Sentyabrın 23-də Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahında təşkilatın Baş Məclisinin 65-ci sessiyası çərçivəsində ümumi müzakirələrin rəsmi açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Məclisinin 65-ci sessiyasında iştirak etmişdir.
BMT-nin baş katibi Pan Gi Mun müzakirələri açaraq, tədbirdə iştirak edən dünya ölkələrinin rəhbərlərini salamladı.
Sonra müzakirələr başlandı.
BMT Baş Məclisinin 65-ci sessiyasında iştirak edən ABŞ Prezidenti Barak Obama bəşəriyyəti narahat edən məsələlərə toxundu. Bildirdi ki, bu problemlərin həlli dünya dövlətlərinin səylərini birləşdirməyi tələb edir. Yalnız bu halda problemlərin həllinə nail olmaq mümkündür. Bunun üçün bir araya gəlmək, problemlərin birgə müzakirəsinə nail olmaq lazımdır. BMT Baş Məclisinin 65-ci sessiyası bu baxımdan əla fürsətdir.
* * *
Günün birinci yarısında ümumi müzakirələrdən sonra BMT-nin baş katibi Pan Gi Munun adından Baş Məclisin 65-ci sessiyasında iştirak edən dövlət və hökumət başçılarının şərəfinə nahar verildi.
Prezident İlham Əliyev naharda iştirak etdi.
* * *
Günün ikinci yarısında müzakirələr davam etdirildi.
Prezident İlham Əliyev BMT Baş Məclisinin 65-ci sessiyasında çıxış etdi.
{nl}
Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı
- Cənab sədr!
Xanımlar və cənablar!
Əvvəlki natiqlərə qoşularaq cənab Cozef Deysin Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 65-ci sessiyasının sədri vəzifəsinə seçilməsi münasibətilə onu təbrik etmək, bu cür olduqca məsuliyyətli işdə böyük uğurlar arzulamaqdan şərəf duyduğumu və apardığı məhsuldar işə görə onun sələfi doktor Əli Abdussalam Trekiyə təşəkkürümü bildirmək istəyirəm.
Mən, həmçinin Birləşmiş Millətlər Təşkilatının fəaliyyətinin canlandırılmasında nümayiş etdirdiyi rəhbərlik məharətinə və işə sadiqliyinə görə Birləşmiş Millətlər Təşkilatının baş katibi, zati-aliləri cənab Pan Gi Muna dərin hörmət və minnətdarlığımı bildirirəm.
Cənab sədr!
Azərbaycan dünya xalqları üçün beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması, davamlı inkişafın təşviq edilməsi və fundamental azadlıqların irəliyə doğru aparılması sahəsində Birləşmiş Millətlər Təşkilatının oynadığı əsas rolu qiymətləndirir.
Azərbaycan hesab edir ki, Birləşmiş Millətlər Təşkilatı dünyanın hər bir yerində bir çox qlobal məsələlərdə, eləcə də hər bir üzv dövlətin istəklərinin nəzərə alınması və narahatlıqların aradan qaldırılmasında daha güclü və bacarıqlı olmalıdır.
Müharibə və işğalın ağır nəticələrindən əziyyət çəkən bir ölkə kimi Azərbaycan qəti şəkildə inanır ki, dövlətlər arasında yaxşı qonşuluq, dost münasibətləri və əməkdaşlığa aid beynəlxalq səviyyədə qəbul olunmuş beynəlxalq hüququn norma və prinsiplərinə düzgün qaydada riayət edilməsi, eləcə də dövlətlərin üzərlərinə götürdükləri öhdəliklərin xoş iradə ilə yerinə yetirilməsi beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında çox böyük əhəmiyyətə malikdir.
Ermənistan ilə Azərbaycan arasında davam edən silahlı münaqişə beynəlxalq və regional sülhə və təhlükəsizliyə böyük təhlükədir. Münaqişə nəticəsində Azərbaycan ərazisinin beşdəbir hissəsi işğal edilmiş, ölkəmizin təxminən hər doqquz nəfərindən biri məcburi köçkün və ya qaçqın vəziyyətinə düşmüşdür.
Ermənistan Respublikasının münaqişə zamanı çox ciddi beynəlxalq cinayətlər törədərək, etnik təmizləmə siyasətini həyata keçirərək və işğal edilmiş Azərbaycan ərazilərində monoetnik mədəniyyətin yaradılmasına çalışaraq, Azərbaycan ərazilərinin işğalına görə əsas məsuliyyət daşıması beynəlxalq səviyyədə etiraf edilmişdir.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası qəbul etdiyi dörd qətnamədə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə tam dəstəyini vermiş və torpaqların gücdən istifadə edərək ələ keçirilməsinin qəbuledilməzliyini vurğulamışdır. BMT, həmçinin Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımış, işğalçı qüvvələrin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən dərhal, tam şəkildə və qeyd-şərtsiz çıxarılmasına çağırmışdır. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi və digər beynəlxalq təşkilatlar, o cümlədən ATƏT, Avropa Şurası, Avropa Parlamenti, İslam Konfransı Təşkilatı eyni mövqeni tutmuşlar. Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyətin yekdil mövqeyinə baxmayaraq, Azərbaycan əraziləri işğal altında qalmaqda davam edir.
