Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi əsaslı surətdə yenidən qurulub

Aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində aparılan yenidənqurma və bərpa işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Məlumat verildi ki, hazırda Xan evi kimi tanınan bu nadir bina Lənkəran xanı Mirəhməd xan tərəfindən həyat yoldaşı Tuğra xanımın şərəfinə 1912-1913-cü illərdə inşa edilib. Bina  fransız memarları tərəfindən layihələndirilib və tikinti işləri onların rəhbərliyi ilə aparılıb. Binanı xarici və yerli ustalar inşa ediblər. Tikinti materialları isə Bakıdan gəmi ilə daşınıb. Xan evinin tikintisində Şərq və Qərb memarlıq üslubundan istifadə edilib, kərpic və ağ daş materiallarına üstünlük verilib. Üçmərtəbəli bina 12 otaqdan ibarətdir. Sahəsi 812 kvadratmetr olan Xan evi 1913-cü ildə Lənkəranda ilk dəfə xüsusi elektrik qurğusu quraşdırılmaqla  elektrik enerjisi ilə təmin edilib. 1978-ci ildən Xan evi Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyətə başlayıb. Uzun illər təmir edilmədən fəaliyyət göstərən muzey binası, tədricən  aşınıb, dam örtüyü sıradan çıxıb, mərtəbələrarası örtüklər, döşəmələr, qapılar, pəncərələr keyfiyyətini itirərək yararsız vəziyyətə düşmüşdü.

Tarixi binanın əsaslı təmirinə 2013-cü ilin sentyabrından başlanılıb. Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidməti tərəfindən inşaat işləri yüksək səviyyədə aparılıb və bu ilin aprel ayında başa çatdırılıb.

Dövlətimizin başçısı muzeyin ekspozisiya zallarına baxdı. Ekspozisiya zallarında adı qədim yazılı mənbələrdə çəkilən Lənkəranın ərazisində tapılmış və bu diyarın tarixini, etnoqrafiyasını, maddi və mənəvi dəyərlərini, məişətini əks etdirən əşyalar, alətlər, rayonun  tarixində baş vermiş mühüm  hadisələri  əks etdirən sənədlər  toplanıb. Eksponatların tarixi ardıcıllıqla və hər biri haqqında geniş və ətraflı məlumat verilməklə  nümayişi və etibarlı şəkildə  qorunması üçün əlverişli şərait yaradılıb. Bina qədim  olsa da burada infrastruktur tam müasir tələblərə uyğun qurulub. Yanğın təhlükəsizliyini təmin etmək üçün  müasir tələblərə uyğun  yanğın xəbərvermə və yanğınsöndürmə sistemləri, mərkəzləşmiş video-müşahidə qurğusu quraşdırılıb.

Diqqətə çatdırıldı ki, baş plana əsasən  ərazidə qazanxana binası, transformator yarımstansiyası, generator, su anbarları  və digər zəruri avadanlıqlar, həmçinin otaqlarda temperaturu sabit saxlamaq üçün döşəmə tipli havalandırma sistemi quraşdırılıb. Muzeyin ətrafında geniş abadlıq işləri görülüb, ərazinin asfalt örtüyü yenilənib.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında