Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi
– Bu il görüləcək işlərlə bağlı müvafiq göstərişlər verilmişdir. Dövlət İnvestisiya Proqramı qəbul edilmişdir. Kifayət qədər geniş həcmli proqramdır. Əminəm ki, proqram icra ediləcək və beləliklə, 2015-ci il də Azərbaycanda uğurlu il kimi tarixdə qalacaq. Bütün planlarımızı həyata keçirmək üçün ilk növbədə, ölkədə makroiqtisadi vəziyyət sabit olmalıdır. Bu istiqamətdə böyük işlər aparılmışdır. Uzun illər makroiqtisadi vəziyyət diqqət mərkəzindədir. Bizim göstəricilərimiz də çox müsbətdir. Keçən il inflyasiya cəmi 1,4 faiz olmuş, iqtisadiyyat təxminən 3 faiz, qeyri-neft sektorumuz isə 7 faiz artmışdır.
Qeyd etdiyim kimi, manatın məzənnəsi sabitdir. Dünyada neftin qiymətinin düşməsi ilə bağlı manatın məzənnəsinə heç bir mənfi təsir olmamışdır. Əksinə, manat daha da güclənir. Hesab edirəm ki, biz bu məsələyə baxmalıyıq. Çünki o vaxt biz pul islahatını apararkən bir manat bir dollara bərabər idi. Ondan sonra manatın qiyməti qalxdıqca 1 manat 1,3 dollar olmuşdur. Bir növ manat avroya bağlı idi. Bir manat bir avro. İndi isə bir manat bir avrodan daha da qiymətlidir və bahalıdır. Əlbəttə ki, sosial məsələlərin həlli üçün bu, müsbət amildir. Ancaq biz bütün məsələlərə kompleks şəkildə yanaşmalıyıq. İqtisadiyyat, ixrac potensialımız üçün bu, o qədər də müsbət hal deyil. Ona görə hesab edirəm ki, manatın bundan sonra da avroya qarşı bahalaşması müsbət hal deyil. Hesab edirəm ki, bir manat bir avro səviyyəsində qalarsa, makroiqtisadi vəziyyət təmin ediləcək. Eyni zamanda, bu, insanların gündəlik həyatına ancaq müsbət təsir göstərəcək. Eyni zamanda, bizim ixracımız üçün heç bir problem yaranmamalıdır. Çünki Azərbaycan iqtisadiyyatı bundan sonra ixracyönümlü iqtisadiyyat kimi inkişaf etməlidir. Bir qədər sonra mən bu barədə öz fikirlərimi daha da geniş şəkildə deyəcəyəm. Ona görə ixracın inkişafı, təşviqi indi gündəlikdə duran məsələlərdir. Manatın məzənnəsi isə burada önəmli rol oynayır. Ona görə hesab edirəm, müvafiq qurumlar, hökumət, Mərkəzi Bank bu məsələlərə diqqətlə yanaşmalıdırlar ki, manat həddindən artıq bahalaşmasın.
Maliyyə resurslarımız kifayət qədər böyükdür. Xarici borc ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir. Bu, dünya miqyasında ən gözəl göstəricilərdən biridir. Bu göstəriciyə görə bəlkə də biz dünyada birinci 10 ölkənin arasındayıq. Bütün işləri daxili resurslar hesabına görmüşük. Bax, bu göstərici onu əyani şəkildə təsdiq edir. Biz borclanmamışıq, lazım olan borcları götürməmişik. Halbuki götürə bilərdik. Hazırda Azərbaycanın kredit reytinqi, makroiqtisadi vəziyyəti, valyuta ehtiyatları o qədər müsbət mənzərə yaradır ki, biz xarici bazarlardan istənilən məbləğdə - 10 milyard, 20 milyard, 30 milyard dollar vəsait götürə bilərik, ancaq götürmürük. Çünki bayaq qeyd etdiyim kimi, bu məsələyə məsuliyyətlə yanaşırıq. Xarici borc daim aşağı səviyyədə olmalıdır. Biz əslində bu borcu bir gündə də ödəyə bilərik. Çünki xarici borcumuz valyuta ehtiyatlarımıza nisbətdə təxminən 10 faizdən bir qədər çox rəqəm təşkil edir. Ona görə xarici borc aşağı səviyyədədir. Bu, müsbət haldır. Müsbət hal kimi də qalmalıdır. Bu il də bizim büdcəmizdə xarici borcun qaytarılması üçün vəsait nəzərdə tutulur.
Bununla bərabər, qeyd etməliyəm ki, neftin qiymətinin düşməsi istər-istəməz bizim gəlirlərimizə təsir göstərir. Biz daha əvvəlki illərdə olduğu kimi, valyuta ehtiyatlarımızı artıra bilməyəcəyik. Bu, reallıqdır, bunu hamı bilməlidir. Belə olan halda əlbəttə ki, israfçılığa yol verilməməlidir. Əgər əvvəlki illərdə biz bəzi hallarda o qədər də böyük prioritet təşkil etməyən layihələri də investisiya proqramına daxil edirdiksə, artıq o dövr bitdi. İnvestisiya proqramına ancaq prioritet məsələlər salınır. Eyni zamanda, ciddi nəzarət aparılmalıdır. Həm dövlət strukturları, həm dövlət şirkətləri artıq xərclərə yol verməməlidirlər. İsrafçılığa, ümumiyyətlə, yol vermək olmaz - nə həyatda, nə siyasətdə, nə də ki, iqtisadi məsələlərin həllində, o cümlədən indiki şəraitdə. Neftlə zəngin olan bütün ölkələr, böyük potensiala malik olan ölkələr öz büdcələrini ixtisar edirlər, özü də böyük dərəcədə. Xərcləri ixtisar edirlər. Bu da təbiidir. Hər adam yorğanına görə ayağını uzatmalıdır. Hökumətlər də, dövlətlər də eyni qayda ilə hərəkət etməlidirlər. Ona görə bir daha demək istəyirəm ki, bizim nəzarət orqanlarımız buna nəzarət etsinlər, yerlərdə israfçılığa yol verilməməlidir. Hər bir vəsaitdən böyük səmərə ilə istifadə edilməlidir ki, bizim ümumi makroiqtisadi vəziyyətimiz bundan sonra da yüksək səviyyədə olsun.
Bununla bərabər, prioritet xarakter daşıyan bütün layihələr icra ediləcək, o cümlədən infrastruktur layihələri, sosial layihələr. Bu il məktəblərin tikintisi və təmiri nəzərdə tutulur. Tibb ocaqlarının, idman qurğularının, xüsusilə uşaq bağçalarının tikintisi son illərdə Azərbaycanda geniş vüsət almışdır. Bu proses davam etdirilməlidir. Çünki işsizliyin aradan qaldırılması nəticəsində indi ailədə hər iki valideyn işlə təmin olunur. Belə olan halda uşaq bağçalarının sayının artırılmasına çox böyük ehtiyac var. Yəni, bu məsələlər bir-biri ilə görürsünüz, nə qədər bağlıdır. İqtisadi inkişaf, iş yerlərinin yaradılması, işsizliyin aradan qaldırılması bax, diktə edir ki, bu məsələ də öz həllini tapsın. Eyni zamanda, iqtisadi inkişaf və müsbət demoqrafik vəziyyət diktə edir ki, iş yerlərinin yaradılmasına diqqət daim yüksək səviyyədə olmalıdır. Çünki Azərbaycan üçün bu, daimi prosesdir. Bizdə demoqrafik vəziyyət müsbətdir, əhali artır, artıq əhalimiz 10 milyona yaxınlaşır. Ona görə hər il biz on minlərlə yeni iş yerlərini yaratmalıyıq ki, işsizlik aşağı səviyyədə olsun.
İnfrastruktur layihələrinin icrası davam etdiriləcək. Burada elektrik xətlərinin təmiri xüsusi əhəmiyyət daşıyır, çünki artıq yeni güclər yaranıb. Ötürücü xətlərə də vəsait ayrılıb. Bütün xətlər yenidən qurulmalıdır, təmir edilməlidir. İçməli su, kanalizasiya layihələri, - burada qeyd olundu “Azərsu”, eyni zamanda, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən icra edilir. Yəni, üç qurum bu işlərlə məşğul olur. Çaylar boyunca yerləşən kəndlərdə modul tipli təmizləyici qurğular quraşdırılır. Bu məqsədlə Prezidentin ehtiyat fondundan vəsait ayrılmışdır. Artezian quyularının qazılması bu il davam etdiriləcək. Bu məqsədlə də Prezidentin ehtiyat fondundan vəsait ayrılmışdır. Bu il üç yüzdən çox artezian quyusu qazılacaqdır. Bu sahə daim diqqət mərkəzindədir.
Bütün şəhərlərdə ictimai yerlər, parklar, xiyabanlar, gəzinti yerləri yaradılır. Mən bunu alqışlayıram. Əslində, bu işin təşəbbüskarı mən olmuşam. Bakıda, bütün rayonlarda həm şəhərlər gözəlləşir, eyni zamanda, insanların asudə vaxtlarını səmərəli keçirmələri üçün yeni, gözəl imkanlar yaradılır. Bu sahə də diqqətdən kənarda qalmamalıdır.
Qeyri-neft sektorunun inkişafı bizim üçün həmişə prioritet olub. Bunun nəticəsidir ki, bu gün ölkə iqtisadiyyatı dünyada çoxşaxəli iqtisadiyyat kimi tanınır. Keçən il qeyri-neft sektorumuz 7 faiz, 2013-cü ildə isə 9 faiz artmışdır. Bizim ümumi daxili məhsulumuzun tərkibində qeyri-neft sektoru üstünlük təşkil edir. Getdikcə bu rəqəm daha da artacaq və artmalıdır. Biz əlbəttə ki, bu məqsədlərə çatmaq üçün lazımi tədbirləri görürük. Burada sahibkarlığın inkişafı əlbəttə ki, öz müsbət rolunu oynayır. Çünki qeyri-neft sektorumuz sahibkarlığın inkişafı hesabına böyük dərəcədə tərəqqi edir.
Son 11 il ərzində Sahibkarlara Kömək Milli Fondunun xətti ilə iki milyard dollar məbləğində güzəştli kreditlər verilmişdir. Bu kreditlər iqtisadiyyatın real sektoruna ayrılmışdır. Kreditlərin böyük əksəriyyəti kənd təsərrüfatı məsələlərinə, qalan hissə isə sənaye müəssisələrinin yaradılmasına yönəldilmişdir. Bu il də vəsait nəzərdə tutulur və biz görürük ki, bu kreditlər, doğrudan da, gözəl nəticələrə gətirib çıxarır. Həm sahibkarlarda inam artır, çünki Azərbaycan dövləti bu layihələrdə, necə deyərlər, onlarla ortaqdır və öz payını güzəştli şərtlərlə təqdim edir, vəsait ayırır. Eyni zamanda, sahibkarların uğurlu fəaliyyəti üçün İqtisadiyyat və Sənaye Nazirliyi müxtəlif metodik sənədlər də tərtib edib ki, istənilən həcmli biznesi başlamaq istəyən üçün gözəl vəsait, yəni, əyani vəsait kimi təqdim edilir.
Bank sektorunun inkişafı son illərdə sürətlə getmişdir. Azərbaycanda indi bank sektorunda konsolidasiya gedir. Nizamnamə kapitalının artırılması nəticəsində artıq bu, bank sisteminə, ümumiyyətlə, çox müsbət təsir göstərmişdir, ölkəni və əhalini hər hansı bir sürprizdən qoruyur. Çünki artıq banklarımızın kifayət qədər böyük nizamnamə kapitalı var. Bizim banklarımızın bir neçəsi artıq xarici bazarlara çıxır, xaricə investisiya qoyur. Mən prinsip etibarı ilə buna etiraz etmirəm. Ancaq hesab edirəm ki, ilk növbədə, o bankların ki, böyük resursları var, ölkə iqtisadiyyatına vəsait ayırsınlar. Mən bir dəfə bu barədə demişəm, bir daha demək istəyirəm ki, üstünlük istehlak kreditlərinə yox, real sektora verilməlidir. Bank sektorunun əsas fəaliyyəti yeni müəssisələrin yaradılmasına, iş yerlərinin açılmasına yönəldilməlidir. Çünki Azərbaycan dövləti bank sektorunun formalaşmasında çox böyük rol oynamışdır. Azərbaycan dövləti və hökuməti həmişə bank sektoruna dəstək olmuşdur, eyni zamanda, onlara maliyyə resursları da verir, təmin edir, onlar üçün qazanc mənbəyi yaradır. Yəni, bank sektoru bunu düzgün qiymətləndirməlidir və dövlətə minnətdar olmalıdır ki, bunlara bu qədər qayğı göstərir. Dövlət də, öz növbəsində, indi onlardan daha da fəal iş gözləyir. Hesab edirəm ki, ən azı ildə iki dəfə bu barədə məlumat verilməlidir.
Azərbaycan bankları hansı həcmdə, hansı layihələrə, hansı rayonlarda, yaxud da Bakı şəhərində hansı vəsait ayırıblar? Bax, bu məlumat olmalıdır. Mən də, ictimaiyyət də görsün ki, bank sektoru ancaq öz cibini güdmür, eyni zamanda, ölkənin inkişafı üçün də fəal çalışır. Mən bir dəfə bu barədə demişəm, bir daha demək istəyirəm ki, biz banklardan sosial məsuliyyət gözləyirik. Eyni zamanda, bu gün Azərbaycanda elə gözəl biznes mühiti yaranıb ki, ölkəmizə qoyulan vəsait özünü doğruldacaq və doğruldur.
Keçən il Azərbaycanda “Sənaye ili” elan edilmişdir. Bu, bizim siyasətimizi göstərir. Çünki sənayeləşmə Azərbaycanda uğurla aparılır. Sənayeləşmə aparılmasaydı, biz həmişə neft amilindən asılı vəziyyətdə olacaqdıq. Çoxsaylı sənaye müəssisələri yaradılıbdır. Mənim göstərişimlə indi hər bir rayonda sənaye zonası yaradılmalıdır. Artıq yaxın zamanlarda bu proses də başlayacaq. Burada yerli icra orqanlarının nümayəndələrinin də böyük dəstəyinə ehtiyac vardır. Çünki onlar bu işi yerlərdə təşkil etməlidirlər ki, bu zonalar müəyyən edilsin. Orada infrastruktur layihələri icra edilməlidir, kommunikasiyalar yaradılmalıdır. Əlbəttə ki, dövlət bu işi öz üzərinə götürür. Ancaq bütün təşkilati məsələlərin həllində də yerli icra orqanları fəal iştirak etməlidirlər.
Azərbaycanda texnoparklar yaradılır və bu proses sürətlə gedir. Sənaye klasterləri yaradılır, yaradılacaqdır. Böyük, nəhəng sənaye obyektləri tikiləcəkdir. Xüsusilə mən burada metallurgiya kompleksinin tikintisini qeyd etmək istəyirəm. Çünki bu, bir növ bizim üçün yeni sənaye sahəsi olacaq ki, bunun da xammal, resurs bazası var, ixrac imkanları da kifayət qədər genişdir. Ona görə bu sahəyə dövlət investisiyaları qoyulur. O sahələr ki, ölkəmiz üçün strateji əhəmiyyət daşıyır və o sahələr ki, öz növbəsində, həm ixrac potensialımızı artıracaq, eyni zamanda, özəl sektorun fəaliyyətinə təkan verəcək, o sahələrə dövlət investisiyalar qoyur, qoymalıdır. Çünki böyük metallurgiya kompleksinin işə düşməsi nəticəsində minlərlə şirkət, özəl şirkət yaranacaq ki, orada hazırlanan məhsullardan son məhsulu Azərbaycanda istehsal etsin və biz idxaldan asılılığımızı azaldaq.
Bakı, Sumqayıt, Gəncə bizim əsas sənaye şəhərlərimizdir. Eyni zamanda, Mingəçevir də böyük sənaye şəhərinə çevrilməlidir. Sumqayıt, nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir. Gəncə şəhəri isə əminəm ki, gələcəkdə Cənubi Qafqazın üçüncü böyük sənaye şəhərinə çevriləcəkdir. Bu məqsədlər üçün lazımi tədbirlər görülür.
Son vaxtlar sürətlə inkişaf edən sənaye sektorumuz imkan verir ki, biz özümüzü tikinti materialları ilə də təmin edək. Tikinti materialları ilə də bağlı çox gözəl mənzərə yaranmışdır. İndi mən bəzi rəqəmləri səsləndirəcəyəm, ilk növbədə, ictimaiyyət, eyni zamanda, biznes qurumları da bunu bilsinlər ki, hansı sahələrə onlar daha çox investisiya qoysunlar.
Azərbaycan bazarı böyüyür. Azərbaycan indi kiçik ölkə sayıla bilməz. Əhali təxminən 10 milyona yaxınlaşır. Biz əhalinin sayına görə orta səviyyəli ölkəyik. Ancaq bu qədər sürətli inkişafın getdiyi bir ölkədə əlbəttə ki, daxili bazar ya yerli məhsullarla artıq tam dolacaq, ya da ki, bir neçə ildən sonra. Ona görə gələcəkdə Azərbaycan iqtisadiyyatının hərəkətverici qüvvəsi ixrac potensialımız olacaq. İxrac potensialı yaratmaq olar və yaradırıq. İndi söyləyəcəyim rəqəmlər bunu göstərəcək. Ancaq biz gərək ixrac bazarları da əldə edək.
İndi bazarlar uğrunda mübarizə gedir. Böyük dövlətlər, böyük sənaye potensialına, əlaqələrə, təsir gücünə malik olan ölkələr bütün mövcud bazarları əldə ediblər. Onlar bir çox hallarda siyasi nüfuzdan istifadə edərək digər ölkələrin bazarlarına öz məhsulları ilə çıxırlar və düz də edirlər. Biz də bunu edirik və etməliyik. Siyasi hakimiyyət biznesi dəstəkləməlidir. Azərbaycan dövləti də, biz də dəstəkləyirik. Sənaye məhsullarının istehsalında, ilk növbədə, iş adamları yeni bazarlara çıxmalıdırlar. Mən bunu dəfələrlə demişəm, xaricdə fəaliyyət göstərən səfirlərlə görüşlərdə onlara da tapşırmışam, gedin, çalışdığınız ölkələrdə Azərbaycan biznesi üçün şərait yaradın ki, gəlsinlər, öz ixrac məhsulları ilə o bazarlara girsinlər.
Bizim ümumi daxili məhsulumuzda neft amili artıq üstünlük təşkil etmir. Amma ixrac potensialımızın əksəriyyəti təbii resurslarımızdır. Biz hazır məhsullarla xarici bazarlara çıxmalıyıq, indi çıxırıq və çıxacağıq. Ona görə söyləyəcəyim rəqəmlər iş adamlarına da bir tövsiyə olmalıdır ki, artıq bu sahələrdə biz özümüzü təmin etmişik. Bu sahələrə vəsait qoymaq istəyirsinizsə siz artıq rəqabətqabiliyyətli sənaye müəssisəsi yaratmalısınız ki, indi mövcud olan şirkətlərlə rəqabətdə siz udasınız. Yoxsa, əgər biz hansısa bir məhsulla özümüzü yüz faizdən çox təmin ediriksə, indi buna bənzər başqa eyni sənaye müəssisəsinin yaranmasına nə ehtiyac var? Ona görə burada tənzimləmə işlərini aparan İqtisadiyyat və Sənaye Nazirliyi ixrac bazarlarına çıxmağımız üçün daha da çox iş görməlidir.
Beləliklə, əsas tikinti materiallarının istehsalı üzrə son məlumat: Sement istehsalı - Azərbaycanda istehlak 4,4 milyon ton. Daxili istehsal hazırda 3 milyon ton. Amma ölkə üzrə istehsal gücü 5,2 milyon ton. Yəni, gələn il, bəlkə də bu il biz özümüzü sementlə tam şəkildə təmin edəcəyik və sement zavodları məhsullarını ixrac edəcək. Ona görə hazırda yeni sement zavodunun tikintisinə ehtiyac yoxdur.
Bentonit - istehlak 8 min ton, istehsal 85 min ton, ixrac etmişik 72 min ton, istehsal gücü 250 min ton, yəni, 100 faizdən çox. Gips -istehlakımız 58 min tondur, daxili istehsal 193 min ton, potensial 3 yüz min ton, yəni, üç dəfə çoxdur.
Beton bloklar, borular - istehlak 100 min ton. 100 min ton da istehsal edirik, potensial 300 min ton, 100 faizdən çox. Alçipan, yəni, karton gips 12 milyon kubmetr istehlak edirik. Daxili istehsal 11 milyon, istehsal gücü 16 milyon, 100 faizdən çox.
Polietilen borular - daxili istehlak 22 min tondur. 18 min ton istehsal olunur. İstehsal gücü 300 min tondan çoxdur və artıq ixrac da edilir.
Mərmər və qranit - Azərbaycanda istehlak 83 min ton. İxrac edirik 30 ton. İstehsal edirik 62 min ton və potensial 100 min tondan çox.
Əhəng - 20 min ton istehlak olunur. 14 min ton daxili istehsal və 40 min tondan çox istehsal gücü. Bu da 100 faizdən çox.
Elektrik kabelləri - 10 min ton istehlak edirik. 5 min ton istehsal edirik, potensial 40 min tondan çoxdur.
Poladdan uzun yayma məhsullar - 335 min ton istehlak edirik. Daxili istehsal 235 min ton, potensial 500 min ton, yəni, burada biz özümüzü təmin etmirik.
Metal konstruksiyalar 114 min ton daxili istehsal, 200 min tondan çox istehsal gücü, 100 faizdən çox.
Seramik plitələr - 8 milyon kubmetr Azərbaycanda istehlak olunur və 4 milyon kubmetr bizim potensialımız var. Bax, budur əsas tikinti materialları. Demək olar ki, biz özümüzü əsas tikinti materialları ilə təmin etmişik və ona görə ixrac edirik. Gələcəkdə bax, bu sahəyə qoyulan investisiyalar bu statistikanı nəzərə almalıdır.
Bu il “Kənd təsərrüfatı ili” elan edilmişdir. Bu, bizim üçün prioritetdir. Gələcəkdə kənd təsərrüfatı, sənaye inkişafı bu qeyri-neft sektorunun əsas istiqamətləridir, islahatlar aparılır. Bu gün bu barədə məlumat verildi, həm struktur islahatları aparılır, eyni zamanda, kənd təsərrüfatının səmərəliliyinin artırılması üçün tədbirlər görülür. Ərzaq təhlükəsizliyi hər bir ölkə üçün böyük önəm daşıyır. Biz sovet dövründə özümüzü əsas ərzaq məhsulları ilə təmin edə bilməmişik. Ona görə yox ki, təmin edə bilmirdik. Ona görə ki, o vaxt - sovet dövründə bir bölgü var idi. Azərbaycanda neft, ağır sənaye, neft-kimya, pambıq, üzüm istehsalı və s. Ancaq o vaxt heyvandarlığın o qədər də inkişaf etməsinə imkan vermirdilər. Ona görə biz əsas ərzaq məhsullarını Rusiyadan, Ukraynadan gətirirdik. Yəni, belə bölünürdü. Sovet xalq təsərrüfatı sistemi belə idi. Ona görə müstəqilliyin ilk dövrlərində biz idxaldan böyük dərəcədə asılı vəziyyətə düşmüşdük. Bu vəziyyəti dəyişmək üçün çox ciddi tədbirlər görüldü və son illər ərzində biz ərzaq təhlükəsizliyimizi demək olar ki, təmin etmişik. Bu barədə də mən rəqəmləri bir qədər sonra səsləndirəcəyəm.
Müasir texnika, cins mal-qara alınır. Fermerlərə güzəştlər edilir. Fermerlər bildiyiniz kimi, torpaq vergisindən başqa bütün vergilərdən azaddırlar. Kənd təsərrüfatının inkişafında ən qabaqcıl təcrübə tətbiq edilməlidir. Taxılçılıqda iri fermer təsərrüfatları yaradılıbdır və biz bunun gözəl nəticələrini görürük. Bu iri fermer təsərrüfatlarında məhsuldarlıq orta məhsuldarlıqdan iki dəfə çoxdur – 55 sentner. Bu il isə bizdə taxılda məhsuldarlıq 23 və ya 24 sentnerdir. Yəni, bu proses davam etdiriləcək. Birinci mərhələdə 4 min 8 yüz hektar torpaq sahəsi əhatə edilmişdir. İndi icra edilən layihələr çərçivəsində 30 min hektar torpaqda iri fermer təsərrüfatları fəaliyyət göstərəcək.
Bir daha demək istəyirəm ki, biz dünyanın ən qabaqcıl təcrübəsini, müasir texnikanı tətbiq etməliyik, bütün lazımi tədbirləri görməliyik, xidmət lazımi səviyyədə göstərilməlidir. Burada səslənən məsələlər də öz həllini tapmalıdır. Yem təminatı əsas məsələdir, toxum fondu yaradılmalıdır. Biz özümüzü indi yeni texnika ilə təmin edirik. Hesab edirəm ki, yaxın illərdə biz bu məsələni tam şəkildə həll edəcəyik.
