Geniş tərkibdə görüş

Noyabrın 12-də rəsmi qarşılanma mərasimi başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Dövlət başçıları görüşdə çıxış etdilər.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

– Hörmətli cənab Prezident, hörmətli qonaqlar.

Mən Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram.  Azərbaycana xoş gəlmisiniz. Cənab Prezident, mənə məlumat verildi ki, bu gün Sizin ad gününüzdür. Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edirəm, Sizə cansağlığı, yeni-yeni uğurlar arzulayıram. Şadam ki, bu gün Siz bizimlə bərabər Azərbaycandasınız. Bu, Sizin prezident kimi Azərbaycana ilk rəsmi səfərinizdir. Əminəm ki, səfər çox uğurlu keçəcək və ikitərəfli əlaqələrimizə yeni təkan verəcəkdir. Mən də İrana öz rəsmi səfərimi məmnuniyyətlə xatırlayıram. Bu ilin aprel ayında gözəl ölkənizdə oldum, Sizinlə geniş fikir mübadiləsi apardıq, bu gün isə bu dialoq davam etdirilir.

Şadam ki, Sizinlə bərabər böyük nümayəndə heyəti Azərbaycana gəlmişdir. Nümayəndə heyətlərinin üzvləri bu gün bir-biri ilə sıx təmasda olacaq və çox önəmli məsələləri də müzakirə edəcəklər.

Bizim əlaqələrimizin çox gözəl tarixi və gözəl gələcəyi var. İndi əlaqələrimiz yeni mərhələyə qədəm qoyub. Çox geniş gündəliyimiz var. Siyasi, iqtisadi, mədəni, humanitar məsələləri müzakirə edirik. Əlaqələrimizin təməlində tarixi tellər, ortaq mədəniyyət tarixi dayanır ki, bu da inkişafda olan bugünkü əlaqələrimizin rəmzidir.

Mən əminəm ki, bu gün və sabah keçiriləcək danışıqlar, aparılacaq fikir mübadiləsi İran ilə Azərbaycan arasındakı əlaqələri daha da irəliyə aparacaq. Müzakirə ediləsi məsələlər çoxdur. Bütün məsələlər çox səmimi şəkildə müzakirə olunur. Bizim niyyətimiz də birdir ki, xalqlarımızı, ölkələrimizi bir-birinə daha da yaxın edək. Bu, bizim əsas məqsədimizdir və bu hədəfə doğru inamla irəliləyirik.

Bir daha Sizi ürəkdən salamlayıram. Əminəm ki, səfərin çox gözəl nəticələri olacaq.

* * *

İran Prezidenti Həsən RUHANİ dedi:

– Çox təşəkkür edirəm cənab Prezident. Çox sevinirəm ki, nümayəndə heyəti ilə birlikdə bu gün aramızda ortaq dəyərlərin olduğu dost, qardaş və qonşu Azərbaycanda Sizin qonağınızıq. Biz bu səfəri əvvəlki görüşlərimizlə bərabər elə bir səviyyədə qiymətləndiririk ki, qarşılıqlı əlaqələrin genişlənməsi və möhkəmlənməsi üçün irəliyə atılan addım olsun. Biz Davosda, Tehranda, Həştərxanda və bu gün də Bakıda görüşürük, müzakirələr aparır və artıq bu, bizim dördüncü görüşümüzdür. Düşünürəm ki, biz dörd mərhələdə irəliyə doğru addımlar atmışıq. Şübhə yeri yoxdur ki, ölkələrimiz arasındakı əlaqələr iki xalqın mənafeyinə xidmət edəcək. Ölkələrimiz arasındakı əlaqələrin genişlənməsi üçün mövcud olan imkanlardan yaxşı istifadə edə bilərik. Əvvəlki bütün danışıqlarda, məsul şəxslərin görüşlərində və əldə olunan razılaşmalarda biz iki ölkə arasında mövcud olan imkanların yalnız cüzi hissəsindən istifadə etmişik. Amma bununla yanaşı, iqtisadi, mədəni, sərhəd məsələlərində, Xəzər dənizindən istifadə, həmçinin siyasi, beynəlxalq məsələlərdə əməkdaşlıq üçün böyük potensial var. Biz bu gün və sabah danışıqlarda bütün sahələrdə əməkdaşlığın genişlənməsi üçün imkanlardan istifadə edəcəyik. Yaranan fürsətdən istifadə edib maraq doğuran bütün məsələlər haqqında müzakirələr aparacağıq. Şübhəsiz ki, bütün bu danışıqlar yaxın gələcəkdə növbəti əlaqələrin genişlənməsinə və möhkəmlənməsinə təsir göstərəcək.

 

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında