götürür.
Hacıbala ABUTALIBOV: Baş üstə.
Abid ŞƏRİFOV: Yəqin ki, ailənin tərkibindən, evin sahəsindən asılı olaraq ailəbaşına 30-35 min manat vermək təklif olunur.
Prezident İlham ƏLİYEV:
– Burada məsələ belə olmalıdır. Birincisi, həlak olanların ailələrinə maddi təminat verilməlidir. Bu, evin, mənzilin sahəsinə görə olmamalıdır. İkincisi, mənzillərin təmiri dövlət tərəfindən aparılmalıdır. Üçüncüsü, yaralananlara dövlət tərəfindən maddi təminat verilməlidir, onun məbləği müəyyən edilməlidir. Yanmış bütün mənzillərin ev əşyaları - mebeldən tutmuş qab-qacağa qədər dövlət tərəfindən yüksək səviyyədə təmin edilməlidir. Bütün siyahılar yəqin ki, var. Eyni zamanda, evlərdə insanların sənədləri də yanıb. O da bərpa edilməlidir. Yəni, Daxili İşlər Nazirliyi, “ASAN xidmət”, digər müvafiq qurumlar tezliklə bütün sənədləri bərpa etməlidirlər.
Abid ŞƏRİFOV: Sənədlərlə əlaqədar göstəriş verilib. Uşaqların təhsili, attestat almaları və s. ilə bağlı bu gün yerində araşdırma aparılıb ki, heç bir problem yaranmasın. Mən dediyim 30-35 min manat, sadəcə, yardımdır.
Prezident İlham ƏLİYEV: Siz təklif verin. Tezliklə mən müvafiq sərəncam imzalayacağam.
Fövqəladə hallar naziri Kəmaləddin HEYDƏROV məlumat verərək dedi:
- Cənab Prezident, dünən saat 10.57-də bizə məlumat daxil olmuşdur. Əməliyyat 16:27-də başa çatmışdır. Buraya həm 150 nəfərdən çox canlı qüvvə və həm də 40 texnika cəlb olunmuşdur. Binadan 27 nəfər təxliyyə edilmişdir. 37 nəfər xilas olunmuşdur. 14 cəsəd çıxarılmışdır. Təəssüflər olsun ki, bir nəfər də gecə xəstəxanada vəfat etmişdir.
Cənab Prezident, Xətai rayonunda baş vermiş hadisə zamanı mənə verdiyiniz tapşırıqdan sonra biz bu materialla üzlənmiş bütün binaları, - ona qədər də əlimizdə məlumatlar var idi, - araşdırmışıq. Bəzi yerlərdə, demək olar ki, şəhərin bir çox yerində vaxtın azlığını nəzərə alaraq, biz növbətçilik qurmuşuq. Gecə-gündüz- 24 saatlıq həm bizim Mülki Müdafiə Qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin, həm də Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşlarının və yanğınsöndürənlərin iştirakı ilə təxminən 150 binanı mühafizə etmişik. Siz rəva bilirsinizsə, biz növbətçiliyi,- bu qəbildən olan 263 bina var, - onların fasadlarının üzlüyü sökülməmişdən qabaq təmin edək və bütün yanğınsöndürən maşınları bir dəqiqəlik məsafələrdə yerləşdirək. Bu yolla biz Sizin tapşırığınızı qısa müddətdə icra edə bilərik.
Prezident İlham ƏLİYEV: Baş prokuror, məlumat verin. Nə iş görmüsünüz?
Baş prokuror Zakir QARALOV: Möhtərəm cənab Prezident, Sizin göstərişinizə əsasən dərhal istintaq-əməliyyat qrupu hadisə yerinə çıxıb. Baş vermiş bu ağır faciənin səbəblərinin araşdırılması üçün istintaq-əməliyyat qrupuna Milli Təhlükəsizlik, Fövqəladə Hallar, Daxili İşlər nazirliklərinin və Baş Prokurorluğun ixtisaslı mütəxəssisləri cəlb ediliblər.