İstifadəsiz qalan torpaqlar da kifayət qədər çoxdur. Vaxtilə kimsə onları ya zəbt edib, ya icarəyə götürüb. İcarəyə götürüb və elə də qoyub gedib. Deyir ki, mənim orada, burada torpağım var. Sənin torpağın varsa, get, o torpaqda iş gör. Yəni, hesab edirəm ki, biz istifadəsiz torpaqların taleyi ilə bağlı tədbir görməliyik. Kim torpağı icarəyə götürüb istifadə etmirsə, gərək o icarə müqavilələri ləğv edilsin. O müqavilələr verilsin o torpaqda işləyənə. Yoxsa torpağı götürürlər, ondan sonra təyinatı dəyişdirirlər, daha sonra o torpaqlarda müxtəlif obyektlər tikilir və s. Bu, yolverilməzdir. Yerli icra orqanlarının nümayəndələri nəzarət etməlidirlər. Onların rayonlarında əgər kimsə bu işlə məşğul olursa, buna qarşı tədbir görülməlidir.
Mərkəzi orqanlar da burada yeni təkliflərlə çıxış etməlidirlər ki, istifadəsiz torpaqlar olmasın. Onsuz da bizim o qədər də çox torpağımız yoxdur. İcazə verə bilmərik ki, istifadəsiz qalsın, yaxud da ki, torpaqdan səmərəli şəkildə istifadə edilməsin. Əksinə, mən keçən il demişəm, bir daha demək istəyirəm ki, hər bir rayonda ixtisaslaşma aparılmalıdır. Hansı rayonda nə əkilməlidir, hansı məhsul yetişdirilməlidir?! Budur, bizim əsas işimiz.
Ona görə kənd təsərrüfatının inkişafı prioritet məsələdir. Bu, sosial, iqtisadi sahədir, qeyri-neft sektorunun inkişafı üçün dəstəkdir. Üstünlüyümüz ondan ibarətdir ki, bizim ətrafımızda böyük bazarlar var. O bazarlara bizim ənənəvi çıxışlarımız var. Azərbaycan məhsulları o bazarlarda tanınır və o bazarlarda Azərbaycan məhsulunun artımını gözləyirlər. Ona görə biz ənənəvi bazarlarda işləməliyik, daha fəal, daha da geniş əhatə dairəmiz olmalıdır və biz yeni bazarlara çıxmalıyıq, həm regional, həm beynəlxalq. Biz Avropa bazarlarına çıxmalıyıq. Bizdə indi emal müəssisələri dünya səviyyəsinə cavab verir, gözəl müəssisələrdir. Onların - əsas emal müəssisələrinin açılışlarında mən şəxsən olmuşam, yəni, bilirəm, onların vəziyyəti necədir. İstehsal olunan məhsullar da keyfiyyətlidir. Biz niyə Avropa bazarlarına çıxmayaq?! Biz nə vaxtsa Dünya Ticarət Təşkilatına üzv olacağıq. Biz buna əlbəttə ki, hazır olanda. Hazır olmaq üçün gərək ixrac potensialımız çoxşaxəli olsun.
Ona görə kənd təsərrüfatı məhsullarının istehsalı, daxili tələbatın ödənilməsi və ixracı bir sistem olmalıdır. Kənd təsərrüfatı intensiv metodlarla inkişaf etməlidir. Eyni zamanda, Taxtakörpü, Şəmkirçay su anbarlarının tikintisi nəticəsində on minlərlə hektar torpaq sahələri dövriyyəyə buraxılacaq. Artıq bu il işlər başlanıbdır. Səhraya bənzəyən yerlər gül-çiçək, bostan, bağ olacaq. Budur, bizim işimiz.
Artıq o yerlər müəyyən edilib. İndi Azərbaycanda aqroparklar tikilir. Şəmkirçay su anbarının açılışı günü aqroparkın təməl daşı qoyuldu. Nə üçün? Çünki Şəmkirçay su anbarı tikildi. Şəmkirçay su anbarı tikilməsəydi, orada aqroparkı heç kim tikməzdi. Çünki su olmayan yerdə hansı aqropark ola bilər. Ona görə bunlar bir-biri ilə bağlı olan məsələlərdir. Aqroparkların tikintisi geniş vüsət almalıdır.
Biz özümüzü ərzaq məhsulları ilə 100 faiz təmin etməliyik və ixrac etməliyik. İndi mən rəqəmləri deyəcəyəm. Ümumiyyətlə, bir daha demək istəyirəm ki, ixrac olmadan Azərbaycan iqtisadiyyatı, həmçinin qeyri-neft sektoru inkişaf edə bilməz. Çünki biz daxili tələbatı artıq ödəyirik. İxrac, bir daha demək istəyirəm ki, düşünülmüş siyasət nəticəsində mümkündür.
“Yaşıl market”lər Azərbaycanda yaranmaqdadır. Bu da bir yenilik olacaq. Bakıda yaranır. Gələcəkdə bütün şəhərlərdə yaranmalıdır.
Torpaqların elektron uçot sistemi məsələsi var, - bu məsələ ilə bağlı mən öz fikirlərimi keçən il demişəm. Bu, torpaqlardan səmərəli istifadə etmək üçün əsas şərtdir. Biz bilməliyik ki, harada, nə qədər, hansı keyfiyyətə və münbitliyə malik olan torpaq sahələrimiz var. Bütün bu məsələlər dünyanın inkişaf etmiş ölkələrində çoxdan həll olunub. Bizim indi belə gözəl imkanımız var. “Azersky” ikinci peykimizdir. Bu peykin üstünlüyü ondadır ki, o, Yer səthini böyük dəqiqliklə müşahidə edir. Yəni, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi bu imkanlardan istifadə etməlidir. Bu, sizə əlavə bir dəstək olacaq. O peykdən bütün sahələri müşahidə etmək mümkündür ki, harada hansı torpaq var, bu torpaq kimə məxsusdur, bu torpağın ölçüləri nədir, orada nə əkilir və nə əkilməlidir. Bu tövsiyələr verilməlidir. Elektron uçot sistemi budur. Yoxsa, biz indi kortəbii, belə arayışda, kağızda, xəritə ilə işləyirik. İş belə getməyəcək. Bu işdə müasir yanaşma olmalıdır. Özü də bir daha demək istəyirəm ki, bütün şəraiti yaradırıq, vəsait ayırırıq. Dəfələrlə torpaqların elektron uçotu haqqında demişəm. Yaxşı, mən nəticə gözləyirəm. Ona görə nəticə çıxarın. Gələn müşavirədə torpaqların elektron uçotu ilə bağlı mənə məruzə edilməlidir.
Ümumiyyətlə, “elektron kənd təsərrüfatı” layihəsi lazımi səviyyədə getmir. Ona görə ciddi tədbir görün. Yerlərdə icra başçıları, şöbələr bütün məlumatları dəqiqliklə verməlidirlər. Bu təhlil bir yerdə aparılmalıdır. “Azersky”dan müşahidə aparılarkən bu məlumatlar təsdiq edilməlidir. Ondan sonra düyməni basıb biz biləcəyik ki, harada nəyimiz var, nə əkilməlidir və haradan istifadə olunmur. Çünki mən bilirəm ki, istifadəsiz torpaqlar çoxdur. Amma dəqiqliklə kim mənə deyə bilər ki, haradan istifadə olunur, haradan yox. İndi yerlərdən istənilən arayış da verilə bilər. Amma nəzarət mexanizmi olmalıdır. İnsanlar o yerlərə ezam edilməlidir, müşahidə aparılmalıdır, müşahidə də yuxarıdan təsdiqlənməlidir.
İndi peykimizin olduğu bir vaxtda nəyisə gizlətmək, yaxud da ki, əksinə, nəyisə artırmaq, rəqəmləri şişirtmək çətin olacaq. Buna da son qoyulmalıdır və son qoyulur. Kənd təsərrüfatı məhsullarının bəzilərinin istehsalının aşağı düşməsi təkcə quraqlıqla bağlı deyil. İndi kənd təsərrüfatı naziri bəlkə də demək istəmirdi. Dedi ki, quraqlıqla bağlıdır. Təkcə quraqlıqla bağlı deyil. Çünki əvvəllər qiymətlər şişirdilirdi. Nəyə görə? Subsidiyalara görə. Məgər burada oturanlar bilmir subsidiyalarda hansı pozuntular baş verirdi? Yaxşı bilir və bəziləri bu pozuntuların iştirakçılarıdır. Ona görə buna son qoyulmalıdır. Dövlət bu pulu fermerlərə verir, məmurlara yox. Ona görə indi statistik göstəricilər daha da realdır.
Nəticə çıxarın. Bir daha demək istəyirəm ki, bütün işlərdə şəffaflıq olmalıdır. Bütün sahələrdə səmərəli iş aparılmalıdır. Ancaq o təqdirdə Azərbaycanın uğurlu inkişafı təmin oluna bilər.
Qeyd etdiyim kimi, təşviq sistemi yaradılmalıdır. Bir çox ölkələrdə belə sistem var. Əvvəllər biz buna o qədər də meyilli deyildik, çünki bizim ixrac potensialımız da yox idi, ancaq hələ idxaldan asılılığı azaltmaqla məşğul idik. İndi isə ixrac potensialımız var, ona görə təşviq sistemi yaradılmalıdır. Mən İqtisadiyyat və Sənaye Nazirliyinə tapşırıram ki, bu mexanizmi işləyin. Yaxın vaxtlarda biz bunu müzakirə edəcəyik. Bu, sahibkarlara imkan verəcək ki, daha da maraqlı olsunlar və öz məhsullarını xaricə satsınlar. Beləliklə, onlar üçün əlavə güzəştlər olacaq.
Ərzaq təhlükəsizliyi ilə bağlı görülən işlərin statistik əksi bu arayışdadır. Mən indi bəzi rəqəmləri səsləndirəcəyəm. Mal əti - özümüzü təminetmə səviyyəsi 87 faiz, qoyun əti - 97 faiz, quş əti - 98 faiz, yumurta - 100 faiz, süd və süd məhsulları - 76 faiz, taxıl - 60 faiz, üzüm - 98 faiz, kartof - 90 faiz, bostan məhsulları - 100 faiz, meyvə və giləmeyvə - 120 faiz, tərəvəz - 103 faiz, duz - 87 faiz, şəkər və şəkərdən hazırlanan məhsullar - 170 faiz. Ancaq burada nəzərə alınmalıdır ki, şəkər tozunun istehsalının maya dəyərində 64 faiz xam şəkər idxal olunur, 36 faiz dəyər Azərbaycanda formalaşır. Bitki yağları və marqarin - 77 faiz, kərə yağı - 52 faiz, makaron məmulatları - 58 faiz. Bu cədvəldə göstərilir ki, bizim gələcək fəaliyyətimiz hansı istiqamətlərdə daha da ciddi olmalıdır. Biz bütün bu pozisiyalar üzrə 100 faiz səviyyəsinə çatmalıyıq. Burada ən ağır pozisiya əlbəttə ki, taxıldır. Ancaq hesab edirəm ki, iri fermer təsərrüfatlarının yaradılması nəticəsində biz bu məqsədə çatacağıq.
Mən hesab edirəm ki, üçüncü proqramın başa çatması nəticəsində biz bütün bu rəqəmləri 100 faizdən artıq səviyyədə görməliyik və görəcəyik.
Regionlarda, ümumiyyətlə, ekoloji vəziyyət yaxşıdır. Biz ekoloji tədbirlərin görülməsi üçün daha çox diqqəti Bakıya yönəldirik, bu da təbiidir. Bölgələrdə yaxşıdır, amma bu, daim diqqət mərkəzində olmalıdır.
Azərbaycanda turizmin inkişafı sürətlə gedir, yeni otellər, istirahət zonaları, beynəlxalq səviyyəli istirahət zonaları açılır. Bizdə turizm potensialı şimal, şimal-qərb, cənub və qərb bölgələrində, əlbəttə ki, Bakı şəhərində inkişaf edir. Biz vaxtilə fəaliyyət göstərən, sonra köhnəlmiş turizm yerlərimizi bərpa edirik. Misal üçün, indi Naftalan öz şöhrətini özünə qaytarır. Naftalan Sovet İttifaqı zamanında bir mərkəz idi. İndi beynəlxalq mərkəzdir. Burada üç gözəl otel fəaliyyət göstərir. Mən üçünün də açılışında olmuşam. Yeni otellər tikilir və gözəl bir turizm mərkəzidir. “Qalaaltı” müalicəvi su kurortunda da artıq böyük işlər görülür. Yəqin ki, bu il açılacaqdır. Qusar rayonunda yerləşən “Şahdağ” xizək kurortu da indi dünya səviyyəli turizm mərkəzidir. Digər bölgələrdə, cənub və qərb bölgələrində turizm imkanları genişlənir.
Bölgələrdə xidmətlər göstərilir. “ASAN xidmət” mərkəzlərinin sayı artıq yeddiyə çatıb. Üç mərkəz də bu il açılacaq. Beləliklə, bölgələrdə altı, Bakıda dörd mərkəz fəaliyyət göstərəcək. Gələcəkdə onların sayını artıracağıq. On avtobusla səyyar xidmət də göstərilir və bütün bölgələrdən “ASAN xidmət”lə bağlı çox müsbət məlumatlar gəlir. Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə “ASAN xidmət” bir dönüş yaratdı. Ona görə biz bu sistemi bütün sahələrdə tətbiq etməliyik.
Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə böyük uğurlar var. Beynəlxalq qurumlar da bunu qeyd edir, əhali də bunu yüksək qiymətləndirir. Cəza tədbirləri, inzibati tədbirlər və sistem xarakterli islahatlar aparılır ki, biz bu bəlanı, bu yaranı aradan götürək.
Ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu sahədə də nümunəvi ölkə olmalıdır. Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq. Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir. Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır. Deyə bilərəm ki, əksər hallarda biz müsbət mənzərə görürük. Ancaq mənfi mənzərə ilə üzləşəndə tədbir də görülür, məmurlar cəzalandırılır. Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar. Hər dəfə icra başçılarını işə təyin edərkən mən onlara öz sözlərimi deyirəm: Gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim. Hər yerdə belə olmalıdır. Çünki bir daha demək istəyirəm ki, Azərbaycanın inkişafı və ictimai-siyasi vəziyyətin müsbət istiqamətdə inkişafı bütün dünyada gedən böhranlardan asılı olmayaraq, bizim böyük sərvətimizdir. Müstəqil Azərbaycan bu gün nadir inkişaf dövrünü yaşayır. Azərbaycanda sürətli inkişaf prosesi gedir, düşünülmüş siyasət, müstəqil siyasət aparılır. Budur bizim uğurlarımızın təməlində dayanan əsas amillər. İqtisadi, siyasi islahatlar aparılır, bütün azadlıqlar təmin edilir, demokratiyanın inkişafı sürətlə gedir və xalqla iqtidar arasındakı birlik uğurlu inkişafımızın əsas amilidir.
Bu gün dünyada nadir Azərbaycan inkişaf modeli var. Artıq biz bu barədə də danışa bilərik, çünki bu model, doğrudan da, bir nümunə kimi hər bir ölkə üçün maraqlı olmalıdır. Siyasi, iqtisadi islahatlar, müstəqil siyasət, dinlərarası dialoq, yüksək səviyyəli milli dini tolerantlıq, dözümlülük, sosial siyasət və görülən işlər göz qabağındadır. Bunu dost görür sevinir, düşmən gəlib görəndə kefi pozulur. Biz bundan sonra da elə işləməliyik ki, xalqımız, dostlarımız sevinsin, düşmənin pis niyyəti gözündə qalsın. Əminəm ki, belə də olacaq, Azərbaycan bundan sonra da uğurla inkişaf edəcəkdir. Sağ olun.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.