Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına rəsmi səfəri

Geniş tərkibdə görüş
Xəbər verdiyimiz kimi, sentyabrın 27-də Daşkənddə təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur.
Prezident İslam KƏRİMOV görüş iştirakçılarına müraciət edərək dedi:
-Hörmətli İlham Heydər oğlu!
Azərbaycan nümayəndə heyətinin hörmətli üzvləri, dostlar!
Sizi Özbəkistan torpağında salamlamaqdan və sizin şəxsinizdə qardaş Azərbaycan xalqına dərin hörmətimi bildirməkdən hədsiz məmnunam. Fürsətdən istifadə edib bir daha vurğulamaq istərdim ki, Özbəkistanda Azərbaycan ilə Özbəkistan arasında səmimi dostluq hisslərinə əsaslanan dərin məzmunlu ikitərəfli dövlətlərarası münasibətləri yüksək qiymətləndirirlər. Prezidentlər arasında görüşlərə, yüksək səviyyədə görüşlərə, nazirliklər, müvafiq qurumlar səviyyəsində və işgüzar səviyyədə görüşlərə həmişə tələbat vardır. Biz Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana bu rəsmi səfərini ikitərəfli və çoxtərəfli münasibətlərin dinamikasını, məzmununu, etimada əsaslanan fikir mübadiləsini obyektiv qiymətləndirmək, ölkələrimizin əməkdaşlığının ən mühüm prioritetlərini müəyyən etmək üçün yaxşı bir imkan hesab edirik.
Biz 2008-ci ildə Özbəkistan nümayəndə heyətinin Azərbaycana məhsuldar səfərini, orada gördüyümüz unudulmaz ənənəvi Azərbaycan qonaqpərvərliyini və mehribanlığı xüsusi hərarət hissi ilə xatırlayırıq. Heç şübhəsiz, ölkələrimiz və xalqlarımız arasında səmimi qarşılıqlı hörmət və dostluq münasibətlərinin təzahürü üçün bizim milli ənənələrimizin, dilimizin, mədəniyyətimizin, dinimizin çoxəsrlik tarixi, eləcə də milli mənafelərimizin və müasir şəraitdə qarşımızda duran uzunmüddətli vəzifələrin ümumiliyi mühüm və münbit zəmindir. Azərbaycanlıların tamamilə aydın başa düşdüyü özbək dilində desək, "Bizim ulduzlarımız müştərək, dilimiz bir, dinimiz bir, ürəklərimiz birdir".
Fürsətdən istifadə edib təkcə öz adımdan deyil, həm də ölkəmizin bütün ictimaiyyəti adından görkəmli şəxsiyyət, bütün həyatını, bütün enerjisini, dövlət xadiminə xas olan zəngin istedadını bütünlüklə doğma ölkənin dirçəldilməsinə, ona xidmətə həsr etmiş, Azərbaycanın bugünkü və gələcək həyatının təməlini yaratmış Heydər Əlirza oğlu Əliyevin xatirəsinə dərin hörmət hissini bildirmək istərdim. Biz onu Özbəkistan ilə Azərbaycan arasında qarşılıqlı etimad münasibətlərinin möhkəmlənməsi üçün çox işlər görmüş uzaqgörən siyasi xadim və müdrik insan kimi xatırlayır və qiymətləndiririk.
Hörmətli İlham Heydər oğlu, təbii ki, həyata keçirməyə başladığınız, hərtərəfli düşünülmüş və ölçülüb-biçilmiş xarici və daxili siyasət xəttinin reallaşdırılması, ölkənizin iqtisadi qüdrətinin, onun potensialının gücləndirilməsi, beynəlxalq aləmdə artan nüfuzunun təmin edilməsi üçün Sizin nə qədər böyük gərginlik, qüvvə, enerji və əmək sərf etdiyinizi Özbəkistanda yaxşı bilirik. Ölkənizin çox zəngin ehtiyatlarından səmərəli istifadə edilməsi, iqtisadiyyatın şaxələndirilməsi, onun ixrac hissəsinin genişləndirilməsi, əhalinin rifahının və həyat səviyyəsinin keyfiyyətinin daim yüksəldilməsi üçün Azərbaycanda inamla reallaşdırılan proqram böyük hörmətə layiqdir. Bütün bunların Cənubi Qafqazda qarşıdurmanın, kənardan təhdid və təhlükələrin, dünya maliyyə-iqtisadi böhranının təsirinin hələ də davam etdiyi şəraitdə baş verdiyini nəzərə alsaq, bunun nəyin bahasına əldə edildiyi aydın olar.
Azərbaycan ilə ikitərəfli münasibətlərin strateji xarakter daşıdığını bildirən Özbəkistan Prezidenti əlaqələrimizin möhkəmlənməsinin Cənubi Qafqaz və Orta Asiya regionlarında uzunmüddətli sabitliyin təmin olunması işinə töhfə verə biləcəyini vurğuladı. İslam Kərimov Azərbaycan ilə Özbəkistan münasibətlərinin böyük perspektivlərə malik olduğunu qeyd edərək, iri regional layihələrin həyata keçirilməsində əməkdaşlığın əhəmiyyətindən danışdı. Ölkələrimiz arasında xarici siyasət sahəsində sıx koordinasiyanın həyata keçirilməsinin əhəmiyyətini diqqətə çatdıran Özbəkistan Prezidenti siyasi məsləhətləşmələrin bundan sonra da fəal şəkildə aparılmasının vacibliyini qeyd etdi. Sonra Özbəkistan dövlətinin başçısı Dağlıq Qarabağ münaqişəsinə toxunaraq dedi:
- Qeyd etmək istərdim ki, Özbəkistanın Dağlıq Qarabağ probleminin həlli ilə bağlı mövqeyi dəyişməz qalır, bu, 2008-ci ildə BMT Baş Məclisinin müvafiq qətnaməsinin müzakirəsi zamanı bir daha təsdiq edilmişdir. Özbəkistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə siyasi həllinə ardıcıl şəkildə tərəfdar olmuş və tərəfdardır, eyni zamanda, hesab edir ki, problemin həllinin başlıca şərti Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsidir.
Azərbaycan ilə ölkəsi arasında iqtisadi əlaqələrə toxunan Özbəkistan Prezidenti dedi:
- Hörmətli dostlar, şübhəsiz ki, ticarət-iqtisadi, sərmayə əlaqələrinin dərinləşməsi ikitərəfli əməkdaşlığın prioritet istiqaməti, deyərdim ki, bütün digər qarşılıqlı münasibətlərimizin inkişaf etdirilməsinin təməl nöqtəsidir. Qeyd etmək istərdim ki, qlobal maliyyə-iqtisadi böhran şəraitində birgə fəaliyyət proqramının müəyyən edilməsi, iki dövlətin müəssisələri və şirkətləri arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, qarşılıqlı əmtəə dövriyyəsinin inkişafının əldə olunmuş sürətinin qorunub saxlanması və artırılması olduqca aktualdır. Bu gün Mərkəzi Asiyadan Xəzər dənizi, sonra Qafqaz vasitəsilə Qara dəniz və Aralıq dənizi limanlarına nəql marşrutları, bir daha təkrar edirəm ki, getdikcə aktuallaşır. Bu baxımdan həmin marşrutda Cənubi və Mərkəzi Avropa bazarlarına çıxan yeni perspektivli Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizinin inkişaf etdirilməsinə imkan verən mühüm nəqliyyat qovşağı kimi Bakı limanından istifadə olunmasına maraq artır.
Özbəkistan Prezidenti ölkələrimiz və xalqlarımız arasında mədəni əlaqələrə də toxunaraq dedi:
- Ənənəvi mədəni-humanitar əlaqələr bir-birinə yaxın olan özbək və Azərbaycan xalqları arasında etimadın, qarşılıqlı hörmətin möhkəmlənməsi işində mühüm amildir. Hörmətli İlham Heydər oğlu, Sizinlə birlikdə Daşkənd və Bakı şəhərlərində dahi əcdadlarımız Nizami Gəncəvi və Əlişir Nəvainin abidələrinin açılması, Azərbaycan paytaxtında küçələrdən birinə dünya şöhrətli astronom Mirzə Uluqbəyin adının verilməsi azərbaycanlılar və özbəklər arasında qarşılıqlı marağın, tarixən mövcud olan qarşılıqlı hörmətin parlaq nümunəsidir. Əminəm ki, səfəriniz zamanı açılacaq və öz xalqının görkəmli oğlu Heydər Əliyevin şərəfinə onun adı verilmiş Azərbaycan Mədəniyyət Mərkəzi iki xalq arasında səmimi dostluğun xoş ənənələrinin inkişafına xidmət edəcəkdir.
* * *
Azərbaycan Prezidenti İlham ƏLİYEV qonaqpərvərliyə görə təşəkkür edərək dedi:
- Hörmətli İslam Əbdüqəniyeviç, xoş sözlərinizə, qardaş Özbəkistana rəsmi səfərə dəvət etdiyinizə görə çox sağ olun. Mən bu səfərə çox böyük əhəmiyyət verirəm. Əminəm ki, bu səfərin ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, uğurlu əməkdaşlığımız üçün yeni şərait, zəmin yaradacaq, çox yaxşı nəticələri olacaqdır, əməkdaşlığımız genişlənəcək və yeni məna kəsb edəcəkdir.
Mənim atam, Azərbaycanın dahi lideri Heydər Əliyev haqqında dediyiniz xoş sözlərə görə sizə çox minnətdaram. Sizi onunla uzun illər birgə iş, dostluq, əməkdaşlıq əlaqələri bağlayırdı. Mən həm də çox şadam ki, sizin təməlini qoyduğunuz ənənələr bu gün davam edir və ölkələrimiz, qardaş xalqlarımız çox səmərəli qarşılıqlı fəaliyyət göstərir və daha da yaxınlaşmağa can atırlar. Hörmətli İslam Əbdüqəniyeviç, siz və Heydər Əliyev müasir Özbəkistanın və Azərbaycanın qurucususunuz. Bu ölkələrin necə olacağı məhz sizin uzaqgörənliyinizdən, müdrikliyinizdən və siyasi iradənizdən asılı idi. Çünki Sovet İttifaqının süqutundan sonra, prinsip etibarilə bütün keçmiş sovet respublikaları demək olar ki, bərabər vəziyyətdə idilər və eyni çağırışlar və problemlər qarşısında dayanmışdılar. Buna görə də ölkələrimizin indiki uğurlu inkişafı, ilk növbədə, bu ölkələrin liderlərinin fəaliyyətinin nəticəsidir. Özbəkistanın dinamik uğurlu inkişafı barədə mətbuatdan və müxtəlif mənbələrdən aldığım məlumatlar məni çox sevindirir.
Prezident İlham Əliyev ölkələrimizin ortaq dəyərlərə, zəngin tarixi və mədəni irsə malik olduğunu vurğulayaraq, bütün bunların ikitərəfli münasibətlərin inkişafı üçün möhkəm əsas yaratdığını bildirdi. "Bu möhkəm əsaslar üzərində siyasi və iqtisadi əlaqələrin uğurla inkişafına iri potensial iqtisadi layihələrin işlənməsi də əlavə edilərsə nadir regional format yaranır", deyən dövlətimizin başçısı bildirdi ki, bu gün ölkələrimiz dinamik şəkildə inkişaf etməklə yanaşı, regional sabitliyin təmin olunmasında da mühüm rol oynayırlar:
- Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması işində daimi prinsipial mövqeyinə görə Özbəkistana çox minnətdarıq. Bu dəstək və münaqişənin mahiyyətinin, səbəblərinin dərindən başa düşülməsi bizim üçün çox vacibdir. Sizin bu mövzuda bugünkü bəyanatınız böyük əhəmiyyət kəsb edir, çünki münaqişə, onun nizamlanması çox uzanmışdır. Biz 2008-ci ildə BMT Baş Məclisində Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair məsələ ilə bağlı səsvermə zamanı Özbəkistanın ifadə etdiyi mövqeyə görə çox minnətdarıq. Biz münaqişənin mümkün qədər tez həll olunmasına səy göstəririk. Çünki işğal altında olan məhz bizim torpaqlarımızdır. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılmış, hərbi cinayətlər, o cümlədən Xocalı şəhərində dinc əhaliyə qarşı soyqırımı törədilmişdir. O zaman erməni işğalçı quldur dəstələri 613 dinc vətəndaşı məhv etmişdir, onların 100-dən çoxu azyaşlı uşaqdır.
Məlum olduğu kimi, Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. "Qarabağ" sözünün özü bizim köklərə malikdir. Erməni dilində bu sözün heç bir mənası yoxdur.
Dağlıq Qarabağın əsas şəhəri Xankəndidir. Bu şəhər yarananda onun adı Xankəndi olmuşdur. Zənnimcə, bu adı tərcümə etməyə ehtiyac yoxdur. Sovet dövründə bu şəhərə 1918-ci ildə Bakıda Azərbaycanın dinc əhalisinin qanlı qırğınının təşkilatçılarından biri olmuş bolşevik Stepan Şaumyanın "şərəfinə" Stepanakert adı verilmişdi. Yəni, hətta toponimlər kimi detal da Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olmasına, xalqımızın əsrlər boyu orada yaşamasına dəlalət edir. Təxminən XIX əsrin birinci yarısından etibarən ermənilərin başqa regionlardan kütləvi şəkildə Dağlıq Qarabağa köçürülməsi başlanmışdır. Sovet İttifaqı dağılarkən azərbaycanlılar etnik təmizləməyə, deportasiyaya və kütləvi qətllərə məruz qalmışlar. Həmçinin Dağlıq Qarabağın ətrafındakı yeddi rayonda yaşayan yüz minlərlə Azərbaycan vətəndaşları kimi, Dağlıq Qarabağın azərbaycanlı əhalisi də oradan qovulmuşdur. Bu gün həmin ərazilərdə şəhərlər və kəndlər viran edilmiş, milli sərvətlərimiz, muzeylərdə saxlanan əşyalar talan olunmuş, qəbiristanlıqlar təhqir edilmiş, məscidlər dağıdılmışdır. Bu haqsızlıq artıq onilliklərdir ki, davam edir.
Beynəlxalq təşkilatlar bu məsələ barədə öz mövqelərini bildirmişlər. BMT-nin Təhlükəsizlik Şurası bu barədə dörd qətnamə qəbul etmişdir. BMT-nin Baş Məclisi, İslam Konfransı Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası müvafiq sənədlər qəbul etmişlər. Lakin təəssüf ki, bunun nəticəsində münaqişənin tənzimlənməsi reallığa çevrilməmişdir. Biz ümid edirik ki, beynəlxalq birlik, ilk növbədə nizamlama prosesi ilə bilavasitə məşğul olan ölkələr münaqişənin tezliklə tənzimlənməsi üçün maksimum səy göstərəcək, bu məsələdə beynəlxalq hüququn prinsiplərindən çıxış edəcəklər. Əminəm ki, bu, regionun bütün ölkələrinin maraqlarına uyğundur. Azərbaycan isə, öz tərəfindən bu vəziyyətlə heç vaxt barışmayacaqdır. Xalqımız bununla heç vaxt barışmayacaqdır. Hətta valideynləri Dağlıq Qarabağdan və onun ətrafındakı ərazilərdən qovulmuş, özləri Bakıda və Azərbaycanın digər şəhərlərində doğulmuş uşaqlar da həmin torpaqlarda heç vaxt olmasalar da, bir arzu ilə - əzəli Vətənə qayıtmaq arzusu ilə yaşayırlar. Mən əminəm ki, o gün gələcəkdir. Şübhə etmirəm ki, Azərbaycan ərazi bütövlüyünü, ədaləti bərpa edəcək, bütün vətəndaşlarımız tarixi yaşayış yerlərinə qayıdacaqlar. Bu mənada bizi düzgün başa düşdüyünüzə və dəstəklədiyinizə, ən başlıcası isə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan prinsipial mövqeyinizə görə Sizə bir daha təşəkkür etmək istəyirəm.
Sonra Prezident İlham Əliyev Azərbaycan ilə Özbəkistan arasında nəqliyyat sahəsində əməkdaşlığa toxunaraq dedi:
- Fikrimcə, biz dəmir yolu əlaqəsinin yaradılması barədə daha fəal məsləhətləşmələr aparacağıq. Bildiyiniz kimi, biz bu istiqamətdə iş aparırıq və Bakı-Tbilisi-Qars dəmir yolu iki ildən sonra işə düşməlidir. Bunun nəticəsində malgöndərənlər üçün təhlükəsiz, iqtisadi cəhətdən səmərəli və cəlbedici olan, qitələri birləşdirəcək tamamilə yeni arteriya açılır. Bu, dostluq, əməkdaşlıq və qarşılıqlı səmərəyə xidmət edən dəmir yolu olacaqdır.
Humanitar əlaqələrin inkişafından danışan dövlətimizin başçısı bu sahədə də əməkdaşlığı yüksək qiymətləndirərək dedi:
- Biz ölkələrimiz arasında Sizin dediyiniz ənənəvi humanitar əməkdaşlığı çox yüksək qiymətləndiririk. Bu, tamamilə təbiidir, çünki xalqlarımız - qardaş xalqlardır, yaxın xalqlardır. Biz özbək ədəbiyyatını, musiqisini, mədəniyyətini çox sevirik. Yəni, bunlar sizin üçün olduğu kimi, bizim üçün də əziz və doğmadır. Bu gün ölkələrimizin paytaxtlarında xalqlarımızın görkəmli nümayəndələrinə abidələr ucaldılması da bizim münasibətlərin göstəricisidir, bir-birimizə bəslədiyimiz hisslərin nümayişidir.
AzərTAc{nl}

 

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında