Şriftin ölçüsü:
30.09.2010 05:07 | Oxunma sayı: 513
Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportu-Mərdəkan dairəsi-Bilgəh qəsəbəsi ərazisində avtomobil yollarının genişləndirilməsi və tikintisi işlərinin gedişi ilə tanış olmuşdur.
Dövlətimizin başçısının 2008-ci il 8 iyul tarixli sərəncamı ilə təsdiq olunmuş "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı"na əsasən Heydər Əliyev Beynəlxalq Aeroportu-Bilgəh qəsəbəsi avtomobil yolunun yenidən qurulması, yol qovşaqlarının və piyada keçidlərinin tikintisi, Bilgəh qəsəbəsi-Sumqayıt şəhəri istiqamətində avtomobil yolunun genişləndirilməsi və inşası işlərinə başlanılmışdır. Layihələndirilən avtomobil yolu Bakı şəhərinin şimal hissəsindən, o cümlədən Bilgəh, Nardaran, Kürdəxanı, Pirşağı, Fatmayi, Goradil, Novxanı, Saray, Corat, Sumqayıt istiqamətində davam etməklə, həmin ərazilərdəki yaşayış məskənləri sakinlərinin və istirahət mərkəzlərində dincələn vətəndaşların rahat gediş-gəlişinin təmin edilməsi baxımından olduqca əhəmiyyətlidir.
Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına layihə barədə məlumat verdi. Bildirildi ki, Mərdəkan dairəsində üçsəviyyəli yol qovşağında yol ötürücüsünün uzunluğu 220 metr, eni isə 23,5 metr olacaqdır. Layihədə buradakı tunelin uzunluğunun 55 metr, eninin isə 9,8 metr olacağı nəzərdə tutulur.
Prezident İlham Əliyev Buzovna dəmir yolu kəsişməsində inşa ediləcək tunelin və müxtəlif səviyyəli yol qovşağının tikintisi ilə də tanış oldu.
Dövlətimizin başçısına tikintinin əsas texniki göstəriciləri barədə ətraflı məlumat verildi. Qeyd olundu ki, buradakı yol ötürücüsünün uzunluğu 49,3 metr, eni 41,5 metr, istinad divarlarının uzunluğu isə 658 metr olacaqdır.
Sonra Prezident İlham Əliyev Buzovna dairəsində inşa edilən tunelin və müxtəlif səviyyəli yol qovşağının tikintisi ilə tanış oldu. Qeyd edildi ki, buradakı yol ötürücüsünün uzunluğu 19,4 metr, eni isə 41,5 metr nəzərdə tutulmuşdur. Tunelin eni isə 17 metr olacaqdır. Burada piyadalar üçün keçid də tikiləcəkdir.
Prezident İlham Əliyev sonra Bilgəh qəsəbəsindəki kardioloji mərkəzin qarşısında ikisəviyyəli tunel tipli qovşağın layihələndirilməsi və tikinti işlərinin gedişi ilə də tanış oldu. Dövlətimizin başçısına layihə üzrə həyata keçirilən işlər barədə məlumat verildi.
Prezident İlham Əliyev sonra Bilgəh qəsəbəsi-Novxanı-Sumqayıt şəhəri istiqamətində yeni tikilən və uzunluğu 14 kilometr olan yolda inşaat işlərinin gedişi ilə tanış oldu. Dövlətimizin başçısına yolun əsas göstəriciləri barədə də məlumat verildi. Qeyd olundu ki, yolun hərəkət hissəsi altızolaqlıdır. Layihələndirilən avtomobil yolu, həmçinin Maştağa-Saray-Sumqayıt-Tağıyev qəsəbəsi istiqamətində də yaşayan və dincələn əhali, eyni zamanda, Abşeron yarımadasının şimal-şərq hissəsində yerləşən Pirallahı, Dübəndi, Zirə və digər yaşayış məntəqələri və istirahət zonaları üçün Bakı şəhərinə daxil olmadan M-1 magistral yoluna çıxmağa imkan yaradacaqdır. Bununla bərabər, bu yol Sumqayıt şəhərindən və digər şimal bölgəsindən həmin ərazidə yaşayan əhalinin Bakının mərkəzinə daxil olmadan, qeyd edilən Bakı kəndlərinə, sahilkənarı istirahət mərkəzlərinə, o cümlədən Heydər Əliyev Beynəlxalq Aeroportuna rahat çıxışını təmin edəcəkdir. Bu da öz növbəsində iqtisadi cəhətdən daha səmərəli, təhlükəsiz və rahat nəqliyyat əlaqəsi yaradacaqdır.
Nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz hərəkətini təmin etmək üçün layihə üzrə müxtəlif səviyyəli yol qovşaqlarının və piyada keçidlərinin tikintisi nəzərdə tutulmuşdur.
Prezident İlham Əliyev nəqliyyat naziri Ziya Məmmədova bu yolun tikintisinin davam etdirilərək Bakı-Rusiya və Bakı-Şamaxı yolları ilə birləşdirilməsini təmin etməyi tapşırdı.
Tikinti işlərinin gedişi ilə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıqlarını verdi.
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.