Dünya İqtisadi Forumu çərçivəsində “Regionların transformasiyası: Avrasiya” mövzusunda sessiya keçirilib

Prezident İlham Əliyev sessiyada iştirak edib

Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos İqtisadi Forumu çərçivəsində keçirilən “Regionların transformasiyası: Avrasiya” mövzusunda sessiyada iştirak edib.

Sessiyanın aparıcısı iştirakçıları təqdim etdikdən sonra mövzu ilə bağlı sözü Azərbaycan Prezidenti İlham Əliyevə verdi.

Dövlətimizin başçısı ölkəmizin 1991-ci ildən bəri keçdiyi inkişaf yolunu ətraflı xarakterizə etdi. Bildirdi ki, ilk növbədə, siyasi transformasiyanı uğurla həyata keçirən ölkəmiz müstəqillik dövründə açıq qapı siyasəti yürüdüb və planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına müvəffəqiyyətlə keçib. Ölkə iqtisadiyyatının şaxələndirilməsi hazırda da uğurla davam etdirilir. Artıq Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun xüsusi çəkisi neft sektorunu üstələyir.

Prezident İlham Əliyev Azərbaycanın mötəbər beynəlxalq maliyyə qurumları, o cümlədən Avropa Yenidənqurma və İnkişaf Bankı ilə də səmərəli əməkdaşlıq etdiyini və çoxlu sayda infrastruktur layihələrini həyata keçirdiyini bildirdi. Prezident qeyd etdi ki, artıq Azərbaycan özü donor ölkəyə çevrilib və xeyli xarici ölkədə bir sıra layihələri maliyyələşdirir. Azərbaycanın enerji təhlükəsizliyini təmin etdiyini vurğulayan Prezident İlham Əliyev ölkəmizin hasil etdiyi təbii qazı hazırda reallaşdırılan “Cənub” qaz dəhlizi vasitəsilə Avropaya nəql edəcəyini dedi.

Dövlətimizin başçısı Azərbaycanın zamanın çağırışlarına, o cümlədən terrorizmə qarşı da fəal mübarizə apardığını qeyd etdi. Prezident İlham Əliyev bildirdi ki, ölkəmizin həyata keçirdiyi enerji layihələri regional əməkdaşlıqla yanaşı, beynəlxalq əməkdaşlığa da geniş imkanlar açır və bütün tərəfdaşların həmin layihələrdən bəhrələnmələrinə hərtərəfli imkanlar yaradır. Dövlətimizin başçısı neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar Azərbaycanda xərclərə nəzarətin gücləndirilməsi, israfçılığa yol verilməsi hallarının qarşısının alınması və digər vacib tədbirlər görüldüyünü dedi.

Sonra dövlətimizin başçısı sualları cavablandırdı.

Geosiyasi vəziyyətlə bağlı sualın cavabında Prezident İlham Əliyev bildirdi ki, ölkəmiz artıq 20 ildən çoxdur Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkir və ötən müddətdə aparılan sülh danışıqları heç bir nəticə verməyib. Dövlətimizin başçısı xüsusi vurğuladı ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, eləcə də keçmiş SSRİ məkanındakı bütün münaqişələr eyni yanaşma yolu ilə həll olunmalıdır. Belə münaqişələrin həll olunmaması yeni münaqişələrə də yol açır. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları çərçivəsində həllini tapmasa, bunun digər ölkələrə də öz mənfi təsirini göstərəcəyini dedi. Dövlətimizin başçısı qeyd etdi ki, beynəlxalq hüquq normaları BMT-nin Nizamnaməsində, ATƏT və digər beynəlxalq təşkilatların sənədlərində konkret şəkildə əksini tapıb. Yalnız beynəlxalq hüquq normalarına əməl edildikdə ikili standartların və belə problemlərin regionda artmasının qarşısı alınar.

Sessiyada səslənən digər məsələlərlə bağlı Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanda iqtisadiyyatın davamlı və dayanıqlı inkişafı diqqət mərkəzindədir. Ölkəmiz “qara qızıl”ı insan kapitalına çevirmək istiqamətində ardıcıl addımlar atır. Respublikamızda təhsilin inkişafına mühüm əhəmiyyət verilir. Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsinin əsaslı şəkildə inkişafı üçün müvafiq işlər həyata keçirilir və artıq ölkəmiz iki peykini orbitə çıxarıb.

Dövlətimizin başçısı qeyd etdi ki, ölkəmizdə siyasi islahatlar da uğurla reallaşdırılır, insanların daha yaxşı yaşayışı üçün ardıcıl işlər görülür. Ölkəmizin infrastrukturun təkmilləşdirilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirdiyini və Avropa ilə Asiyanı birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolunun bunun bariz nümunəsi olduğunu vurğuladı.

Sessiyada Avropa Komissiyasının sabiq sədri Joze Manuel Barrozu və digər çıxış edənlər də Azərbaycanın müstəqillik dövründə uğurlu inkişaf yolu keçdiyini, ölkəmizin qazandığı nailiyyətlərin nümunə xarakteri daşıdığını bildirdilər.

Sessiyada geosiyasi vəziyyət, iqtisadiyyatın şaxələndirilməsi məsələləri, neftin qiymətinin aşağı düşməsi ilə bağlı dünya iqtisadiyyatı və bir sıra ölkələrin iqtisadiyyatının perspektivləri və digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıldı.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında