Xüsusi müxbirimiz xəbər verir ki, mayın 9-da Moskvada 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibətilə bayram tədbirləri keçirilib.
Rusiya Federasiyasına işgüzar səfərə gələn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva bayram tədbirlərində iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Rusiya dövlətinin başçısı Vladimir Putin Kremldə qarşıladı.
Fəxri qonaqlar bayram təntənələrinin keçirildiyi Qızıl meydana gəldikdən sonra hərbi parad başladı.
Rusiyanın Müdafiə naziri Sergey Şoyqu və Quru Qoşunlarının Baş Komandanı Oleq Salyukov paradı qəbul etdilər.
Mərasim iştirakçılarını təbrik edən Rusiya Prezidenti Vladimir Putin dünya əhalisinin 80 faizinin cəlb olunduğu İkinci Dünya müharibəsində qazanılan qələbədə keçmiş sovet xalqlarının, həmçinin antihitler koalisiyasını təmsil edən ölkələrin xidmətlərinin heç vaxt unudulmayacağını bildirdi. Qələbə gününün həmin xalqların və dövlətlərin ümumi bayramının olduğunu vurğulayan Vladimir Putin bildirdi ki, heç vaxt unudulmayacaq bu tarix müasir dövr üçün də bir örnəkdir.
Daha sonra paradda hərbçilərin təntənəli keçidi başladı. Meydana MDB və antihitler koalisiyası ölkələrinin hərbçiləri daxil oldu. Dəstənin önündə Azərbaycan hərbçiləri gedirdi. Mayor Mehdi Mahmudovun rəhbərliyi ilə 70 Azərbaycan hərbçisindən ibarət parad heyəti Qızıl meydanda tribunalar qarşısından keçdi.
Azərbaycanlı zabit və əsgərlər faşizm üzərində Qələbənin əldə olunmasında müstəsna və tarixi rol oynayıblar, ən ağır döyüşlərdən qəhrəman kimi çıxıblar. Odur ki, tarixi Qələbənin qazanılmasında ölkəmizin əvəzsiz xidmətləri danılmazdır. O vaxt Sovet İttifaqının tərkibində olan Azərbaycandan cəbhəyə 700 minə yaxın hərbçi yollandı. Böyük Qələbənin qazanılmasında misilsiz xidmətlər göstərən hərbçilərimizin 300 mini döyüş meydanlarında həlak oldu. 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü, 30 nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edildi, 170 min əsgər və zabitimiz isə müxtəlif orden və medallarla mükafatlandırıldılar.
Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçdi, yüzlərlə həmyerlimiz partizan dəstələrinin tərkibində vuruşdu. Azərbaycanın əsgər və zabitləri Brest, Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belarus, Pribaltika cəbhələrində cəsarətlə vuruşdular. Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci milli diviziyalar Simferepolun, Odessanın, 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya isə Yuqoslaviyanın azadlığı uğrunda fəal iştirak etdilər.
* * *
Faşizm üzərində Qələbənin 70 illiyi münasibətilə keçirilən hərbi parad zirehli texnikanın keçidi ilə davam etdi. Dəstənin önündə əfsanəvi “T-34” tankı gedirdi. Bundan əlavə, paradda nümayiş etdirilən çoxsaylı döyüş maşınları arasında Rusiya istehsalı olan “Armata” ağır zirehli piyada maşını, həmçinin “Yarus” raket kompleksinin ilk nümunələri, raket kompleksləri də var idi.
Qeyd edək ki, Qələbənin qazanılmasında yalnız qəhrəman övladlarımız deyil, həm də Azərbaycan neftinin böyük rolu olub. Bakı neftinin Böyük Vətən müharibəsinin taleyini həll etməsi fikri elə müharibənin ilk illərində öz təsdiqini tapıb. Düz 5 il Bakı nefti ön və arxa cəbhəni yüksək keyfiyyətli yanacaqla təmin edib. Müharibə dövründə SSRİ-də ümumilikdə 110 milyon ton neft çıxarılıb. Bu neftin 75 milyon tonunu, cəbhəyə göndərilən neft məhsullarının isə 85-90 faizini Azərbaycan verib. Ön cəbhədəki hər 4 tankdan 1-i, təyyarələrin böyük əksəriyyəti Azərbaycan nefti ilə hərəkət edib. Məhz bu səbəbdən də Bakını İkinci Dünya müharibəsinin taleyini həll edən şəhər adlandırırlar. Bakı neftinin müharibənin gedişi üçün həlledici rol oynadığını yaxşı bilən Hitler məhz buna görə Almaniyanın birinci tank ordusuna 1942-ci il sentyabrın 25-də Bakını zəbt etmək əmrini vermişdi. Hitler “Qafqaza hücuma başlayanda biz mütləq Bakını tutmalıyıq, əgər biz Bakı neftini ələ keçirməsək müharibəni uduzacağıq”, - demişdi. Düşmən 1942-ci ildə 71, 1943-cü ildə 3 dəfə Bakı səmasını zəbt etməyə çalışıb. Qəhrəman təyyarəçilərimiz isə bu hücumların qarşısını alır, düşmənin 96 təyyarəsini məhv edirlər. Burada daha bir məqamı da xüsusi vurğulamaq lazımdır. Bakının neft emalı müəssisələri alimlərin və mühəndis-texniki işçilərin səyi nəticəsində cəbhə üçün yüksək oktanlı benzin istehsalını da uğurla həyata keçirdilər. 1941-ci ilin yayında Bakıda ilk hidrogen birləşmələri qrupu hazırlandı. Akademik Yusif Məmmədəliyevin başçılığı altında bir qrup alim 28 gün laboratoriyadan çıxmayaraq neft-kimya elmində böyük nailiyyət hesab edilən yüksək oktanlı aviasiya yanacağı əldə etdilər. Bu, müharibədə motorlar döyüşündə ciddi dönüşə səbəb oldu.
Parad zamanı Moskva səmasında hərbi hava qüvvələrinin də nümunəvi çıxışları oldu. Onların arasında “TU-160” strateji bombardmançı, dünyanın “AN-124”, “Ruslan” kimi ən böyük hərbi nəqliyyat təyyarələri də var idi. Rusiyanın məşhur “SU-24”, “SU-34” və “MİQ-29” qırıcılarının pilot qrupları da səmada öz məharətlərini nümayiş etdirdilər.
Havada yanacaq dolduran təyyarələrin çətin tapşırığı məharətlə yerinə yetirməsi və hərbi vertolyotların manevrləri maraqla qarşılandı. On beş təyyarədən ibarət dəstə Qələbənin yubiley rəmzi olan 70 rəqəmini səmaya yazdılar.
Hərbi paraddan sonra dövlət və hökumət başçıları Naməlum Əsgər abidəsi önünə əklil qoydular.
Sonra birgə xatirə şəkli çəkdirildi.
* * *
Bununla da Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatdı.
AZƏRTAC
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.