Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Neft Fondunun yeni inzibati binasının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 29-da - Dövlət Neft Fondunun yaradılmasının 15-ci ildönümü günündə bu qurumun yeni inzibati binasının açılışında iştirak ediblər.

Azərbaycanda Neft Fondunun yaradılması ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş mükəmməl neft strategiyasının bəhrələrindəndir. 2009-cu il dekabrın 29-da Prezident İlham Əliyevin iştirakı ilə Neft Fondunun yeni inzibati binasının təməli qoyulub. Ötən müddətdə ən müasir standartlar səviyyəsində aparılan tikinti-quraşdırma işləri başa çatdırılıb.

Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Prezident İlham Əliyevə yeni inzibati bina haqqında məlumat verdi.

Qüllə ilə birlikdə 24 mərtəbəli binanın hündürlüyü 140 metrdir. Dövlət Neft Fondunun yeni binası “BREEAM Assessment” qiymətləndirmə dərəcələrinin tələbləri nəzərə alınmaqla tikilib. Ətrafda əsaslı abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib, müasir infrastruktur yaradılıb.

Binanın interyeri Azərbaycanın 9 xalçaçılıq məktəbinin elementlərini özündə ehtiva edən dizayn konsepsiyası əsasında qurulub. Bunlar Şirvan, Təbriz, Gəncə, Naxçıvan, Qarabağ, Quba, İrəvan, Bakı və Qazax xalçaçılıq məktəbləridir. Hər mərtəbə həmin xalçaçılıq məktəblərindən birinin motivləri əsasında işlənmiş xüsusi dizayna malikdir. Birinci mərtəbədə dizayn Şirvan və Təbriz xalçaçılıq məktəblərinin elementlərinə əsaslanır. Təbriz xalçaçılıq məktəbinə aid Ərdəbil xalçasının burada yaradılan mozaikası dünyanın nadir incəsənət əsərlərindən sayıla bilər.

Binanın birinci mərtəbəsində Heydər Əliyev guşəsi yaradılıb. Burada ulu öndərin heykəli qoyulub. Bir sıra dövlət mükafatları laureatı, Xalq rəssamı Tahir Salahovun rəhbərlik etdiyi layihə əsasında hazırlanan heykəl xalq rəssamı, professor, heykəltəraş Natiq Əliyev tərəfindən yaradılıb. Birinci mərtəbədə yerləşən gözləmə və istirahət sahələrindən ibarət olan “Petroleum lounge” daxili pilləkənlər vasitəsilə kitabxana ilə əlaqələndirilib. Şirvan xalçaçılıq məktəbinə xas naxışlar “qış bağı”, “Petroleum lounge” və lift lobbilərinin dizaynında geniş yer alıb. “Qış bağı”nın dekorasiyası üçün Şirvan xalçaçılıq məktəbinə aid Qobustan xalçasının motivlərindən istifadə olunub. Birinci mərtəbənin yarımmərtəbəsi Gəncə xalçaçılıq məktəbinin elementləri ilə işlənib. Kitabxana burada yerləşir. Kitabxanada ulu öndər Heydər Əliyevin neft strategiyası, müstəqillik illərində ölkəmizdə, o cümlədən regionlarda həyata keçirilən kompleks yenidənqurma tədbirləri, Azərbaycanın ötən illərdə keçdiyi şərəfli inkişaf yolundan bəhs edən kitablar yer alıb. Binada ən müasir standartlara cavab verən 7 lift quraşdırılıb.

Prezident İlham Əliyevə Fondun yeni inzibati binasının tikintisinin gedişi ilə bağlı qısa film nümayiş etdirildi.

Muzeydə Azərbaycanın neft tarixi və ümummilli lider Heydər Əliyevin neft strategiyası geniş əksini tapıb. Buradakı stendlərdə Dövlət Neft Fondunun fəaliyyəti, ötən 15 ildə qazandığı uğurlar,  maliyyələşdirdiyi layihələr və investisiyalar barədə ətraflı məlumat almaq mümkündür. Artıq fondun Türkiyə, ABŞ, Kanada, Yaponiya, Almaniya, Böyük Britaniya, Fransa, ümumilikdə 79 ölkədə investisiyaları var. Əsas prinsiplərindən birini şəffaflıq təşkil edən Dövlət Neft Fondunun layiq görüldüyü “BMT-nin Dövlət Qulluğu” və digər mükafatlar da muzeyin ekspozisiyasında yer alıb. Xatırladaq ki, fond Şərqi Avropa və MDB ölkələrinin dövlət təşkilatları arasında bu mükafata layiq görülən ilk dövlət qurumudur.

Yeni binadakı akt salonu 200 nəfərlikdir. 150 nəfərlik yeməkxana da müasirliyi və orijinal dizaynı ilə diqqəti cəlb edir. Konfrans salonunda 40 nəfərin iştirakı ilə müvafiq tədbirlər keçirmək mümkün olacaq. Bütün otaqlar və zallar ən son elmi-texniki yeniliklərə əsaslanan avadanlıqla təchiz olunub. Burada səmərəli fəaliyyət üçün hərtərəfli şərait yaradılıb.

Binada informasiya texnologiyalarının normal işini təmin etmək məqsədilə müasir “Data Center” yaradılıb. Həmin mərkəz hesabına fasiləsiz, etibarlı e-mail, İP telefoniya, simsiz şəbəkə, audio-video telekonfrans, İPTV, videomüşahidə, mərkəzləşdirilmiş anten və müvafiq proqram sistemləri təmin olunub.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva binanın dizaynında Naxçıvan xalçaçılıq məktəbinin motivlərindən istifadə olunan 22-ci mərtəbəsindən paytaxtın mənzərəsini seyr etdilər.

Hazırda Bakı nəinki respublikamızın, eləcə də dünyanın ən gözəl və müasir şəhərlərindən biridir. Ölkəmizin paytaxtı tədricən meqapolisə çevrilir. Bakı planetdə ən sürətlə inkişaf edən şəhərlərdən biridir.

Yeni inzibati binada milli mənəvi dəyərlərin, o cümlədən Azərbaycanın mükəmməl xalçaçılıq sənəti ilə yanaşı, klassik musiqisinin geniş təbliği də diqqət mərkəzində saxlanılır.

Burada Azərbaycanda ilk dəfə olaraq Bina İdarəetmə Sistemi quraşdırılıb. İnsan müdaxiləsinin minimuma endirildiyi həmin sistemdə inzibati binanın texniki, təhlükəsizlik və informasiya texnologiyaları məsələləri mərkəzləşib. Binanın havalandırılması da müasir BMS proqramı vasitəsilə həyata keçirilir. Ekoloji məsələlər də xüsusi diqqət mərkəzində saxlandığından bura yaşıl bina standartlarına cavab verir.

Binada alternativ enerjidən istifadə məqsədilə ərazidə günəş panelləri quraşdırılıb.

Binanın zirzəmi hissəsində ən müasir standartlara cavab verən yeraltı avtomobil dayanacağı da inşa olunub.

Burada fondun mütəxəssislərinin hərtərəfli fəaliyyəti və strateji ehtiyatların səmərəli idarə edilməsi üçün  maksimum şərait yaradılıb.

Yaranmasının 15 illiyini qeyd edən Dövlət Neft Fondunda əgər 2001-ci ildə 270 milyon dollar məbləğində vəsait var idisə, hazırda bu məbləğ 37 milyard dolları üstələyir. Ötən dövrdə Neft Fondunun vəsaitlərinin idarə edilməsi sahəsindəki fəaliyyətində bir sıra yeniliklər tətbiq edilib. Fondun portfelində səhmlər, daşınmaz əmlak və qızıl kimi yeni investisiya alətləri geniş yer alıb. Hazırda Azərbaycanın Dövlət Neft Fondu beynəlxalq aləmdə institusional quruculuq, vəsaitlərin səmərəli idarə edilməsi, əməliyyatların şəffaflığı və informasiyanın açıqlığına görə fərqlənən və böyük nüfuza malik qurum kimi tanınır.

Yeni inzibati bina ilə tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.

Sonda xatirə şəkli çəkdirildi.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında