Prezident İlham Əliyev Kür çayının daşması nəticəsində yaranan təbii fəlakət zamanı Hacıqabul rayonunun Meyniman kəndi ərazisində evləri dağılan vətəndaşlar üçün yeni tikilən mənzillərin açılışında iştirak etmişdir

Kür çayının daşması nəticəsində yaranan təbii fəlakət zamanı Hacıqabul rayonunun Meyniman kəndi ərazisində evləri dağılan vətəndaşlar üçün yeni mənzillər tikilib istifadəyə verilmişdir.
Sentyabrın 7-də yeni mənzillərin orderləri sahiblərinə təqdim olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Bu ilin mayında Kür çayında baş verən daşqın təbii fəlakətlə nəticələndi. Daşqından dərhal sonra Prezident İlham Əliyevin sədrliyi ilə mayın 7-də keçirilən müşavirədə dövlətimizin başçısı fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı müvafiq orqanlara tapşırıqlar verdi. Minlərlə texnika və canlı qüvvə təbii fəlakət zonasında xilasetmə və bərpa işlərinə cəlb olundu. Təbii fəlakətin miqyasının genişlənməsinin qarşısı dövlət strukturlarının həyata keçirdiyi tədbirlər nəticəsində alındı. Dağılan bəndlərin operativ bərpası, əhalinin daha təhlükəsiz yerlərə köçürülməsi nəticəsində insan tələfatına yol verilmədi. Mayın 11-də Prezident İlham Əliyevin təbii fəlakət bölgəsinə getməsi və burada sakinlərlə görüşməsi, onların problemləri ilə maraqlanması, dəyən ziyanın aradan qaldırılmasının dövlətimizin başçısının daim diqqətində olduğunu göstərdi. Tədricən əhalinin yaşayış yerlərinə köçürülməsinə, evləri dağılan insanların mənzil problemlərinin həllinə başlandı. Müvafiq strukturların cəlb olunduğu tikinti-quraşdırma işləri zamanı əsas diqqət evlərin əvvəlki kimi çiy kərpicdən yox, daha keyfiyyətli materiallardan istifadə olunaraq inşasına yönəldildi. Təbii fəlakətin baş verdiyi bölgədə işlər bu gün də davam edir. Daşqınlar nəticəsində dağılmış evlərin əvəzinə yenilərinin tikilməsi, zədələnmiş binaların bərpası istiqamətində görülən işlər uğurla həyata keçirilir.
Tikinti işlərinin artıq başa çatdığı ərazilərdən biri də Hacıqabul rayonunun Meyniman kəndidir. Bu il mayın 23-də kəndin ərazisində Kür çayı öz məcrasından çıxaraq təxminən 85 metr uzunluğunda qoruyucu bəndi dağıtmışdı. Nəticədə Meyniman kəndindəki 280 ev və 286 təsərrüfat, o cümlədən 1350 nəfər əhalisi olan 1-ci Meyniman kəndindəki 150 həyət su altında qalmışdı. Daşqın zamanı Meyniman kəndində 35 ev tamamilə uçmuş, 64 ev qəzalı vəziyyətə düşmüşdü.
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, digər kənd və qəsəbələrlə yanaşı, meynimanlıların da problemləri diqqətdə saxlanıldı. Uçmuş evlərin yerində 22 ev tikildi. Bu evlərdə zəruri infrastrukturun yaradılması, həyətyanı sahələrin normal vəziyyətə gətirilməsinə xüsusi diqqət yetirildi. Müasir üslubda tikilən evlərdən 15-i ikiotaqlı, 3-ü üçotaqlı, 4-ü isə dördotaqlıdır. Dağılmış evlərin ümumi sahəsi 1539 kvadratmetr olduğu halda, yeni evlər üzrə bu rəqəm 2150 kvadratmetrə bərabərdir. Hazırda kənddə yeni evlərin inşası davam edir. Bununla yanaşı, kənddəki 21 evdə bərpa-gücləndirmə işləri aparılır. 43 evdə cari təmir işləri aparılması üçün ziyan çəkmiş sakinlərdən 110 nəfərinə 109 min manatdan çox yardım verilmişdir. Həmçinin daşqın nəticəsində Meyniman kəndinin dağılmış infrastrukturunun yenidən qurulması istiqamətində də iş gedir. Kəndə yeni yol çəkilir.
