Mayın 14-də Bakıda Azərbaycan-Vyetnam biznes forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanq biznes forumda iştirak ediblər. Dövlət başçıları forumda çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı
– Hörmətli cənab Prezident!
Hörmətli xanımlar və cənablar!
Bu gün Vyetnam-Azərbaycan biznes forumu keçirilir.
Bu, çox gözəl hadisədir. Bu, ikitərəfli əlaqələrimizin inkişafı üçün çox önəmli bir tədbirdir. Bildiyiniz kimi, Vyetnam Prezidentinin Azərbaycana rəsmi səfəri uğurla davam edir. Biz bu gün ikitərəfli əlaqələrimizin demək olar ki, bütün sahələrini müzakirə etdik, görülən işlər haqqında fikir mübadiləsi apardıq və gələcək birgə planlarımız barədə də danışdıq.
Bizim siyasi əlaqələrimiz iqtisadi sahədə əlaqələrin inkişafı üçün əsas şərtdir. Vyetnam-Azərbaycan əlaqələri dostluq, tərəfdaşlıq əlaqələridir. Mən keçən il Vyetnama dövlət səfərimi məmnunluqla xatırlayıram. Bu səfər zamanı bizim əməkdaşlığımızın əsasları qoyulmuşdur. Çünki bu, yüksək səviyyəli birinci təmas idi. O səfərin çox müsbət nəticələri olmuşdur. Düz bir ildən sonra Vyetnam Prezidenti bizim qonağımızdır. Bu, əslində onu göstərir ki, aramızda olan əlaqələr çox intensiv xarakter daşıyır.
Çox istərdik ki, siyasi sahədə müşahidə olunan mənzərə iqtisadi sahədə də görünsün. Buna nail olmaq üçün əlbəttə, həm hökumət üzvləri, həm də biznes strukturları öz səylərini göstərməlidirlər. Ötən il Vyetnamda olarkən orada da biznes forum keçirilmişdir. Bakıda da keçirilir. Bu, onu göstərir ki, birgə işləmək üçün kifayət qədər böyük maraq var.
Vyetnam iqtisadiyyatı son illərdə çox yüksək templərlə inkişaf edir. Biz bunu bilirik və bu münasibətlə, cənab Prezident, Sizi təbrik edirik. Bu, artıq dünya miqyasında yüksək qiymətə malik olan vəziyyətdir və düşünülmüş siyasətin təzahürüdür.
Eyni zamanda, Azərbaycan iqtisadiyyatı da sürətlə inkişaf edir. Bizim qarşımızda duran bütün vəzifələr vaxtında və uğurla icra edilir. Azərbaycan xarici investisiyalar üçün açıq ölkədir. Müstəqillik dövründə ölkəmizə 200 milyard dollardan çox sərmayə qoyulub. Təkcə keçən il 27 milyard dollar investisiya yatırılıb. Bu, onu göstərir ki, həm xarici, həm də yerli investorlar ölkəmizə, onun gələcəyinə inanırlar.
Bizim çox gözəl investisiya mühitimiz var. Xarici və yerli sərmayələr dövlət tərəfindən qorunur. Əgər belə olmasaydı, Azərbaycana bu qədər sərmayə yatırılmazdı. Biz sərmayə qoyuluşunda da dinamikanı görürük. Son vaxtlar daha çox yerli sərmayə qoyulur. Qoyulan ümumi vəsaitin təxminən 70 faizi daxili vəsaitdir. Bu, onu göstərir ki, Azərbaycan iqtisadiyyatı yüksək templərini saxlayır.
Azərbaycanda xarici investisiyaların qorunması işində ən qabaqcıl təcrübə tətbiq edilir. Bir sözlə, vyetnamlı investorlar üçün Azərbaycanda işləmək, investisiya qoymaq, hesab edirəm ki, çox əlverişli ola bilər.
Bununla bərabər, bu gün biz cənab Prezidentlə onu da müzakirə etdik ki, Vyetnam şirkətlərinin Azərbaycanda daha da geniş şəkildə təmsil olunması məsələləri də öz həllini tapmalıdır. Deyə bilmərəm ki, bu sahədə bizim böyük uğurlarımız var. Ancaq ümid edirəm ki, biz bu səfərdən sonra burada da gözəl nəticələri görəcəyik.
Bizim xalqlarımız bir-birinə böyük rəğbətlə yanaşırlar. Azərbaycan mütəxəssisləri 1970-1980-ci illərdə Vyetnamın neft-qaz sektorunda çalışmışlar. Vyetnamlı tələbələr sovet dövründə Azərbaycanda təhsil almışlar. Mən Vyetnamda olarkən onlarla görüşmüşəm. Bu gün də 30-a yaxın vyetnamlı tələbə Azərbaycanda təhsil alır və biz cənab Prezidentlə belə fikrə gəldik ki, onların sayını artırmalıyıq.
Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır. Əlbəttə ki, neft-qaz sektoru bizim iqtisadi inkişafımız üçün birinci mərhələdə həlledici rol oynamışdır. Ancaq hazırda ümumi daxili məhsulumuzun təxminən 70 faizi qeyri-neft sektorunda formalaşır. Bu da onu göstərir ki, iqtisadi şaxələndirmə artıq Azərbaycanda reallıqdır.
Bununla bərabər, əlbəttə, neft sektoru daim diqqət mərkəzindədir. Bu gün SOCAR ilə “Petrovietnam” arasında imzalanan sənəd bu sahədə gələcək əməkdaşlığı təmin edəcək. Biz istəyirik ki, “Petrovietnam” Azərbaycanın zəngin neft-qaz yataqlarının işlənməsində iştirak etsin. Düşünürəm ki, şirkətlər arasındakı əlaqələr bunu təmin edəcək. Eyni zamanda, SOCAR da indi xarici bazarlara çıxır, xaricdə öz fəaliyyətini genişləndirmək istəyir. Beləliklə, burada qarşılıqlı maraqlar əsasında çox səmərəli və faydalı əməkdaşlıq yarana bilər.
Hesab edirəm ki, xalqlarımızın bir-birinə belə bağlı olmalarını nəzərə alaraq, biz gərək insanlararası əlaqələri sürətləndirək. Burada turizm sektoru əlbəttə ki, ən birinci vasitədir. Bu sahədə əməkdaşlığın konkret formatları təşkil edilə bilər. Biz turizm imkanlarımızı təqdim etməliyik ki, insanlar bizim nə kimi imkanlarımızın olduğunu daha da yaxından bilsinlər.
Ticarət dövriyyəsinin artırılması üçün, hesab edirəm ki, yaxşı imkan var. Ticarət dövriyyəmiz kifayət qədər yüksəkdir. Biz bir-birimizdən uzaqda yerləşən ölkələrik və məsafə kifayət qədər böyükdür. Bunu nəzərə alsaq, görərik ki, ticarət dövriyyəsi yaxşı səviyyədədir. Əlbəttə, bu dövriyyəni artırmaq da mümkündür.
Kənd təsərrüfatı sahəsində də əməkdaşlıq üçün yaxşı şərait var. Son vaxtlar Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı ciddi tədbirlər görülür. Bu gün bu sahədə müqavilə də imzalanmışdır. Hazırda Azərbaycanda iri sənaye zonalarının yaradılması prosesi gedir. Biz istərdik ki, Vyetnam şirkətləri bu işlərdə iştirak etsinlər.
Bir sözlə, siyasi əlaqələrimizin yüksək səviyyədə olmasından faydalanaraq biz mütləq iqtisadi sahədə də ən yüksək nəticələrə çatmalıyıq. Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəfin çox ciddi siyasi iradəsi var. Biznes forumların keçirilməsi, hesab edirəm ki, burada əsas vasitə olacaqdır. Çünki siyasi iradə var, hökumətlərarası əlaqələr də kifayət qədər möhkəmdir. Bu gün Vyetnam Prezidentini müşayiət edən nümayəndə heyətində yüksək vəzifəli şəxslər təmsil olunur. Burada qurumlararası, nazirliklərarası əlaqələr mühüm rol oynayacaq.
Əlbəttə ki, bu gün bizim vyetnamlı qonaqlarımız Azərbaycan ilə əyani şəkildə tanış olurlar, ölkəmizin imkanlarını görürlər. Doğrudan da, müstəqillik dövründə Azərbaycan böyük və şərəfli yol keçmişdir. Bu gün biz iqtisadi müstəqilliyimizi, enerji təhlükəsizliyimizi tam şəkildə təmin etmişik. Bölgədə nəqliyyat təhlükəsizliyi məsələləri də Azərbaycanın iştirakı ilə öz həllini tapır. Mən öz həmkarımı bu barədə də məlumatlandırdım. Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi nəticəsində Azərbaycan Avropa ilə Asiya arasında çox önəmli bir nəqliyyat mərkəzinə çevriləcək və beləliklə, burada yeni imkanlar yaranacaqdır.
Müstəqillik dövründə biz ancaq öz gücümüzə güvənmişik və ona görə bizim xarici borcumuz da çox aşağı səviyyədədir. Bu, dünya miqyasında bəlkə ən aşağı səviyyələrdən biridir. Xarici borc ümumi daxili məhsulumuzun təqribən 10 faizini təşkil edir. Yəni, bu, onu göstərir ki, biz çoxlu borclar almamışıq, öz gücümüzə güvənmişik və buna görə də bu gün iqtisadi müstəqilliyə tam şəkildə nail olmuşuq. Xarici maliyyə qurumlarından asılı deyilik, baxmayaraq ki, biz xarici maliyyə qurumları ilə də fəal işləyirik.
Bu ayın əvvəlində Bakıda Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının İllik Toplantısı keçirilmişdir. Üç mindən çox qonaq gəlmişdi. Belə mötəbər tədbirin Azərbaycanda keçirilməsi Asiya iqtisadi qurumlarının, hökumətlərinin Azərbaycana olan münasibətini, inamını əks etdirir. Eyni zamanda, Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı ilə də sıx əlaqələr qurmuşdur. Yəni, beynəlxalq maliyyə qurumları da Azərbaycanda gedən islahatları yüksək qiymətləndirir. Biz onların imkanlarından faydalanırıq, amma daha çox öz daxili resurslarımıza arxalanırıq. Bu, ən düzgün seçimdir. Bu seçim bizə imkan verib ki, biz bu gün iqtisadi inkişamızı çoxşaxəli formatda təşkil edirik.
Azərbaycan hökumətinin gələcək planlarımızla bağlı kifayət qədər geniş və məzmunlu yanaşması var. Biz ölkəmizin inkişafı üçün gələcəkdə əlavə tədbirlər görəcəyik. İqtisadi inkişafımız dayanıqlı, çoxşaxəli olacaq və beləliklə, insanların rifah halı yaxşılaşacaqdır.
Azərbaycanda biznes mühiti də çox müsbətdir. Azərbaycan dövləti özəl sektoru dəstəkləyir. Mən Azərbaycanın iş adamları ilə mütəmadi qaydada görüşlər keçirirəm, onlara siyasi dəstəyimi verirəm. İş adamlarından yeganə tələbim ondan ibarətdir ki, onlar öz işini qanun çərçivəsində təşkil etsinlər. Belə olan halda heç kimin problemi olmayacaq. Azərbaycanda hüquqi dövlət qurulur və bütün məsələlər öz həllini qanun çərçivəsində tapmalıdır.
Hörmətli cənab Prezident, Sizi bir daha səmimiyyətlə salamlayıram. Vyetnamdan gələn bütün qonaqlara bir daha “Xoş gəlmisiniz!” deyirəm. Sağ olun.
Vyetnam Prezidenti Çıonq Tan Şanqın çıxışı
– Hörmətli cənab Azərbaycan Respublikasının Prezidenti!
Əziz dostlar!
Bu gün keçirilən biznes forumda iştirak etməkdən olduqca məmnunam. Bu biznes forum Vyetnamın Ticarət-Sənaye Palatası və Azərbaycanda Sərmayələrin Təşviqi Agentliyi tərəfindən təşkil edilir. Çox şadam ki, bu tədbir Bakıda keçirilir. Bu gün bu tədbirdə iştirak edən biznes dairələrinin nümayəndələrinə uğurlar arzu etmək istəyirəm.
Biznes forumda iştirak etməzdən əvvəl biz cənab Prezidentlə səmimiyyət və qarşılıqlı anlaşma şəraitində danışıqlar apardıq. Son illər ərzində ölkələrimizin keçdiyi inkişaf yoluna birgə nəzər saldıq. Son göstəricilər sübut edir ki, Vyetnam və Azərbaycan siyasi, iqtisadi və humanitar münasibətlərin inkişafında böyük irəliləyişə nail olublar. Lakin kifayət qədər diqqət yetirilməmiş perspektivli sahələr də qalmaqdadır.
Cənab Prezident İlham Əliyevin 2014-cü ilin mayında Vyetnama səfəri çərçivəsində mən azərbaycanlı dostlarla biznes forumun təşkil edilməsi üçün Vyetnamın Ticarət-Sənaye Palatasına müvafiq göstərişlər verdim. Çox ümidvaram ki, bu gün keçirdiyimiz görüş iki ölkənin işgüzar dairələri arasında əlaqələrin daha da inkişafına zəmin yaradacaq və beləliklə, həmin münasibətləri yeni səviyyəyə qaldıracaq.
Hörmətli dostlar, ölkələrimiz arasında iqtisadi sahədə uğurlu əməkdaşlığı çox yüksək dəyərləndirirəm. Son illər ərzində ikitərəfli ticarət dövriyyəsi sürətlə artır. Bu rəqəm 2012-ci ildə 29,2 milyon, 2013-cü ildə 382 milyon dollar olmuşdur və nəhayət, 2014-cü ildə 422 milyon dollara çatmışdır. Hesab edirəm ki, müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı perspektivlərimiz var. Bununla belə, Vyetnam Azərbaycana kənd təsərrüfatı mallarını və digər yüksək rəqabət qabiliyyətli məhsullarını ixrac edə bilər. Azərbaycan isə öz növbəsində, neft emalı sahəsində üstünlüyə malikdir. Bundan başqa, siz bank işi, turizm və digər sahələrə sərmayə yatıra bilərsiniz.
Hesab edirəm ki, iqtisadi işbirliyimizi artırmaq və onun ölkələrimiz arasında siyasi münasibətlər səviyyəsinə çatdırılması üçün biz bir çox məsələləri həll etməliyik, o cümlədən ölkələrimiz arasında coğrafi məsafəni qət etməliyik. Bizim tələbatlarımız fərqlidir və bir-birini tamamlayır. Bununla belə, tam əminəm ki, şirkətlərimizin bu gün üzləşdiyi maneələr ümumi iradəmiz və səylərimiz sayəsində aradan qaldırılacaqdır. Mən cənab Prezidentin bu gün sizlərə söylədiyi sözlərlə tam razıyam.
Xanımlar və cənablar, əziz dostlar, Son 30 il ərzində ölkənin yenidən qurulması istiqamətində həyata keçirilən siyasətin nəticəsində Vyetnamda siyasi sabitlik qorunub saxlanılır, iqtisadiyyat yüksək templə artır. Ölkəmiz xarici investorlar üçün təhlükəsiz və münasib yerdir. Əhalisi 90 milyon nəfər olan Vyetnam Azərbaycan sərmayədarları üçün də çox cəlbedici ola bilər. Vyetnam ASEAN regionuna, o cümlədən Asiya-Sakit okean regionu ölkələrinin bazarlarına açılan mühüm qapıdır. Bu, xüsusən azad ticarət sazişlərinin bu yaxınlarda müxtəlif ölkələrlə imzalanacağı baxımından xüsusilə vacibdir. Bu, regionda və bütün dünyada ticarətin inkişafı üçün mühüm əsas ola bilər.
Bu səfər çərçivəsində məni müxtəlif sahələrdə çalışan 45-dən artıq şirkətin nümayəndələri müşayiət edir. Eyni zamanda, bu dəfə onlar üçün son iki gün ərzində və xüsusən də bu gün bir çox şəraitlər yaradılmışdır ki, iş adamlarımız azərbaycanlı tərəfdaşları ilə tanış olsunlar.
Çox ümidvaram ki, bu tədbirlərdən sonra şirkətlərimiz bir-birinin bazarları haqqında daha çox məlumatlara malik olacaq və konkret nəticələr əldə edəcəklər. Mən neft və qaz sahəsində əməkdaşlığın inkişafına xüsusi önəm verirəm. Bir çox neftçilərimiz keçmişdə təhsilini Azərbaycanda alıblar. Hesab edirəm ki, ölkələrimiz arasında iqtisadi münasibətlər baxımından tərəflər bu kimi mühüm sahədə əməkdaşlığı genişləndirməlidirlər.
Xanımlar və cənablar, əziz dostlar, Ümid edirəm ki, yaxın vaxtlarda ölkələrimizin işgüzar dairələri ticarət münasibətlərini daha inkişaf etdirəcək, məlumatları mübadilə edəcəklər. Öz növbəmdə, mən Vyetnamın hakimiyyət orqanlarına sizin üçün lazımi münasib şərait yaratmaq məqsədilə müvafiq tapşırıqlar verəcəyəm. Vyetnam ilə Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdirilməsini, ölkələrimizin biznes dairələrinin əməkdaşlığının genişləndirilməsini səmimiyyətlə arzulayıram. Bu gün keçirilən biznes forumun işinə uğurlar, sizin hamınıza möhkəm cansağlığı diləyirəm.
Çox sağ olun.
* * *
Biznes forumda Azərbaycandan və Vyetnamdan rəsmi şəxslərlə yanaşı, neft-qaz, enerji, tikinti, İKT, maliyyə və bank, kənd təsərrüfatı, sənaye, ticarət, xidmət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrdə fəaliyyət göstərən 170-ə yaxın iş adamı iştirak edib.
Tədbir çərçivəsində Azərbaycan və Vyetnam iş adamları arasında ikitərəfli görüşlər keçirilib.
AZƏRTAC
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.