Şeyxülislam müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açmışdır

Azərbaycan Prezidenti İlham Əliyev iftar mərasimində iştirak etmişdir
Xəbər verdiyimiz kimi, sentyabrın 6-da Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev iftar mərasimində iştirak etmişdir.
Mərasimi şeyxülislam Allahşükür Paşazadə açaraq dedi:
-Bismillahir-rəhmanir-rəhim!
Zati-aliləri, möhtərəm cənab Prezident!
Möhtərəm səfirlər və əziz din qardaşlarım!
Hörmətli qonaqlar!
Bugünkü məclisimizdə əziz qonaqlarımıza, xüsusən dövlətimizin başçısı möhtərəm cənab İlham Əliyevə ən səmimi salamlarımı yetirir, islam aləminin müqəddəs mərasiminə göstərdiyiniz ehtirama və dəvətimizi qəbul etdiyinizə görə Qafqaz müsəlmanları adından və şəxsən öz adımdan sizə dərin minnətdarlığımı bildirirəm.
Hər il mübarək Ramazan ayında möhtərəm Prezidentimizlə iftar süfrəsində görüşmək artıq ənənə halını alaraq dövlətimizin tarixində çox vacib bir reallığa çevrilir. Biz dindarlar üçün bu məclis yalnız iftar süfrəsi deyil, həm də birliyimizin, tolerantlığımızın, Prezidentimizlə həmrəyliyimizin nümunəsidir. Şükr edirəm ki, Allah-taala hər il bizə dövlətimizin başçısı ilə görüşün səadətini və müqəddəs Ramazanın nemətini bəxş edir. Əminəm ki, inşallah, biz hamımız gələcəkdə də bu nemətdən yenə də faydalana biləcəyik.
Hər il keçirilən Ramazan görüşlərimizin bir özəlliyi də il ərzində dini mühitimizdə, dindarların həyatında baş verən hadisələr barədə məlumat verməkdir. Bu müddət ərzində əlamətdar tədbirlərin sırası böyük bir tarixi salnaməni xatırladır. Bu salnamə həqiqətən çox zəngin və təqdirəlayiqdir. Hər şeydən əvvəl, mənim 60 illik yubileyimin yüksək səviyyədə keçirilməsi, dünyanın nüfuzlu din xadimlərinin, dövlət rəhbərlərinin bu tədbirdə iştirakı ölkəmizin dini həyatında mötəbər hadisəyə çevrildi. Mən hər zaman fəxr etmişəm ki, həyatımın 30 ilindən çoxu bir şeyxülislam kimi böyük qardaşım, fenomen şəxsiyyət, ulu öndərimiz mərhum Heydər Əliyevlə birgə olub və onun dəyərli tövsiyələri ilə milli mənəviyyatımızın formalaşmasına, islamın tərəqqisinə və Azərbaycan dövlətçiliyinə xidmətdə keçib. Uzun illik dostluğumuz və səmimi ünsiyyətimiz dövlət və din münasibətlərinin təməl əsaslarını möhkəmlədib, müstəqil Azərbaycanın dünyaya bəyan etdiyi yeni tolerant imicini formalaşdırıb. Mən bu müddətdə layiq görüldüyüm ali təltifləri bir dini rəhbərin dövlət qarşısında fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirirəm. Ötən ilin noyabr ayında keçirilən təntənəli mərasimdə mənə "Şərəf" ordenini Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri İlham Əliyevin şəxsən təqdim etməsini həyatımın ən gözəl məqamlarından sayıram və düşünürəm ki, bu orden təkcə mənə yox, Qafqaz Müsəlmanları İdarəsinin dövlətçiliyimiz naminə apardığı mənəvi fəaliyyətə verilən ali mükafat kimi bizi öz işimizdə daha da məsuliyyətli olmağa çağırır.
İkinci əlamətdar hadisə bu ilin aprel ayında din xadimlərinin Ümumdünya Sammitinin Bakıda keçirilməsi oldu. Millətlərarası və dinlərarası münasibətlərin bərpası və inkişafına xidmət edən bu tədbirdə Azərbaycanın dünyaya bəyan etdiyi sülh, qlobal dialoq, tolerantlıq və mədəni intibah çağırışları bir daha təsdiqini tapdı. Dünyanın nüfuzlu dini mərkəzlərinin - Moskva və Bütün Rusiya Patriarxının, Gürcüstan Patriarxının, eyni zamanda, Vatikanın, Eçmiədzinin, yəhudi, buddist, induist və digər dini cərəyan nümayəndələrinin iştirakı ilə keçirilən Bakı Sammiti hələ uzun illər tarixi fakt kimi diqqət mərkəzində olacaqdır. Əminəm ki, gələcəkdə bir sıra qlobal və regional problemlərin həllində Bakı Sammitinin nəticələrindən əsas müddəa kimi istifadə ediləcəkdir.
Sammit çərçivəsində, Bütün Rusiya və Moskva patriarxı, zati-müqəddəsləri Kirill ilə Bakıda və son zamanlar Moskvada apardığımız məşvərətlərə, eləcə də Şimali Qafqaz regionu üzrə işgüzar səfərlərdə dövlət və din xadimləri ilə görüşlərimizə əsasən demək olar ki, Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan dövlətinin yürütdüyü uğurlu sülhsevər siyasətin daşıyıcılarından birinə çevrilmişdir. Bildiyiniz kimi, gələcəkdə Qafqaz Müsəlmanları İdarəsinin daimi nümayəndəliyinin BMT nəzdində Dini Məşvərət Şurasında və YUNESKO-da Azərbaycanın dünya müsəlmanlarını təmsil etməsi dövlətlərarası və dinlərarası əməkdaşlığın inkişafına xidmət edəcəkdir.
Bu ilin yaddaqalan hadisələri sırasına ölkəmizin milli mənəvi dəyərlərindən olan qədim tarixi abidələrin təmir və bərpa işlərini də əlavə etmək istərdim. Onu da qeyd etmək istərdim ki, Prezidentimiz cənab İlham Əliyev müsəlman məscid və ziyarətgahları ilə yanaşı, xristian və yəhudi ibadət yerlərinin təmir və inşasına dair sərəncamlara da imza atmışdır. Hər bir azərbaycanlı, hər bir dindar üçün qürur mənbəyinə çevrilmiş bu müqəddəs abidələrin hər naxışında, cənab Prezident, şəxsən Sizin zəhmətiniz və qayğınız vardır.
Bu yaxınlarda Bakıda yeni müqəddəs məkanımız - Dövlət Bayrağı Meydanının təntənəli açılışı mərasimində Prezidentimizin nitqini dinləyərkən bütün Azərbaycan xalqı kimi, mən də çox böyük şərəf və qürur hissi keçirdim. Ulu öndərimiz Heydər Əliyevin milli dövlətçiliyimizin rəmzlərinə - üçrəngli bayrağımıza, himnimizə, gerbimizə verdiyi dəyəri xatırladım və bir daha əmin oldum ki, onun layiqli davamçısı olan cənab İlham Əliyev Azərbaycanı iqtisadi inkişafa, beynəlxalq nüfuzlu ölkəyə yüksəldən bir rəhbər kimi, Vətənimizin azadlıq və zəfər rəmzini, inşallah, işğal altında olan torpaqlarımızda ucaldacaq və sonsuz qürur hissi ilə bütün Azərbaycan xalqı bu böyük zəfərin memarına minnətdar olacaqdır.
Bu gün mədəni irsimizin qorunmasında, milli mənəvi dəyərlərin inkişafında möhtərəm Prezidentimizlə bərabər böyük zəhmətləri olan çox hörmətli Mehriban xanım Əliyevanın xidmətləri xüsusi qeyd olunmalıdır. Allah-taala bu ailənin xalqımızın rifahı, dövlətimizin gələcəyi naminə gördüyü bütün gözəl işlərdə hər zaman yardımçısı olsun! Bu, təkcə mənim yox, bütün Azərbaycan xalqının öz rəhbərinə arzuladığı ən səmimi dualardır. Biz tam əminliklə deyə bilərik ki, xalqımız və dindarlarımız cənab Prezidentimiz İlham Əliyevin nəcib amallarını ürəkdən bəyənir və dövlətimizin başçısına hər zaman dəstək verəcəklərini bəyan edirlər!
Zati-aliləri! Möhtərəm qonaqlar!
Ramazanın hər gəlişi bizim üçün böyük sevincdir. Çünki müqəddəs Qurani-Kərim bu ayda nazil olmuşdur, xeyir-bərəkət də elə bu ayın rəhmətindən sayılır. Bu əziz günlərdə torpaqlarımız, Vətənimiz uğrunda canlarından keçən qəhrəman övladlarımızın, o cümlədən Qarabağ şəhidlərinin əziz xatirəsini yad edir, ruhlarına dualar oxuyuruq. Mübarək Ramazanda edilən duaların Allah hüzurunda qəbuluna əmin olduğuma görə, mən də Sizin üçün xeyir-dualar edirəm. Çünki bu ayda mənim evimi mənəvi ocaq bilib iftar məclisində iştirak etməyiniz bir Şeyxülislam kimi məni qəlbən sevindirir və bu görüşlərin, inşallah, söz verdiyiniz kimi, hər il davam edəcəyi ümidindəyəm. Mübarək Qurani-Kərimdə buyrulur: "İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran Quran Ramazan ayında nazil edilmişdir" (Bəqərə, 185).
Bu mübarək ayda hamınıza bir daha "Xoş gəlmisiniz!" deyir, ibadətlərimizin qəbul olunması üçün Allahdan xeyir-dualar diləyirəm!
Allah köməyimiz olsun!
***
Rus Pravoslav Kilsəsinin Bakı vəXəzəryanı Yeparxiyasının rəhbəri ALEKSANDR Azərbaycanda tolerantlığın hökm sürdüyünü və dövlətlə din arasında münasibətlərin nümunəvi xarakter daşıdığını vurğuladı. O, respublikamızın dinlərarası dialoqa əsaslı töhfələr verdiyini və cari ilin aprel ayında Bakıda keçirilən dünya dini liderlərinin sammitinin bunun əyani təcəssümü olduğunu bildirdi.
Aleksandr həmin mötəbər tədbirin yüksək səviyyədə təşkilinə Prezident İlham Əliyevin hərtərəfli dəstəyini Moskvanın və Bütün Rusiyanın patriarxı Kirill həzrətlərinin də dəfələrlə vurğuladığını diqqətə çatdırdı.
Rus Provaslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri Aleksandr dinlərarası dialoqun möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Rus Provaslav Kilsəsinin "Müqəddəs Apostol Varfolomey" qızıl medalını Prezident İlham Əliyevə təqdim etdi.
***
Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Semyon İXİİLOV azərbaycanlılarla yəhudilər arasında tarixən dostluq münasibətlərinin olduğunu dedi. O, respublikamızda bütün millətlərin mehriban ailə kimi yaşadığını, heç bir zaman antisemitizmlə qarşılaşmadıqlarını söylədi.
Vətəni Azərbaycana dərindən bağlı olduğunu vurğulayan Semyon İxiilov xalqımızı və Prezident İlham Əliyevi müqəddəs Ramazan ayı münasibətilə təbrik etdi və ən xoş arzularını çatdırdı.
***
Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir FEKETE Roma Papasının bütün dünya müsəlmanlarını Ramazan ayı münasibətilə təbrik etdiyini, dinlərarası dialoqu və əməkdaşlığı möhkəmləndirməyə çağırdığını xatırlatdı. O, ölkəmizdə tolerantlığın hökm sürməsi ilə bağlı ulu öndər Heydər Əliyevin siyasətinin indi də uğurla davam etdirildiyini dedi və Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirdi.
Vladimir Fekete müqəddəs Ramazan ayı münasibətilə Roma Katolik Kilsəsinin təbrik məktubunu və şəxsən Papa Şurasının dinlərarası dialoq üzrə nümayəndəsi, kardinal Yan Lui Toranın təbriklərini Azərbaycan dövlətinin başçısına çatdırdı.
***
Azərbaycan Prezidenti İlham Əliyev iftar mərasimində çıxış etdi (dövlətimizin başçısının çıxışı qəzetin bugünkü nömrəsində dərc olunur).
***
Şeyxülislam Allahşükür PAŞAZADƏ minnətdarlıq edərək dedi:
-Zati-aliləri, bütün Qafqaz müsəlmanları, Azərbaycan müsəlmanları adından mən Sizə minnətdaram. Siz bizə, işlərimizə çox böyük qiymət verdiniz. Biz inşallah gələcəkdə də Sizə xalqımız, cəmiyyətimiz, dinlər arasında dialoqun yaradılması, Azərbaycanın rifahı, Azərbaycan torpaqlarının bütövlüyü üçün əlimizdən gələn köməyi edəcəyik. Biz bütün işlərdə Sizə yardımçıyıq və bundan sonra da belə olacaqdır.
Allah-taala bütün dünyadan gedənlərə bu mübarək Ramazan ayında rəhmət eləsin. Bu gün mən mərhum dostum, qardaşım ulu öndərimiz Heydər Əliyevin, görkəmli alimimiz Zərifə xanımın ruhunu ehtiramla yad eləmək istəyirəm. O cümlədən dünyadan gedənlərin, Vətən uğrunda vuruşub şəhid olanların hamısına - Allah-taala rəhmət eləsin. Bizim ən müqəddəs sözümüz və axırıncı kəlamımız Quran olduğuna görə istərdim ki, bu kitabdan bir neçə ayə oxunsun, onların ruhları şad olsun. Ondan sonra Ramazan duası oxunacaq və iftar süfrəsi açılacaq, inşallah.
***
Sonra Qurani-Kərimdən ayələr və Ramazan duası oxundu, iftar süfrəsi açıldı.
AzərTAc{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında