Sentyabrın 27-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun təkbətək görüşü olmuşdur.
Özbəkistan Prezidenti İslam KƏRİMOV Azərbaycan dövlətinin başçısını salamlayaraq dedi:
- İlham Heydər oğlu, mən Sizi Özbəkistan torpağında salamlamağa və ortaq dilimizdə "Xoş gəlmisiniz Özbəkistana" deməyə ürəkdən şadam. Sizin bu gəlişinizi, Sizin Özbəkistana rəsmi səfərinizi biz əlamətdar hadisə, Özbəkistan ilə Azərbaycan arasında mövcud olan, dinamik inkişaf edən münasibətlərin qanunauyğun və məntiqi davamı hesab edirik. Mənim fikrimcə, Sizin səfərinizin əhəmiyyətini həm də onda görmək olar ki, bu gün yaşadığımız mürəkkəb dövrdə - təkcə dünya miqyasında deyil, ilk növbədə Qafqaz regionunda və Mərkəzi Asiya regionunda yaranmış mürəkkəb şəraitdə Sizinlə görüşlərimiz, fikir mübadiləsi aparmağımız, dövlətlərimizi maraqlandıran aktual, son dərəcə vacib və kəskin məsələləri müzakirə etməyimiz, düşünürəm ki, çox böyük və mühüm əhəmiyyətə malikdir.
Fikir mübadiləsi özlüyündə artıq böyük sərvət, böyük hadisədir. Bunun nəticəsində biz nəinki əməkdaşlığımızın ötən dövründə görülmüş işlərə yekun vura bilərik, həm də deyərdim ki, bu gün müəyyən düzəlişlər etməyin, Azərbaycan və Özbəkistan üçün birmənalı şəkildə əhəmiyyət kəsb edən bütün problemlərin həllinin yeni yollarını, prioritet istiqamətlərini müəyyən edə bilərik. Hesab edirəm ki, son zamanlar xüsusən Mərkəzi Asiya regionunda baş vermiş hadisələr bizim regionda insanları narahat edir, onların rahatlığı, sülh və sabitlik üçün problemlər yaradır. Eynilə Sizin regionda da daimi münaqişə ocaqları vardır və bu münaqişələrin həll edilməsi vaxtı çoxdan çatmışdır. Bizim bu məsələlər barəsində - həm Azərbaycanın Mərkəzi Asiya problemlərinə, həm də Özbəkistanın Dağlıq Qarabağ məsələsinə dair mövqelərimiz və baxışlarımız eynidir. Fürsətdən istifadə edib jurnalistlərin qarşısında bir daha demək istərdim ki, Özbəkistanın Dağlıq Qarabağ barədə mövqeyi dəyişmir, dəyişməzdir və daimidir. Bu mövqenin mahiyyəti bundan ibarətdir ki, Dağlıq Qarabağ problemi dinc, siyasi yolla həll edilməlidir. Lakin bir prinsipə dönmədən riayət edilməlidir. Bu, sərhədlərin toxunulmazlığı, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü prinsipidir.
Mən eynilə əminəm ki, Əfqanıstan probleminin, eləcə də lap yaxın vaxtlarda bizim sərhəddə yaranmış kəskin problemlərin, - bu il iyun ayında Qırğızıstanda baş vermiş faciəli hadisələri nəzərdə tuturam, - həlli məsələlərində ümumi qərara gələ biləcəyik. Bu problemlərin yalnız sadalanması onu göstərir ki, bizim danışmağa sözümüz, ölkələrimiz üçün bu qədər vacib, çox böyük əhəmiyyət kəsb edən ümumi məsələlərə dair fikir mübadiləsi aparmağımız və qərara gəlməyimiz üçün mövzu vardır.
İqtisadi məsələlərə gəldikdə isə, əlbəttə, ümumi fikir belədir ki, Azərbaycanın və Özbəkistanın potensialından tam həcmdə istifadə edilmir və bunun səbəbi, ilk növbədə transkommunikasiya problemləri ilə bağlı məsələlərdir. Güman edirəm ki, əgər bu məsələ həll edilsə, biz hələ tələbat olmayan imkanlardan istifadə edəcəyik. Bu gün həmin imkanlardan Azərbaycanın və Özbəkistanın mənafeyi üçün istifadə edilməsi çox vacibdir. Aydındır ki, biz bu məsələlər barəsində də fikir mübadiləsi etməyə imkan tapacağıq.
Mədəni-humanitar məsələlərə gəldikdə isə, hesab edirəm ki, bu, bizim üçün çox mühüm sahədir. Ona görə ki, bizim tariximizdə, azərbaycanlıların və özbəklərin milli maraqlarında, onların yaşadığı həyat tərzində ümumi cəhətlər çoxdur. Söhbət təkcə dinimizin deyil, həm də dilimizin, mədəniyyətimizin, Azərbaycanın və Özbəkistanın birmənalı şəkildə qürur duyduğu mənəvi dəyərlərin ümumiliyindən gedir. Bu mövzuda da danışmağa sözümüz vardır.
Sizə bir daha "Özbəkistana xoş gəlmisiniz" deyirəm və Azərbaycanın bütün nümayəndə heyətinə burada vaxtı səmərəli keçirməyi arzulayıram.
Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV Prezident İslam Kərimova təşəkkürünü bildirərək dedi:
-Hörmətli İslam Əbdüqəniyeviç, xoş sözlər üçün çox sağ olun. İlk növbədə, qardaş Özbəkistana dəvətə görə təşəkkürümü bildirmək istəyirəm. Qardaş Özbəkistan torpağında bir daha olmaq, münasibətlərimizin geniş gündəliyinə dair Sizinlə fikir mübadiləsi aparmaq, habelə münasibətlərimizin dostluq, qardaşlıq və əməkdaşlıq ruhunda gələcək inkişaf yollarını birgə müəyyənləşdirmək mənə çox xoşdur.
Gündəliyimiz yetərincə genişdir. Biz bir çox istiqamətlərdə fəal əməkdaşlıq edirik. Əlbəttə, iqtisadi əlaqələrimizin, fikrimcə, zirvədə olan siyasi münasibətlərimiz səviyyəsinə yaxınlaşmasını istərdik. Ölkələrimiz arasında həm regional problemlərlə, həm də Qafqaz, Xəzər dənizi, Mərkəzi Asiya regionlarında nizama salınmamış münaqişələrə və potensial təhlükələrlə əlaqədar məsələlərə dair tam qarşılıqlı anlaşma mövcuddur.
Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində prinsipial mövqeyə görə Özbəkistana və şəxsən Sizə çox minnətdarıq. Siz bu mövqeni indi bir daha ifadə etdiniz. Həm ötən illərdəki çıxışlarda, həm də beynəlxalq təşkilatlarda səsvermə zamanı Özbəkistan həmişə məhz prinsipiallığı, ardıcıllığı və Azərbaycan ilə dostluq və qardaşlıq münasibətlərinə, habelə beynəlxalq normalara sadiqliyi ilə fərqlənmişdir. Biz qonşu dövlətlərin bütün sərhədlərinə hörmət edirik və əlbəttə ki, qonşularımızın, ilk növbədə, uzun illər boyu beynəlxalq hüququn norma və prinsiplərini, BMT Təhlükəsizlik Şurasının, BMT Baş Məclisinin və nüfuzlu beynəlxalq təşkilatların qətnamələrini kobud surətdə pozan Ermənistanın bu cür münasibətinə ümid bəsləyirik. Ona görə də Sizə bir daha təşəkkür etmək istəyirəm. Biz Özbəkistanın iki il əvvəl BMT Baş Məclisində Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair məsələ ilə bağlı səsvermə zamanı ifadə olunmuş mövqeyini yüksək qiymətləndiririk və bu dəstək bizim üçün çox əhəmiyyətlidir. Bu dəstək diplomatik vasitələrlə, beynəlxalq təşkilatların iştirakı ilə bu məsələni həll edəcəyimizə və Azərbaycanın ərazi bütövlüyünü bərpa edə biləcəyimizə inamımızı daha da artırır.
Sizi bir daha əmin etmək istərdim ki, Azərbaycan, əvvəllər olduğu kimi, gələcəkdə də bütün beynəlxalq arenalarda həmişə Özbəkistanın istənilən təşəbbüsünü dəstəkləyəcəkdir. Biz bunu əvvəllər artıq nümayiş etdirmişik. Bizim bu məsələ ilə bağlı mövqeyimiz gələcəkdə də birmənalı olacaqdır. Biz münasibətlərimizi çox yüksək qiymətləndiririk. Bu münasibətlər möhkəm bazaya, dostluğa, xalqlarımız arasında qardaşlığa əsaslanır. Xalqlarımız həqiqətən qardaş xalqlar, yaxın xalqlardır. Biz öz dilimizdə danışanda tərcüməyə ehtiyac olmur. Biz bir-birimizi başa düşür, xalqlarımızın mədəniyyətini, incəsənətini sevirik. Bizi ümumi tarix birləşdirir. Bu gün də iki müstəqil və dinamik inkişaf edən dövlət kimi biz, əlbəttə, birgə səylərlə regionumuzda sabitliyin möhkəmləndirilməsi və vəziyyətin proqnozlaşdırılması işinə böyük töhfə verə bilərik və veririk.
Sərhədləriniz ətrafında yaranan vəziyyət bizi narahat edir. Bu vəziyyət fəal həllini tələb edir və demək istəyirəm ki, biz Azərbaycanda Sizin regionda baş verən hadisələri çox diqqətlə izləyirik və Sizin bu yaxınlarda nümayiş etdirdiyiniz və hazırda vəziyyətin xeyli sabitləşməsini şərtləndirən çox müdrik, ölçülüb-biçilmiş, ağıllı siyasəti yüksək qiymətləndiririk. Bu halda məhz Sizin siyasətiniz və atdığınız addımlar həlledici rol oynamış, həm regiona, həm də dünyaya ölkənizin təkcə regional əhəmiyyətli deyil, eyni zamanda, qlobal miqyaslı məsələlərdə mühüm rol oynadığını bir daha nümayiş etdirmişdir. Özbəkistanın uğurlu inkişafını, sosial, iqtisadi məsələlərin necə həll olunduğunu, dünyada mövqeyinin necə möhkəmləndiyini görmək çox xoşdur və bu, bizim də mövqeyimizi möhkəmləndirir. Buna görə də mən Sizin gözəl ölkənizə yenidən böyük sevinclə gəlmişəm. Əminəm ki, bu gün apardığımız fikir mübadiləsi və imzaladığımız sənədlər ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaqdır. Bir daha qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirirəm.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.