Şriftin ölçüsü:
15.09.2010 07:20 | Oxunma sayı: 436
Sentyabrın 14-də AGRİ layihəsinə dair Bakı Bəyannaməsi imzalanandan sonra Azərbaycan Prezidenti İlham Əliyev, Rumıniya Prezidenti Trayan Besesku, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və Macarıstanın Baş naziri Viktor Orban birgə mətbuat konfransı keçirdilər.
Prezident İlham Əliyev Bakı Bəyannaməsinin imzalanması münasibətilə təbriklərini çatdırdı. Qeyd etdi ki, ölkələrimiz yaxşı işləyərək müsbət nəticəyə nail olmuşlar. "Biz böyük inkişafın ərəfəsindəyik və bizim güclü iradəmiz vardır", - deyən Prezident İlham Əliyev ölkəmizin malik olduğu nəhəng enerji infrastrukturundan danışdı. Dövlətimizin başçısı dedi ki, Azərbaycanın enerji sahəsində nadir təcrübəsi vardır və tərəflərin maraqlarının tarazlığı AGRİ layihəsinin də həyata keçirilməsinin vacib şərtidir.
"Biz burada tarix yazırıq", - deyən Prezident İlham Əliyev diqqətə çatdırdı ki, şaxələndirmə enerji təhlükəsizliyinin vacib elementidir. Hazırda Azərbaycanın 7 neft-qaz kəməri vardır və bu kəmərlər ölkəmizin neft və qazını müxtəlif istiqamətlərə nəql edir.
Prezident İlham Əliyev qeyd etdi ki, hazırda Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin edir. Milli təhlükəsizliyin ayrılmaz hissəsi olan enerji təhlükəsizliyi indi dünyada vacib amildir. Azərbaycanda bu il 28 milyard kubmetr qazın hasil olunmasının nəzərdə tutulduğunu deyən dövlətimizin başçısı yerli tələbatın ildə 10-11 milyard kubmetr təşkil etdiyini vurğuladı. Bildirdi ki, qalan hissə ixrac olunmaqla yanaşı, anbarlara da vurulur. Azərbaycanın indiki ixrac səviyyəsi isə ölkəmizin digər layihələrdə iştirakını məhdudlaşdırmır.
"Avropanın enerji təhlükəsizliyi Azərbaycan üçün də maraqlıdır və bu təhlükəsizliyin təmin olunması ölkəmiz üçün geniş imkanlar açacaq", - deyən Prezident İlham Əliyev bundan sonra layihənin texniki əsaslandırma və maliyyə məsələlərinin həllinə nail olunmasının vacibliyindən danışdı, bu məsələdə beynəlxalq maliyyə qurumlarının iştirakının zəruriliyini qeyd etdi.
Gürcüstan Prezidenti Mixeil Saakaşvili Azərbaycan tərəfinə yüksək təşkilatçılığa görə təşəkkür etdi. Bildirdi ki, hər dəfə Bakıya gələndə yeniliklər görür. Bu da onu göstərir ki, Azərbaycanın inkişafı ilk növbədə xalqın rifahına xidmət edir. Gürcüstanın dövlət başçısı AGRİ layihəsində region ölkələri ilə yanaşı, Avropa İttifaqına üzv dövlətlərin də iştirak etməsinin əhəmiyyətindən danışaraq bildirdi ki, bu, özlüyündə mühüm hadisədir. Macarıstanın bu layihəyə qoşulması Avropanın enerji təhlükəsizliyinə yeni çalar gətirəcəkdir.
Rumıniya Prezidenti Trayan Besesku bildirdi ki, bu layihənin icrası Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının uğurla həyata keçirilməsi üçün geniş imkanlar açır. Layihənin icrası həm də Xəzər regionu ilə Avropa ölkələri arasında əməkdaşlığa təkan verəcəkdir. "Macarıstanın bu layihəyə qoşulması onun etibarlılığı üçün mühüm elementdir", - deyən Trayan Besesku bildirdi ki, layihə öz nadirliyi ilə səmərəliliyə əsaslanır və o, heç bir siyasi qərara söykənmir.
Layihənin icrası üçün əsas infrastrukturun mövcud olduğunu deyən Trayan Besesku bildirdi ki, mühüm məsələ Rumıniyanın Konstansa və Gürcüstanın Kulevi terminallarının ərazilərində iki qaz terminalının inşasıdır. Bu da onu göstərir ki, bu, ən qənaətcil layihələrdəndir. Texniki əsaslandırma başa çatdıqdan sonra maliyyə məsələlərinin həllinə başlanacaqdır. Terminalların qurulmasına isə özəl sərmayələr cəlb olunacaqdır.
Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana gəlməkdən şad olduğunu dedi. Əmin olduğunu bildirdi ki, layihə çərçivəsində əməkdaşlıq səmərəliliyi ilə seçiləcəkdir və Macarıstan bu layihəyə sadiqdir.
Viktor Orban ölkəsinin Rumıniya ilə birlikdə bu layihənin Avropa qitəsində özünü doğrultması istiqamətində mühüm əməkdaşlıq edəcəyini də diqqətə çatdırdı və əmin olduğunu bildirdi ki, bu layihə Avropa İttifaqına töhfə verəcəkdir.
Sonra dövlət və hökumət başçıları jurnalistlərin suallarını cavablandırdılar.
(Mətbuat konfransı barədə geniş hesabat qəzetin növbəti nömrəsində dərc olunacaqdır).
AzərTAc{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.