Şriftin ölçüsü:
01.10.2010 09:50 | Oxunma sayı: 404
Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev adına İdman-Konsert Kompleksində "Caspian Agro-2010" III Beynəlxalq kənd təsərrüfatı, ərzaq emalı və qablaşdırma sərgisi ilə tanış olmuşdur.
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin rəsmi dəstəyi, Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə keçirilən sərgi ilə tanışlıq zamanı məlumat verildi ki, belə bir beynəlxalq tədbirin keçirilməsinin başlıca məqsədi ölkəmizdə istehsal olunan kənd təsərrüfatı və emal sənayesi məhsullarının nümayişi ilə yanaşı, bu sahələrin daha da inkişafı üçün xarici şirkət və sərmayədarların diqqətini cəlb etmək, Azərbaycanda son illər baş verən sürətli inkişaf və tərəqqinin təbliği ilə bərabər, aqrar elmin qabaqcıl nailiyyətlərini və təcrübəsini öyrənməkdir. Ərzaq bolluğunun yaradılması və əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi dünya ölkələri, o cümlədən Azərbaycan üçün prioritet istiqamətlərdən biridir.
Sərgidə Azərbaycan ilə yanaşı, Belarus, Gürcüstan, Kuba, İspaniya, Qətər və İrandan 80-dən artıq şirkət təmsil olunmuşdur. Builki sərgidə yerli şirkətlər daha fəal iştirak edirlər. Bu isə onu göstərir ki, Azərbaycanın ixrac potensialı artmaqdadır.
Prezident İlham Əliyev Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin pavilyonu ilə tanış oldu. Burada Azərbaycanda kənd təsərrüfatının inkişafını əks etdirən sənədlər, cədvəllər, ulu öndər Heydər Əliyevin ölkəmizdə aqrar sahənin, emal sənayesinin inkişafı istiqamətində gördüyü işləri əks etdirən müxtəlif materiallar, habelə fotoşəkillər vardır.
Respublikamızın ötən illərdə kənd təsərrüfatı sahəsində qazandığı uğurları əks etdirən ekspozisiya ilə tanışlıq zamanı kənd təsərrüfatı naziri İsmət Abasov əldə edilmiş nailiyyətlər barədə məlumat verdi.
Prezident İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin pavilyonu ilə tanış oldu.
Dövlətimizin başçısı "PAL dad" şirkətinin pavilyonunda müəssisənin istehsalı olan məhsullara baxdı.
Azərbaycan Arıçılar İttifaqının pavilyonu ilə tanışlıq zamanı ölkəmizdə arıçılığın inkişafı sahəsində həyata keçiriləcək layihələr barədə geniş məlumat verildi. Bildirildi ki, bu gün Azərbaycanda Bozdağ-Qafqaz arısının yetişdirilməsinə böyük diqqət verilir. Bundan əlavə, Azərbaycanda müasir tipli pətəklərin istehsalına da başlanılmışdır. Gələcəkdə arıçılıq sənayesi məhsullarının istehsalı üçün Azərbaycanda Arıçılıq Mərkəzinin inşası planlaşdırılır. Bu mərkəz yaradıldıqdan sonra Azərbaycan ildə 10 min ton bal ixrac edə biləcəkdir.
Prezident İlham Əliyevə Qax, Zaqatala və Şamaxıdan gətirilmiş bal növləri nümayiş olundu.
Dövlətimizin başçısı "Abşeron-Zeytun" şirkətinin istehsal etdiyi məhsullara da baxdı. Şirkət Abşeronda ekoloji təbii məhsuldan zeytun yağı və digər məhsullar istehsal edir.
Daha sonra Prezident İlham Əliyev "İceland" şirkətinin pavilyonu ilə tanış oldu. Bildirildi ki, 15 ildir fəaliyyət göstərən şirkət əsasən dondurma istehsalı ilə məşğuldur. Şirkətin istehsal etdiyi dondurmalar artıq iki ildir ki, Gürcüstana da ixrac olunur. Bundan əlavə, şirkət yarımfabrikat məhsullar da istehsal edir.
Quşçuluq müəssisələrinin pavilyonları ilə tanışlıq zamanı bildirildi ki, ölkəmizdə quşçuluq fabriklərinin yaradılması və onların ixrac qabiliyyətinin artırılması diqqətdə saxlanılır.
Sərgidə şərabçılıq və üzümçülük sahələri üzrə yerli şirkətlərlə yanaşı, xarici ölkələrin qabaqcıl müəssisələri də təmsil olunur. Məlumat verildi ki, Azərbaycanda həm də şərabçılığın inkişafı istiqamətində mühüm nəticələr əldə olunur. Ölkəmizdə üzüm sahələrinin genişləndirilməsi nəticə etibarilə şərabçılığın və şərab istehsal edən yeni modern müəssisələrin yaradılmasına imkan verir. İndi Azərbaycan istehsalı olan şərablar müxtəlif ölkələrə ixrac edilir və onlar dünya bazarında kifayət qədər yüksək reytinq toplaya bilmişdir.
"Aspi-Aqro" MMC-nin pavilyonu ilə tanışlıq zamanı qeyd edildi ki, 2007-ci ildə yaradılmış müəssisənin əsas istiqaməti respublikamızda ənənəvi sahə sayılan üzümçülüyü inkişaf etdirmək və Azərbaycan süfrəsini dünyanın ən yüksək keyfiyyətli üzüm növləri ilə təmin etməkdir. Bu məqsədlə Qəbələ rayonunun Savalan kəndində salınmış üzümlüklərdə İtaliyadan gətirilmiş tinglər əkilmişdir. Müəssisə 16 növ texniki və 14 növ süfrə üzümü yetişdirir.
Prezident İlham Əliyev pivə istehsalı ilə məşğul olan "Bakı-Praqa" MMC-nin, şərab istehsal edən "Caspian Coast Winery" şirkətlərinin pavilyonlarına da baxdı.
"Azersun Holdinq" şirkətinin pavilyonu ilə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, bu iqtisadi qurum fəaliyyət sahələrini genişləndirir. Şirkətin 20-dən çox müəssisəsi rəqabətədavamlı məhsullar istehsal edir.
"Ti Aqroservis" MMC-nin pavilyonu ilə tanış olan dövlətimizin başçısının diqqətinə çatdırdı ki, kənd təsərrüfatı sektorunda müxtəlif təyinatlı xidmətlər göstərən müəssisə ABŞ-ın 7 tanınmış şirkətinin Azərbaycanda və MDB ölkələrində rəsmi dileridir. Şirkət ABŞ texnologiyalarını Azərbaycanın kənd təsərrüfatı sektorunda tətbiq edir. Cəmiyyət müasir texnologiyalardan istifadə edilməklə şoran torpaqları istifadəyə yararlı hala gətirmək istiqamətində layihə üzərində işləyir.
Naxçıvan Muxtar Respublikasının pavilyonunda muxtar respublikada istehsal olunan kənd təsərrüfatı və emal sənayesi məhsulları nümayiş olunurdu.
Prezident İlham Əliyevə məlumat verildi ki, bu il muxtar respublikada 100 min tona yaxın taxıl istehsal olunmuşdur. Hazırda muxtar respublikanın birillik taxıl ehtiyatı vardır. Havalar əlverişsiz keçsə də, gündəlik məhsul yığımı 28 sentner olmuşdur. Muxtar respublikada fəaliyyət göstərən 40-dək kənd təsərrüfatı emalı müəssisəsi hesabına iqtisadi potensial gücləndirilmiş, xeyli sakin daimi işlə təmin edilmişdir. Muxtar respublikanın dağ yerlərində nohur balıqçılıq təsərrüfatları, habelə dəvəquşu və dəvə fermaları yaradılmışdır, heyvandarlıq, şərabçılıq və digər sahələrin inkişafı üçün ardıcıl tədbirlər davam etdirilir.
Dövlətimizin başçısı kompleksin həyətində Minsk və Gəncə avtomobil zavodlarının birgə istehsalı olan kənd təsərrüfatı texnikasına baxdı.
Kənd təsərrüfatı naziri İsmət Abasov və Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç məlumat verdilər ki, Gəncə avtomobil zavodu Minsk avtomobil zavodu ilə birlikdə traktor, avtomobil, kranlar, müxtəlif yedək avadanlığı istehsal edir. Bu müəssisələrin 10 il üçün əməkdaşlıq proqramı işlənib hazırlanmışdır. Gələcəkdə kommunal təyinatlı texnika da istehsal olunacaqdır.
Sərgidə Belarusun istehsal etdiyi "Lida" taxılbiçən kombaynı nümayiş olunur. Bu kombaynların Azərbaycana ixracı üçün razılıq əldə olunmuşdur.
Sərgi ilə yaxından tanış olan Prezident İlham Əliyev respublikamızda aqrar-sənaye kompleksinin daha da inkişaf etdirilməsi ilə bağlı tapşırıqlarını verdi, iştirakçılara uğurlar arzuladı.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.