Möhtərəm cənab Prezident, ilk növbədə müəyyən edilib ki, üzlükləri “Global Construction” şirkəti quraşdırır, istehsalı ilə isə “Global Stone” şirkəti məşğul olur. Bunun da sahibi və faktiki rəhbəri hazırda şübhəli şəxs qismində saxlanılmış Miryusif Mahmudov adlı şəxsdir. O, bu işlərə 2010-cu ildə başlayıb. Ona ilk uyğunluq sertifikatı 2010-cu ildə verilib. Sertifikatı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu verib. Bu sertifikatlar hər il yenidən verilib. Yəni, bunlar birillik olubdur. Bu sənədlər, eyni zamanda, Standartlaşdırma Komitəsinə və Səhiyyə Nazirliyinə təqdim olunub. Sənədləri məsul əməkdaşlar imzalayıblar. Araşdırılan sənədlərdə göstərilir ki, müxtəlif tədqiqatlar da aparılıb. Bilavasitə yazılıb ki, inşaat sektorunda bina və tikililərin üzlənməsində istifadə edilə bilər.
Prezident İlham ƏLİYEV: Bəs odadavamlılığını kim müəyyən edir?
Zakir QARALOV: Odadavamlılığını da sözsüz ki, bunlar müəyyən edir.
Prezident İlham ƏLİYEV: Yox, Səhiyyə Nazirliyi onu edə bilməz.
Kəmaləddin HEYDƏROV: Onu bizim Dövlət Yanğın Nəzarəti Xidmətinin laboratoriyası və yanğın nəzarəti bölməsi verib. Orada da bunun sənədləri var. Onların təklif etdikləri sertifikatlarda, bizim onlara verdiyimiz rəylərdə yazılıb ki, bunlar çətin yanan materiallardır. Bu zavod ilkin olaraq işə başlayarkən onlar materiallara xüsusi maddə qatırdılar və Rusiyadan, Türkiyədən bütün sertifikatlar da o tərkiblə gəlib. Amma sonradan istehsal zamanı materiallara bu maddə qatılmayıb.
Cənab Prezident, bütün bu işləri aparan sifarişçi təşkilatlara, icra hakimiyyətlərinə məktublarda dəfələrlə deyilib ki, bunlar ekspertizasız və heç bir müraciətsiz olub. Təəssüf ki, heç bir cavab alınmayıb. Bir dəfə deyil, dəfələrlə məktub göndərilib, konkret binalar göstərilib.
Zakir QARALOV: Yalan yazılsa da, burada konkret icazə verilir ki, üzlük materialı kimi istifadə olunsun. Müxtəlif yerlərə məktublar var.
Cənab Prezident, ümumiyyətlə, həmin şirkətlə icra hakimiyyəti arasında bu işlərin görülməsi ilə bağlı müqavilə bağlanmayıb.
Prezident İlham ƏLİYEV: Müqaviləsiz necə iş görülüb?
Zakir QARALOV: Müqaviləsiz 14 binanın üzlənməsi həyata keçirilib. Yəni, bu işlərə başlamazdan əvvəl hər bina üzrə layihələndirmə aparılmalıdır. Layihələndirmə Fövqəladə Hallar Nazirliyinə təqdim olunmalıdır. Layihələndirilməyə razılıq veriləndən sonra bu işlər davam etdirilməlidir. Eyni zamanda, burada ilkin baxışdan müəyyən edilib ki, yəni, təkcə bu materiallar istifadə olunmamalıdır. Bunların arasında, eyni zamanda, izolyasiya materialları da qoyulmalıdır. İzolyasiya materialları olmadığına görə də havanın tam işləməsi baş vermişdir.
Cənab Prezident, bu şirkət tərəfindən görülmüş işlər üzrə əlavə daha iki hadisə olub. Bir hadisə 2012-ci ilin dekabr ayında Sumqayıt şəhərində olub. Düzdür, orada tələfat olmayıb. Birinci siqnal o vaxt olub ki, bu materiallar keyfiyyətsizdir. İkinci hadisə 2015-ci il fevralın 27-də baş verib. Bu, Xəzər rayonunun Buzovna qəsəbəsində, Rasif Nərimanov küçəsi, 26 ünvanında olub. Orada da bu material yanıb. Yəni, Xətai rayonuna qədər bizdə artıq iki siqnal var idi ki, bu materiallar keyfiyyətsizdir və bunların istifadəsi tam yararsızdır.
Şirkətin rəhbərinin ifadəsinə görə, qatqı materialları Türkiyədən alınıb. Guya Hollandiyanın məhsulu olan bir şirkətin materiallarıdır. Biz dünən axtarış keçirdik. Şirkətin bütün sənədlərini götürmüşük və Ədliyyə Nazirliyinin Ekspertiza İnstitutunun, eyni zamanda, Elmlər Akademiyasının Kimya İnstitutunun da mütəxəssislərini cəlb etmişik ki, burada hansı kimyəvi materialların mövcudluğu araşdırılsın. İlkin əməliyyat məlumatlarına görə, hansısa məhlulu qatmırlar. Bütün hallarda ən başlısa məsuliyyətsizlik bu işlərin qeyri-rəsmi aparılmasıdır. Ona görə, biz indi icra hakimiyyətində də günahkar şəxsləri müəyyənləşdiririk, onların haqqında da tədbirlər görüləcək.
İstintaq-əməliyyat qrupu tərəfindən artıq 100-dən çox şahid dindirilib. Müxtəlif məhkəmə ekspertizası, həmçinin yanğın-texniki, təhlükəsizlik-texniki və fiziki-kimyəvi ekspertizalar təyin edilib. Bu rəyləri almaq üçün sözsüz ki, vaxt lazımdır. Ancaq eyni zamanda, Milli Təhlükəsizlik Nazirliyi ilə birlikdə binanın qəsdən, kiminsə tərəfindən yandırılması fərziyyələri də araşdırılır. Sizi tam əmin edirik ki, bütün günahkar şəxslərin qısa zamanda müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi təmin olunacaq.
Prezident İlham ƏLİYEV:
Əlbəttə, bütün versiyalar təhlil edilməlidir. Bir daha demək istəyirəm ki, istintaq təzə başlayır. İstintaqın nəticələri, əlbəttə, həm mənə, həm də ki, Azərbaycan ictimaiyyətinə təqdim ediləcək. Qarşıya bütün vəzifələr qoyulub, məsələ ciddi araşdırılacaq. Bir daha demək istəyirəm ki, ilk növbədə, hazırda xəstəxanalarda müalicə alan yaralı insanlara qayğı, diqqət göstərilir, göstərilməlidir. Qalan bütün məsələlər də öz həllini tapmalıdır. Bütün günahkar şəxslər məsuliyyətə cəlb ediləcək və onları çox ciddi cəza gözləyir. Belə hadisələrin gələcəkdə təkrarlanmaması üçün tələb edirəm ki, mənə konkret təkliflər paketi təqdim edilsin. Çünki görürəm ki, bu sahədə ciddi tənzimləmə sistemi yoxdur. Bu tənzimləmə məsələləri qanunvericilikdə, qaydalarda təsbit edilir, ancaq həyatda buna riayət olunmur. Binalar təmir edilir, müqavilə bağlanmır. Bu, ümumiyyətlə qəbuledilməzdir. Yaxud da sertifikat verilir ki, bir maddəyə orada hansısa qatqılar əlavə edilsin, odadavamlılıq artsın, ya da yüksək səviyyədə olsun. Amma ondan sonra, yəni, tikinti, istehsalat zamanı o qatqı əlavə edilmir və beləliklə, keyfiyyət itirilir. Ona görə, istifadə edilən bütün tikinti materiallarına hər bir mərhələdə ciddi nəzarət olunmalıdır. Bir dənə də olsun bina olmamalıdır ki, orada müqaviləsiz hansısa iş görülür, yaxud da bunun ekspertizası yoxdur. Əgər ekspertiza varsa və ekspertiza həqiqətə uyğun deyilsə, o zaman o ekspertiza rəyini verən insanlar da məsuliyyətə cəlb edilməlidir. Ona görə, burada hüquq-mühafizə orqanlarının çox geniş fəaliyyəti nəzərdə tutulur ki, biz bu məsələyə, bu hərc-mərcliyə birdəfəlik son qoyaq. Çünki bu, bizə yaraşmaz.
Azərbaycanda bu qədər işlər görülür, bu qədər abadlıq-quruculuq, təmir-bərpa işləri görülür. Bütün işlər ən yüksək keyfiyyətlə görülməlidir. Mənim birinci tələbim bundan ibarətdir- təhlükəsizlik və keyfiyyət. Ancaq həyatda biz onu görürük ki, bu qaydalar pozulur, qanunsuz evlər tikilir. İndi Bakıda, Azərbaycanda nə qədər qanunsuz evlər tikilir?! Mən soruşanda sanki heç kimin xəbəri yoxdur. Yerli icra başçılarının, şəhər icra başçılarının xəbəri yoxdur, heç kimin xəbəri yoxdur. Bu yaxınlarda istifadəyə verilən yeni idman obyektləri ilə tanış olarkən gördüm ki, vaxtılə ulu öndər Heydər Əliyevin şəxsi iştirakı ilə salınmış “Dostluq” parkının bir hissəsini yenə də zəbt edirlər. Mən təxminən 7-8 il bundan əvvəl oraya getmişdim. Görmüşdüm ki, orada “Dostluq” parkındakı ağacları qırırlar, villalar tikilir. Hacıbala Abutalıbova göstəriş verdim ki, gedin aydınlaşdırın, bütün tikilən binalar qanunsuzdur. Dedim ki, gedin dağıdın onları. Qoy, bu binaları tikənlərə dərs olsun. O gün gəlib, görürəm ki, yenə də düz “Dostluq” parkının yanında, yamacda villalar tikilir. Dedim öyrənin bunu kimlər tikir? Heç bir adam çıxmadı. Dedim ki, gedin bir villanı sökün, görək kim çıxacaq bunun arxasından. Heç kim çıxmadı. Dedim belədirsə, əgər heç kimə məxsus deyilsə, bunları söküb, dağıdın, başqalarına da dərs olsun. Gedirlər qanunsuz yollarla özəlləşdirirlər, zəbt edirlər, hasarlayırlar. Burada elə istinad divarları tikilib ki, bəlkə də o divarların inşasına bir neçə milyon manat sərf olunub.
Bu qədər özbaşınalıq olmaz. Mən dəfələrlə demişəm ki, qayda-qanun olmalıdır. İlk növbədə, bütün vəzifəli şəxslər nümunə göstərməlidirlər. Yerlər zəbt edilir, qanunsuz tikintilər aparılır. Ondan sonra gedib bunu qanunsuz yolla sənədləşdirirlər.
Yüksək gərginlikli xətlərin altında nə qədər binalar tikilib. İnsanlar bəlkə də bunu başa düşmür ki, bu, onların özləri üçün nə qədər böyük təhlükəlidir. Ancaq o icazəni kim verib? Elə bil ki, özbaşına tikiblər. Axı biz hamımız Azərbaycanda yaşayırıq. Əgər yerli icra orqanları, bələdiyyə icazə verməsə, özbaşına kim nə edə bilər? Bələdiyyə bir növ necə deyərlər, icra başçılarının filialına çevrilib. Bələdiyyənin öz səlahiyyəti var. İndi mən o fəaliyyəti görmürəm. Bütün bölgələrdə, kəndlərdə, şəhərlərdə işlər dövlət büdcəsi hesabına görülür. Bələdiyyə bir kənd yolunu tikibmi? Halbuki bu, bilavasitə onun işidir. Bütün kənd yollarını dövlət büdcəsi hesabına, ya da Prezidentin ehtiyat fondunun hesabına biz tikirik. Bələdiyyə, sadəcə olaraq, bir möhür idarəsidir, yəni, qanunsuz əməllərə ştamp qoyur. Bu məsələ də prokurorluq tərəfindən araşdırılmalıdır, buna son qoyulmalıdır.
Soruşuram bu qanunsuz binalar haradan meydana gəlib? Heç kim bilmir. Bu, mümkün deyil. Bu da, necə deyərlər, mənbədən qaynaqlanan hadisədir. Qanunsuzluğa, özbaşınalığa son qoyulmalıdır.
Ona görə, gələcəkdə belə bədbəxt hadisələrin təkrarlanmaması üçün, komissiya üzvləri, mənə konkret təklif verin. Bir balaca bina da icazəsiz tikilə bilməz. Bundan sonra əgər bu, olacaqsa nəinki işdən çıxaracağam, onlar cinayət məsuliyyətinə də cəlb ediləcəklər. İndi Azərbaycan ictimaiyyəti görür ki, ölkədə toxunulmaz insan yoxdur. Cinayət törədibsə, vəzifədən asılı olmayaraq məsuliyyətə cəlb edilməlidir.
Mən dəfələrlə demişəm ki, vəzifəli şəxslər özlərini normal aparsınlar, insanlarla ünsiyyət qursunlar, insanları incitməsinlər. Onlar özləri, ailə üzvləri qanunu pozmasınlar. Dəfələrlə demişəm, amma nə görürəm, yenə də mənim göstərişlərimi icra etməyənlər var və nəticə nə olur? Onlar özləri bədbəxt olurlar. Azərbaycan ictimaiyyəti hər şeyi bilir. Heç kim qanundan kənarda qala bilməz. Bir nəfər də toxunulmaz deyil. Bax, son vaxtlar bir neçə iş adamı böyük pozuntularla bağlı məsuliyyətə cəlb edilib. Vaxt gələcək ictimaiyyət bu məsələlərlə bağlı məlumatlandırılacaq. Nəyə görə? Ona görə ki, öz məsuliyyətlərini dərk etməmişlər, dövlət əmlakını talamışlar, dövlət vəsaitini oğurlamışlar.
Vəzifəli şəxslərin ailə üzvləri cinayət törədirlər. Ondan sonra məsuliyyətdən yayınmaq istəyirlər. Əfsuslar olsun, belələrinə himayədarlıq edən dövlət məmurları da var ki, onları məsuliyyətdən yayındırmaq üçün min cür əməllərdən çıxırlar. Mən demişəm, burada oturanlar mənim mövqeyimi bilirlər. Bir adam da məsuliyyətdən qaça bilməz, xüsusilə dövlət məmuru. Böyük vəzifə sahibi məsuliyyətli olmalıdır. Biz hüquqi dövlətdə yaşayırıq. Cinayət törətmisənsə get cəzasını çək, vəssalam. Ona görə, bir daha demək istəyirəm ki, bu hadisə ilə bağlı konkret təkliflər verilməlidir. Bu gün bütün dövlət məmurlarına, bütün dövlət qurumlarında çalışanlara bir daha xəbərdarlıq edirəm ki, hər kəs qanuna əməl etməlidir, heç kim məsuliyyətdən qaça bilməyəcək. O cümlədən, bax, bu bədbəxt hadisənin səbəbkarları da mütləq məsuliyyətə cəlb ediləcəklər. Ədalət bərpa olunacaqdır.
AZƏRTAC
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.