Prezident İlham Əliyev Füzulidə Mil-Muğan hidroqovşağının fəaliyyəti ilə tanış olub

Prezident İlham Əliyev avqustun 28-də Füzuliyə səfəri çərçivəsində Mil-Muğan hidroqovşağının fəaliyyəti ilə tanış olub.

“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə Mil-Muğan hidroqovşağı barədə məlumat verdi. Qeyd olundu ki, keçmiş SSRİ və İran dövləti arasında 1963-cü ildə imzalanmış “Texniki iqtisadi sahədə əməkdaşlıq haqqında” Sazişə əsasən Füzuli rayonunun Horadiz qəsəbəsi yaxınlığında Araz sərhəd çayının üzərində inşa olunmuş Mil-Muğan hidroqovşağı 1972-ci ildə istismara verilib. Hidroqovşağın tikilməsində məqsəd Araz çayının nizamlanmış axınından Azərbaycan və İran tərəflərinin birgə istifadəsi ilə 200 min hektar, o cümlədən Azərbaycanda 120 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin etmək olub. Sazişə əsasən Mil-Muğan hidroqovşağından 921 milyon kubmetr su götürülməsi və ekoloji vəziyyətin qorunması üçün 1 milyard kubmetr suyun çaya buraxılması nəzərdə tutulmuşdu.

Bildirildi ki, burada bəndin su tənzimləyən hissəsinin uzunluğu 136 metrdir. Onun üzərində eni 12 metr olan 6 suburaxıcı, eləcə də hər iki tərəfə su vermək üçün eni 5 metr, hündürlüyü 3,5 metr olan 4 suqəbuledici qapı layihələndirilib. Hidroqovşağın Azərbaycan tərəfində uzunluğu 1850 metr olan torpaq bəndləri tikilib. Hidroqovşaq sel vaxtı saniyədə 2700 kubmetr su buraxmaq qabiliyyətinə malikdir. Mil-Muğan hidroqovşağından götürülən suyun Baş Mil kanalı ilə Yuxarı Mil, Yeni Xanqızı və digər kanallara ötürülməsi, beləliklə də Füzuli, Beyləqan, Ağcabədi və İmişli rayonlarında 120 min hektara yaxın əkin sahəsinin su ilə təmin edilməsi nəzərdə tutulub. Baş Mil kanalından su götürən Yuxarı  Mil kanalının tikintisi “Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən davam etdirilib və 2012-ci ildə onun 11 kilometrə yaxın hissəsi istifadəyə verilib. Bu da Beyləqan və Ağcabədi rayonlarının inzibati ərazilərində 4800 hektar sahədə pilot taxılçılıq təsərrüfatının yaradılmasına imkan verib. Taxılçılıq təsərrüfatının inkişafı məqsədilə ötən il kanalın daha 5 kilometrə yaxın hissəsi və onun üzərində Füzuli rayonunun ərazisində nasos stansiyası tikilib, bununla da 4 min hektar torpaq sahəsinə suvarma suyunun çatdırılması mümkün olub. Kanalın tikintisinin davam etdirilməsi nəticəsində 20 min hektara yaxın, o cümlədən Ağcabədi rayonunun 7637 hektar torpaq sahələri suvarma suyu ilə təmin ediləcək. Yuxarı Mil kanalı üzərində inşa olunan ikinci nasos stansiyası vasitəsilə bu il daha 1725 hektar əkin sahəsi suvarma suyu ilə təmin ediləcək.

 Prezident İlham Əliyevə Füzuli və Beyləqan rayonlarının əkin sahələrinin su təminatı barədə də məlumat verildi. Qeyd olundu ki, Füzuli rayonunda hazırda 31.305 hektar suvarılan sahələr mövcuddur. Bu sahələrin 6300 hektarında meliorasiya tədbirləri həyata keçirilib. Əkin sahələrinin su təminatı 1378 kilometr suvarma kanalları, 87 subartezian quyusu və 56 nasos stansiyası vasitəsilə həyata keçirilir. Kollektor-drenaj şəbəkəsinin uzunluğu 259 kilometrdir. Artıq rayonun Qayıdış və Örənqala qəsəbələrində məskunlaşmış məcburi köçkün ailələrinə ayrılmış pay torpaqları suvarma suyu ilə təmin edilib. Ötən il Füzulidə 10, o cümlədən dövlətimizin başçısının müvafiq  Sərəncamına əsasən 7 subartezian quyusu istismara verilib. Bu il isə rayon ərazisində 12 subartezian quyusunun qazılması başa çatdırılıb. Beyləqan rayonunda isə hazırda 50497 hektar suvarılan sahələr mövcuddur.  Bu sahələrin 36548 hektarında meliorasiya tədbirləri həyata keçirilib. Əkin sahələrinin su təminatı 1268 kilometr suvarma kanalları, 88 subartezian quyusu, 7 nasos stansiyası vasitəsilə həyata keçirilir. Kollektor-drenaj şəbəkəsinin uzunluğu 1277 kilometrdir. Ötən il rayonda 4, bu il isə 6 subartezian quyusunun qazılması başa çatdırılıb.

 

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında