Prezident İlham Əliyev “Baku Sport City”də, Su İdmanı Sarayında və Dövlət Bayrağı Meydanının ərazisində inşaat işlərinin gedişi ilə tanış olub

Dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı, “Bakı 2015” Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ailə üzvləri ilə birlikdə ”Baku Sport City”də, Su İdmanı Sarayında və Dövlət Bayrağı Meydanının ərazisində həyata keçirilən inşaat işlərinin gedişi ilə tanış olublar.

2015-ci ildə Azərbaycan daha bir mötəbər idman yarışına ev sahibliyi edəcək. Birinci Avropa Oyunları ilk dəfə olaraq Bakıda keçiriləcək. Avropa Olimpiya Komitəsinin bununla bağlı qərarı beynəlxalq idman ictimaiyyətinin ölkəmizin Olimpiya hərəkatında oynadığı rola, idmanın inkişafına göstərdiyi yüksək dəstəyə verilən önəmin ifadəsidir. Bakının 2015-ci il Avropa Oyunlarının keçirilməsi üçün böyük potensiala malik olmasını beynəlxalq idman təşkilatları da təsdiqləyib. Müasir idman infrastrukturu olan Azərbaycan, eyni zamanda, beynəlxalq yarışları keçirmək təcrübəsinə də malikdir.

Birinci Avropa Oyunlarına hazırlıqla bağlı işlər yüksək səviyyədə həyata keçirilir. “Baku Sport City” ərazisində su polosu, çimərlik voleybolu və futbolu, basketbol yarışları üçün qurğular inşa edilir. Ərazidə, eyni zamanda, iclas və konfrans zalları, mətbuat üçün çəkiliş sahəsi, eləcə də avtomobil dayanacağı və digər xidmət sahələrinin də yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, dövlətimizin başçısı Azərbaycanda su idmanı növlərinin inkişaf etdirilməsi, yerli və beynəlxalq səviyyəli yarışların təşkili məqsədilə 2012-ci il avqustun 30-da Bakıda müasir standartlara cavab verən Su İdmanı Sarayının tikilməsi haqqında Sərəncam imzalayıb. Altı hektar ərazidə tikinti işləri yüksək sürət və keyfiyyətlə aparılır. Ümumi sahəsi 66 min kvadratmetr olan Su İdmanı Sarayı Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə tam cavab verir. Burada 3 üzgüçülük hovuzu olacaq. Uzunluğu 50, eni 25 metr olacaq hovuz yarışlar üçün nəzərdə tutulub. İkinci hovuzda isə məşqlər keçiriləcək.

“Baku Sport City”də həyata keçirilən inşaat işlərinin gedişi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dövlət Bayrağı Meydanı ərazisinə gəldilər.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva meydanın ətrafında yaradılan yeni mədəniyyət və incəsənət obyektləri, o cümlədən sərgi salonlarında aparılan tikinti işlərinə baxdılar, ictimai yerlər və xiyabanlar, insanların rahatlığı və istirahəti  üçün yaradılan gəzinti yerlərində yenidənqurma və təmir işlərinin gedişi ilə tanış oldular.

Son illərdə Dənizkənarı Milli Parkın genişləndirilməsi istiqamətində görülən işlər, Dövlət Bayrağı Meydanı, onun ətrafında həyata keçirilən abadlıq, quruculuq tədbirləri şəhərimizin daha da gözəlləşməsinə, insanların rahatlığına xidmət edir və paytaxt sakinlərində xoş təəssüratlar, dərin məmnunluq hissi yaradır. Açılışı 2010-cu ilin sentyabrında olan Dövlət Bayrağı Meydanı artıq sürətlə inkişaf edən Bakının yeni rəmzlərindən birinə çevrilib. Azərbaycan paytaxtının görkəminə xüsusi yaraşıq verən bu meydan həm də şəhərimizə gələn çoxsaylı qonaqların böyük marağına səbəb olur. Çünki Dövlət Bayrağının dirəyi 2010-cu ildə hündürlüyünə görə Ginnesin rekordlar kitabına düşüb və bu meydanın ətrafında həyata keçirilən irimiqyaslı tikinti-quruculuq işləri indi ərazini Bakının ən orijinal və görməli yerlərindən birinə çevirib. Hazırda meydana yaxın ərazilərdə abadlıq işləri sürətlə davam etdirilir. Bir vaxtlar ərazidə mövcud olan köhnə zavodların, sosial və iqtisadi səmərəsini itirmiş, böyüyən paytaxtın tələblərinə cavab verməyən, ən çox da ekoloji tarazlığı pozan müəssisələrin yerində indi geniş yaşıllıq zolaqları, təbii landşaft salınır, şəhərimizin sakinlərinin və qonaqlarının istifadəsi üçün iaşə və əyləncə məkanları yaradılır. Bütün bunlar bu ərazinin həm idman, həm də istirahət məkanı kimi şəhərimizin arxitekturasına xüsusi yaraşıq verəcəyini bir daha təsdiqləyir və onun əhəmiyyətini artırır. Çünki gələn il Bakıda keçiriləcək birinci Avropa Oyunlarının proqramına daxil olan yarışlardan bir neçəsi məhz bu ərazidə təşkil olunacaq. Həmçinin bulvarın Bibiheybət buxtasına qədər uzadılması ilə bağlı layihənin icrası da davam etdirilir. Bundan əlavə, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən ərazidəki tarixi əhəmiyyətli binaların bərpası və qorunması istiqamətində də mühüm addımlar atılır. Odur ki, son illərdə xaricdən Bakıya gələn qonaqların hamısı Şərq və Qərb koloritinin, qədimliklə müasirliyin nadir formada əks olunduğu bu şəhərin gözəlliklərinə heyranlıqlarını gizlətmirlər. Onlar vurğulayırlar ki, Bakıda həyata keçirilən böyük tikinti-quruculuq işləri Azərbaycan paytaxtını dünyanın ən gözəl şəhərlərindən birinə çevirib.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dövlət Bayrağı Meydanı ərazisində həyata keçirilən işlərlə yaxından tanış oldular.

Dövlətimizin başçısı görülən işlərlə bağlı müvafiq tapşırıqlarını verdi.

AzərTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında