Prezident İlham Əliyev MDB ölkələrinin Kəşfiyyat Xidmətləri və Təhlükəsizlik Orqanları Rəhbərləri Müşavirəsinin Bakıda keçirilən XI iclasında iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini qəbul etmişdir

Sentyabrın 15-də Prezident İlham Əliyev MDB ölkələrinin Kəşfiyyat Xidmətləri və Təhlükəsizlik Orqanları Rəhbərləri Müşavirəsinin Bakıda keçirilən XI iclasında iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini qəbul etmişdir.
Prezident İlham Əliyev MDB ölkələrinin Kəşfiyyat Xidmətləri və Təhlükəsizlik Orqanları Rəhbərləri Müşavirəsinin Bakıda keçirilən XI iclasının yüksək səviyyədə təşkil olunduğunu və bu mötəbər tədbirdə səmərəli fikir mübadiləsi aparıldığını qeyd etdi. Müstəqil Dövlətlər Birliyi ölkələrinin xüsusi xidmət orqanlarının birgə fəaliyyətinin sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitliyin təmin edilməsində vacib rol oynadığını diqqətə çatdıran dövlətimizin başçısı dedi:
- Azərbaycan MDB-nin işində fəal iştirak etmək əzmindədir. Biz müxtəlif formatlarda - həm humanitar sahədə, həm iqtisadi əməkdaşlıqda, həm də əlbəttə ki, təhlükəsizlik və sabitliyin təminatında fəal iştirak edirik. Bilirəm ki, bizim təhlükəsizlik orqanları ilə MDB ölkələrinin təhlükəsizlik orqanları arasında həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyət mövcuddur. Mən bunu alqışlayıram. Çox şadam ki, dost MDB ölkələrini təmsil edən həmkarlarımız fəal əməkdaşlıqda maraqlıdırlar. Biz ümidvarıq ki, bu cür əməkdaşlıq davam etdiriləcəkdir.
Dövlətimizin başçısı MDB ölkələrinin Kəşfiyyat Xidmətləri və Təhlükəsizlik Orqanları Rəhbərləri Müşavirəsinin Bakıda keçirilən XI iclasının beynəlxalq terrorizm, ekstremizm, radikalizm və müasir dövrün bu qəbildən olan digər çağırışlarına qarşı layiqincə mübarizə aparmağa daha güclü təkan verəcəyinə əminliyini vurğulayaraq dedi:
- Mən əminəm ki, ölkələrimizin təhlükəsizliyinin tam şəkildə təmin edilməsi qonşular, tərəfdaşlar, dost ölkələrlə sıx əməkdaşlıq yolu ilə mümkündür. Bu gün dünyada təkcə dövlət və təhlükəsizlik orqanlarının texnologiya və imkanları genişlənmir, təəssüf ki, insanlarımızın dinc həyatına qəsd etmək, təşviş və xaos yaratmaq istəyənlər də qabaqcıl texnologiyaları əldə edirlər. Təbii ki, siz bunu daha çox və daha yaxşı bilirsiniz. Əminəm ki, operativ informasiya mübadiləsi, sıx əməkdaşlıq bir çox bəlalardan xilas olmağa kömək edəcəkdir.
Prezident İlham Əliyev MDB ölkələrinin qarşılıqlı səmərəli əməkdaşlığının və birgə səylərinin regionda, ümumilikdə dünyada təhlükəsizliyə təminatın yaradılmasında mühüm rol oynadığını dedi. Dövlətimizin başçısı xüsusi qeyd etdi ki, planetdə heç bir, o cümlədən ən güclü ölkələrin belə beynəlxalq terrorizm kimi qlobal təhlükələrdən tam sığortalanmadığı indiki vaxtda MDB ölkələrinin səylərini daha da artırması olduqca vacibdir. Prezident İlham Əliyev ümumi amallar naminə MDB ölkələrinin Kəşfiyyat Xidmətləri və Təhlükəsizlik Orqanları Rəhbərləri Müşavirəsinin Bakıda keçirilən XI iclasının iştirakçılarına uğurlar arzuladı.
MDB ölkələrinin Kəşfiyyat Xidmətləri və Təhlükəsizlik Orqanları Rəhbərləri Müşavirəsinin sədri, Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Mixail Fradkov görüşdə iştirak edən nümayəndə heyətləri rəhbərləri adından Azərbaycan Prezidenti İlham Əliyevə dərin təşəkkürünü bildirdi. O qeyd etdi ki, MDB ölkələrinin xüsusi xidmət orqanları səyləri birləşdirmək üçün əlaqələri daha da möhkəmləndirir, mütəmadi fikir və təcrübə mübadiləsi aparır. M.Fradkov dedi:
- Bu cür görüşlər bizim düz yolda olduğumuza əminlik yaradır və biz qarşılıqlı fəaliyyəti təkmilləşdirmək üçün hər şeyi edirik. Buna ölkə başçılarının xoş münasibəti və Sizin şəxsən maraqlı olmağınız əhəmiyyətli dərəcədə təkan verir. Sizin arzu və tövsiyələrinizi biz, təbii ki, praktik işimizdə, o cümlədən bugünkü iclasda nəzərə alacağıq.
Mixail Fradkov bildirdi ki, MDB ölkələrinin Kəşfiyyat Xidmətləri və Təhlükəsizlik Orqanları Rəhbərləri Müşavirəsinin XI iclasının Bakıda keçirilməsi barədə qərar X yubiley iclasında təsdiqlənib. Qonaq Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin böyük imicə malik olduğunu və MDB xüsusi xidmət orqanlarının qarşısında duran birgə vəzifələrin həllində yaxından iştirak etdiyini vurğulayaraq bildirdi:
- Burada olduğumuz ilk dəqiqələrdən böyük diqqət və xoş münasibət hiss edirik ki, bu da uğurlu fəaliyyətimiz üçün əlavə zəmindir. Biz Sizin təhlükəsizlik və sabitliyin təmin edilməsi məsələlərinə şəxsi münasibətinizi bilirik. Biz birinci dəfə deyildir ki, görüşürük. Doğrudan da, söz və əməllərdə ardıcıllıq hiss olunur, xüsusən də insan həyatının gündəmdə olduğu məsələlərdə, terrorizmlə, dini ekstremizmlə mübarizədə. Mənə elə gəlir ki, bu, səylərimizi birləşdirmək üçün aktual, prioritet istiqamətdir.
Qonaq MDB ölkələrinin Kəşfiyyat Xidmətləri və Təhlükəsizlik Orqanları Rəhbərləri Müşavirəsinin XI iclasında beynəlxalq təhlükəsizliyə təhdidlərin qarşısının alınmasında ehtiyat imkanların hərtərəfli araşdırıldığını və faydalı fikir mübadiləsi aparıldığını qeyd etdi. Mixail Fradkov Bakıda gördüklərinin onlarda zəngin təəssürat doğurduğunu və bunu Azərbaycanın ümumi inkişafının konkret nümunəsi kimi dəyərləndirdiklərini xüsusi vurğuladı. O, MDB ölkələrinin xüsusi xidmət orqanlarının qarşıda duran ümdə vəzifələrin həlli üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini bildirdi.{nl}

AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında