Dekabrın 26-da Bakıda Heydər məscidinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.
Dövlətimizin başçısının tapşırığı ilə inşa olunan bu yeni məscid 12 min kvadratmetr sahədə salınıb. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib, ornamentlərin zənginliyi fasadda xüsusi arxitektura harmoniyası yaradıb. Burada 95 metr hündürlüyündə 4 minarə inşa olunub.
Qeyd edək ki, Prezident İlham Əliyev məscidin tikintisini daim diqqət mərkəzində saxlayıb, burada həyata keçirilən inşaat işlərinin gedişi ilə yaxından maraqlanıb, mütəmadi olaraq buraya gələrək görülən işlərlə bağlı müvafiq tapşırıqlarını verib. Ümumi sahəsi 4200 kvadratmetr olan məscidin daxilində də xüsusi bəzək elementlərindən istifadə olunub, günbəzin kənarlarına Quran ayələri yazılıb. 55 metr hündürlüyündə olan baş günbəz, o cümlədən hündürlüyü 35 metr olan ikinci günbəz məscidin daxilinə xüsusi gözəllik verir.
Sonra Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Heydər məscidinin açılışı münasibətilə keçirilən mərasimdə iştirak etdilər.
Mərasim “Qurani-Kərim”dən ayənin oxunması ilə başladı.
Dövlətimizin başçısı mərasimdə çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
– Hörmətli şeyx həzrətləri!
Hörmətli din xadimləri, hörmətli qonaqlar, mərasim iştirakçıları!
Bu gün ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gündür. Bu gün biz Azərbaycanın ən böyük məscidi olan Heydər məscidinin açılışına toplaşmışıq. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Bu gün ölkəmizin hər bir rayonundan dindarlar, ictimai xadimlər, nümayəndələr gəlmişlər və bu mərasimdə iştirak edirlər. Eyni zamanda, Şimali Qafqaz müftiləri də bizim qonaqlarımızdır. Mən onları səmimiyyətlə salamlayıram. Mənim dəvətimi qəbul edib bugünkü mərasimdə iştirak etdiklərinə görə onlara minnətdaram. Onların bu mərasimdə iştirakı Qafqaz müsəlmanlarının birliyini bir daha təsdiq edir.
İki il bundan əvvəl bu məscidin tikintisi ilə bağlı müvafiq sərəncam verilmişdir. 2012-ci ilin sentyabr ayında bu məscidin tikintisi başlamışdır. Cəmi iki il ərzində belə möhtəşəm memarlıq əsəri yaradılmışdır. Tikinti zamanı mən dəfələrlə burada olmuşam, işlərin gedişi ilə maraqlanmışam. Şadam ki, biz Heydər məscidinin tikintisinə qısa müddət ərzində nail ola bildik. Bu ərazi genişləndirildi, yeni yollar salındı. Bu məscidə üç istiqamətdən yeni yollar çəkilib, ərazi abadlaşdırılıb, mərasim zalı tikilib.
Bu, doğrudan da tarixi hadisədir. Çünki bu, Azərbaycanın gücünü, inkişaf dinamikasını, bizim öz milli, dini ənənələrimizə nə qədər sadiq olduğumuzu göstərir. Bu məscid ulu öndər Heydər Əliyevin adını daşıyır. Bu da təbiidir. Heydər Əliyev dahi şəxsiyyətdir. Azərbaycan xalqına bütün dövrlərdə ləyaqətlə xidmət etmişdir. Onun rəhbərliyi altında hələ sovet dövründə - 1970-1980-ci illərdə Azərbaycanda böyük inkişaf prosesi getmişdir. Azərbaycan qabaqcıl respublikaya çevrilmişdir. Məhz o illərdə yaradılan böyük sənaye potensialı bu gün müstəqil Azərbaycanın uğurlu inkişafına xidmət göstərir.O illərdə - sovet dövründə ulu öndər milli dəyərlərə böyük diqqət göstərirdi. Onun bu sahədəki fəaliyyəti xalq tərəfindən yüksək qiymətləndirilibdir. Heydər Əliyev öz xalqına həmişə çox bağlı olub və onun məşhur kəlamı – “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” bu gün hər bir azərbaycanlı üçün yol göstərir.
Müstəqillik dövründə ulu öndərin xalq qarşısında əvəzolunmaz xidmətləri olmuşdur. Hətta müstəqilliyə qədər olan dövrdə müstəqilliyə aparan yola da Heydər Əliyev birinci qədəm qoymuşdur. Məhz onun təşəbbüsü ilə hələ sovet dövründə Naxçıvanda, Naxçıvanın Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi təsdiq edilmişdir. Yəni budur müstəqilliyə aparan yollarımız.
Azərbaycan xalqı ulu öndərə böyük etimad göstərərək onu özünə rəhbər seçəndən sonra ölkədə vəziyyət müsbətə doğru dəyişməyə başlamışdır. Biz o illəri yaxşı xatırlayırıq. Müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır keçmişdir. Ölkəmizin, ümumiyyətlə, müstəqil ölkə kimi yaşaması sual altında idi. İqtisadi böhran, siyasi böhran, sənaye istehsalının tənəzzülü, demək olar ki, ölkə iflic vəziyyətinə düşmüşdü. Bundan əlavə, erməni işğalı, vətəndaş müharibəsi Azərbaycanı sarsıdırdı, dağıdırdı. Azərbaycan xalqı öz müdrikliyini bir daha göstərərək ulu öndərə üz tutub onu hakimiyyətə dəvət etmişdir və böyük dəstək göstərərək 1993-cü ildə Heydər Əliyevi Prezident vəzifəsinə seçmişdir.
Ondan sonra Azərbaycanda sabitlik və inkişaf dövrü başlamışdır. Məhz ulu öndərin dünyagörüşü, baxışları, siyasi bacarığı sayəsində Azərbaycan bütün ağır sınaqlardan şərəflə, üzüağ çıxa bilmişdir. Onun qoyduğu strateji xətt bu gün də dəyişməz olaraq qalır. Ulu öndər Heydər Əliyev Azərbaycanın bütün istiqamətlər üzrə strateji hədəflərini müəyyən etmişdir. Biz bu hədəflərə çatmaq üçün bu gün də çalışırıq və bu yolda böyük uğurlara imza atmışıq.
Eyni zamanda, məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində o illərdə sağlam zəmində dövlət-din münasibətləri qurulmuşdur. O, həmişə qeyd edirdi ki, biz öz milli, dini adət-ənənələrimizə sadiq olaraq müasir, güclü dövlət qurmalıyıq. Bu idi onun strateji baxışları. Dövlət-din münasibətlərinin qurulması, formalaşması böyük nailiyyətimizdir. Bu gün də bu siyasət davam etdirilir.
Heydər Əliyevin dövründə Azərbaycanda 500-dən çox məscid tikilmişdir. Yüzlərlə məscid təmir edilmişdir. Ulu öndər müqəddəs Kəbənin içində namaz qılmışdır. Mən xoşbəxtəm ki, bu xoşbəxtlik mənə də nəsib olmuşdur. Yəni, o illərdə milli, dini dəyərlərə göstərilən diqqət və müəyyən edilmiş istiqamət bugünkü Azərbaycanın güclənməsinə xidmət edirdi. Çünki indi bizim güclü iqtisadiyyatımız var. Siyasi dayaqlarımız da möhkəmdir. Ən önəmlisi, cəmiyyətdə ölkəmizin inkişafı ilə bağlı vahid yanaşma, vahid mövqe var. İctimai-siyasi vəziyyət müsbətdir və əlbəttə ki, dövlət-din münasibətləri burada böyük rol oynayır.
Bir sözlə, ulu öndərin Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir, əvəzolunmazdır. Azərbaycan xalqı ulu öndərin xatirəsinə olan məhəbbətini öz ürəyində daim saxlayır. Biz - onun davamçıları isə onun yolu ilə gedərək ölkəmizi daha da gücləndiririk, onun müəyyən etdiyi siyasi xətti davam etdiririk.
Azərbaycan bu gün dünyada ən sürətlə inkişaf edən ölkədir. Heydər Əliyev siyasəti bu gün Azərbaycanda yaşayır, möhkəmlənir, yeni formalarla zənginləşdirilir. Azərbaycanda çox gözəl ictimai-siyasi vəziyyət hökm sürür, xalqla iqtidar arasındakı birlik möhkəmdir, sarsılmazdır. Bu birliyin təməlində xalq tərəfindən bizim siyasətimizə olan dəstək dayanır. Bizim siyasətimiz isə milli maraqlara söykənir. Azərbaycan xalqının maraqları bizim üçün hər şeydən üstündür.
Azərbaycan iqtisadi sahədə dünyada ən böyük nailiyyətlərə çata bilibdir. Bunu bütün mötəbər beynəlxalq qurumlar qeyd edir. İqtisadi inkişaf, iqtisadi islahatlar, sosial məsələlərin həlli, insanlara göstərilən diqqət, regionların inkişafı, bütün bunlar reallıqdır. Qeyd etdiyim kimi, bu gün bu məscidin açılışı mərasimində iştirak edən soydaşlarımız Azərbaycanın bütün rayonlarını təmsil edirlər. Onlar, orada yaşayan insanlar yaxşı görürlər ki, bu dəyişikliklər insanlara nə qədər yeni imkanlar açır, rahatlıq verir. İnfrastruktur layihələri, sosial layihələr, iqtisadi inkişaf, yoxsulluğun, işsizliyin aradan qaldırılması, bütün bunlar Azərbaycan reallıqlarıdır.
Bütün bunlara biz o qədər də asan olmayan beynəlxalq vəziyyətdə nail olmuşuq. Dünyada indi maliyyə-iqtisadi böhranın artıq ikinci mərhələsi yaşanır. Ancaq mən həmişə demişəm ki, Azərbaycan sabitlik adasıdır. Biz Azərbaycanı bütün bəlalardan qoruyuruq və qoruyacağıq. Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşamalıdır. Biz təhlükəsizliyi qoruyuruq, ölkəmizin sürətli inkişafını təmin edirik və beləliklə, ulu öndərin yoluna bir daha öz işimizlə, əməlimizlə sadiq olduğumuzu sübut edirik.
Azərbaycan bu gün dünyada söz sahibidir. Bizim beynəlxalq nüfuzumuz gündən-günə möhkəmlənir. Dünya birliyinin üzvlərinin mütləq əksəriyyəti Azərbaycanı dəstəkləyir və bu dəstəyi bizə verilən səslərdə ifadə edir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi özünü təsdiq edibdir. Azərbaycanın regional inkişaf üçün gördüyü işlər həlledici rol oynayır. Regional təhlükəsizlik, əməkdaşlıq, regional məsələlərin həlli – bunlar bizim bu bölgədə ümumi işimizə verdiyimiz töhfələrdir.
Bir sözlə, ictimai-siyasi vəziyyət sabitdir, ölkə daxilindəki problemlər öz həllini tapmaqdadır. Beynəlxalq mövqelərimiz kifayət qədər möhkəmdir, iqtisadi dayaqlar isə bu gün özünü göstərir. Hətta dünyada, bölgədə, yaxın qonşuluqda yaşanan istənilən xoşagəlməz hallar Azərbaycana təsir etmir. Ona görə yox ki, biz özümüzü təcrid etmişik, əksinə, biz dünyaya açığıq. Ona görə ki, Azərbaycanda aparılan siyasət milli maraqlara söykənir. O ölkələrdə ki, siyasət milli maraqlara söykənir, o ölkələrdə sabitlik də, inkişaf da olacaq. Dəfələrlə demişəm, ulu öndərin adını daşıyan möhtəşəm məsciddə bir daha demək istəyirəm ki, Azərbaycan müstəqillik yolu ilə gedir, müstəqil siyasət aparır, öz məsələlərini özü həll edir. Mənim üçün Prezident kimi əsas vəzifə xalqın etimadını doğrultmaqdır, xalqa xidmət etməkdir. Mən bütün dövlət məmurlarını dəfələrlə buna çağırmışam, onlara öz göstərişlərimi vermişəm. Demişəm ki, biz hamımız - Prezident başda olmaqla xalqın xidmətçiləriyik. Budur bizim vəzifəmiz.
Azərbaycanda bütün azadlıqlar - mətbuat azadlığı, söz azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan azadlığı təmin edilir. Azərbaycanda bütün dini azadlıqlar tam şəkildə təmin edilir. Bu da hesab edirəm ki, bizim ümumi inkişafımızda çox böyük əhəmiyyətə malik olan bir sahədir. Din, etiqad azadlığı Azərbaycanda tam şəkildə təmin edilir.
Son 11 il ərzində Azərbaycanda 250-yə yaxın məscid tikilmiş və ya təmir edilmişdir. Xalqımız üçün çox böyük dəyər kəsb edən Bibiheybət, Təzəpir, Əjdərbəy, 743-cü ildə tikilmiş Şamaxı məscidi onların arasındadır. Hazırda İmamzadə dini, tarixi, mədəni mərkəzində təmir-bərpa işləri aparılır. Bu gün ölkəmizin ən böyük, möhtəşəm, əzəmətli Heydər məscidi açılır. Azərbaycanda digər başqa dinlərin məbədləri, o cümlədən dövlət vəsaiti hesabına tikilir, təmir edilir. Onu da qeyd etməliyəm ki, bu məscid dövlət vəsaiti hesabına tikilmişdir, necə ki, rus pravoslav, katolik, alban kilsələrinin tikintisi, təmiri işlərində dövlət öz dəstəyini vermişdir. Azərbaycanda sinaqoqlar tikilir, təmir edilir. Yəni, Azərbaycanda bu sahədə nadir təcrübə əldə edilibdir. Bu, bizim üçün təbiidir. Çünki bu, bizim üçün normal həyat tərzidir, cəmiyyətin normal yaşamasıdır. Eyni zamanda, bu, bizim dövlət siyasətimizdir. Bax, bu iki amil bu müsbət ab-havanı yaradır. Həm cəmiyyətdən gələn istəklər, sifarişlər, eyni zamanda, dövlət siyasətimiz.
Azərbaycanda təhlükəsizlik tam şəkildə təmin edilib. İctimai iqlim müsbətdir. Burada dövlət-din münasibətləri və dinlərarası münasibətlər xüsusi yer tutur. Bu gün bu, belədir, sabah da belə olacaqdır. Azərbaycanda bütün xalqların, bütün konfessiyaların, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar və yaşayacaqlar. Heç vaxt ölkəmizdə dini zəmində heç bir qarşıdurma olmamışdır və olmayacaqdır. Hətta heç bir anlaşılmazlıq da olmamalıdır və yoxdur. Biz bu yolla gedirik və dünyaya bu yolu göstəririk.
Bu gün sivilizasiyalararası dialoq haqqında müxtəlif fikirlər, fərziyyələr irəli sürülür. Alimlər, jurnalistlər, ictimai xadimlər, hətta siyasətçilər də bəzi hallarda bu münasibətlərin gələcəyinə o qədər də müsbət baxmırlar, yanaşmırlar. Çox təəssüf edirəm. Gəlsinlər Azərbaycanın təcrübəsini görsünlər, öyrənsinlər. Görsünlər ki, bir ölkədə bütün dinlərin nümayəndələri mehribanlıq şəraitində necə yaşaya bilərlər, bütün millətlərin hüquqları necə təmin edilə bilər. Biz buna necə nail ola bilmişik? Bəzi hallarda xarici qonaqlar məndən bunu soruşurlar. Bunu izah etmək üçün gərək bir neçə gün vaxt sərf edəsən. Çünki yenə də deyirəm ki, bu, dövlət siyasətimizdir. Eyni zamanda, tarixən belə olubdur. Azərbaycan da və cəmiyyət də bu gözəl mənzərəni görərək öz töhfəsini verir ki, bu proses daim davam etsin.
Eyni zamanda, biz bu gün beynəlxalq aləmdə dinlərarası dialoqun möhkəmləndirilməsi üçün öz dəyərli töhfəmizi veririk. Təsadüfi deyil ki, məhz Azərbaycan dünyanın multikulturalizm mərkəzlərindən birinə çevrilmişdir. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, dialoqlar, mədəniyyətlərarası dialoq, humanitar forum, dünya dinlərinin liderlərinin zirvə görüşləri - bütün bunlar bu gün Azərbaycan reallıqlarıdır. Biz çalışırıq bu tədbirlərin keçirilməsi ilə ümumi işimizə töhfəmizi verək ki, dünyada da dini, milli zəmində heç vaxt anlaşılmazlıq, qarşıdurma olmasın. Əfsuslar olsun ki, biz bir çox hallarda bunun əksini görürük. Yaxın Şərqdə, Avropada, digər yerlərdə dini amil əsasında müharibələr, davalar, qanlı toqquşmalar baş verir. Bu, əlbəttə ki, bizi çox narahat edir. Yenə də deyirəm, ümid edirəm ki, Azərbaycan öz müsbət təcrübəsini başqa ölkələrlə bölüşərək ümumbəşəri dəyərlərə qiymətli töhfəsini verir və verəcəkdir.
Bir daha demək istəyirəm ki, biz Azərbaycanda bütün məsələləri ardıcıllıqla, məqsədyönlü şəkildə həll edirik. Bizim siyasətimizin mənbəyi Azərbaycan xalqıdır. Azərbaycan xalqının arzularını Azərbaycan iqtidarı gerçəkləşdirir. Biz bundan sonra da bu yolla gedəcəyik. Əminəm ki, ölkənin qarşısında duran bütün vəzifələr uğurla icra ediləcəkdir. O cümlədən ən ağrılı problem - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi də öz həllini tapacaq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək.
Bu gün güclü Azərbaycan ordusu, güclü Azərbaycan iqtisadiyyatı, beynəlxalq mövqelərimiz imkan verir ki, biz bu istiqamətdə istədiyimizə nail olaq. Bizim istədiyimiz bizim haqqımızdır. Haqlı tələblərimiz var. Biz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik. Biz istəyirik ki, azərbaycanlılar bütün tarixi Azərbaycan torpaqlarında, Dağlıq Qarabağda, digər işğal edilmiş torpaqlarda yaşasınlar. Vaxt gələcək azərbaycanlılar bizim tarixi torpaqlarımızda - İrəvan xanlığında, Göyçə, Zəngəzur mahallarında da yaşayacaqlar. Ona görə biz daha da fəal işləməliyik, çalışmalıyıq, hər bir vətəndaş öz sahəsində ümumi işimizə töhfə verməlidir. Mən tam əminəm ki, gün gələcək biz Şuşa məscidini, Ağdam məscidini və hazırda Azərbaycanın erməni vəhşiləri tərəfindən dağıdılmış bütün digər məscidlərini bərpa edəcəyik, orada birlikdə namaz qılacağıq. Biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik.
Mən bir daha sizi və bütün Azərbaycan xalqını bu tarixi hadisə - Heydər məscidinin açılışı münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı gəlir. Bu bayramlar münasibətilə bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm. Azərbaycan xalqına rifah, sülh, tərəqqi arzulayıram. Sağ olun.
Sonra Şimali Qafqaz Müftilərinin Əlaqələndirmə Şurasının sədri, Rusiya Federasiyası Qaraçay-Çərkəz müftisi
İsmayıl BERDİYEV çıxış edərək dedi:
– Hörmətli cənab Prezident!
Hörmətli Mehriban xanım!
Hörmətli şeyx. Hörmətli həmkarlar, müftilər, qardaş və bacılar!
Bu gün həqiqətən əsl bayramdır. Mən də bu fürsətdən istifadə edərək Sizi ad gününüz münasibətilə təbrik edirəm. Bu, ən gözəl məscidlərdən biridir. Bu, mənim gözlədiyimdən də ecazkar bir mənzərə idi. Belə bir möhtəşəm bina səmavi bir təəssürat oyadır. Sanki hər bir nəqşi əsl möcüzədir. Mən belə bir möcüzəni heç yerdə görməmişəm. Həqiqətən də bu binaya verilən ad belə gözəlliyə layiqdir. Biz hələ sovet dövründə onunla fəxr edirdik. Həmin vaxtlar o, Siyasi Büronun üzvü kimi hakimiyyətin zirvəsində olanda, Sosialist Əməyi Qəhrəmanı adını daşıyanda hamımız fəxr edirdik ki, hakimiyyətdə belə bir müsəlman var.
İsmayıl Berdiyev yenidənqurma dövründə Azərbaycanın qarşılaşdığı çətinliklərdən danışaraq dedi:
– O dövrdə həqiqətən çox qorxunc bir müharibə gedirdi. Şəhidlərin də sayı çox idi. Bütün bu məşəqqətlərə dövlətin başçısı da, siz hamınız da davam gətirdiniz. Allah-Taala “Qurani-Kərim”də belə buyurur: “Siz çətinliklərə tab gətirdiniz, bu isə sizə yüngüllük bəxş edəcək”. Belə bir çətin dövrdə xalq Heydər Əliyevi çağırdı, o, əsl müdrik insan kimi ayağa qalxaraq, xalqın çağırışına səs verdi. Bu müdrik insan qarşıda duran vəzifələrin öhdəsindən məharətlə gəldi. Onun dediyi ilk kəlmədən biri də bu oldu ki, Azərbaycan müstəqil dövlətdir. O, öz milləti və xalqı ilə fəxr edirdi və o, həqiqətən fantastik uğurlara nail oldu. Siz hamınız bütün bunları görmüsünüz və onunla bir yerdə olmusunuz. Belə bir məsəl də var ki, ağac öz bəhrəsini zəhmət görəndə verir. Siz də bu istiqamətdə fəaliyyətinizi davam etdirirsiniz. Mən Sizə bu yolda uğurlar arzu edirəm. Mən buraya gələndə həmişə şeyx həzrətlərinə deyirəm ki, siz xoşbəxt xalqsınız. Belə bir dövlət başçısı hər bir xalq üçün böyük xoşbəxtlikdir. Mən həmişə şeyxə deyirəm ki, bəxtəvər insanlarsınız ki, bu cür Prezidentiniz var.
* * *
Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri ALEKSANDR çıxış edərək dedi:
– Möhtərəm cənab Prezident!
Hörmətli Mehriban xanım!
Hörmətli şeyx həzrətləri. Hörmətli müftilər, din xadimləri, xanımlar və cənablar!
Bu gün ümummilli liderimiz Heydər Əliyev haqqında xeyli söhbət açıldı. Həqiqətən də müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir. O, həm müdrik siyasi xadim, həm peşəkar təşkilatçı, həm də istedadlı, dahi iqtisadçı idi. Cənab Prezident də öz çıxışında qeyd etdi ki, Heydər Əliyevin həyatında ən mühüm hadisələrdən biri Məkkədə müqəddəs Kəbəni ziyarət etmək olub. Təbii ki, onun ziyarətgahda duaları təkcə öz ailəsi üçün deyil, həm də doğma xalqı və ölkəsi üçün idi. Həm də demək lazımdır ki, Heydər Əliyevin bu fəaliyyəti hələ sovet dövründə özünü büruzə verirdi. Heydər Əliyev xalqın, cəmiyyətin həyatında dinin əhəmiyyətini çox gözəl başa düşürdü. Mən keçmiş din xadimlərinin sözlərini xatırlayıram. Onlar deyirdilər ki, bütün Sovet İttifaqından fərqli olaraq, Azərbaycanda dini dəyərlərə münasibət tamam fərqlidir. Məlum olduğu kimi, Sovet İttifaqında dinə ateist münasibət bəslənirdi. Amma Azərbaycanda hətta o dövrün tanınmış din xadimlərinə hörmətlə yanaşırdılar. Elə buna görə də mömin insanların minnətdarlıq əlaməti olaraq Heydər Əliyev adına məscid ucaldılıb.
Son illərdə Azərbaycanda bir çox yeni məscidlərin inşa olunduğunu, Bibiheybət, Şamaxı Cümə məscidlərində bərpa və yenidənqurma işlərinin görüldüyünü vurğulayan Aleksandr dedi:
– Belə bir məscidin ucaldılması son dərəcə əlamətdardır. Bu, müasir cəmiyyətin tələbatına uyğun hadisədir. Amma bu, təkcə Heydər Əliyevin xatirəsinə ithaf deyil, həm də Azərbaycanın gələcəyi deməkdir. Cənab Prezident, şəhərə və xalqa verdiyiniz bu töhfəyə görə çox sağ olun.
* * *
Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix YEVDAYEV mərasimdə çıxış edərək dedi:
– Möhtərəm Prezident!
Hörmətli, Mehriban xanım!
Şeyx həzrətləri!
Dünyada dostlara hörmət göstərən,
Həyatda dözümə baş əyən mənəm.
Ölən mən deyiləm öldüyüm zaman,
Öləndən sonra da yaşayan mənəm.
Bəli, ulu öndər ölməzliyə qovuşub. Ulu öndər Sizin üçün böyük bir xəzinə qoyub gedib. Ulu öndər öz amallarını, öz arzularını, öz niyyətlərini Sizin üçün böyük bir xəzinə olaraq saxlamışdır. Hər şeydən əvvəl isə o, Sizin üçün öz təmiz, ülvi adını saxlayıb getmişdir.
Allah-Taalaya çox şükürlər olsun ki, Prezident həzrətləri, Siz o xəzinənin üstündən xərcləmirsiniz, öz əməllərinizlə, öz arzularınızla o xəzinənin üstünə gətirirsiniz. Bu xalqa, bu millətə göstərdiyiniz fövqəlbəşər xidmətlərinizlə Siz o xəzinəni zənginləşdirirsiniz. Məhz budur ölməzlik.
Milix Yevdayev Azərbaycanda gedən inkişafın dünyada bəzi dairələrdə qısqanclıq hissi yaratdığını, buna baxmayaraq, ölkəmizin tərəqqi yolu ilə uğurla irəlilədiyini diqqətə çatdıraraq dedi:
– Azərbaycan Prezidentinin daxili və xarici siyasəti xalqa, millətə, məmləkətə, bu məmləkətdə yaşayan bütün xalqlara arxalanır. Çünki Siz həm Azərbaycanın, həm də hər bir Azərbaycan vətəndaşının Prezidentisiniz. Siz həmişə əlçatmaz yox, əlçatan bir Prezidentsiniz. Ona görə də mən Sizə, ailənizə, bütün Azərbaycan xalqına əmin-amanlıq, xoş günlər, səadət arzulayıram.
Hər eldən-obadan Sizə var salam,
Hamının qəlbində Sizədir inam.
Möhtərəm Prezident, sadə bir insan,
Dərin minnətdarıq Prezident Sizə.
Ona görə də mən bu qısa çıxışımda Sizə və bütün Azərbaycan xalqına Ulu Tanrıdan yolunuzun uğurlu, gözünüzün nurlu, çörəyinizin isti, suyunuzun sərin, dizinizin taqətli olmasını diləyirəm. Allah amanında.
* * *
Sonra Qafqaz Müsəlmanları İdarəsinin Rusiya Federasiyasındakı səlahiyyətli nümayəndəsi Şafik PŞİXAÇEV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident!
Hörmətli Mehriban xanım!
Hörmətli Şeyximiz Allahşükür Paşazadə!
Əziz həmkarlarım, əziz dostlarım!
Bu gün təkcə bizim qardaş Azərbaycanın müsəlman əhalisi üçün deyil, bütün müsəlman icması üçün əlamətdar gündür. Mən də Allaha dua edirəm ki, Sizin ailənizdən xeyir-bərəkətini əsirgəməsin. Allahın rəsulu Məhəmməd Peyğəmbər deyib ki, Allaha ibadət etmək üçün bir məscid tikdirən insanın yeri behiştdir. Mən Allaha dua edirəm ki, Siz uzun müddət öz sevimli xalqınızı sevindirəsiniz.
Cənab Prezident, biz bu gün Azərbaycan Respublikasının ərazisində - dini ayrı-seçkiliyə yol verməyən, dini zəmində qarşıdurmalara qəti etirazını bildirən torpaqda görüşürük. Bütün dünyada xalqların və millətlərin bir-birilərinə qarşı qalxdığı bir vaxtda şükür Tanrıya ki, Sizin respublikanızın ərazisində sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma hökm sürür. Həqiqətən də heç kəs inkar edə bilməz ki, bu gerçəkliyin təməlini ümummilli lider Heydər Əliyev qoyub.
Bu gün Azərbaycan xalqı inamla gələcəyə irəliləyir. Sizin də, şeyxülislamın da fəaliyyəti bu məqsədə xidmət edir. Öz xalqına, öz ölkəsinə belə bir xidmət Allah tərəfindən bəyənilməyə bilməz.
Şafik Pşixaçev ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərini vurğulayaraq dedi:
– Mən bütün bunları layiqincə qiymətləndirən, böyük Heydər Əliyevin vəsiyyətlərinə əməl edən Azərbaycan xalqına sonsuz minnətdarlığımı bildirirəm. Mən Ulu Tanrıya dua edirəm. Azərbaycana hər dəfə gələndə gördüklərimdən, buradakı tərəqqidən heyrətə gəlirəm.
Möhtərəm Prezident, Sizə, ailənizə xalqınızın bu paklığını qorumaq yolunda böyük uğurlar arzulayıram, həm də əldə olunan nailiyyətləri daha da artırmağı diləyirəm. Çünki hər dəfə Bakıya gələndə dünyanın heç bir diyarında rast gəlmədiyimiz xoş mənzərənin şahidi oluruq.
Sizin ürəyinizə təpər, cansağlığı, xalqınıza isə müdriklik arzu edirəm.
* * *
Çıxışına dua oxumaqla başlayan Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür PAŞAZADƏ dedi:
– Möhtərəm cənab Prezident İlham Əliyev həzrətləri!
Möhtərəm Mehriban xanım!
Leyla xanım!
Heydər Əliyev ocağı!
Hörmətli müftilər, din xadimləri.
Əziz iştirakçılar, bu gün bizim üçün çox böyük və müqəddəs gündür. Bu müqəddəsliyin bir neçə amili vardır. Bu, Allahdandır. Yəni, bu günün seçilməsi təsadüfi deyil. Bu gün peyğəmbər əleyhissəlamın bizə buyurduğu cümə günüdür. Bu, bütün müsəlmanlar üçün çox əziz cümə günüdür. İkincisi, Rəbiül-əvvəl ayının başlanğıcı, Mövlud günüdür, peyğəmbər əleyhissəlamın anadan olan günüdür.
Ulu öndər Heydər Əliyev həzrətlərinin adını daşıyan məscidin açıldığı bu gün mənim üçün böyük müqəddəs günlərdən biridir. Onun ruhu buradadır, Allah-Taala onun ruhunu şad etsin, inşallah!
Məndən əvvəlki natiqlərin çıxışları mənə çox təsir etdi. Mən bu gün ulu öndəri həyatımda yenidən dərk etdim. Mən elə bilirdim ki, Heydər Əliyevi dərk etmişəm. Amma illər ötdükcə görürəm ki, bu dahi insanın böyüklüyü daha ucadadır. Bu insan dünyadan getmiş olsa da, dediyi sözlər, qoyduğu dövlətçilik məktəbi, onun siyasəti, mənəviyyata olan münasibəti, xalqa, torpağa məhəbbəti o qədər böyük idi ki, onu dillə ifadə etmək çox çətindir. Heydər Əliyev çox böyük şəxsiyyət idi. Deyə bilərəm ki, Allah-Taala onu bizə, Azərbaycan xalqına bir örnək, bir töhfə göndərmişdi. Mən heyfsilənirəm ki, bunu bəzi adamlar başa düşmürlər. Əgər Heydər Əliyev olmasaydı, bəlkə də bu gün müstəqil Azərbaycan da yox idi.
Heydər Əliyev həzrətləri Bakıya qayıdandan sonra birinci Təzəpir məscidini ziyarət etdi. Bu günlər idi. Peyğəmbər əleyhissəlamın Mövludu günündə bütün xalqı Allah yolunda bir olmağa dəvət etdi. Heydər Əliyev həzrətlərinin adını daşıyan çox müəssisələr var. Amma onun haqqı var ki, bu məscid onun adını daşısın. Bu, xalqın istəyi, diləyi idi. Bu məscid, doğrudan da ulu öndərimizin adına layiqdir.
Möhtərəm cənab Prezident, Siz Kəbə evini yada saldınız. Biz Heydər Əliyev həzrətləri ilə birlikdə Kəbə evində namaz qılarkən ulu öndər ancaq xalqı, Vətəni, torpağı, şəhidlər üçün dua etdi. Möhtərəm Prezident, biz Sizinlə də Məkkədə olmuşuq. Mehriban xanım da orada idi. Siz də xalqımız, Vətənimiz, torpağımız və Qarabağ torpaqlarının tezliklə azad olunması, şəhidlərimiz üçün dua etdiniz. Siz Kəbə evində bir neçə il bundan əvvəl söz verdiniz ki, “mən məscid tikdirəcəm”. Kəbənin içində edilən dualar müstəcəb oldu və Heydər Əliyevin adına belə bir məscid tikildi. Mən inanıram, orada Qarabağ haqqında, şəhidlərimiz haqqında edilən dualar da inşallah müstəcəb olacaq. Mən buna inanıram. Çünki bu dualar Kəbə evində oxunub.
Mən Heydər Əliyev həzrətləri ilə çox görüşlərdə olmuşam, söhbət etmişik. Yadımdadır, BMT-nin 50 illiyi idi, Nyu-Yorkdan geri qayıdırdıq. Əlimdə “Quran” var idi, “Quran” oxuyurdum. Rəhmətlik Heydər Əliyev həzrətləri mənə dedi ki, “Quran”dan bir az oxu və mənə tərcümə et ki, orada nə deyilir. Orada bir ayə var ki, Allah-Taala buyurur: “Bəzi müşriklər, istəməyənlər, həqiqəti, haqqı dananlar, istəyirlər ki, Allahın yandırdığı çırağı söndürsünlər. Üfürməklə söndürmək istəyirlər. Deyir, mən yandırmışam o çırağı, sən onu üfürməklə söndürə bilməzsən”. Sonradan dedi ki, bu, mənə çox təsir etdi.
Həqiqətən də bir çox adamlar bəlkə də ola bilsin xarici ölkələri görməyiblər deyə, Azərbaycana qiymət verə bilmirlər. Azərbaycan bu gün həqiqətən də cənnətdir. Baxın, bütün müsəlman dövlətləri bir-birinə qarışıb, vuruşur, məzhəb ayrı-seçkiliyi mövcuddur. Bu gün heç yerdə rast gəlməzsən ki, buradakı kimi yəhudi, xristian, katolik - bütün din xadimləri bir yerə, bir məscidə gəlib çıxış etsinlər. Bu, yalnız Azərbaycandadır. Çünki bu bünövrəni qoyan Heydər Əliyev həzrətləri olub. Heydər Əliyev həzrətləri bizi tolerantlığa, qardaşlığa, dinlər arasında dialoqa və bir-birinə hörmətə çağırırdı və bunu bizə öyrətdi. Bu siyasət bu gün də davam edir. Mən çox sevinirəm ki, İlham Əliyev həzrətləri də, onun ailəsi də bu gün bunu davam etdirir.
Möhtərəm İlham Əliyev həzrətləri, prezident seçkiləri dövründə minlərlə dindar Kəbə evində dua edə-edə öz gələcəyinə, Azərbaycanın birliyinə və Sizə səs verdi. Onlar Sizin qələbənizə sevinirdilər və dualar edirdilər. Allah-Taala Sizi qoruyur, Tanrının nəzərləri, mərhəməti Sizin üzərinizdədir. Mən Allahdan dua edirəm ki, inşallah bu mərhəməti Sizin üzərinizdən heç vaxt əskik etməsin.
Mənim bir qardaş kimi Heydər Əliyev həzrətlərini və Zərifə xanımı xatırlamadığım gün yoxdur. İnanın ki, mən hər gecə yatmazdan əvvəl anamı, atamı yada salıramsa, Heydər Əliyevi də, Zərifə xanımı da yada salıram. Allah onlara rəhmət etsin!
Mənim bu gün çıxışım başqa səpkidə idi. Bu dövrlər duaların müstəcəb olan vaxtıdır. Mən arzu edirəm ki, - keçən səfər də dedim, sizin gözəl nəvələriniz var və onları çox istəyirsiniz, - Mehriban xanım, Allah-Taala inşallah, sizə oğul nəvəsi də nəsib etsin.
Hörmətli İlham Əliyev həzrətləri, Sizin özünüzə də demişəm, hərdən elə qəti addımlar atırsınız ki, həmin addımı heç kim gözləmir. Avropa Şurasında əyləşib barmaq silkələdiniz. Onu hər adam edə bilməz. Amma Siz bunu etdiniz. Çünki Siz Heydərin oğlusunuz və buna görə də biz fəxr etməliyik. Azərbaycan xalqı Sizinlə fəxr edir.
Mən bir şeyxülislam kimi yaratdığınız bu gözəl məkanda Sizə, Azərbaycan xalqına dualar edirəm. Bu məsciddə 95 metrlik minarənin ucalması əlbəttə, Sizin istəyinizlədir. Allah-Taala Sizi, ailənizi daha da uca etsin. Allah-Taala bütün Azərbaycan xalqını Sizinlə bərabər xoşbəxt etsin. Allah-Taala inşallah, bizə torpaqlarımızın tezliklə azad olunmasını nəsib etsin. Siz çoxlu işlər görmüsünüz, yeni məscidlər, sinaqoqlar, kilsələr tikilir, təmir olunur. Həqiqətən də dünya gəlib bizdən öyrənə bilər. Sizin yaratdığınız multikulturalizm məktəbi, tolerantlıq mərkəzi bu gün davam edir və inşallah, bizim müstəqilliyimiz də, Azərbaycan da daimidir. Çünki onun bünövrəsini ulu öndər Heydər Əliyev qoymuşdur və inşallah daimi də olacaq.
Mənim ürəyim doludur, çoxlu sözlərim var. Amma qəlbən, ruhən onu Sizə dualarla çatdıracağam. İnşallah mən həmişə Sizə dua edəcəyəm. Bu gün Heydər Əliyevin, Zərifə xanımın ruhu buradadır, bizi eşidirlər. Çünki ruhlar heç vaxt ölmürlər, onlar yaşayırlar. Mən istərdim ki, bütün şəhidləri yada salaq və dünyadan gedənləri, xüsusən ulu öndəri yada salaq və onun ruhuna, Zərifə xanımın ruhuna, bütün şəhidlərin ruhuna bir fatihə verim.
Fatihə verəndən sonra çıxışını yekunlaşdıran şeyxülislam Allahşükür Paşazadə dedi:
– Mübarək olsun, bir daha təbrik edirəm. Bu yeni məscid inşallah, bütün xalqımız üçün xeyirli olsun.
Sonra Prezident İlham Əliyev mərasimdə iştirak edən Şimali Qafqaz respublikalarının din xadimləri ilə görüşdü.
Daha sonra Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabana gəldilər.
Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərək üzərinə gül dəstəsi qoydu.
Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olundu.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri anıldı.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.