Nəsimi adına şəhər mədəniyyət və istirahət parkında aparılan yenidənqurma işləri ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Sumqayıta səfəri çərçivəsində Nəsimi adına şəhər mədəniyyət və istirahət parkında aparılan yenidənqurma işləri ilə tanış olub.

Son illərdə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası bölgələrin daha da gözəlləşməsi, regionların simasına yeni elementlərin əlavə olunması ilə müşayiət edilir. Şəhər və rayonlarımızda aparılan quruculuq işləri çərçivəsində park və xiyabanların salınması, mövcud olanların isə yenidən qurulması diqqətdən kənarda qalmır. Bu sahədə həyata keçirilən işlər çərçivəsində Sumqayıtdakı Nəsimi adına şəhər mədəniyyət və istirahət parkının yenidən qurulması da xüsusi əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən yenilənən bu park, ilk növbədə, şəhər sakinlərinin istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edir. Müasir tələblər səviyyəsində qurulan bu park Sumqayıtın gözəlliyini daha da artırır.

Dövlətimizin başçısına parkda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi. Bildirildi ki, Şəhidlər xiyabanının yaxınlığındakı 10 hektarlıq ərazidə geniş abadlıq işləri aparılıb. Burada 10 metr hündürlüyündə “20 Yanvar” abidəsi ucaldılıb. Bu da 25 illiyini qeyd etməyə hazırlaşdığımız 20 Yanvar hadisələri zamanı şəhid olan soydaşlarımızın xatirəsinin hər zaman dövlətimiz tərəfindən əziz tutulduğunu göstərir.

Parkda Xocalı soyqırımı qurbanlarının xatirəsinə də abidə qoyulub. Qranit abidə kompleksi soyqırımı qurbanlarının heç zaman unudulmadığını, onların daim xalqımızın qəlbində yaşadığını göstərir.

Qeyd edildi ki, şəhər sakinlərinin mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün salınan parkda ardıcıl olaraq yenidənqurma və tikinti-quraşdırma işləri aparılır. Yenidənqurma işləri zamanı milli memarlıq üslubu ilə müasirlik tam uzlaşdırılıb, maraqlı elementlər və formalardan istifadə edilib. Ərazidə çoxlu ağac və dekorativ gül kolları əkilib, yaşıllıq salınıb. Park müasir işıqlandırma sistemi ilə təchiz edilib.

Prezident İlham Əliyev Nəsimi parkının digər hissələrində aparılan abadlıq-quruculuq işləri ilə də tanış oldu. Sumqayıtın əsas magistral yolu olan Səməd Vurğun küçəsindən başlayaraq Xəzər dənizinin sahilinədək uzanan parkın ümumi sahəsi hazırda 80 hektardır. Nazirlər Kabinetinin qərarına əsasən, 2001-ci ildən Nəsimi adına şəhər mədəniyyət və istirahət parkı ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələri siyahısına daxil edilib.

Prezident İlham Əliyev Nəsimi parkında yeni inşa olunan “Yaşıl teatr”da yaradılan şəraitlə də tanış oldu.

Bildirildi ki, həm respublika, həm də şəhər səviyyəli mədəni-kütləvi tədbirlərin keçirilməsi məqsədilə tikilən, 350 tamaşaçı yeri olan bu teatr ən müasir standartlar səviyyəsindədir. Ümumi sahəsi min kvadratmetrə yaxın olan “Yaşıl teatr”da ən son texnologiyaya əsaslanan səs və işıq sistemləri qurulub.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında