Sentyabrın 22-də Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Son illərdə respublikamızda, o cümlədən paytaxt Bakıda nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi və Azərbaycanın tranzit potensialının gücləndirilməsi üçün silsilə və kompleks tədbirlər həyata keçirilir. Bu baxımdan ötən əsrin 30-cu illərində tikilən Bakı Dəniz Ticarət Limanı da günün tələblərinə cavab vermirdi. Bakının mərkəzində yerləşən əvvəlki liman sakinlər üçün problemlər yaradır, bulvarın genişləndirilməsinə də mane olurdu. Dünyanın sürətli və dinamik inkişaf edən ölkələrindən biri olan Azərbaycanda yeni böyük və çoxfunksiyalı limanın tikintisinə ehtiyac duyulurdu. Bununla bağlı dövlətimizin başçısının 2007-ci ildə imzaladığı müvafiq Sərəncama uyğun olaraq hökumət tərəfindən lazımi tədbirlər həyata keçirildi. Nəqliyyat Nazirliyinin sifarişi ilə Niderlandın “Royal Haskoning” şirkəti tərəfindən limanın Baş planı və layihəsi hazırlandı. 2010-cu il noyabrın 3-də Prezident İlham Əliyev yeni limanın təməlini qoydu. Layihənin birinci mərhələsi çərçivəsində bərə terminalı, quru yük terminalı, konteyner sahəsi, giriş-çıxış kanalı, avtomobil və dəmir yolları, eləcə də digər qurğular, infrastruktur obyektləri və binaların tikintisinə başlanıldı. Yerləşdiyi ərazinin böyük üstünlüklərə malik olması sayəsində yeni liman Azərbaycanda nəqliyyatın təhlükəsizliyi məsələlərini uğurla həll etməyə, Bakını Xəzər hövzəsində çox müasir və böyük logistika, nəqliyyat mərkəzinə çevirməyə, Xəzəryanı ölkələr arasındakı əməkdaşlığı dərinləşdirməyə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə əlverişli imkanlar yaradır. Ötən müddətdə görülən işlər nəticəsində artıq bərə terminalı istismara hazırdır.
Dövlətimizin başçısı əvvəlcə görülən işlərlə bağlı fotostendə və kompleksin maketinə baxdı.
Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verdi. Qeyd edildi ki, yeni limanın tikintisi üçün 400 hektar ərazi ayrılıb. Limanın akvatoriyasında dərinləşdirmə işlərini Hollandiyanın “Van Oord” şirkəti həyata keçirib. Həmin qurum tərəfindən uzunluğu 7,5 kilometr, eni 160 metr, dərinliyi 7 metr və dönmə dairəsinin diametri 450 metr olan giriş-çıxış kanalı inşa olunub. Bu isə Xəzər dənizində üzən bütün növ gəmilərin limana təhlükəsiz və sərbəst yanalmasına imkan verir.
Bildirildi ki, limanın ərazisinin quru hissəsinin tikintiyə hazırlanması və Bakı-Ələt magistral avtomobil yolu ilə liman kompleksini birləşdirən yol infrastrukturunun layihələndirilməsini və tikintisini, avadanlıqların təchizatı və quraşdırılmasını “EvrAsKon” şirkəti reallaşdırıb. Birinci mərhələnin davamı olaraq inşa edilən quru yük terminalı və Ro-Ro körpüsünün 2016-cı ildə istismara verilməsi nəzərdə tutulub.
Diqqətə çatdırıldı ki, bərə körpüsünün ümumi tikinti sahəsi 17 hektar ərazini əhatə edir. Burada eyni vaxtda 2 bərəni qəbul edə bilən, uzunluğu 175 metr, eni 12,5 metr olan əsas yanalma körpüsü inşa edilib. Dəniz səviyyəsindən 4,25 metr hündürlükdə tikilmiş körpü Xəzərdə suyun səviyyəsinin dəyişməsindən asılı olmayaraq gəmilərin yanalmasına imkan yaradır. Bərə körpüsünə xidmət üçün hər birinin uzunluğu 79 metr olan dəmir yolu-bərə birləşdirici 2 körpü və uzunluğu 809 metr olan bir xidməti körpü inşa edilib. Beş dəmir yolu xəttindən ibarət çeşidləmə parkı, müasir naviqasiya-rabitə sistemləri, avtomobil yolu, tunel, həmçinin digər infrastruktur və kommunikasiya obyektləri və qurğuları da istismara hazırdır. Limandakı böyük həcmli tikinti işlərinə əsasən yerli işçilər olmaqla 2000 nəfərlik heyət və 500-dən çox texnika cəlb edilib. Birinci mərhələ çərçivəsində indiyə qədər 6 milyon kubmetr həcmində torpaq, 300 min kubmetr həcmində beton, 1874 dəmir-beton svay işləri görülüb. Birinci mərhələ çərçivəsində Ro-Ro tipli gəmilər üçün bir körpü və 4 körpüdən ibarət universal quru yük və konteyner terminalının inşası davam edir. Bundan başqa təmir bazası, gözləmə salonları, anbarlar, sərhəd və gömrük xidməti məntəqələri və digər obyektlərin tikintisi və quraşdırma işləri vüsət götürür.
Azərbaycan Prezidentinə məlumat verildi ki, birinci mərhələdə limanın yükaşırma qabiliyyəti ildə 10 milyon ton yük və 50 min konteynerdən ibarət olacaq. İkinci mərhələdə limanın yükaşırma gücü 17 milyon ton yük və 150 min konteynerə, üçüncü mərhələnin yekununda isə 25 milyon ton yük və 1 milyon konteynerə çatdırılacaq. Limanda layihə üzrə logistika mərkəzinin yaradılması da mühüm əhəmiyyət kəsb edir. İlkin mərhələdə burada 100 min konteynerin saxlanması və yük sahiblərinə müxtəlif növ xidmətlərin göstərilməsi nəzərdə tutulub.
Terminalla tanışlıqdan sonra dövlətimizin başçısı mərasimdə çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
– Əziz dostlar, bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün Ələt qəsəbəsində Beynəlxalq Dəniz Ticarət Limanı fəaliyyətə başlayır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Əminəm ki, bu limanın fəaliyyəti nəticəsində Azərbaycanın inkişafı daha da sürətlə gedəcək, ölkə iqtisadiyyatına yeni investisiyalar qoyulacaq və Azərbaycan tranzit ölkə kimi öz imkanlarını daha da genişləndirəcəkdir.
Təxminən 4 il bundan əvvəl - 2010-cu ilin noyabrında bu limanın təməli qoyulmuşdur. Məqsəd ondan ibarət idi ki, Azərbaycan öz tranzit imkanlarından tam şəkildə istifadə etsin. Mütləq bizə yeni böyük ticarət limanı lazım idi və dövlət bu məqsədlərə böyük həcmdə investisiya ayırmışdır. Burada tikilən bütün infrastruktur dövlət büdcəsi hesabına mümkün olmuşdur və bu, bir daha onu göstərir ki, ölkəmizin, o cümlədən nəqliyyat sektorunun inkişafı ilə bağlı çox konkret proqramlarımız, planlarımız var. Biz bu planları ardıcıl surətdə icra edirik və hazırda Azərbaycanda mövcud olan nəqliyyat infrastruktur obyektləri bizim nəqliyyat təhlükəsizliyimizi təmin edir.
Biz enerji təhlükəsizliyimizi tam şəkildə təmin etmişik və başqa ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində iştirak edirik. İki gün bundan əvvəl Bakıda tarixi hadisə baş vermişdir - “Cənub” qaz dəhlizinin təməl daşı qoyulmuşdur. Enerji təhlükəsizliyi məsələləri əlbəttə ki, hər bir ölkənin milli təhlükəsizlik məsələləridir. Biz bu sahədə ardıcıl surətdə apardığımız fəaliyyət nəticəsində Azərbaycanın enerji təhlükəsizliyini tam şəkildə təmin etmişik və bundan sonra onilliklər ərzində bu, ölkəmizə həm maddi, həm siyasi dividendlər gətirəcək, eyni zamanda, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi öz rolunu daha da böyük həcmdə oynayacaqdır.
Biz hazırda ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı fəal işləyirik və demək olar ki, əsas ərzaq məhsulları ilə özümüzü təmin edirik, ixrac imkanlarımız yaranır. Bir sözlə, növbə çatıb ki, biz nəqliyyat təhlükəsizliyimizi tam şəkildə təmin edək. Artıq neçə ildir ki, bu istiqamətdə fəal iş aparılır. Bu limanın açılışı da bax, bu böyük işlərin tərkib hissəsidir.
Bu gün bu böyük limanın birinci mərhələsinin birinci hissəsi istifadəyə verilir. Birinci mərhələ gələn il tam şəkildə başa çatacaq. Bu limanın yükaşırma qabiliyyəti 25 milyon ton yük və 1 milyon konteyner olacaq. Yəni, Ələt Ticarət Limanı Xəzər dənizində ən böyük limandır. Biz bu limanın tikintisi ilə eyni zamanda, Xəzər dənizində əməkdaşlığı daha da dərinləşdirəcəyik.
Yaxın günlərdə Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti Zirvə görüşü keçiriləcəkdir. Keçən Zirvə görüşü Bakıda keçirilmişdir. Hesab edirəm ki, yeni Zirvə görüşü ərəfəsində Xəzərdə ən böyük ticarət limanının istifadəyə verilməsi bizim ümumi işimizə bir töhfədir.
Eyni zamanda, bu limanın fəaliyyəti nəticəsində Ələt qəsəbəsində də müsbətə doğru daha böyük dəyişikliklər olacaqdır. Mən dəfələrlə demişəm, bütövlükdə Azərbaycanın bir neçə sənaye mərkəzi vardır ki, onlardan biri Qaradağ rayonudur. Burada yaradılan yeni sənaye müəssisələri - bu yaxınlarda ölkəmizin ən böyük sement zavodunun, metal konstruksiyalar zavodunun, Səngəçal terminalının və bu limanın fəaliyyətə başlaması Qaradağ rayonunun inkişafına da bir töhfədir. Eyni zamanda, burada minlərlə yeni iş yeri açılacaqdır ki, Ələt qəsəbəsinin sakinləri bundan istifadə edəcəklər. Yüksək maaş veriləcək və bu liman gələcəkdə bu ərazidə infrastrukturun genişlənməsinə xidmət göstərəcək.
Bizim böyük planlarımız var və hesab edirəm ki, bu, bölgənin, bu zonanın inkişafına yeni təkan verəcəkdir. Eyni zamanda, biz bu layihəni planlaşdıranda, əlbəttə ki, şəhərimizin ekoloji vəziyyətini də nəzərə alırdıq. Çünki biz hesab edirik ki, bu gün Bakıda icra edilən quruculuq, abadlıq işləri mütləq ekoloji tədbirlərlə dəstəklənməlidir. Biz bu işləri paralel şəkildə aparırıq. Bakının yaşıllaşdırılması, milyonlarla ağacın əkilməsi, bəzi köçürmələrin həyata keçirilməsi və o ərazilərdə ictimai yerlərin, parkların, istirahət zonalarının yaradılması bizim siyasətimizin təzahürüdür.
Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Biz gözəl şəhərimizi öz işimizlə daha da gözəlləşdiririk. Hazırda şəhərimizin mərkəzində yerləşən ticarət limanı əlbəttə ki, oradan köçürülməlidir və o zona bizim bulvara birləşdirilməlidir. Beləliklə, Bakıda yeni bir gözəl istirahət məkanı yaranacaqdır.
Bakı bulvarı artıq 100 ildən bir qədər çoxdur ki, mövcuddur. Onun ilkin uzunluğu 3,5 kilometrdir. Biz əlavə tədbirlər nəticəsində Bakı bulvarının uzunluğunu böyük dərəcədə artıra bilmişik. Yeni bulvar tikilibdir, artıq fəaliyyətdədir. Yeni bulvardan sonra Bayraq Meydanı Bulvarı artıq fəaliyyətə başlayıb. Bayraq Meydanından bu istiqamətə idman şəhərciyi tikilir. Orada da bulvarın uzadılması artıq icra edilir. Əks istiqamətə - Dəniz vağzalından Zığ, “Ağ şəhər” istiqamətinə “Ağ şəhər” bulvarı tikilir və artıq “Ağ şəhər” istiqamətinə çatıbdır.
Beləliklə, bu ilin sonuna qədər Bakı Bulvarının uzunluğu 16 kilometrdən çox olacaq. Yüz il bundan əvvəl 3,5 kilometr, müstəqillik dövründə 16 kilometr. Hazırda şəhərin mərkəzində yerləşən ərazisində ictimai yerlər, parklar, istirahət zonaları olacaq. Beləliklə, Bakı sakinlərinin və şəhərimizin qonaqlarının istirahəti üçün yeni imkanlar yaranacaq.
Bax, bu limanın fəaliyyətə başlaması görün nə qədər böyük dəyişikliklərə gətirib çıxarır. Yenə də deyirəm, ilk növbədə, bizim nəqliyyat infrastrukturumuz daha da gücləndiriləcəkdir. Bu istiqamətdə son illərdə böyük işlər görülübdür.
Keçən il, - düz bir il bundan əvvəl, - 2013-cü il sentyabrın 20-də Bakıda gəmiqayırma zavodu istifadəyə verilmişdir. Bu da dövlət siyasətinin tərkib hissəsi idi. Çünki biz yük daşımalarını artırmaq üçün indi böyük səylər göstəririk. Son 10 il ərzində 17 gəmi alınmışdır - tankerlər, yük gəmiləri, bərələr. Biz fikirləşdik ki, onsuz da donanmamızı yeniləşdirməliyik. Ona görə, Bakıda gəmiqayırma zavodu tikmək qərarına gəldik ki, artıq xarici istehsalçılardan asılılığımız olmasın.
Xarici şirkətlərlə əməkdaşlıq başlamışdır. Keçən il istifadəyə verilmiş gəmiqayırma zavodunda artıq hazırda gəmilər inşa edilir. Həm ölkə daxilindən, həm neft konsorsiumu tərəfindən sifarişlər verilibdir. Eyni zamanda, biz gözləyirik ki, Xəzəryanı ölkələrdən sifarişlər olacaq. Bizim gəmiqayırma zavodumuzda bütün növ gəmilər istehsal oluna bilər. Bax, budur bizim siyasətimizin əsas istiqamətləri. Bu siyasət konkret nəticələrə gətirib çıxarır. Azərbaycanda heç vaxt gəmiqayırma zavodu olmamışdı. Gəmi təmiri zavodu olmuşdu, gəmiqayırma olmamışdı. Biz xaricdən asılı idik.
Bu liman Xəzər dənizində ən böyük ticarət limanıdır və bayaq qeyd etdiyim kimi, bütün Xəzəryanı ölkələrə xidmət göstərəcək. İlk növbədə, Azərbaycana xidmət göstərəcək. Bizim ərazimizdən daşınan tranzit yüklərin həcmi artacaq, onsuz da artır. Bu ilin göstəricilərinə görə tranzit yüklərin həcmi artıb. Azərbaycanın əlverişli coğrafi vəziyyəti bizə imkan verir ki, gələcəkdə tranzit imkanlarımızı daha da genişləndirək. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri Azərbaycan ərazisindən keçir. Amma əgər burada müasir logistika, nəqliyyat infrastrukturu olmasa, biz bu imkanlardan istifadə edə bilmərik. Ona görə, hazırda Bakı-Tbilisi-Qars dəmir yolu tikilir. Bu layihə də Azərbaycanın təşəbbüsü ilə qonşu ölkələrlə birlikdə reallaşır. Bu layihənin tarixi əhəmiyyəti var. İlk dəfə olaraq Azərbaycan dəmir yolu vasitəsilə Avropa ilə birləşir. Azərbaycan Avropa ilə Asiya arasında bir dəmir yolu körpüsü olacaqdır. İndi ehtimal edirik ki, bu layihə fəaliyyətə başlayandan sonra ən azı əlavə 10 milyon ton yük bizim ərazimizdən keçəcəkdir. Bu yükü daşımaq üçün yükaşırma qabiliyyəti olmalıdır. Bu limanın da tikintisinin məqsədi məhz bundadır. Yəni, bütün bu nəqliyyat infrastrukturunun seqmentləri bir-biri ilə bağlıdır. Əgər bu liman olmasa, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bizə o qədər də böyük səmərə verməz. Bu dəmir yolu ilə 10 milyon ton, ondan sonra 20 milyon ton yük daşınacaqdır. Ancaq bu yükü qəbul etmək, aşırmaq lazımdır. Ona görə Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir. Gəmiqayırma zavodu bizə imkan verəcək ki, yükləri öz gəmilərimizlə daşıyaq. Liman şərait yaradacaq ki, yükaşırma imkanlarımız genişlənsin. Yəni, bu, təbiidir. Sadəcə olaraq, bunu deməklə qeyd etmək istəyirəm ki, bugünkü hadisə böyük proqramın tərkib hissəsidir.
Biz Azərbaycanı bütövlükdə nəqliyyat, logistika mərkəzinə çevirmək üçün çox fəal işləyirik. Avtomobil yolları tikilir, Bakı-Gürcüstan sərhədi avtomobil yolu istifadəyə verilib, Bakı-Rusiya sərhədi avtomobil yolunun böyük hissəsi tikilib. Bakı-İran sərhədi avtomobil yolunun tikintisi davam edir. Yəni, avtomobil yolları, dəmir yollarının reabilitasiyası, tikintisi, dəniz nəqliyyatı, gəmiqayırma zavodu, ticarət limanı, aviasiyamız, xüsusilə yük aviasiyamız inkişaf edir. İndi bizim böyük yük təyyarələrimiz var. Yeddi aeroport tikilib, onlardan beşi beynəlxalq aeroportdur. Artıq o aeroportlardan sərnişinlər başqa ölkələrə uçurlar. Azərbaycan bu mərkəzdə, bu regionda hava nəqliyyatı, hava yük nəqliyyatı üzrə liderliyini təmin edir.
Bir sözlə, bütün bu işlər artıq deməyə əsas verir ki, biz öz nəqliyyat infrastrukturumuzu ən müasir səviyyədə yaratmışıq, işlərin böyük hissəsi artıq başa çatıb. Bu liman çatışmayan bir seqment, element idi. Biz indi onu da istifadəyə veririk. Tam gücü ilə iki il bundan sonra çalışacaqdır. O vaxta qədər biz yeni yükləri Azərbaycana gətirməliyik. Burada çox düşünülmüş tarif siyasəti aparılmalıdır ki, tərəfdaşlarımız Azərbaycan üzərindən yükdaşımalarını daha da böyük həcmdə göndərsinlər və biz də bundan fayda görək.
Eyni zamanda, görülən bütün bu işlərin məqsədi Azərbaycanı daha da gücləndirməkdir, Azərbaycanın önəmini artırmaqdır. İki gün bundan əvvəl təməlini qoyduğumuz “Cənub” qaz dəhlizi ölkəmizin önəmini böyük dərəcədə artıracaq. Çünki biz Avropanın enerji təhlükəsizliyinin təminatı istiqamətində çox böyük addım atmışıq. Azərbaycan bu istiqamətdə əvəzolunmaz ölkəyə çevrilir.
Bu limanın tikintisi də bizim önəmimizi artırır. Çünki Xəzər dənizində buna bənzər ikinci liman yoxdur və bu liman bizim iqtisadi gücümüzü artıracaq. İqtisadiyyat da artır, inkişaf edir. Bu yaxınlarda dünyanın iqtisadi məsələlərlə məşğul olan ən mötəbər Forumu - Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görüb. Biz bir pillə də artmışıq və dünya miqyasında bu sahədə 38-ci yeri tutmaq əlbəttə ki, böyük nailiyyətdir, böyük uğurumuzdur.
Ölkəmiz inamla irəliyə gedir, bizim konkret planlarımız var, bu planlar reallaşır. Bugünkü hadisə bir daha onu göstərir ki, bizim nəzərdə tutduğumuz bütün məsələlər keyfiyyətlə, vaxtında icra edilir. Eyni zamanda, bu limanın tikintisi beynəlxalq əməkdaşlığın təzahürüdür. Bu böyük, nəhəng infrastruktur obyektinin layihələndirilməsini Hollandiya şirkəti icra edib. Əlbəttə, bu, bizə şərait yaradır ki, Azərbaycan belə gözəl infrastruktur imkanlarına malik olsun.
Azərbaycanda beynəlxalq əməkdaşlıq sürətlə inkişaf edir. Əgər enerji sahəsində beynəlxalq əməkdaşlıq olmasa idi, biz öz zəngin neft-qaz resurslarımızı dünya bazarlarına çıxara bilməzdik. Azərbaycan investisiyalar üçün açıqdır. Azərbaycanda minlərlə xarici şirkət fəaliyyət göstərir, işləyir, dövlətdən kontraktlar alır, o kontraktları icra edir. Bizim xarici şirkətlər qarşısında qoyduğumuz əsas şərt keyfiyyətdir və ən müasir standartlardır. Biz burada bunu görürük. Ona görə, bu limanın layihələndirilməsində, tikintisində iştirak etmiş bütün şirkətlərə, insanlara, həm xarici vətəndaşlara, Azərbaycan vətəndaşlarına minnətdarlığımı bildirirəm. Əminəm ki, limanın fəaliyyəti uğurlu olacaq. Bir daha sizi təbrik edirəm.
* * *
Nəqliyyat naziri Ziya MƏMMƏDOV çıxış edərək dedi:
– Zati-aliləri, möhtərəm cənab Prezident.
Hörmətli tədbir iştirakçıları.
Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksinin inkişaf etdirilərək müasirləşdirilməsi və fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Sizin, cənab Prezident, qəbul etdiyiniz qərarlar, bu sahəyə göstərdiyiniz yüksək diqqət sayəsində genişmiqyaslı işlər görülüb, ölkəmizdə dayanıqlı və rəqabətqabiliyyətli nəqliyyat sistemi formalaşdırılıb. Zati-alilərinizin ideyaları əsasında reallaşan regional əhəmiyyətli nəhəng infrastruktur layihələri ulu öndərimiz Heydər Əliyevin təşəbbüskarı olduğu tarixi İpək Yolunun bərpasına, beynəlxalq daşımaların asanlaşmasına, Avrasiya məkanında əlverişli coğrafi mövqeyə malik olan Azərbaycanın tranzit potensialının artırılmasına təminat yaradır.
Həyata keçirilən genişmiqyaslı layihələrdən biri də imzaladığınız sərəncama əsasən Ələt qəsəbəsində yeni inşa olunan Bakı Beynəlxalq Dəniz Ticarət Limanıdır.
Möhtərəm cənab Prezident, ali diqqətinizə məruzə edirəm ki, yeni limanın tikintisinin birinci mərhələsi çərçivəsində inşa edilmiş bərə terminalı artıq istismara hazırdır.
Hollandiyanın “Royal Haskoning” şirkəti tərəfindən hazırlanmış limanın Baş planına və layihəyə əsasən, tikinti üçün 400 hektar ərazi ayrılmış və inşaat işləri liman ərazisinin quru və dəniz hissələrini əhatə edir.
Limanın akvatoriyasında dibdərinləşdirmə işlərini Hollandiyanın “Van Oord” şirkəti həyata keçirib. Şirkət tərəfindən uzunluğu 7,5 kilometr, eni 160 metr, dərinliyi 7 metr və dönmə dairəsinin diametri 450 metr olan giriş kanalı inşa edilib. Bu, Xəzər dənizində üzən bütün növ gəmilərin limana təhlükəsiz və sərbəst yanalmasını təmin etmək imkanı verir.
Liman ərazisinin quru hissəsinin tikintiyə hazırlanması və Bakı-Ələt magistral avtomobil yolu ilə liman kompleksini birləşdirən yol infrastrukturunun layihələndirilməsi və tikintisi, avadanlıqların təchizatı və quraşdırılması Azərbaycan şirkəti olan “EvrAsKon” tərəfindən aparılır.
Birinci mərhələnin davamı olaraq inşa edilən quru yük terminalının və Ro-Ro körpüsünün 2016-cı ildə istismara verilməsi nəzərdə tutulur.
Bərə körpüsünün ümumi tikinti sahəsi 17 hektar ərazini əhatə edir. Burada, eyni zamanda, 2 bərəni qəbul edə bilən uzunluğu 175 metr, eni 12,5 metr olan əsas yanalma körpüsü inşa edilib. Dəniz səviyyəsindən 4,25 metr hündürlükdə tikilmiş körpü Xəzərdə suyun səviyyəsinin dəyişməsindən asılı olmayaraq, gəmilərin yanalmasına imkan yaradır.
Bərə körpüsünə xidmət edən, hər birinin uzunluğu 79 metr olan dəmir yolu-bərə birləşdirici 2 körpü və uzunluğu 89 metr olan 1 xidməti körpü inşa edilib.
Limanın Baş Ələt stansiyasına bağlantısını təmin etmək üçün hər birinin uzunluğu 850 metr olan 5 dəmir yolu xəttindən ibarət çeşidləmə parkı, vaqonların bərələrə verilib-götürülməsi üçün hər birinin uzunluğu 450 metr olan 8 dəmir yolu xətti inşa edilib və yolların istismarı mərkəzi dispetçer idarəetmə sisteminə qoşulub. Çeşidləmə parkında əlavə olaraq daha 8 dəmir yolu xətti tikiləcəkdir. Eyni zamanda, Baş Ələt stansiyasında yenidənqurma işləri aparılıb.
Bundan əlavə, limanda müasir naviqasiya-rabitə sistemləri quraşdırılıb, 8 kilometr uzunluğunda avtomobil yolu, magistral yola çıxışı təmin edən uzunluğu 56, eni 28 metr olan tunel tipli yol qovşağı, 10 kilometr su, 5 kilometr kanalizasiya və 6 kilometr drenaj, 41 kilometr kommunikasiya, 103 kilometr elektrik xətləri tikilərək hazır vəziyyətə gətirilib. Ballast və çirkab sularının təmizlənməsi üçün limanda 600 kubmetr həcmli tənzimləyici qurğu tikilib.
Buradakı böyük həcmli tikintiyə, əsasən yerli işçilər olmaqla 2000 nəfərlik heyət və 500-dən artıq müxtəlif texnika və avadanlıq cəlb edilib. Birinci mərhələ çərçivəsində burada 6 milyon kubmetr həcmində torpaq, 300 min kubmetr həcmində beton, 1874 ədəd dəmir-beton svay işləri yerinə yetirilib.
Bu mərhələdə, həmçinin Ro-Ro tipli gəmilər üçün 1 körpü və 4 körpüdən ibarət universal quru yük və konteyner terminalı inşa olunacaqdır. Həmçinin xidməti gəmilər üçün təmir bazasının, limanın inzibatı binasının, sərnişinlər üçün beynəlxalq giriş-çıxış zallarının, yük sahələri və anbarların, müasir avadanlıqlarla təchiz olunmuş sərhəd və gömrük xidməti məntəqələrinin, bütövlükdə müxtəlif təyinatlı 30 binanın tikintisi həyata keçiriləcək, kran, maşın və mexanizmlərin quraşdırılması təmin olunacaqdır.
Terminal daxilində gömrük nəzarətinin təşkili və əməliyyatların aparılması məqsədilə beynəlxalq standartlara cavab verən yoxlama-təyinetmə avadanlıqlarının, müşahidə kameralarının və digər rabitə vasitələrinin quraşdırılması nəzərdə tutulur.
Quru yük terminalının ümumi uzunluğu akvatoriya hissəsində 650 metr, baş hissədə divarın uzunluğu 260 metr, yükaşırma qabiliyyəti 3 milyon ton təşkil edir.
Birinci mərhələdə limanın yükaşırma qabiliyyəti ildə 10 milyon ton yük və 50 min konteynerdən ibarət olacaqdır. İkinci mərhələdə limanın yük aşırma gücü 17 milyon ton yük və 150 min konteynerə, üçüncü mərhələnin yekununda isə 25 milyon ton yük və 1 milyon konteynerə çatdırılacaqdır.
Layihənin önəmli hissələrindən biri də limanda logistika mərkəzinin yaradılmasıdır. İlkin mərhələdə 50 hektar ərazidə yerləşəcək mərkəzdə 80 min kvadratmetr xüsusi anbar və sahələr yaradılaraq, burada 100 min ədəd konteynerin saxlanılması və yük sahiblərinə müxtəlif növ xidmətlərin göstərilməsi təmin ediləcəkdir. Mərkəzin gələcək inkişafı üçün limanın ərazisində əlavə sahə nəzərdə tutulub.
Möhtərəm cənab Prezident. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Azərbaycan dəmir yollarının yenidən qurulması, ölkəmizin müasir magistral avtomobil yolları şəbəkəsinin yaradılması, yeni lokomotivlərin, vaqonların, bərə və gəmilərin alınması, gəmiqayırma zavodunun inşası, beynəlxalq hava limanlarının tikintisi, regionun ən böyük magistral Bakı - Tbilisi - Qars dəmir yolu xətti kimi layihələr, zati-aliləri, məhz Sizin uzaqgörən siyasətinizin və şəxsi iradənizin nəticəsi olaraq, Azərbaycanın nəqliyyat sistemini regionun nəhəng nəqliyyat mərkəzinə çevirir, ölkəmizin nəqliyyat təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
Bu cür müasir nəqliyyat infrastrukturu obyektlərinin yaradılması barədə qəbul etdiyiniz qərarlara, nəqliyyat sistemində çalışan insanların əməyinə verdiyiniz yüksək qiymətə görə Zati-alilərinizə dərin minnətdarlığımızı bildirirəm və Sizi əmin edirəm ki, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının növbəti mərhələlərinin tikintisi də məsuliyyətlə yerinə yetiriləcəkdir.
Diqqətinizə görə minnətdaram.
* * *
“Van Oord Dredging and Marine Contractors BV” şirkətinin regional ofisinin rəhbəri Hans LUİJENBURQ çıxış edərək dedi:
– Hörmətli cənab Prezident İlham Əliyev.
Hörmətli qonaqlar.
Təmsil etdiyim “Van Oord Dredging and Marine Contractors” şirkəti adından bildirmək istəyirəm ki, belə əlamətdar bir günə - Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının bərə terminalının açılışına dəvət olunmağımız bizim üçün şərəfdir.
“Van Oord” şirkəti Niderland Krallığının bir neçə onillik tarixə malik ailə biznesi şirkətidir.
Azərbaycan Respublikası kimi, Niderlandın da böyük hissəsi dənizlə həmsərhəddir. Niderland əhalisinin yarısı dəniz səviyyəsindən aşağıda yaşayır.
Digərləri kimi, holland xalqı da su ilə mübarizə aparmağın, eləcə də suyu özünün ən böyük fəaliyyət sahəsinə çevirməyin müxtəlif yollarını öyrənib. Limanın tikintisi hər bir ölkənin iqtisadi inkişafı üçün həyati əhəmiyyət daşıyır. Ticarət obyektləri, malların idxalı və ixracı yaxşı təşkil olunmazsa ölkənin tərəqqisi bir sıra məhdudiyyətlərlə qarşılaşacaq. Hollandiyada hər gün “Rotterdam” limanının cəmiyyətimizin həyatında necə önəmli rol oynamasının şahidi oluruq.
Azərbaycan Respublikası bu limanın tikintisini həyata keçirməklə böyük uzaqgörənlik göstərib və digər Xəzəryanı ölkələr də hazırda bundan nümunə götürürlər.
Tezliklə Türkmənbaşı limanının genişləndirilməsi nəzərdə tutulur. Eyni işlər Aktau limanında da planlaşdırılır. Görüləsi bir çox işlər var və bütün bu işlər regionun inkişafı üçün böyük əhəmiyyət daşıyır. Şərq ilə Qərbi birləşdirən tarixi İpək yolu layihəsinin “İpək ticarət yolu” layihəsinə çevrilməsi işləri ənənələrə uyğun olaraq aparılır.
Fəxr edirik ki, belə bir layihənin həyata keçirilməsi üçün bizim şirkətimiz seçilib. 2011-ci ilin sentyabrında Ələtdə yanaşma kanalı və liman hövzəsinin dibdərinləşdirmə işlərini aparmağa “Van Oord” şirkəti layiq görülüb və müqavilə imzalanıb. Həmin ilin noyabrından başlayaraq işlər 17 ay - gecə və gündüz, gündə 24 saat və həftədə 7 gün olmaqla davam edib və layihə sifarişçi Nəqliyyat Nazirliyini tam razı salacaq tərzdə başa çatdırılıb.
Niderlanddan gətirilən ixtisaslaşdırılmış avadanlığımızla dənizin dibindən ümumilikdə 8,8 milyon kubmetr torpaq qazılıb çıxarılıb. Hazırda limanda gəmilərin 7 metr dərinliyə kimi Xəzər dənizinə giriş-çıxışı mümkündür. Qazılan kanalın uzunluğu təxminən 7,5 kilometrə çatır.
İstənilən layihə həlli çətin olan bir sıra şərtlərlə üzləşir. “Van Oord” şirkəti bütün dünya üzrə fəaliyyət göstərir və dənizdə iş şəraiti ilə yaxından tanışdır. Layihənin icrası zamanı Azərbaycan barədə tamamilə yeni bir şey öyrəndik - Bakı küləklər şəhəridir. Bakının küləyi həqiqətən də güclüdür və kəskindir. Güclü külək gəmi heyətinin öhdəsindən gəlməli olduğu ən mürəkkəb şərtlərdən biridir. Beləliklə, bu ölkəni fərqləndirən amillərdən biri ilə tanış olduq.
Azərbaycanın yerli ictimaiyyətinin, şəxsi heyətinin və işçilərinin dəstəyi olmadan bu layihəni heç vaxt tamamlaya bilməzdik. Layihə komandasında Azərbaycandan və Niderlanddan olan işçilər çiyin-çiyinə çalışıblar. Fürsətdən istifadə edərək, bu layihənin müvəffəqiyyətlə başa çatmasında əməyi olan bütün işçilərə minnətdarlığımı bildirmək istəyirəm.
Bu, bizim Azərbaycanda həyata keçirdiyimiz ilk layihə idi və xoşbəxtlikdən sonuncu olmadı. Daha sonra “Van Oord” şirkəti “Crescent” otelinin tikintisi layihəsi çərçivəsində dibdərinləşdirmə işlərinin və Bakı gəmiqayırma zavodu üçün dibdərinləşdirmə işlərinin aparılmasında iştirak edib. Məqsədimiz gələcəkdə yerli hökumət orqanları ilə birgə əməkdaşlıq və tərəfdaşlıq şəraitində tərəflərin qarşılıqlı mənafeyi üçün fəaliyyətimizi və digər tikinti işlərinin həcmini genişləndirməkdən, bu sahədə biliklərimizi bölüşməkdən ibarətdir.
Dünyanın bir çox ölkələrində yaşamış bir insan olaraq deyə bilərəm ki, Azərbaycanda yaşamaq və işləmək çox gözəl təcrübədir. İnsanların qonaqpərvərliyi və nəzakəti, müsbət düşüncə tərzi, gözəl landşaftı və dərin köklərə malik mədəniyyəti Azərbaycanı yaşamaq üçün çox cazibədar bir məkana çevirir. Ümid edirəm ki, Bakıda daha uzun illər keçirəcəyik və ölkənizin müasirləşdirilməsinə töhfəmizi verəcəyik.
Bir daha şirkətimiz adından cənab Prezident İlham Əliyevə, Azərbaycan xalqına, nəqliyyat nazirinə və nazirliyin əməkdaşlarına Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi layihəsinin həyata keçirilməsində “Van Oord” şirkətinin iştirakına göstərdikləri dəstək və inama görə minnətdarlığımı bildirirəm.
Mən cənab Prezidentə və Azərbaycan xalqına yeni liman kompleksində terminalın açılışı münasibətilə təbriklərimi çatdırıram.
Limanın gələcək istifadəçilərinə bu kompleksi Azərbaycan iqtisadiyyatının böyük uğuruna çevirməkdə müvəffəqiyyətlər arzu edirəm.
Diqqətinizə görə minnətdaram.
* * *
Daha sonra Prezident İlham Əliyev bərə terminalını işə saldı.
Prezident İlham Əliyev yük vaqonlarının “Bərdə” və “Azərbaycan” gəmi-bərələrinə yüklənərək terminaldan yola salınması prosesinə baxdı.
Dövlətimizin başçısı bu mühüm layihəni reallaşdıranlara bir daha uğurlar arzuladı.
* * *
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.