Şriftin ölçüsü:
14.04.2010 09:41 | Oxunma sayı: 442
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir
Aprelin 13-də Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa çempionatının təntənəli açılışı olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
Mərasimə toplaşanlar Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladılar.
Gənc idmançılar çempionatın iştirakçıları olan ölkələrin bayraqlarını yarışların keçirildiyi salona gətirdilər.
Çempionata Azərbaycan da daxil olmaqla, 36 ölkədən 383 güləşçi qatılmışdır.
Aprelin 10-da Smolenskdə təyyarə qəzasında faciəli surətdə həlak olmuş Polşa Prezidenti Lex Kaçinskinin və onu müşayiət edən yüksək vəzifəli dövlət və hökumət nümayəndələrinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov çıxış edərək yarış iştirakçılarını qədim Azərbaycan torpağında salamladı. Nazir dedi ki, son vaxtlar dünyanın idman mərkəzlərindən birinə çevrilmiş Azərbaycanda beynəlxalq yarışların keçirilməsi sevindirici haldır. Təkcə bu ilin aprel ayında Bakı 4 mötəbər beynəlxalq yarışa ev sahibliyi edir. Məhz bu fakt ölkəmizdə idmanın inkişafını və onun dünyanın idman mərkəzlərindən birinə çevrilməsini əyani sübut edir.
Azad Rəhimov bildirdi ki, bütün bunlar dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana olan diqqət və qayğısı nəticəsində mümkün olmuşdur. Hazırda ölkəmizdə idman sürətlə inkişaf edir, idmanın maddi-texniki bazası möhkəmlənir. Azərbaycanın bütün şəhər və rayonlarında müasir standartlara cavab verən idman kompleksləri tikilir.
Beynəlxalq Birləşmiş Güləş Növləri Federasiyasının (FİLA) prezidenti Rafael Martinetti idmanın, xüsusən də güləşin inkişafı sahəsində göstərdiyi böyük diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi, bu yarışın da yüksək səviyyədə təşkil olunduğunu qeyd etdi. R.Martinetti dedi: "Olimpiya oyunlarına gedən yolun mühüm mərhələsi olan bu Avropa çempionatı hər bir ölkə üçün vacibdir. Çünki London oyunlarında medalları udacaq gələcək qaliblər bu yarışa qatılan güləşçilərin arasındadır".
Azərbaycan Güləş Federasiyasına və ölkənin idman ictimaiyyətinə qitə çempionatını yüksək səviyyədə təşkil etdiklərinə görə minnətdarlığını bildirən Avropa İdman Güləşi Federasiyasının (CELA) prezidenti Tseno Tsenov CELA-nın üzvü olan bütün federasiyalar adından Azərbaycanda, Avropada və bütün dünyada güləşin inkişafına hərtərəfli dəstək verən dövlətimizin başçısı İlham Əliyevə hörmət və ehtiramını bildirdi. Son illər Azərbaycan güləşçilərinin böyük uğurları, o cümlədən Avropa çempionatının bütün iştirakçıları üçün yaradılmış şərait yüksək qiymətə layiqdir.
Qitə miqyaslı belə mötəbər tədbirin keçirilməsini Azərbaycana həvalə etdiklərinə görə FİLA-nın rəhbərliyinə minnətdarlığını bildirən Milli Güləş Federasiyasının prezidenti Fazil Məmmədov dedi ki, Azərbaycanda güləş tarixən geniş yayılan qədim idman oyunlarından biri olmuşdur. Güləşin idman növü kimi formalaşdığı ilk dövrlərdən başlayaraq pəhləvanlarımızın şan-şöhrəti bütün dünyaya yayılmışdır.
Federasiyanın rəhbəri ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğısını xüsusi vurğuladı.
Bütün iştirakçılara idman uğurları arzulayan Fazil Məmmədov çempionatı açıq elan etdi.
Azərbaycan Respublikasının dövlət himni səsləndi.
Ölkəmizin incəsənət xadimlərinin, rəqs kollektivlərinin iştirakı ilə maraqlı konsert proqramı təqdim edildi.
***
Sonra sərbəst güləşçilər mübarizəyə başladılar. 55 kiloqram çəki dərəcəsində Azərbaycan idmançısı Mahmud Məhəmmədov Bolqarıstan təmsilçisi Radoslav Marinov-Velikova qalib gələrək Avropa çempionu oldu.
FİLA prezidenti Rafael Martinetti bu parlaq qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.
66 kiloqram çəki dərəcəsində finalda Azərbaycan güləşçisi Cəbrayıl Həsənov Rusiya idmançısı Maqomedmurad Hacıyevlə gərgin mübarizə şəraitində keçən qarşılaşmadan qalib çıxdı. Görüşü yüksək səviyyədə keçirən güləşçimiz rəqib üzərində təmiz qələbəyə nail olaraq ölkəmizə Avropa çempionatında ikinci qızıl medal qazandırdı.
Sonra 55 kiloqram çəki dərəcəsində fərqlənən idmançılara medalların təqdimetmə mərasimi oldu. Bu çəkidə çempion adını qazanan Azərbaycan güləşçisi Mahmud Məhəmmədovun şərəfinə ölkəmizin dövlət himni səsləndirildi, Azərbaycan bayrağı qaldırıldı.
84 kiloqram çəki dərəcəsində final qarşılaşmasında Azərbaycan idmançısı Şərif Şərifov isə gümüş medal qazandı.
Beləliklə, yarışların ilk günündə Azərbaycan güləşçiləri idman tariximizə daha bir parlaq qələbə yazdılar. İki dəfə dövlətimizin himni səsləndi. Azərbaycan güləş məktəbinin yetirmələri növbəti dəfə idmançılarımızın gücünü bütün dünyaya göstərdilər.
AzərTAc
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.