Macarıstanın Baş naziri Viktor Orbanın bəyanatı
Xüsusi müxbirimiz xəbər verir ki, noyabrın 11-də sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Macarıstanın Baş naziri Viktor Orban və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata birgə bəyanatlarla çıxış ediblər.
– Xanımlar və cənablar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi böyük səmimiyyətlə salamlamaq istəyirəm. Gördüyünüz kimi, biz bir sıra mühüm strateji sənədləri imzaladıq. Aydındır ki, bu sazişlər həm Macarıstanın, həm də Azərbaycanın maraqlarına xidmət edir. Eyni zamanda, imzalanmış bu sənədlər Avropa İttifaqının da maraqlarına uyğundur. Çünki 1996-cı ildən etibarən Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq sazişləri imzalanmışdır. Daha sonra bu sazişlər bir neçə dövlət tərəfindən ikitərəfli əsasda yenilənmişdir. Bunların sayəsində Azərbaycan ilə çox uğurlu əməkdaşlıq həyata keçirilir. Çox şadam ki, Macarıstan da həmin Avropa İttifaqı dövlətlərinin sırasındadır və ölkələrimiz arasında uğurlu əməkdaşlıq davam edir.
Xanımlar və cənablar, ölkələrimiz arasında bənzərliklər çoxdur. Biz Azərbaycanı çox dəyərli bir tərəfdaş kimi qiymətləndiririk. Çünki Azərbaycan Avropa və Asiya arasında böyük bir körpüdür.
Azərbaycan enerji resurslarından səmərəli istifadə yolu ilə iqtisadiyyatının digər sahələrini də uğurla inkişaf etdirərək dünya liderinə çevrilmiş bir ölkədir. Burada Azərbaycanı ona görə vurğulamaq istərdim ki, ölkənin Prezidenti böyük işlər görüb. Eyni zamanda, cənab Prezidentin mərhum atası da dövlətçiliyin gücləndirilməsində böyük işlər görüb. Azərbaycana səfər edən hər bir insan bunun şahidi olur. Onun xatirəsinə böyük və dərin ehtiramımız vardır.
Cənab Prezident, ölkələrimiz arasında imzalanmış sənədlər iqtisadi inkişaf baxımından çox gözəl şərait yaradır. Bu gün mən onu qeyd edə bilərəm ki, bu il Macarıstanda iqtisadi artım üç faiz təşkil edir. Təbii ki, Azərbaycan dövlətinin başçısının yanında bu rəqəmlərlə öyünmək bir az çətindir. Biz belə bir razılığa gəldik ki, hər iki ölkə dinamik şəkildə inkişaf edir və qarşılıqlı tələbatı nəzərə alaraq müxtəlif sahələri daha da inkişaf etdirə biləcəyik. Ticarət dövriyyəsi artmaqdadır. Amma qeyd etmək istərdim ki, potensialımız daha böyükdür. Bu gün imzaladığımız sənəd bizdə böyük ümid doğurur ki, gələcək illərdə də əməkdaşlığımıza çox güclü bir təkan veriləcəkdir. Mən cənab Prezidentə təşəkkürümü bildirmək istərdim ki, Macarıstana özü ilə işgüzar dairələrin nümayəndələrindən ibarət böyük bir nümayəndə heyəti gətirib.
Bizim xüsusi əhəmiyyət verdiyimiz sahələrdən biri enerjidir. Bu, hazırda dünya siyasətinin prioritet məsələlərindən biridir. Bu sahədə bir çox müzakirələr aparılır, amma zənnimcə, konkret işlər görən ölkələr azdır. Bu sahədə Azərbaycan nümunə ola bilər.
Mən cənab Prezidentə bir daha dedim ki, ölkə üçün bizim prioritetimiz enerjinin qiymətini ABŞ səviyyəsinə çatdırmaqdan ibarətdir. Bunun üçün isə bizim tərəfdaşlara ehtiyacımız var və burada Azərbaycan müstəsna rol oynaya bilər. Bu, bizim strateji maraqlarımıza uyğundur. Bu, təkcə Macarıstan üçün deyil, Avropa İttifaqı üçün çox vacibdir ki, Azərbaycan qazı Avropaya nəql edilsin. Hazırda imzalanan sazişlər nəticəsində Azərbaycan qazı Cənubi Avropaya nəql ediləcəkdir. Növbəti illərdə isə müvafiq infrastruktur yaradılmalıdır ki, Azərbaycan qazı Mərkəzi Avropaya yol tapsın. Bunun üçün qonşu dövlətlər öz aralarında əlaqələndirici kəmərlər inşa etməlidirlər. Bu sahədə Avropa İttifaqı olduqca az iş görüb. Amma biz nümunəvi ölkə olmalıyıq və qonşu ölkələrdən qaz ala biləcəyimizi nümayiş etdirməliyik. Bunun üçün isə biz bütün imkanlardan və fürsətlərdən istifadə edəcəyik.
Diqqətinizə çatdırmaq istərdim ki, bu regionda heç də bütün dövlətlər bizim kimi düşünmür. Bizim bir neçə qonşumuz var ki, hələ də bu sahədə müvafiq şərait və imkanlar yarada bilməyib. Bunu etmədən biz Azərbaycan qazını Macarıstana nəql edə bilməyəcəyik. Ona görə də bu fürsətdən istifadə edərək qonşu dövlətlərə səslənirəm və Avropa İttifaqındakı tərəfdaşlarımızı dəvət edirəm ki, vahid enerji bazarının yaradılması üçün zəruri addımlar atsınlar.
Xanımlar və cənablar, burada ikinci məsələ isə insan amilidir. Bizim əməkdaşlığımızın tərkib hissələrindən biri də təhsil sahəsidir. Biz müvafiq sənəd imzaladıq və bunun sayəsində 200 azərbaycanlı tələbə Macarıstanda təhsil alacaqdır.
Biz paytaxtlar arasında da əməkdaşlığı təşviq etmək əzmindəyik. Bu gün bizim çox ümidverici müzakirələrimiz oldu. Əminəm ki, vahid məqsədləri vurğulamış olduq. Bizim məqsədlərimizin biri isə Macarıstan universitetlərindən birinin fakültəsinin Azərbaycanda açılmasıdır. Bizim ali təhsil ocaqlarımız bu işdə azərbaycanlı həmkarları ilə çalışmağa hazırdır. Bir sıra digər sahələr də müəyyən etmişik. Hər iki hökumətin üzvlərinə müraciət edərək onları bu işdə əllərindən gələni əsirgəməməyə dəvət edirəm. Çünki biz iqtisadi və təhsil sahələrində bütün imkanlardan bəhrələnə bilsək, bir çox işləri görmüş olarıq. Cənab Prezident, bir daha Sizi Macarıstanda salamlayıram.
Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı
– Hörmətli xanımlar və cənablar.
Hörmətli Baş nazir,
əziz dostlar.
İlk növbədə, cənab Baş nazir, məni ölkənizə dəvət etdiyiniz üçün Sizə minnətdarlığımı bildirmək istəyirəm. Yenidən gözəl ölkənizdə olmağımdan çox məmnunam. Dünən və bu gün keçirdiyimiz görüşlər, apardığımız fikir mübadiləsi bir daha onu göstərir ki, əlaqələrimiz, doğrudan da strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır. Eyni zamanda, bir daha qeyd etmək istəyirəm ki, Budapeştdə olmaq həmişə böyük sevincdir. Çünki Budapeşt dünyanın ən gözəl şəhərlərindən biridir. Sizin rəhbərliyinizlə və Budapeşt sakinlərinin istəyi ilə şəhər, tarixi keçmişiniz qorunur, bütün tarixi binalar bərpa edilir və bu, haqlı olaraq Sizə, ölkənizə, xalqınıza bizim etimadımızı, inamımızı və hörmətimizi artırır.
O ki qaldı bizim ikitərəfli münasibətlərimizə, biz bu əlaqələrin inkişafına böyük nikbinliklə baxırıq. Əminəm ki, gələcəkdə bu əlaqələr daha da sürətlə inkişaf edəcək. Bu gün imzalanan sazişlər də əslində bizim niyyətimizi göstərir. Onu göstərir ki, bizim əlaqələrimiz çoxşaxəlidir, müxtəlif sahələri - iqtisadi, siyasi, humanitar sahələri əhatə edir. Əlbəttə ki, bu sazişlərin arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə xüsusi yer tutur. Çünki bu, müfəssəl bir sənəddir, bizim gələcək illərdə birgə icra ediləcək layihələrimizin uğurla nəticələnəcəyini təmin edəcəkdir. Deyə bilərəm ki, strateji tərəfdaşlıq haqqında Bəyannamə gələcəkdə Avropa İttifaqı ilə Azərbaycan arasında mümkün olan sazişlər üçün də gözəl zəmindir. Çünki bu sənəddə əməkdaşlığımızın bütün istiqamətləri öz əksini tapıb. Əlbəttə, bu səviyyəyə çatmaq üçün siyasi əlaqələr prioritet xarakter daşıyır. Bu əlaqələr çox müsbətdir, gözəldir.
Hörmətli cənab Baş nazir, Siz Azərbaycana iki dəfə səfər etmisiniz. Bu isə mənim Macarıstana üçüncü səfərimdir. Yəni, son bir neçə il ərzində bu qədər səfərlərin həyata keçirilməsi əlbəttə ki, əlaqələrimizin yüksək səviyyədə olduğunu göstərir. Eyni zamanda, bu gözəl siyasi əlaqələr iqtisadi sahəyə də müsbət təsir göstərir. Birgə hökumətlərarası komissiya uğurla fəaliyyət göstərir. Bu gün imzalanan sazişlər və biznes forum çərçivəsində imzalanacaq sazişlər əlbəttə ki, ticarət dövriyyəmizin artmasına gətirib çıxaracaq. Halbuki bu ilin nəticələrinə görə ticarət dövriyyəmiz bir neçə dəfə artmışdır. Biznes dairələrinin qarşılıqlı marağı kifayət qədər böyükdür. Əlbəttə ki, gələcək illərdə birgə həyata keçiriləcək layihələr ticarət dövriyyəmizin artmasına gətirib çıxaracaq. Qarşılıqlı sərmayə qoyuluşu, informasiya-kommunikasiya sahəsində əməkdaşlıq, ticarət dövriyyəsinin artması, əlbəttə, energetika sektorundakı əməkdaşlıq - bütün bunlar bizim üçün prioritetdir.
Eyni zamanda, şadam ki, Macarıstan şirkətləri Azərbaycan bazarında daha da fəal iştirak edirlər. Onların müxtəlif layihələrdə - inşaat, nəqliyyat, kənd təsərrüfatı, infrastruktur, su təchizatı və digər layihələrdə iştirakı gözlənilir. Bizim gözəl əlaqələrimiz var və bu əlaqələr əlbəttə, biznes qurumlarının birgə fəaliyyətinə ancaq müsbət təsir göstərəcək.
O ki qaldı enerji məsələlərinə, burada bizim əməkdaşlığımız üçün çox gözəl imkanlar var. Azərbaycan Avropa üçün yeni enerji mənbələrinin təmin edilməsində öz rolunu oynayır. Azərbaycan “Cənub” qaz dəhlizinin təşəbbüskarıdır. Şadam ki, “Cənub” qaz dəhlizi artıq icra edilir. İki ay bundan əvvəl Bakıda təntənəli mərasim keçirilmişdir və biz artıq yeni qaz kəmərinin tikintisinə başlayırıq. Əslində bu, Avropanın enerji xəritəsinə yeni əlavələr edəcək. Əslində bu enerji xəritəsi dəyişdiriləcək və Azərbaycanın çox zəngin qaz resursları Avropa bazarına nəql ediləcəkdir.
Bizim “Cənub” qaz dəhlizi ilə bağlı konkret iş qrafikimiz var. Əminəm ki, Azərbaycan qazı Avropaya vaxtında – 2018-2019-cu illərdə nəql ediləcəkdir. Burada əlbəttə, əlaqələndirmə işləri yüksək səviyyədə aparılmalıdır. Həm ikitərəfli formatda, eyni zamanda, Avropa İttifaqı ilə Azərbaycan arasındakı məsələlər də öz həllini tapmalıdır. Çünki biz istəyirik ki, bu layihəni vaxtında icra edək. Çünki bu, həm bizə, həm də Avropaya lazımdır. Bu, Avropa üçün yeni, alternativ bir qaz mənbəyi olacaqdır. Bizim üçün isə Avropa bazarı ən əlverişli bazardır. Yəni, burada bizim maraqlarımız birləşir. Eyni zamanda, tranzit, istehlakçı ölkələrin və Azərbaycanın maraqları da burada üst-üstə düşür. Biz yaxın vaxtlarda bu məsələ ilə bağlı Macarıstan-Azərbaycan ikitərəfli formatında danışıqlara başlamaq qərarına gəldik. Əminəm ki, bu danışıqların gözəl nəticələri olacaqdır. Çünki biz istəyirik ki, çox böyük qaz resurslarımız Avropa ölkələrinə maksimum dərəcədə nəql edilsin. Əlbəttə, burada böyük investisiyadan söhbət gedir. Bu investisiyanın böyük hissəsini Azərbaycan öz üzərinə götürüb. “Cənub” qaz dəhlizinin ilkin hesablamaları belədir ki, minimum 45 milyard dollar sərmayə qoyulmalıdır. Əlbəttə, bu gün dünyada və Avropada, bizim bölgədə davam edən iqtisadi və maliyyə böhranı hələ ki, başa çatmayıb. Bu şəraitdə bu qədər vəsaitin qoyulması əlbəttə, bizim ciddi niyyətimizi və siyasi iradəmizi əks etdirir.
Əlbəttə, enerji məsələləri çox vacibdir. Ancaq humanitar sahə də çox böyük önəm daşıyır. Fürsətdən istifadə edərək, cənab Baş nazir, Sizə minnətdaram ki, azərbaycanlı tələbələr üçün 200 təqaüd ayırmısınız. Macarıstan tərəfi bu təqaüdlərin təminatını təşkil edəcəkdir. Bu, bizə böyük dəstəkdir və bizə olan hörmətin əlamətidir. Eyni zamanda, azərbaycanlı tələbələr Macarıstanda oxuyarkən Sizin qədim tarixinizi daha da dərindən biləcəklər. Onlar bir növ Macarıstanın və Azərbaycanın səfirləri olacaqlar və öz gələcəklərini bundan sonra Macarıstanla bağlayacaqlar. Bu da insanlar arasındakı əlaqələrə çox müsbət təsir göstərir. Əlbəttə, biz çox istəyirik ki, Macarıstan ali məktəbləri Azərbaycanda filiallarını açsınlar. Bu məsələ də dünən və bu gün müzakirə edildi. Əminəm ki, biz birgə səylərlə buna da nail olacağıq. Digər məsələlər - turizm, aviareyslərin təşkili, bütün bunlar bizi daha da sıx birləşdirəcək.
Ancaq bir daha demək istəyirəm ki, əlaqələrimizin təməlində güclü siyasi iradə var və hər iki tərəf bu iradəni göstərir. Əminəm ki, gələcəkdə biz daha da gözəl işlər görəcəyik. Fürsətdən istifadə edərək, cənab Baş nazir, Sizin üçün münasib olan vaxtda Sizi Azərbaycana dəvət edirəm ki, biz bu gözəl dialoqu davam etdirək. Qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.