Bu günə qədər münaqişənin mümkün qədər tez və davamlı həll variantını tapmaq məqsədi ilə vicdanla danışıqlar aparmaq əvəzinə, Ermənistan vəziyyətin ağırlaşmasına üstünlük verir ki, bu da öz növbəsində gözlənilməz nəticələrə gətirə bilər.
Münaqişənin tezliklə həll olunması istiqamətində göstərilən hazırkı səylərə baxmayaraq, Azərbaycanın işğal edilmiş ərazilərində aparılan işlər beynəlxalq hüququ kobud surətdə pozur və işğalın cari status-kvosunun daha da möhkəmləndirilməsinə, etnik təmizləmənin nəticələrinin saxlanmasına, zəbt olunmuş ərazilərdə məskunlaşmanın aparılmasına xidmət edir, o cümlədən münaqişənin dinc yolla həllinə ciddi maneə yaradır.
Belə ki, münaqişənin başladığı andan ötən dövr ərzində çoxlu sayda insanlar azərbaycanlıların qovulduğu işğal altındakı bölgələrə köçməyə həvəsləndirilmişdir. 2005-ci ildə ATƏT Azərbaycanın işğal edilmiş ərazilərinə faktaraşdırıcı missiyasını göndərmiş və həmin missiya orada insanların məskunlaşması faktını müəyyən etmiş, "Azərbaycanın işğal edilmiş ərazisində hər hansı digər məskunlaşmaqdan çəkinməyə" çağırmışdır.
Ermənistan işğal edilmiş ərazilərdə Azərbaycanın mədəni və tarixi köklərini nümayiş etdirən maddi sübutları yox etməyə çalışaraq, həmin yerlərin tarixi və mədəni simasını dəyişmək məqsədi ilə ardıcıl tədbirlər görməkdədir. Nəticədə, işğal olunmuş ərazilərdə Azərbaycanın elə bir tarixi və ya mədəni abidəsi, elə bir müqəddəs yeri qalmamışdır ki, ona zərər dəyməsin, yaxud orada vandalizm aktları törədilməsin.
İşğal edilmiş ərazilərə insanların köçürülməsi, eləcə də tarixi və mədəni irsin məhv edilməsi, mənimsənilməsi orada aparılan qeyri-qanuni fəaliyyətin müxtəlif formaları ilə yanaşı, məcburi köçkünlərin mülkiyyət hüquqlarına da birbaşa zərər vurur.
Siyasi məsələlərə dair razılaşmanın olmaması, münaqişənin dondurulmuş vəziyyətdə qalması və uzun müddət davam edən danışıqlar münaqişə ilə bağlı beynəlxalq hüquqa və insan hüquqları sahəsində beynəlxalq qanunlara davamlı şəkildə bilərəkdən riayət edilməməsindən irəli gələn digər problemlərə diqqətin yetirilməməsi üçün bəhanə kimi istifadə edilməli deyildir.
Cənab sədr, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və onun ətrafında silahlı münaqişənin tezliklə həll edilməsi bizim üçün başlıca vəzifə olaraq qalır. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri regiona sülh və sabitliyin gətirilməsində səylərini göstərirlər. Münaqişənin həlli erməni hərbi qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən müəyyən edilmiş müddət ərzində çıxarılmasını, bütün kommunikasiyaların bərpasını, bütün qaçqın və məcburi köçkünlərin doğma yerlərinə qayıtmasını, beynəlxalq təhlükəsizlik zəmanətlərini, o cümlədən sülhməramlı qüvvələri, Dağlıq Qarabağın müvəqqəti statusunu nəzərdə tutur. Biz Dağlıq Qarabağın Azərbaycan Respublikasının tərkibində statusunun yekunlaşdırılması üçün xoş məramla danışıqları davam etdirməyə hazırıq.
ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən 2009-cu ilin dekabr ayında Ermənistan ilə Azərbaycana təqdim edilmiş mərhələli variant prinsip etibarilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həllinə nail olmaqda əsas kimi Azərbaycan tərəfindən qəbul edilmişdir. Əfsuslar olsun ki, Ermənistan tərəfi həmsədrlərin təklifinə aydın cavabını hələ də uzadır.
Azərbaycan öz suverenliyi və ərazi bütövlüyü baxımından həyati əhəmiyyət kəsb edən məsələlər üzrə üzv dövlətlərin prinsipial mövqeyini yüksək qiymətləndirir. Biz beynəlxalq ictimaiyyətin Azərbaycanın ədalətli mövqeyi ilə davamlı şəkildə həmrəy olmasına və mövcud çətinliklərin qərəzsiz, açıq və əhatəli şəkildə həllinə yönəlmiş Birləşmiş Millətlər Təşkilatı çərçivəsində irəli sürdüyümüz təşəbbüslərə mühüm dəstəyə arxalanırıq.
