Sumqayıtda Gənclər Evi istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Sumqayıtda Gənclər Evinin açılışında iştirak edib.

Son dövrlərdə digər sahələrdə olduğu kimi, gənclər siyasəti istiqamətində də çox mühüm nailiyyətlər əldə edilib. Bütün bu uğurlar ölkəmizdə gənclər siyasətinin formalaşdırılması üçün həyata keçirilən ardıcıl tədbirlərin nəticəsidir. Bu sahənin inkişafı da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkədə həyata keçirilən gənclər siyasəti 2003-cü ildən başlayaraq uğurlu nəticələrlə yadda qalıb. 2005-2009-cu illəri əhatə edən Azərbaycan Gəncliyi Dövlət Proqramı bu məsələdə çox mühüm rol oynayıb. Həyata keçirilən “Azərbaycan Gəncliyi 2011–2015-ci illərdə” Dövlət Proqramı bu tədbirlərin məntiqi davamıdır.

Hazırda ölkə gəncləri vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsiplərinə, həmçinin tarixi keçmişimizə, milli- mənəvi dəyərlərimizə rəğbət ruhunda tərbiyə olunurlar. Bu məsələ respublikamızda prioritet istiqamətlərdən biridir. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması, xüsusilə regionlarda yaşayan gənclərin fəallığının artırılması istiqamətində məqsədyönlü layihə və proqramlar həyata keçirilir. Bölgələrdə müasir tələblərə cavab verən sosial infrastruktur obyektlərinin və gənclər mərkəzlərinin, gənclər evlərinin istifadəyə verilməsi də məhz həmin məqsədlərə xidmət edir. Belə gənclər evlərindən biri də Sumqayıtda yaradılıb.

Dövlətimizin başçısı Gənclər Evinin rəmzi açılışını bildirən lenti kəsdi.

Gənclər və idman naziri Azad Rəhimov Prezident İlham Əliyevə burada yaradılan şərait barədə məlumat verdi.

Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Sumqayıta səfərlərini, həmçinin gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət stend yaradılıb. Bu Gənclər Evi Prezidentin 2011-ci ildə imzaladığı sərəncamla təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına əsasən Gənclər və İdman Nazirliyinin sifarişi ilə tikilib. Binanın inşası üçün şəhərin 5-ci mikrorayon ərazisində 246 kvadratmetr torpaq sahəsi ayrılıb.

Üç mərtəbə və terrasdan ibarət binada caz-klub, səhnəsi olan böyük kafe-bar, art-studiya, internet-klub yaradılıb. Burada, həmçinin biznes və hüquqi məsləhət mərkəzləri, vətənpərvərlik klubu, gənclər üçün “Qaynar xətt” xidməti, peşəyönümü mərkəzi, bütün müasir və zəruri avadanlıqla təchiz edilmiş videostudiya da gənclərin ixtiyarına veriləcək.

Gənclər Evinin masaüstü oyunlar otağında asudə vaxtın daha səmərəli təşkili üçün hər cür şərait var. Burada, həmçinin istedadların hazırlığı laboratoriyası və xarici dillər üzrə danışıq klubu da fəaliyyət göstərəcək.

Binadakı “dəyirmi masa” zalı da müasirliyi ilə diqqəti cəlb edir. Bir sözlə, burada gənclərin potensialını üzə çıxarmaq və onu inkişaf etdirmək üçün bütün şərait yaradılıb.

Gənclər Evinin 110 yerlik müasir akt zalı da vardır. Burada gənclərlə bağlı müxtəlif tədbirləri ən yüksək səviyyədə təşkil etmək mümkün olacaq. Tədbirlər zamanı regionlardan gələn gənclərin qalmaları üçün bir və iki nəfərlik 10 otaq yaradılıb. Binanın sonuncu mərtəbəsində açıq havada 50 nəfərlik restoran gənclərin ixtiyarına veriləcək. Binanın inzibati bölməsindəki otaqların hamısı zəruri avadanlıqla təmin olunub. 

Dövlətimizin başçısı Gənclər Evində Olimpiya Hərəkatı Muzeyi və Beyləqanda inşa edilən Olimpiya kompleksinin eskiz layihəsinə də baxdı.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında