Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir
Sentyabrın 15-də - Bilik Günündə Bakıda 132-134 nömrəli təhsil kompleksi yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan da bu ölkələr sırasındadır. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca istiqamət seçmişdir.
Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilmişdir. Bu proses təkcə paytaxt ilə məhdudlaşmır, bölgələri də əhatə edir. Təsadüfi deyil ki, son bir neçə ildə - XXI əsr Azərbaycanında əsl təhsil bumu yaşanmışdır. Ölkəmizdə heç bir dövrdə olmayan qədər məktəb binası tikilmiş, bir çox məktəb binaları üçün yeni korpuslar inşa olunmuşdur. Bu proses ən ucqar bölgələrimizi də əhatə etmişdir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülmüşdür. Bütün orta təhsil ocaqlarında internetə qoşulmuş kompyuter sinifləri yaradılmışdır.
Heydər Əliyev Fondunun dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına verdiyi dəstək isə öz nadirliyi ilə seçilmişdir. Fond ölkədə məktəb tikintisində yaxından iştirak etməklə yanaşı, onların əyani vəsaitlər, şagirdlərin isə məktəb ləvazimatları ilə təmin olunmasında mühüm rol oynamışdır. Bu proses indi də davam edir.
Bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən hər islahat, baş verən hər bir hadisə ilk növbədə Azərbaycanın xoşbəxt gələcəyinə hesablanmışdır.
Bakının 132-134 nömrəli təhsil kompleksində aparılan yenidənqurma işləri ölkə rəhbərliyinin təhsilə göstərdiyi diqqət və qayğını bir daha təsdiqləyir.
Prezident İlham Əliyevin sərəncamına əsasən kompleksdə genişləndirmə və yenidənqurma işlərinə keçən ilin iyununda başlanılmışdır. Bu təhsil kompleksinin maraqlı tarixi vardır. Binanın özülü qədim Bakının möhtəşəm Qala divarlarının 20-30 addımlığında o vaxtlar boş sahələr olan ərazidə qoyulmuşdur. Binanın tikilməsi haqqında sərəncam 1866-cı ildə verilmişdir. Arxiv materiallarından məlum olur ki, fligelin tikilməsi üçün torpaq sahəsi axtararkən üç azərbaycanlının xırman sahəsi olan bu ərazi onlardan pulla alınmış və birmərtəbəli hospitalın tikilməsi nəzərdə tutulmuşdur. Bina memar Buynov tərəfindən hərbi xəstəxana kimi layihələşdirilmişdir. Əvvəlcə birmərtəbəli olan bu binadan bir müddət fligel kimi istifadə olunmuş, 1886-cı il iyunun 13-də isə "Müqəddəs Nina" Qadın Xeyriyyə Cəmiyyətinin nəzdində qızlar pansionunun ixtiyarına verilmişdir.
Bu qocaman məktəbin məzunları sırasında XX əsrin görkəmli şərqşünas alimi, filologiya elmləri doktoru, professor Aida İmanquliyeva, akademik Nailə Vəlixanlı, əməkdar memar Ofeliya Babayeva və Azərbaycan elminin inkişafında xidmətləri olan yüzlərlə tanınmış şəxs vardır.
Prezident İlham Əliyev müasir standartlara uyğun əsaslı şəkildə yenidən qurulmuş təhsil kompleksi ilə tanış oldu.
Dövlətimizin başçısına məlumat verildi ki, dördmərtəbəli kompleks ən müasir tələblərə uyğun qurulmuşdur.
Təhsil ocağının geniş və işıqlı foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur. Burada ulu öndər Heydər Əliyevin və dövlətimizin başçısı İlham Əliyevin təhsilə diqqət və qayğısını əks etdirən fotostend də yaradılmışdır.
Prezident İlham Əliyev siniflərdə dərs prosesi üçün yaradılmış şərait ilə tanış oldu. Burada "ağıllı lövhə" adlanan smartbordlar quraşdırılmışdır. Bu interaktiv lövhələr ən son texnologiyalar əsasında qurulmuşdur. Müəllim və şagirdlər lövhədə elektron cihaz olmadan barmaqla, yaxud çubuq vasitəsilə istənilən əməliyyat apara bilərlər.
Dövlətimizin başçısı təhsil kompleksində yaradılmış Heydər Əliyev muzeyi ilə tanış oldu. Burada ümummilli lider haqqında müxtəlif nəşrlər toplanmışdır. Daha bir yenilik muzeyin elektron versiyasının yaradılmasıdır. Bu, ölkədə ilk elektron muzeydir. Burada ulu öndərin həyat və fəaliyyətinə dair videomateriallar, fotolar, ümummilli lider haqqında kitablar, dahi şəxsiyyətə həsr edilmiş musiqilər vardır. Elektron sənədlər toplusunda ulu öndərin tərcümeyi-halı, sovet dövründən başlayaraq fəaliyyəti və qiymətli kəlamları yer almışdır. İnteraktiv qurğu vasitəsilə elektron cihazlardan istifadə etmədən məsafədən idarə olunan elektron kitabxana qonaqlara istənilən məlumatı əldə etməyə imkan yaradır.
Təhsil ocağının idman zalı da ən son tələblərə cavab verir. İndi həm də idman ölkəsi kimi tanınan Azərbaycanda məğlubedilməz idmançıların böyüməsi dövlətin qarsıya qoyduğu prioritet məsələlərdən biridir. Müxtəlif trenajorlarla təchiz edilən zalda həndbol, gimnastika və digər idman növləri ilə məşğul olmaq üçün bütün şərait yaradılmışdır.
Prezident İlham Əliyev bilik ocağının tarix muzeyinə də baxdı.
Muzeydə toplanılmış materiallar bir daha təsdiq edir ki, 132-134 nömrəli təhsil kompleksi Bakının sayılıb-seçilən təhsil müəssisələrindən biridir. XIX əsrin 70-ci illərində burada quberniya batalyonundakı imtiyazlı hərbiçilərin övladları qapalı orta hərbi təhsil alırdılar. Hərbi xəstəxana da burada yerləşirdi. Amma binanın təməli Bakı quberniya batalyonu üçün hərbi xəstəxana kimi qoyulsa da, bir neçə ildən sonra təhsil ocağına, özü də gələcəkdə Azərbaycan elminin inkişaf etdirilməsində böyük xidmətləri olan yüzlərlə alimə ilk təhsil verən kompleksə çevrilmişdir.
Dövlətimizin başçısı məhz bu təhsil ocağını qızıl medallarla bitirən və Azərbaycanın inkişafında böyük xidmətləri olan şəxslərin fotostendinə baxdı.
Kompleksdə yenidənqurma işləri aparılarkən maraqlı tapıntılar da aşkar edilərək, muzeydə yerləşdirilmişdir.
Bilik ocağının yenidən qurulması şagirdlərin təhsil şəraitini tamamilə dəyişməyə, tədrisin səviyyəsini yüksəltməyə imkan yaradır. Təhsil kompleksində ən müasir standartlar səviyyəsində qurulan və ən qabaqcıl avadanlıqla təchiz edilən fənn kabinetləri vardır. Bütün siniflər kompyuter, netbuklar, proyektor, elektron lövhələr ilə təchiz edilmişdir.
Kompleksin ərazisində quraşdırılmış elektron televizorlar şagirdlər, müəllimlər və məktəbə gələn qonaqlar üçün lazımi informasiyanı əldə etməyə kömək göstərir. Məsələn, hər bir şagird burada öz sinfi və dərslərin cədvəli haqqında məlumat əldə edə bilər. Məktəbdəki dinamiklər isə elanların verilməsi üçündür. Daha bir maraqlı yenilik isə ondan ibarətdir ki, burada dərslərin başlanılmasını və yekunlaşmasını bildirən zəngin əvəzinə dahi bəstəkarımız Üzeyir Hacıbəylinin əsərlərindən fraqmentlər səsləndiriləcəkdir.
Təhsil kompleksində geniş yeməkxana da vardır. Məktəbin mətbəxi də lazımi avadanlıqla təchiz edilmişdir.
Dövlətimizin başçısı ibtidai sinfə də baxdı, bu gün məktəbə ilk dəfə qədəm qoyan uşaqları təbrik etdi.
Sinfin müəlliməsi Prezident İlham Əliyevə bu işıqlı məktəbə görə təşəkkür etdi.
Təhsil ocağında ibtidai sinif şagirdləri üçün kiçik idman zalı da vardır. Burada yaradılmış şərait məhz balacaların sağlamlığının qorunması, onların idmanla məşğul olması üçün nəzərdə tutulmuşdur.
Prezident İlham Əliyev kimyəvi sınaqların keçirilməsi üçün hər cür şəraiti olan kimya kabineti və laboratoriyası ilə tanış oldu.
Dövlətimizin başçısı informatika kabinetində eyni vaxtda bir neçə məktəblə videokonfransın yaradılmasını və diskussiyaların aparılmasını müşahidə etdi.
Geniş akt zalı da ən müasir avadanlıqla təchiz edilmişdir. Zalda müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Burada qurulmuş videoavadanlıq vasitəsilə, eyni zamanda, həm Təhsil Nazirliyi, həm də 20-dək məktəb ilə videokonfransların keçirilməsi mümkündür.
Təhsil kompleksi nəzdində uşaq bağçası da fəaliyyət göstərir. Balacaların zövqünə uyğun qurulmuş ikimərtəbəli məktəbəqədər tərbiyə müəssisəsində 100-dək uşağa qayğı göstəriləcəkdir. Bağçada maraqlı oyuncaqlarla dolu idman zalı da vardır.
Bundan əlavə, burada hovuz, yeməkxana, yataq, oyun otaqları da mövcuddur.
Təhsil ocağındakı yeniliklərdən biri şagirdlərin davamiyyətinin elektron qeydiyyatıdır. Hər bir şagirdə onun haqqında məlumat daşıyan, yaşadığı ünvanı və valideynlərinin telefonlarını göstərən xüsusi elektron kart veriləcəkdir. Şagirdlər məktəbə daxil olarkən və təhsil ocağını tərk edərkən kartdakı məlumatlar avtomatik olaraq kompyuter mühafizə xidmətindən keçəcəkdir.
Bundan əlavə, kompleksdə xüsusi təhlükəsizlik sistemi yaradılmışdır. Burada quraşdırılmış 92 müşahidə kamerası vasitəsilə həm kompleksin daxilinə, həm də məktəbin bütün perimetrinə nəzarət həyata keçiriləcəkdir.
* * *
Prezident İlham ƏLİYEV 132-134 nömrəli təhsil kompleksinin müəllim-şagird kollektivi və valideynlər ilə görüşdü, onları təbrik edərək dedi:
- Sizi ilk növbədə yeni dərs ili, eyni zamanda, məktəblərin əsaslı təmirdən sonra istifadəyə verilməsi münasibətilə təbrik edirəm. Bu, böyük və gözəl hadisədir. Bu, əslində daha çox saraya oxşayır, nəinki məktəbə. Çox şadam ki, təmir işləri yüksək səviyyədə aparıldı. Əslində məktəb yenidən quruldu və sinif otaqları artırıldı. Məktəbin sahəsi, demək olar ki, iki dəfə artırıldı. Məktəb faktiki olaraq böyük məhəbbətlə, zövqlə, keyfiyyətlə yenidən quruldu.
Mən xatırlayıram, məktəbin əsaslı təmiri haqqında təşəbbüs irəli sürəndə bəzi söz-söhbətlər gedirdi ki, ya məktəb bağlanacaq, ya söküləcək, ya yerində nəsə tikiləcəkdir. Əlbəttə, bəzən belə şayiələr də olur. Amma bizim fikrimiz məhz ondan ibarət idi ki, bu məktəblər öz fəaliyyətini davam etdirsin. Çünki bu məktəblərin çox böyük tarixi vardır. Müxtəlif dövrlərdə müxtəlif funksiyaları daşıyırdı. Ancaq bütün dövrlərdə qısa fasilələrlə məktəb kimi fəaliyyət göstərib.
Biz gərək bu tarixi keçmişimizə həmişə böyük hörmətlə yanaşaq, tarixi irsimizi, tarixi abidələrimizi qoruyaq və bərpa edək. Ona görə bu bina özlüyündə bir tarixi abidədir. Amma hesab edirəm ki, indi daha da gözəlləşib. Hesab edirəm ki, bu bina indi Bakının ən gözəl binalarından biridir. Baxmayaraq ki, Bakıda gözəl binalar çoxdur və məncə, Bakı memarlıq, tarixi abidələrin çoxluğu, infrastruktur baxımından əslində dünyanın ən gözəl şəhərlərindən biridir. Ancaq yenə də o gözəl binaların içində bu binanın öz yeri vardır. Bununla bərabər, məktəbdə ən müasir avadanlıq quraşdırılıbdır. Bu gün mən vəziyyətlə tanış oldum. Elektron lövhələr, kompyuterlər, ondan sonra bütün lazımi avadanlıq quraşdırılıb, gözəl şərait yaradılıb. Yəni burada uşaqlar üçün oxumaq, müəllimlər üçün işləmək çox xoş olacaqdır.
Mən çox şadam ki, bu gün - Bilik Günündə biz sizinlə bərabər məktəbin yeni mərhələyə qədəm qoyduğunu qeyd edirik. Bilirsiniz ki, son illərdə Bakıda, Azərbaycanın müxtəlif yerlərində məktəblərin tikintisi sürətlə gedir. Nəzərə alsaq ki, Azərbaycanda məktəblərin sayı 4 min 500-dən bir az çoxdur, bunun 2 minə yaxını, bəlkə də ondan da çoxu son 5-6 ildə tikilib. Bu, böyük bir investisiya tələb edən məsələ idi. Biz bunu etdik və bu proses bu gün də davam edir.
Bu gün təhsil naziri məlumat verdi ki, bu il Azərbaycanda 48 məktəb tikilib istifadəyə verilib. Əlavə korpuslar, uşaq bağçaları tikilib və bu işlər davam etdiriləcəkdir. Ümid edirəm ki, iki-üç il ərzində Azərbaycanda qəza vəziyyətində olan məktəblərin hamısının yerində yeni məktəblər tikiləcəkdir. Təmirə ehtiyacı olan məktəblərdə təmir işləri aparılacaq və yeni məktəblər inşa ediləcəkdir. Beləliklə biz bu məsələni və məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi işlərini tez bir zamanda yekunlaşdıracağıq. Biz bununla paralel olaraq təhsilin keyfiyyətinə də böyük fikir veririk və bu keyfiyyət artır. Mən çox şadam ki, Azərbaycan bu işlərdə dünyada gedən ən qabaqcıl və mütərəqqi proseslərə qoşulub. Təhsilin keyfiyyətinin artırılması çox vacib məsələdir. Uşaqlar bizim gələcəyimizdir. Onlar gərək bilikli, savadlı olsunlar, yaxşı oxusunlar ki, gələcəkdə həm özləri üçün həyatda layiqli yer tuta bilsinlər, eyni zamanda, ölkəmizin inkişafı üçün də fəal çalışsınlar. Çünki ölkəmiz çox sürətlə inkişaf edir və peşəkar kadrların hazırlanması bu gün bizim üçün ən başlıca məsələlərdən biridir.
Bu yaxınlarda dünyanın aparıcı qurumlarından biri olan Dünya İqtisadi Forumu yeni hesabat təqdim edib və yenə də Azərbaycan o hesabatda MDB məkanında iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə birinci yerdədir. Bu o deməkdir ki, iqtisadiyyatımız çox sürətlə inkişaf edir. Yeni müəssisələr, fabriklər, zavodlar, sənaye, xidmət obyektləri yaradılır. Kim orada işləyəcək?! Onların hansı səviyyədə insanlara xidmət göstərəcəyi orada işləyən insanlardan asılıdır. İnsanlarımız, gənclərimiz elə bilik almalıdırlar ki, ən yüksək vəzifələrdə çalışa bilsinlər, biz Azərbaycanı irəliyə aparaq. Deyə bilərəm ki, son illərdə Azərbaycanda təhsil sahəsində müsbətə doğru ciddi dönüş yaranmışdır. Kompyuterləşmə prosesi gedir. 2004-cü ildə min şagirdə bir kompyuter düşürdüsə, indi min şagirdə 20 kompyuter düşür. Bu artım Avropa səviyyəsinə yaxınlaşır, mən inkişaf etmiş Avropa ölkələrini nəzərdə tuturam. Bütün başqa sahələrlə bərabər, təhsillə bağlı məsələlər həmişə diqqət mərkəzində olacaqdır.
Bakıda təmir olunan məktəblər, eyni zamanda, memarlıq abidələridir. O cümlədən bu məktəb də. Biz indi yəqin ki, bu məktəblərin yeni statusu haqqında fikirləşməliyik. Çünki bu təmir işlərinə böyük vəsait qoyuldu, avadanlıq quraşdırıldı. Yəni bu məktəbləri bu vəziyyətdə saxlamaq üçün həm xüsusi maliyyə proqramı tərtib olunmalıdır, maliyyə mənbələri təklif edilməlidir, eyni zamanda, məktəblərin xüsusi statusu olmalıdır. Onu yəqin ki, Təhsil Nazirliyi təklif edəcəkdir. Amma çox vacib məsələlərdən biri də odur ki, bu məktəblər öz tarixi adlarını saxlasınlar. Yəni heç bir başqa ad verilməsin. Həm 132, həm 134, çünki birinci növbədə bu, tarixdir, ikinci növbədə, axı, burada oxuyan insanların sayı minlərlədir. Hər bir insan üçün onun doğma məktəbi çox əzizdir, onun nömrəsi onun üçün əzizdir. Ona görə bu adlar itirilməməlidir, onlar qalmalıdır. Ancaq məktəblərin yeni statusu haqqında fikirləşin və təklifləri verin. Burada həm təhsil, həm bütün başqa məsələlər keyfiyyətli və yüksək səviyyədə olsun.
Bir daha sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı arzulayıram!
* * *
Təhsil kompleksinin müəllimi Leyla TƏHMASİB müəllimlər, valideynlər və şagirdlər adından dövlətimizin başçısına minnətdarlığını bildirərək dedi:
- Mən fikrimi ulu öndərimiz Heydər Əliyevin kəlamı ilə davam etdirmək istəyirəm: "Müəllimdən şərəfli bir ad tanımıram!"
Möhtərəm Prezident, Siz ümummilli liderimizin siyasətini uğurla davam etdirirsiniz. İndi Azərbaycanın hər bir bölgəsini yeni məktəblər, yeni texnologiyalarla, müasir avadanlıqla təchiz olunmuş təhsil ocaqları bəzəyir. Azərbaycan indi dünya miqyasında tanınır. Mən əminəm ki, o məktəblərdə təhsil alan şagirdlər gələcəkdə Azərbaycanın adının bütün dünyada fəxrlə çəkilməsinin təminatçısı olacaqlar. Bu inamı bizdə Sizin apardığınız uğurlu siyasət yaratmışdır.
Hörmətli Prezidentimiz! Bizim məktəbin çox qədim tarixi vardır. Siz özünüz də vurğuladınız ki, çox məşhur məzunlarımız olubdur. Biz özümüz də bu məzunlarımızla fəxr edirik. Mən həm müəllimlərimiz, həm də şagirdlərimiz adından Sizə söz verirəm ki, biz Prezidentimizin etimadını layiqincə doğruldacaq və təhsildə yüksək nəticələrə nail olacağıq. Belə bir gözəl məktəbi bizə bəxş etdiyiniz üçün Sizə təşəkkür edirik. Çox sağ olun!
Dövlətimizin başçısına "Mənim fəxrim - məktəbim" kitabı təqdim olundu.
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.