Xanımlar və cənablar!
Həll olunmamış Dağlıq Qarabağ münaqişəsinə və işğal edilmiş ərazilərə baxmayaraq, Azərbaycan hökuməti ölkədə siyasi sabitliyin, demokratik inkişafın, iqtisadi çiçəklənmə və sosial rifahın təmin edilməsinə nail olmuşdur. Bu gün, Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən ölkələrdən biridir. Yalnız son beş il ərzində Azərbaycan ümumi daxili məhsulunu təxminən üç dəfə artırmışdır.
Formalaşan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və enerji dəhlizləri boyunca əsas ticarət marşrutlarının kəsişməsində yerləşən Azərbaycanın strateji-coğrafi mövqeyi ölkənin enerji və infrastruktur qovşağına çevrilməsində mühüm amildir. Azərbaycanda təsdiqlənmiş böyük neft və qaz ehtiyatları vardır və ölkəmiz yeni yataqların kəşf olunmasında yaxşı perspektivlərə malikdir. Azərbaycanda karbohidrogenlərin beynəlxalq bazarlara daşınması üçün müasir infrastruktur artıq yaradılmışdır. Bu infrastrukturdan beynəlxalq enerji təhlükəsizliyini şaxələndirə və gücləndirə biləcək neft və təbii qazın ixracı üçün istifadə edilir. Bu, qaz təchizatı üçün xüsusi əhəmiyyət kəsb edir. Təbii qazın təsdiqlənmiş 2 trilyon kubmetr, potensial qaydada 5 trilyon kubmetr və hətta ondan da artıq həcmdə ehtiyatlara malik olan Azərbaycan dünyada qaz bazarının sabit inkişafının təmin edilməsi işinə töhfəsini verməyə hazırdır. Azərbaycanın olduqca fəal qaydada qonşuları ilə işlədiyi digər qlobal səviyyədə mühüm layihə regional dəmir yolu xəttinin çəkilməsini və inkişafını nəzərdə tutur. Bu dəmir yolu xətti Asiya ilə Avropa arasında bütün növ malların daşınması üçün böyük imkanlar yaradacaqdır.
Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsünün çox fəal üzvü kimi Azərbaycan enerji gəlirlərini açıq və şəffaf şəkildə ölkənin inkişafı, xüsusən də insan kapitalının formalaşdırılması və yoxsulluğun aradan qaldırılması üçün istifadə edir. Beləliklə, biz yoxsulluq səviyyəsini 2003-cü ildəki 49 faizdən 2009-cu ildə 11 faizə qədər azaltmağa nail olduq. Mən qətiyyətlə inanıram ki, qarşıdan gələn illərdə Azərbaycan davamlı inkişaf sayəsində bu sahədə daha böyük nailiyyətlər əldə edəcəkdir.
Cənab sədr, Azərbaycan bütün dövrlərdə müxtəlif dinlər, etnik qruplar və fəlsəfələr arasında birgə yaşama və dözümlülük məkanı olmuşdur. Sivilizasiyalar İttifaqının Dostlar Qrupunun fəal üzvü kimi Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqinə qarşılıqlı hörmət və anlaşma əsasında töhfə verir. Azərbaycan bu ilin yazında 32 dövlətin dini rəhbərlərinin Ümumdünya Sammitini təşkil etmiş, 2011-ci ilin aprelində Mədəniyyətlərarası Dialoq naminə Ümumdünya Forumunu keçirmək təşəbbüsü ilə çıxış etmişdir.
Planetin istənilən guşəsinə təsir göstərə biləcək ən ciddi və uzunmüddətli çətinliklərdən biri iqlim dəyişikliyidir. Biz Azərbaycanda 2010-cu ili "Ekologiya ili" elan etmişik və ətraf mühitin qorunması sahəsində müxtəlif xüsusi proqramlar qəbul etmişik.
Azərbaycan inkişaf edən və ən az inkişaf etmiş dövlətlərin, eləcə də təbii fəlakətlərdən əziyyət çəkən ölkələrin üzləşdiyi çətinliklərin aradan qaldırılması və zəruri ehtiyacların təmin edilməsinə xüsusi diqqət yetirərək, hamı üçün davamlı inkişaf və qlobal çiçəklənmənin təşviqinə tam dəstəyini nümayiş etdirir, dayanmadan səylər göstərir. Azərbaycan Birləşmiş Millətlər Təşkilatı çərçivəsində razılaşdırılmış inkişaf məqsədlərinin yerinə yetirilməsinə töhfəsini davam etdirəcəkdir.
Sağ olun.
* * *
Sentyabrın 23-də ABŞ Prezidenti Barak Obamanın və xanımı Mişel Obamanın adından BMT Baş Məclisinin 65-ci sessiyasında iştirak edən dövlət və hökumət başçılarının şərəfinə qəbul təşkil olundu.
Azərbaycan Prezidenti İlham Əliyev qəbulda iştirak etdi.
{nl}
AzərTAc
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.