Dövlətimizin başçısı əvvəlcə təbii fəlakət nəticəsində dağılan evlərin və yeni mənzillərin fotolarına baxdı.
Prezident İlham Əliyev kənd sakini Mərhəmət Yaqubovun mənzilində oldu, burada yaradılan şəraitlə maraqlandı. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq yeni evlər bütün zəruri avadanlıqla təchiz edilmişdir.
Kənd sakinlərini yeni mənzillər və müqəddəs Ramazan bayramı münasibətilə təbrik edən Prezident İlham ƏLİYEV dedi:
-Əziz dostlar, ilk növbədə sizi qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Sizə cansağlığı, uğurlar arzulayıram. Bu gözəl müqəddəs bayram ərəfəsində sizə yeni evlər təqdim edilir. Bu evlər dövlət tərəfindən tikilmişdir. Çox gözəl evlərdir və əminəm ki, siz bu evlərdə rahat yaşayacaqsınız.
Bildiyiniz kimi, bu il dünyanın hər bir yerində təbii fəlakətlər baş verdi, o cümlədən Azərbaycanda da sellər, daşqınlar nəticəsində insanlarımız böyük çətinliklərlə üzləşmişlər. On minlərlə hektar torpaq sahəsi su altında qalmışdır. Bir neçə min ev tamamilə dağılmışdır. O cümlədən sizin evləriniz də dağılmışdır. Əlbəttə ki, belə olan halda Azərbaycan dövləti bütün imkanlarını səfərbər etdi. Qarşıya birinci vəzifə qoyulmuşdu ki, xilasetmə işləri operativ şəkildə təşkil edilsin. Çox şadam ki, bizim xilasedicilər böyük peşəkarlıqla işlədilər. Bir nəfər də itki, tələfat olmadı. Biz görürük ki, bu təbii hadisələr başqa ölkələrdə nə qədər böyük fəlakətlərə, insan itkisinə gətirib çıxarır. İkinci vəzifə ondan ibarət idi ki, biz sizi bu çətin vəziyyətdən xilas etmək üçün müvəqqəti şəraitlə təmin edək. Bu işlər də təşkil olundu. Səhiyyə, təhsil məsələləri həll edildi, bəzi yerlərdə müvəqqəti çadır şəhərcikləri quruldu. Yəni Azərbaycan dövləti əlindən gələni edirdi ki, təbii fəlakətdən əziyyət çəkmiş insanların yaşayış səviyyəsini maksimum dərəcədə yüngülləşdirək. Bu gün biz artıq görülən işlərin birinci mərhələsinə qədəm qoyuruq. Mən o vaxt məsələ ilə məşğul olanda demişdim ki, qış gələnə qədər bütün evlər bərpa olunmalıdır. Bu, böyük bir işdir. Yəni 3-4 min evin bir neçə ay ərzində tikintisi bizim üçün, dövlətimiz üçün böyük bir sınaqdır. Ancaq mən bu vəzifəni qarşıya qoydum. Çünki qış gələnə qədər insanlar normal evlərlə təmin olunmalıdır və birinci evlər bax bu gün sizə təqdim edilir. Əlamətdar bir hadisədir, tarixi bir hadisədir.
Düzdür, biz böyük çətinliklərlə üzləşmişdik. Yəni çayların məcradan çıxması, göllərin, bəndlərin dağılması bir gün deyil, iki gün deyil, bir neçə həftə davam edib. Sellər, yağışlar böyük bir təbii fəlakət idi. Ancaq Azərbaycan xalqı həmişə olduğu kimi, yenə də həmrəylik göstərdi. Bütün dövlət qurumları çox səmərəli və böyük peşəkarlıqla işlədi. Özəl qurumlar da öz təşəbbüsü ilə, təmənnasız bu işlərə cəlb olundular. Yəni bu, əsl ümumxalq işimiz olub. Mən çox şadam ki, biz həm birinci mərhələdə insanları xilas etmək üçün bütün tədbirləri lazımi səviyyədə gördük və bu gün evlərin tikintisinə nail olduq, həm də artıq təbii fəlakətlə üzləşmiş bütün bölgələrdə ev tikintisi gedir. Biz yaxın zamanlarda başqa rayonlarda da belə gözəl açılışları qeyd edəcəyik. Bugünkü mərasim birincidir və bu, çox vacibdir. Yəni bu onu göstərir ki, Azərbaycan dövləti böyük işlərə qadirdir. Artıq güclü iqtisadiyyatımız, maliyyə imkanlarımız vardır və biz bu maliyyə imkanlarını insanların rifah halının yaxşılaşdırılmasına yönəldirik. Əminəm ki, siz bu evlərdə rahat və xoşbəxt yaşayacaqsınız.
* **
Sonra Prezident İlham Əliyev mənzillərin orderlərini və açarlarını sahiblərinə təqdim etdi.
* * *
Kənd sakini Talıb HÜSEYNOV göstərilən diqqətə görə dövlətimizin başçısına təşəkkür edərək dedi:
-Cənab Prezident, kəndimizə gəldiyinizə görə camaatımız adından Sizə təşəkkür edirik. Çox minnətdarıq. Cənab Prezident, bizim durduğumuz ərazilər bir neçə ay bundan əvvəl tamamilə su altında qalmışdı. Sizin sərəncamınızla görülən operativ tədbirlər nəticəsində bütün ərazi sel sularından təmizlənmiş, işlərimiz qaydasına düşmüşdür. Hətta bizi gözəl evlərlə təmin etdiniz, çox sağ olun. Bu evlərin içərisində bütün avadanlıq yerləşdirilmişdir, insanların rahat yaşaması üçün bütün şərait qurulmuşdur. Buna görə bütün kənd camaatı adından, cənab Prezident, Sizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun.
***
Kənd sakini Safuraxanım GÖZƏLOVA da minnətdarlığını bildirdi:
-Cənab Prezident, xoş gəlmisiniz kəndimizə, elimizə-obamıza. Sizə canımız qurban. Mənim yaşım az deyildir. Mən 1945-ci ildə - Qələbə günündə anadan olmuşam. Mən çox çətinliklər görmüşəm, yetim balalar saxlamışam. Çoxlu pambıq dərmişəm, əziyyətim olub. Əziyyətlə kərpicdən bir ev tikmişdim. O da bu fəlakət nəticəsində uçuldu. Bizi balalarımızın yanında üzüqara qoymadınız, bizə yaxşı evlər tikdirdiniz, içərisinə yaxşı əşyalar qoydurdunuz. Yaşımın bu çağında Siz başımızı övladlarımızın yanında uca elədiniz. Allah Sizin başınızı həmişə uca etsin. Bizi dünyaya tanıdan, bizi etibarlı əllərdə qoyub gedən ümummilli liderimiz Heydər Əliyev ilə fəxr edirəm ki, Sizin kimi davamçısı vardır. O ulu Tanrıdan arzu edirəm ki, Sizə 100 il ömür versin, Mehriban xanımla bir yerdə. Öpürəm səni bir ana kimi, sənə qurban olum.
Dördüncü dəfədir ki, Siz rayonumuza gəlirsiniz. Sizin gəlişinizlə əlaqədar rayonumuz o qədər abadlaşıb, kəndimiz abadlaşıb. Kəndimizə qaz çəkilir, görmədiyimiz günə düşmüşük. Allah Sizdən muğayat olsun. Cənab Prezident, əziz balamız, gün o gün olsun ki, belə üzaçıqlığı, alın açıqlığı ilə, bu cür şərəflə, bayrağımız əlinizlə Qarabağ torpağımıza sancılsın. Amin!
* * *
Prezident İlham ƏLİYEV dedi:
-Çox sağ olun, xoş sözlərinizə görə minnətdaram. Mən doğrudan da Hacıqabul rayonuna bir neçə dəfə gəlmişəm. Əvvəlki gəlişlərim hər hansısa açılışlarla bağlı idi. Rayonda böyük işlər görülür. Siz də qeyd etdiniz - abadlıq, quruculuq işləri aparılır, tibb məntəqələri, məktəblər tikilir, qazlaşdırma gedir. Bu səfərim də məhz bax bu evlərin sizə verilməsi ilə bağlıdır.
Həm yaxşı günlərdə, həm Allah eləməsin, pis günlərdə də hamımız birlikdəyik. Bu, mənim borcumdur - sizə qulluq eləmək, Azərbaycan xalqına xidmət eləmək. İstənilən şəraitdə, yaxşı gündə, pis gündə biz Azərbaycan vətəndaşlarının yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün işləməliyik, Azərbaycanın qüdrətini artırmalıyıq. Bizim gücümüz, bax, xalqın gücüdür.
Düzdür biz güclü dövlət qurmuşuq. Dövlətçiliyin əsasları da çox möhkəmdir, iqtisadi inkişaf da gedir. Yəni, əgər indi imkanlarımız olmasaydı, bu işləri görə bilməzdik. İndi dünyada o qədər belə fəlakətlər baş verir. İnsanlar qalır başlı-başına, onlara kömək edən, arxa duran yox. Onlar öz problemləri ilə üz-üzə qalırlar. Bilirsiniz, indi inkişaf etmiş başqa ölkələrdə bax belə fəlakətlər baş verdiyi zaman orada ziyanı sığorta şirkətləri ödəyirlər. Çünki bütün evlər sığortalanır. Axı bizdə bu hələ ki, yoxdur. Bizdə hansı ev sığortalanıb? Xüsusilə çiy kərpicdən tikilmiş ola. Ona görə belə olan halda dövlət insanlara öz dəstəyini göstərməlidir, insanları təkbaşına buraxmamalıdır. Mənim də Prezident kimi borcum Azərbaycan xalqına xidmət etməkdir.
Bütün dövlət qurumları, icra hakimiyyətinin əməkdaşları, bütün vətəndaşlar səfərbərlik içində işləyib. Çünki qarşıya vəzifə qoyulmuşdu ki, birinci növbədə insanları qorumalıyıq, tezliklə onları fəlakət zonasından çıxarmalıyıq və çalışmalıyıq ki, bu zərəri minimum səviyyəyə endirək. Ona görə də bütün insanlar, texnika səfərbər olundu. Bakıdan nə qədər maşın karvanları, vertolyotlar gəldi. Sonra böyük qayalar gətirildi. O bəndlərin bərkidilməsi üçün nə qədər böyük səylər göstərildi. Bir tərəfdən bəndi bərkidirsən, digər tərəfdən çay vurub onu dağıdır. Göllər, çaylar çıxdı məcrasından. Yəni, böyük bir fəlakətlə üzləşmişdik. Ancaq bu sınaqdan da şərəflə, üzüağ çıxdıq. Bir nəfər də olsun insan itirmədik. Bu gün də artıq üç-dörd ay keçəndən sonra belə gözəl evlər tikdik. Belə də olmalıdır, belə də olacaqdır. Azərbaycan qüdrətli dövlətdir, bizim güclü siyasi iradəmiz vardır. Bir daha demək istəyirəm ki, əsas vəzifə Azərbaycan xalqını qorumaq, onlara kömək göstərmək, yaxşı şərait yaratmaq, işsizliyi, yoxsulluğu aradan qaldırmaqdır. Bu istiqamətdə daha da böyük işlər görülür.
Allah etməsin ki, biz yenə belə bir fəlakətlə üzləşək. Ancaq biz artıq əlavə tədbirləri də görürük. Yəni, bizim işimiz təkcə ev tikməklə, yaxud da ki, kompensasiya verməklə məhdudlaşmır. İndi böyük məbləğdə vəsait ayrılır və ayrılacaq ki, bütün bəndbərkitmə işləri lazımi səviyyədə qurulsun. Bu işlərə ən qabaqcıl xarici mütəxəssisləri cəlb eləmişik ki, suyu idarəetmə mexanizmləri Azərbaycanda ən müasir səviyyədə təşkil olunsun. Çünki bu bəndlər əvvəlki dövrlərdə tikilibdir. Biz onların bəzilərinə yenidən baxmalıyıq və elə etməliyik ki, gələcəkdə lap belə sellər, daşqınlar zamanı insanlarımızı maksimum dərəcədə qoruyaq.
Sizi qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə bir daha təbrik edirəm. Sizə cansağlığı və xoşbəxtlik arzulayıram.
* * *
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında