Prezident İlham Əliyev Milli Olimpiya Komitəsində 2014-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

Dekabrın 22-də Milli Olimpiya Komitəsində 2014-cü ilə yekun vurulub, idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Mərasim iştirakçıları Prezident İlham Əliyevi hərarətlə qarşıladılar. Dövlətimizin başçısı tədbirdə çıxış etdi.

– Əziz dostlar, hər il olduğu kimi, ilin sonunda biz ilin idman yekunlarını müzakirə edirik. Artıq bu gözəl ənənə neçə ildir ki, yaşayır və əminəm ki, bundan sonra da yaşayacaqdır. Yadımdadır, 1997-ci ildə Milli Olimpiya Komitəsinə prezident vəzifəsinə seçiləndə mən demişdim ki, Azərbaycan dövləti və Milli Olimpiya Komitəsi idmançılara qayğı göstərəcək, idmançılardan isə biz qələbələr gözləyirik.

Bu siyasət uğurlu siyasət olmuşdur. Bu siyasət nəticəsində Azərbaycan bu gün dünyada idman dövləti kimi tanınır. İdmana rəhbərlik edən bütün qurumlar fəal işləyirlər. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, cəmiyyətlər, klublar, bir sözlə, idman Azərbaycanda uğurla inkişaf edir, yüksək səviyyədə dövlət siyasəti aparılır. Bu siyasət nəticəsində bu gün həm idmançılarımız bizi qələbələrlə sevindirirlər, həm də Azərbaycanda idman infrastrukturu yaradılır. Bir daha demək istəyirəm ki, Azərbaycanın idman nailiyyətləri artıq dünyada yüksək qiymətləndirilir.

Bütövlükdə, 2014-cü il ölkə iqtisadiyyatı üçün uğurlu il olmuşdur. Eyni zamanda, bizim beynəlxalq mövqelərimiz daha da möhkəmlənmişdir. Bütün çətinliklərə, dünyada və bölgədə yaşanan böhranlı vəziyyətə baxmayaraq, Azərbaycan inamla inkişaf edir. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edilmişdir və biz 2014-cü ili yaxşı nəticələrlə başa vururuq. O cümlədən bu il də idman sahəsində gözəl nəticələr olmuşdur. Bizim idmançılar ildən-ilə daha da çox medal qazanırlar. Bu il də istisna il olmamışdır. Beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında 805 medal qazanılmışdır və onlardan 275-i qızıl medaldır. Keçən ilə nisbətən yenə də medalların sayı artıb. Bu, həm onu göstərir ki, idmançılarımız daha da gözəl nəticələr qazanırlar, eyni zamanda, daha geniş mənada beynəlxalq yarışlarda iştirak edirlər. Medalların sayı, əlbəttə ki, bizi sevindirir. Çünki bu, idmanın inkişafının əsas göstəricisidir.

İl ərzində Azərbaycanda bir neçə mötəbər beynəlxalq yarış keçirilmişdir. Onlardan ikisi Avropa çempionatıdır - bədii gimnastika və taekvondo üzrə. Hər il Azərbaycanda beynəlxalq yarışlar keçirilir. Beləliklə, Azərbaycan bu sahədə də öz imkanlarını ortaya qoyur. Hər bir beynəlxalq yarışın keçirilməsi həm böyük məsuliyyətdir, eyni zamanda, gözəl imkandır ki, qonaqlar, idmançılar ölkəmizlə tanış olsunlar, Azərbaycan reallıqlarını görsünlər və bilsinlər ki, dünyada güclü, qüdrətli, müasir Azərbaycan dövləti vardır.

Uğurlarımızın davamı, əlbəttə ki, təmin ediləcək. Buna əyani sübut olaraq, bu il Çində keçirilmiş yeniyetmələrin Yay Olimpiya Oyunlarını misal göstərmək olar. Bu Oyunlar bizim üçün tarixi oyunlardır. Çünki bizim idmançılarımız bu Oyunlarda ən böyük və deyə bilərəm ki, tarixi qələbə qazanmışlar. Bu Oyunlarda 204 ölkə iştirak edirdi və Azərbaycan yeniyetmələri komanda hesabında 10-cu yerə layiq görülmüşlər. Bu, böyük tarixi nailiyyətdir. Dünya miqyasında 10-cu yerə nail olmaq böyük uğurdur. Bu uğuru gələcəkdə təkrarlamaq çətin olacaq. Ancaq biz buna çalışmalıyıq.

Bu, bir daha onu göstərir ki, Azərbaycanda çox gözəl gənc nəsil yetişir. Bizim əsas uğurlarımızın mahiyyəti ondan ibarətdir ki, ardıcıllıq təmin edilir. Peşəkar idmançılar bizi sevindirirlər, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında idman şöhrətimizi yüksəklərə qaldırırlar və gənc nəsil də yetişir.

İdmançılarımızın uğurları xalqımızı sevindirir. Bu uğurları müstəqillik dövründə böyümüş idmançılar əldə ediblər. Bu, bir daha onu göstərir ki, görün, müstəqilliyimizin nə qədər böyük mənası, nə qədər böyük üstünlükləri var. Azərbaycan idmançıları tarixdə heç vaxt bu qədər qələbələr qazanmamışlar. Ancaq müstəqillik dövründə, Azərbaycan xalqının öz taleyini öz əlində saxladığı dövrdə biz buna nail ola bilmişik. Əminəm ki, biz bundan sonra da ardıcıllıqla bu uğurlara imza atacağıq. Gənc idmançılarımızın uğurları tarixi nailiyyətdir. Əminəm ki, onlar böyüdükcə bu uğurları təkrarlayacaqlar.

Bu il idman qurğularının tikintisi davam etdirilmişdir. Göygöl şəhərində Olimpiya Mərkəzi açılmışdır. Hazırda 9 rayonda Olimpiya komplekslərinin tikintisi aparılır, yaxud da ki, ona hazırlıq işləri gedir. Bütövlükdə bölgələrdə 41 Olimpiya Mərkəzimiz var. Ümumiyyətlə isə son illərdə 50-dən çox böyük Olimpiya Mərkəzi yaradılmışdır. Beləliklə, idmanla məşğul olmaq üçün hər bir bölgədə yaxşı imkanlar - üzgüçülük hovuzları, açıq, qapalı zallar və bütün infrastruktur var. Ona görə tam əminəm ki, bizim beynəlxalq yarışlardakı nailiyyətlərimiz uğurla davam edəcək.

Gənc, peşəkar idmançılar bizim fəxrimizdir. Onlar Azərbaycanı dünyada ləyaqətlə təmsil edirlər. Azərbaycan idman dövləti kimi artıq özünü təsdiq edib. Bunu beynəlxalq idman qurumları da qeyd edirlər. Noyabr ayında Bakıda Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında Azərbaycanın uğurlu inkişafı, o cümlədən idmanın inkişafı ilə bağlı çox dəyərli fikirlər səsləndirilmişdir. Bu Assambleyada 300-dən çox qonaq iştirak etmişdir. Avropanın bütün yerlərindən gələn qonaqlar şəhərimizlə, idman nailiyyətlərimizlə tanış oldular. Həm Avropa Olimpiya Komitəsinin prezidenti, eyni zamanda, bu tədbirdə iştirak edən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Azərbaycanın bu sahədəki uğurlarını qeyd etmişlər.

Bizim bütövlükdə, beynəlxalq idman qurumları ilə əməkdaşlığımız uğurla davam etdirilir. Təsadüfi deyil ki, Bakıda birinci Avropa Oyunları keçiriləcək. Bu Oyunların keçirilməsi tarixi hadisədir. Çünki bildiyiniz kimi, ilk dəfə olaraq Avropada belə oyunlar keçiriləcək və bu məsuliyyət bizim üzərimizə düşür. Biz bu  məsuliyyəti öz üzərimizə götürmüşük, buna hazır idik. Görülən bugünkü işlər onu göstərir ki, Avropa Olimpiya Komitəsi düzgün qərar qəbul etmişdir.

Hazırlıq işləri son mərhələdədir. Bildiyiniz kimi, hazırlıq üçün bizim cəmi iki il yarım vaxtımız var idi. Biz bu hazırlıq işlərini çox məhdud bir vaxt, zaman  çərçivəsində görürük. Ancaq bütün işlər yüksək keyfiyyətlə, qrafik üzrə aparılır və bütün idman qurğuları vaxtında hazır olacaq. Bu, o qədər də asan məsələ deyil. Çünki bizim bəzi idman qurğularımız var idi, bəziləri isə tikilir, olanlar da əsaslı təmir edilir. Ona görə hazırda çox böyük  quruculuq işləri aparılır. Bütün idman obyektlərində gərgin iş gedir. Bu Oyunların keçirilməsi nəticəsində Azərbaycanda yenilənmiş və yeni gözəl idman infrastrukturu yaradılacaqdır ki, gələcəkdə Yay Olimpiya Oyunlarını da keçirmək mümkün olacaq.

Əslində, Avropa Oyunları idmançıların, idman növlərinin sayına görə Yay Olimpiya Oyunlarına çox yaxındır, altı mindən çox idmançı iştirak edəcək və 20 idman növündə yarışacaqdır. Müqayisə üçün deyə bilərəm ki, 1980-ci illərə qədər Yay Olimpiya Oyunlarında təxminən 6 min idmançı iştirak edirdi. Ondan sonra idman növlərinin artırılması nəticəsində Yay Olimpiya Oyunlarında təqribən 9-10 min idmançı iştirak edib. Yəni, bizim Oyunlarımız Yay Olimpiya Oyunlarından o qədər də çox fərqlənməyəcək. Eyni zamanda, bizim Oyunlarımızın bir neçə üstünlüyü olacaqdır. Çünki bir neçə idman klasteri yaradılıbdır, idmançılar və mətbuat nümayəndələri üçün Olimpiya şəhərciyi və media şəhərciyi yaradılır. Bu da ən yüksək səviyyədə olan binalardır, orada ən gözəl şərait yaradılacaqdır, özü də şəhərin mərkəzində yaradılır. Yay Olimpiya Oyunlarında Olimpiya şəhərciyi şəhərlərin kənarında yerləşir. Oraya gedib çatmaq üçün ən azı, bir saat vaxt lazımdır. Bu isə şəhərin mərkəzindədir.

Bizim mövcud olan bütün idman obyektlərimiz təmir olunur - Heydər Əliyev adına İdman Kompleksi, Bakı İdman Sarayı və bizim digər obyektlərimiz “Crystal Hall” - indi orada da bir neçə idman növü üzrə yarışlar keçiriləcəkdir. Bakı Gimnastika Arenası bu yaxınlarda istifadəyə verilmişdir. Stend Atıcılığı Mərkəzi uğurla inşa edilir. Su İdmanı Sarayı indi onun tikintisi son mərhələdədir. Böyük Olimpiya Stadionu tikilməkdədir. Eyni zamanda, Baku Sport City adlanan mərkəz də inşa edilir və bu, nadir bir idman mərkəzi olacaqdır. Eyni zamanda, bu Oyunların keçirilməsi nəticəsində şəhərimizin infrastrukturuna böyük dəstək verilir, nəqliyyat məsələləri öz həllini tapır, yeni nəqliyyat istiqamətləri açılır, yollar, körpülər, estakadalar salınır və şəhər nəqliyyatının təkmilləşdirilməsi üçün yeni avtobuslar alınır. Yəni, bu Oyunlardan sonra, əlbəttə ki, Bakı şəhərində yeni imkanlar yaranacaq.

İndi böyük ekoloji layihələr icra edilir. Göllərin təmizlənməsi prosesi gedir, o cümlədən Böyükşor gölünün təmizlənməsi indi uğurla davam etdirilir.

Böyükşor gölü ikiyə bölünür. Göl üzərində bənd artıq tikilibdir. Bəndin üzərində geniş avtomobil yolu çəkilir, yəni, nəqliyyat üçün çox gözəl imkanlar açılır, eyni zamanda, Böyükşor gölünün təmizlənməsinin birinci mərhələsi nəticəsində, - o da Oyunlara qədər hazır olacaq, şəhərin mərkəzində 300 hektar sahədə təmiz, gözəl, abad bir göl olacaq ki, onun ətrafında bulvar, meşə, gəzinti, idman, velosiped zolaqları - hər şey nəzərdə tutulubdur. Artıq təmizləmə prosesi getdiyi bir vaxtda - mən bunu böyük sevinclə qeyd etmişəm - artıq köçəri quşlar da o gölə qonur. Bu da onu göstərir ki, artıq orada su təmizlənir.

Eyni zamanda, Sport City yerləşən ərazidə, köhnə buruqların yerində gözəl bir idman mərkəzi salınır. Bibiheybət neft yataqları dünyanın ən qədim neft yataqlarından biridir. Vaxtilə neft hasilatının fəsadları orada özünü büruzə vermişdir, o yer tamamilə ekoloji fəlakət mənzərəsini əks etdirirdi. Orada olan buruqlar bəzi filmlərdə də öz əksini tapmışdır. İndi o ərazi tamamilə təmizlənir, böyük - 20 hektarlıq bir park salınır. Su İdmanı Sarayının ətrafı gözəl Bakının bəlkə də ən gözəl park zonasına çevriləcəkdir. Beləliklə, bulvarın uzunluğu da artacaqdır. Ənənəvi bulvarın uzunluğu 3 kilometr yarım idi. İndi isə yeni layihələr nəticəsində bulvarın uzunluğu 16 kilometrə çatacaqdır. Bu, dünyanın bəlkə də ən uzun bulvarı olacaq. Hər bir insan “Ağ şəhər”dən başlayaraq ta Bibiheybət buruqlarına qədər piyada gedə bilər. Ancaq əlbəttə ki, bu, çox uzun bir məsafədir. Ona görə, bulvara əlavə xüsusi kiçik avtobuslar gətiriləcək ki, onlar da insanlara rahatlıq verəcək.

Yəni, demək istəyirəm ki, görün bu Oyunların keçirilməsi bizim üçün nə qədər böyük imkanlar açır. Düzdür, onsuz da biz bu layihələri icra edəcəkdik. Həm Böyükşor gölünün təmizlənməsi, bulvarın tikintisi, yəni, bu, bu günün məsələləri deyil. Biz, eyni zamanda, böyük Olimpiya Stadionunun da təməl daşını qoyanda hələ Oyunların keçirilməsi haqqında qərar verilməmişdi. Biz onsuz da bunları edəcəkdik. Sadəcə olaraq, Oyunlar bizi məcbur edir ki, bunu daha da qısa müddət ərzində həyata keçirək. Altı aydan sonra bütün bu gözəl, yeni yerlər ictimaiyyət üçün açıq olacaq və Oyunlardan sonra Bakı sakinləri, onun qonaqları bu gözəl imkanlardan istifadə edəcəklər. Bizim gözəl şəhərimiz Bakı daha da gözəl olacaq və əminəm ki, qonaqlar, idmançılar, şəhərimizə gələn bütün turistlər bunu bir daha görəcəklər.

Bu Oyunların keçirilməsi, eyni zamanda, ölkəmizin gücünü göstərir. Çünki ancaq güclü dövlətlər belə böyük tədbirləri, idman tədbirlərini keçirə bilərlər. Azərbaycan da güclü dövlətdir. Son illərdə aparılan islahatlar, görülən işlər nəticəsində ölkəmiz gücləndi, güclü iqtisadiyyata malikdir, siyasi proseslər müsbət istiqamətdə gedir. Beynəlxalq aləmdə Azərbaycan çox böyük hörmətə malik olan bir ölkədir. İdman aləmində isə qeyd etdiyim kimi, idmana rəhbərlik edən bütün vəzifəli şəxslər Azərbaycanın uğurlarından danışırlar. Ona görə bu Oyunlar bizə imkan verəcək ki, Azərbaycanı olduğu kimi dünyaya təqdim edək və bir daha göstərək ki, gənc müstəqil Azərbaycan böyük uğurlara imza atır, dünyaya açıqdır, ölkəmiz müasirdir, eyni zamanda, öz tarixinə, mədəni köklərinə bağlıdır, ölkəmizdə təhlükəsizlik tədbirləri yüksək səviyyədə təmin edilir. Bakı və Azərbaycan dünyanın ən təhlükəsiz şəhərlərindən, ölkələrindən biridir. Beləliklə, Azərbaycan dünyaya öz imkanlarını bir daha göstərəcək.

O ki qaldı bizim idman uğurlarımıza əminəm ki, gələn il də bu uğurlar təmin ediləcək. Artıq gözəl bir ənənə vardır. İdmançılarımız həm peşəkardırlar, həm vətənpərvərdirlər, Vətənə bağlıdırlar və Azərbaycan bundan sonra da beynəlxalq arenalarda öz sözünü deyəcək.

Bu gün biz idmançıları, idman mütəxəssislərini ənənəvi olaraq təltif edəcəyik. Dövlət, xalq üçün görülən hər bir iş əlbəttə ki, dövlət tərəfindən layiqli qiymətini alacaqdır. Biz idmançıları hər il təltif edirik, müxtəlif mükafatlar verilir. Bu gün də bu mükafatlar veriləcəkdir. Əminəm ki, biz gələn il Avropa Oyunlarının qaliblərini təltif edəcəyik.

Mən fürsətdən istifadə edərək, sizi və bütün Azərbaycan idmançılarını, bütün Azərbaycan xalqını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm, sizə gələn ildə yeni uğurlar arzulayıram. Sağ olun.

*  *  *

Sonra 2014-cü ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olundu.

Prezident İlham Əliyev müxtəlif beynəlxalq yarışlarda fərqlənən, ölkəmizdə idmanın inkişafına töhfə verən bir qrup idmançı və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim etdi.

İdmanda yüksək nailiyyətlər göstərən Elsevər Quliyev, Elvin Əhmədli, Əkbər Fərəcov və Cəsarət Əhmədov Milli Olimpiya Komitəsinin prezidentinin fəxri fərmanları ilə təltif edildilər.

Respublikamızda idmanın inkişafında xidmətləri olan Rafiq Həsənova və Məmməd Useynova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sənədlər təqdim olundu.

Azərbaycan Prezidenti ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə Maqomed Aliomarova, Vaqif Cəfərova, Musa Həsənova və Çingiz İsmayılova “Əməkdar bədən tərbiyəsi və idman xadimi”, Akif Atakişiyevə və Şəmsəddin Şahbazova isə “Əməkdar müəllim” fəxri adlarının döş nişanlarını təqdim etdi.

Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov federasiya üzvləri adından dövlətimizin başçısına minnətdarlığını ifadə etdi. Bildirdi ki, bu il qol güləşi üzrə 24-cü Avropa çempionatı Azərbaycanda keçirilib. 33 ölkədən 600-dən çox idmançının iştirak etdiyi yarışda Azərbaycan pəhləvanları 41 medal qazanıblar. Qeyd edildi ki, bu il həm də federasiyanın yeni mərkəzinin açılışı olub.

Ağır Atletika Federasiyasının nümayəndəsi, veteran Məmməd Useynov fərdi təqaüd aldığına və idman veteranlarına göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Bakı Dövlət Universitetinin idman kafedrasının müdiri Akif Atakişiyev dövlətimizin başçısına idmanın inkişafına göstərdiyi qayğıya, həmçinin idman mütəxəssislərinə və idmançılara ayrılan diqqətə görə minnətdarlığını ifadə etdi.

Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri, Əməkdar incəsənət xadimi Zərifə Salahova Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi, dövlətimizin başçısına doğum günü münasibətilə təbriklərini  çatdırdı, fəaliyyətində uğurlar arzuladı.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında