Oktyabrın 5-də Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Kəngərli rayonuna gəldi.
Rayon sakinləri dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsinin açılışında iştirak etdi.
Ümummilli lider Heydər Əliyevin abidəsinin yerləşdiyi ərazidə geniş abadlıq-quruculuq işləri aparılmışdır. Abidənin ətrafında park salınmış və burada geniş yaşıllaşdırma işləri görülmüşdür.Dövlətimizin başçısı buraya toplaşan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Rayon ictimaiyyəti adından Bəyimcan BABAYEVA ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin bu gün də uğurla davam etdirildiyinə, rayonun gündən-günə sürətli inkişafına görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi.
Prezident İlham ƏLİYEV ulu öndər Heydər Əliyevin abidəsinin açılışı münasibətilə mərasim iştirakçılarını təbrik edərək dedi:
- Sizi ulu öndər Heydər Əliyevin abidəsinin açılışı münasibətilə ürəkdən salamlayıram və ürəkdən təbrik edirəm. Bu gözəl abidə rayon mərkəzinə əlavə yaraşıq verir. Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir. Müstəqil Azərbaycanda dövlət quruculuğu prosesi məhz onun fəaliyyəti ilə bağlıdır.
Bildiyiniz kimi, Azərbaycan müstəqilliyini əldə edəndə ən ağır vəziyyətdə olan respublika idi. Ölkədə gedən xoşagəlməz proseslər, iqtisadi tənəzzül, hərc-mərclik, vətəndaş müharibəsi, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti demək olar ki, Azərbaycanın müstəqilliyini şübhə altına qoyurdu və Bakıda hakimiyyət uğrunda çəkişmələr, mübarizələr vəziyyəti daha da ağırlaşdırırdı. Belə vəziyyətdə Azərbaycan xalqı yeganə düzgün seçim etdi, Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Bunun nəticəsində Azərbaycanda bütün xoşagəlməz hallara son qoyuldu, sabitlik yarandı və inkişaf dövrü başlandı.
O illər bugünkü Azərbaycanın reallıqlarını müəyyən edən illər olmuşdur. Məhz o illərdə Azərbaycanın bugünkü taleyi həll olunurdu - Azərbaycan hansı yollarla inkişaf edəcək, hansı ölkəyə çevriləcək, Azərbaycanda hansı dövlət quruluşu yaranacaq?! Məhz o illərdə ulu öndər Heydər Əliyev tərəfindən bütün bu işlərin əsası qoyuldu. O, bütün dövrlərdə - həm sovet dövründə, həm də müstəqillik dövründə ictimai-siyasi quruluşdan asılı olmayaraq, həyatını, ömrünü Azərbaycan xalqına xidmət işinə həsr etmişdir. Bu gün müasir Azərbaycan Heydər Əliyevin əsəridir və bu gün Azərbaycan onun yolu ilə uğurla inkişaf edir.
Bu gün ölkəmizdə bütün sahələrdə quruculuq, abadlıq, tikinti işləri aparılır, yeni müəssisələr, zavodlar, fabriklər, sosial obyektlər yaradılır. İndi biz Azərbaycanın hər bir bölgəsində sürətli inkişafı görürük. Təsadüfi deyildir ki, Azərbaycanın uğurları dünya miqyasında qiymətləndirilir. Mötəbər beynəlxalq təşkilatlar iqtisadi inkişaf baxımından Azərbaycanı dünyanın ən dinamik və sürətlə inkişaf edən ölkəsi kimi tanıyırlar. Bütün bu işlərin təməlində uğurlu siyasət, Heydər Əliyev siyasəti dayanır.
Uğurlu neft strategiyamız bizə imkan verdi ki, maliyyə imkanlarımızı genişləndirək və bu imkanlardan əldə olunan gəlirdən ölkəmizdə ədalətli şəkildə istifadə edək ki, hər bir Azərbaycan vətəndaşı öz həyatında, öz güzəranında bunu hiss etsin. Bu gün bu reallıqları görürük və haqlı olaraq, qürur hissi ilə bunu qeyd edirik. O cümlədən Naxçıvanda bütün işlər çox yüksək səviyyədə aparılır. Naxçıvan gündən-günə gözəlləşir, abadlaşır, yeni müəssisələr, zavodlar, fabriklər yaradılır. Bu gün mən bir gündə həm sosial, həm iqtisadi, həm də enerji sahəsində bir neçə vacib müəssisənin açılışında iştirak edəcəyəm.
Kəngərli rayonunun yaradılması da çox əlamətdar hadisədir. Bir neçə il bundan əvvəl Vasif Talıbov müraciət etmişdi ki, Naxçıvanda yeni rayon - Kəngərli rayonu yaradılsın. Bu, muxtar respublikanın inkişafına əlavə təkan verəcəkdir. Bu gün biz burada qısa müddət ərzində görülən işləri əyani şəkildə görürük. Bu ərazidə heç bir bina, heç nə yox idi. Boş yerlər idi. Artıq burada inzibati və yaşayış binaları tikilir, gözəl park salınıbdır, gözəl yol çəkilibdir. Bax bu Naxçıvan-Sədərək yolu dünyanın ən yüksək standartlarına cavab verir.
Mən keçən dəfə Naxçıvanda olanda bu yolun bir hissəsini getmişəm - Şərura qədər. Bu gün bu yol artıq Sədərəyə qədər hazırdır.Bu, inkişafdır, bu, quruculuqdur, bu, abadlıqdır, bu, xalqa xidmət etmək deməkdir. Bütün məmurlar elə etməlidirlər ki, onların fəaliyyəti nəticəsində insanlar daha da yaxşı yaşasınlar, ölkəmiz daha da sürətlə inkişaf etsin.
Bu gün Azərbaycan çox sürətlə və uğurla inkişaf edən ölkədir. Bütün iqtisadi-sosial məsələlər həll olunur, dünyadakı mövqelərimiz möhkəmlənir, Azərbaycanın gücü artır və bu, bizə imkan verir ki, sözün əsl mənasında, müstəqil siyasət aparaq. O siyasət ki, Azərbaycan xalqının iradəsinə söykənir. Bu siyasəti Heydər Əliyev bizə göstəribdir və bu gün Azərbaycan onun yolu ilə uğurla inkişaf edir.
Bir daha sizi ürəkdən salamlayıram. Xahiş edirəm mənim səmimi salamlarımı rayonun bütün sakinlərinə çatdırasınız. Sizə işlərinizdə yeni uğurlar arzulayıram.
Sağ olun.
AzərTAc{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.