Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sabirabad regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.
Son illər dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində əhəmiyyətli işlər görülüb, müvafiq hüquqi baza formalaşdırılıb. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilib. Bu xidmətlər bürokratik əngəlləri və mümkün korrupsiya hallarını aradan qaldırır. 2012-ci il iyulun 13-də bu sahədə daha mühüm islahata imza atıldı. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri yaradıldı. Bu qurumun yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərəcək “ASAN xidmət” mərkəzlərinin vahid şəkildə idarə edilməsi idi. Buraya xidmət mərkəzlərinə qoşulan dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsi, nəzarət və qiymətləndirmənin aparılması, dövlət qurumlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi və bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi daxildir. 2012-ci il dekabrın 29-da pilot layihə olaraq Bakıda 1 saylı “ASAN xidmət” mərkəzi fəaliyyətə başladı. 2013-cü il ərzində paytaxtın bir neçə rayonunda “ASAN xidmət” mərkəzləri istifadəyə verildi. Daha sonra bu proses regionları da əhatə etməyə başladı. Hazırda bu mərkəzlərə daxil olan müraciətlər arasında şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat fəaliyyəti, eləcə də miqrasiya və əmlak məsələləri ilə bağlı olan xidmətlər üstünlük təşkil edir. Əgər əvvəllər “ASAN xidmət” mərkəzlərində 23 hüquqi xidmət həyata keçirilirdisə, indi 10 dövlət orqanı tərəfindən 30 növ xidmət göstərilir. Eyni zamanda, mərkəzlərdə 28 növ funksional yardımçı xidmətlər təşkil edilib. Bütün bunlar dövlət qulluqçusu - vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi beynəlxalq əlaqələrə də üstünlük verir. Avropa Parlamentində “İnnovasiya və Mobil İmza-Avropa ilə yeni rəqəmsal inteqrasiya vasitəsi kimi” mövzusunda keçirilən konfransda “ASAN xidmət”in fəaliyyəti ilə bağlı təqdimat olub. Bu faktın özü bir daha təsdiqləyir ki, Azərbaycan brendi olan “ASAN xidmət”ə dünyada böyük maraq var və o öz ətrafında kifayət qədər diqqət toplaya bilib. Təsadüfi deyil ki, bir sıra dövlətlərin rəsmiləri ölkəmizə gələrək “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə yaxından tanış olurlar.
Artıq Sabirabad rayonunda da “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayır.
Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Bildirildi ki, Sabirabad regional “ASAN xidmət” mərkəzinin dördmərtəbəli binasının tikintisi ən yüksək standartlara uyğun həyata keçirilib. Həyətdə uşaq avtoşəhərciyi yaradılıb və burada balacaların yol hərəkəti qaydalarını öyrənmələri və yol nişanlarını tanımaları üçün bütün şərait var.
Binada müasir müstəqil Azərbaycanın inkişafında mühüm xidmətləri olan ümummilli lider Heydər Əliyevin büstü qoyulub.
Artıq “ASAN xidmət” təcrübəsinin özünəməxsus hüquqi strukturu bir çox beynəlxalq tərəfdaşlar və ekspertlər tərəfindən yüksək qiymətləndirilir və bu təcrübə Azərbaycan modeli kimi xüsusi təqdim olunur. Odur ki, “ASAN xidmət”in təkcə Azərbaycanda deyil, digər ölkələrdə də tətbiqi genişlənir. Bu, müxtəlif beynəlxalq tərəfdaşlarla, o cümlədən Avropa İttifaqı ilə aparılan əməkdaşlığın əsas istiqamətlərindən birini təşkil edir. Geniş beynəlxalq marağın nəticəsidir ki, bu il Sabirabad “ASAN xidmət” mərkəzi “OHSAS 18001:2007" standartı üzrə beynəlxalq dərəcəli sertifikata layiq görülüb. Standartın əsas tələbi xidmət mərkəzinin fəaliyyət göstərdiyi inzibati binalarda təhlükəsiz və sağlam iş mühitinin yaradılmasıdır. İşin bu standarta uyğun təşkilinin əsas xüsusiyyətlərindən biri inzibati binada həm əməkdaşların tam səmərəli, şəffaf və operativ xidmət göstərmələri, eyni zamanda, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq zəruri tədbirlərin nəzərə alınmasıdır.
Məlumat verildi ki, “ASAN xidmət” mərkəzinin fəaliyyətindən Sabirabadla yanaşı, Saatlı, İmişli, Kürdəmir, Hacıqabul, Salyan, Beyləqan rayonlarının və Şirvan şəhərinin 900 minə yaxın sakini yararlanacaq.
“ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların razı salınması, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının tam aradan qaldırılması, müasir texnologiyaların, “bir qapı” prinsipinin tətbiq olunması, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır. “ASAN xidmət” mərkəzinin əsas prinsipləri operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və etik davranış qaydalarına nəzarət və rahatlıqdır. Bununla yanaşı, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyindəki “ASAN xidmət” mərkəzləri öz fəaliyyətini yüksək standartlar çərçivəsində quran və inkişaf etdirən dövlət orqanı qismində “vahid məkan” prinsipinə əsaslanan qurumlardandır.
Dövlətimizin başçısının imzaladığı müvafiq fərmana əsasən “ASAN ödəniş” sistemi həyata keçirilir. Bu sistem vətəndaşla dövlət orqanı əməkdaşı arasında birbaşa təması istisna edir, şəffaflığı və operativliyi təmin edir, korrupsiya və digər mənfi halların qarşısını alır. Artıq inzibati xətalarla bağlı bildirişlər SMS vasitəsilə dərhal vətəndaşların telefonlarına göndəriləcək. İlkin olaraq bu qayda yol hərəkəti qaydalarını pozanlara tətbiq olunacaq. Cərimələrin ödənilməsini də bu sistem vasitəsilə aparmaq mümkündür. Yaxın gələcəkdə ödəniş terminallarının ictimai yerlərdə quraşdırılmasına başlanacaq.
Vətəndaşların rahatlığı məqsədi ilə “ASAN xidmət” mobil proqram təminatı da yaradılıb. İnsanlar mobil telefon vasitəsilə müvafiq xidmətlə bağlı ərizələri elektron formada doldura bilərlər.
Prezident İlham Əliyevə “Google glass” - biometrik tanınma sistemi barədə də məlumat verildi. Xatırladaq ki, digər mərkəzlərdə olduğu kimi, burada da internetə açıq olan kompüterlər qoyulub və vətəndaşların bütün növ elektron xidmətlərdən yararlanmaları üçün şərait yaradılıb.
“ASAN xidmət” mərkəzində vətəndaşların gözləmələri və vaxtlarını səmərəli keçirmələri üçün funksional yardımçı xidmətlər - bank, sığorta, hüquqi yardım və tərcümə mərkəzləri, laboratoriya, tibbi xidmət, poçt şöbələri, fotostudiya da fəaliyyət göstərir. Xüsusi terminallar vasitəsilə mobil rabitə, internet, işıq, su, qaz və digər kommunal xidmətlərin ödənişi, kredit və sığorta ödənişlərinin həyata keçirilməsi mümkündür.
Xidmət sistemi müasir İP telefon və İP şəbəkə ilə təmin edilib. Burada “ASAN xidmət” sistemində ilk dəfə miniatür tropik meşə layihəsinin tətbiqinə başlanıb ki, bu da bina daxilində havanın təmizlənməsini nəzərdə tutur.
Bundan başqa, “ASAN” könüllüləri üzrə məlumat bazası da yaradılıb. Bu bazada yüzlərlə könüllü haqqında müxtəlif məlumatlar saxlanılır. Ölkəmizdə təşkil ediləcək bir sıra beynəlxalq tədbirlərdə, o cümlədən 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarında bu könüllülərin bacarıqlarından və xidmətlərindən geniş istifadə olunması nəzərdə tutulur.
Qeyd edildi ki, Sabirabaddakı “ASAN xidmət” mərkəzində çalışan əməkdaşların ümumi sayı 179 nəfərdir və onların 60 nəfəri könüllüdür. Burada kitabxana, kafe, ana-uşaq otağı, “uşaq əyləncə mərkəzi” də yaradılıb.
Prezident İlham Əliyev səyyar “ASAN xidmət” avtobuslarında yaradılan şəraitlə də tanış oldu. Bildirildi ki, avtobusdakı bütün texniki avadanlıq günəş enerjisi ilə işləyir. Bu avtobuslarda vətəndaşlara xidmət göstərmək üçün ofis şəraitinə uyğun ən müasir server və şəbəkə avadanlığı quraşdırılıb.
Diqqətə çatdırıldı ki, 2014-cü il ərzində 25 məntəqədə 30 rayonun əhalisinə səyyar xidmət göstərilib. Bu çərçivədə edilən 59 mindən çox müraciətin 90 faizə yaxını təmin olunub.
Qeyd edildi ki, mərkəzdə 50 avtomobil tutumu olan dayanacaq da tikilib.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.