Prezident İlham Əliyev Füzuli Rayon Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Füzuli Rayon Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib.

Prezident İlham Əliyev muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısına məlumat verildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən bu muzeydə ibtidai dövr, tunc dövrü, orta əsrlər, yeni və ən yeni dövrlərə aid bölmələr var. Xüsusi memarlıq üslubunda tikilən bina bütün lazımi kommunikasiya xətləri və müvafiq avadanlıqla təchiz olunub.

Bildirildi ki, bu muzey 1981-ci ildə yaradılıb. 1993-cü ildə Qarabağ müharibəsinin gedişində muzeyin 7 mindən çox eksponatı rayondan çıxarılaraq Bakıdakı “İstiqlal” muzeyində saxlanılıb. Mədəniyyət və Turizm Nazirliyi toplanmış çoxsaylı eksponatların tarixi əhəmiyyətini nəzərə alaraq 2006-cı ildə rayonun Bala Bəhmənli kəndində Füzuli Tarix-Diyarşünaslıq muzeyinin filialını açıb. Hazırda filialın fondunda xalqımızın qədim tarixinin və dövlətçilik ənənələrinin müxtəlif  dövrlərinə işıq salan 1000-ə yaxın eksponat var. Muzeydə Azıx mağarasının maketi və ibtidai dövrdə istifadə olunan məişət və əmək alətləri nümayiş etdirilir. Bu eksponatların hamısı vaxtilə Füzuli rayonu ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar olunub. Tunc və dəmir dövrləri bölmələrində sərgilənən eksponatların böyük hissəsi isə qədim qəbirlərdən tapılıb. Ulu əcdadlarımızın döyüşlərdə istifadə etdikləri silah nümunələri, məişət avadanlıqlarının qalıqları orta əsrlər dövrünə aid bölmədə yerləşdirilib. Muzeyin əhəmiyyətini artıran mühüm amillərdən biri də burada Füzuli rayonunun etnoqrafik xüsusiyyətlərinin geniş əks olunmasıdır.

Belə ki, muzeydə tarixin müxtəlif dövrlərində Füzuli sakinlərinin həyat tərzini və məişətini əks etdirən eksponatlar da sərgilənir. Dəmirçi, dulusçu və xalçaçı emalatxanalarının, evlərin kiçik maketləri əhalinin qədim dövrlərdəki  yaşayış tərzini və məşğuliyyətini əks etdirir. Rayonun görkəmli şəxsiyyətləri, o cümlədən Qarabağ müharibəsi zamanı xüsusi fədakarlıq və igidlik göstərmiş füzulililər haqqında məlumatların toplandığı muzeydə “Qələbə qığılcımı” başlığı altında xüsusi bölmə də yaradılıb. Burada Füzuli rayonundan olan Milli qəhrəmanların həyatı, onların döyüş yolu, ulu öndər Heydər Əliyevin tarixi xidmətləri sayəsində rayonun işğaldan azad olunan 22 kəndi, o cümlədən Horadiz şəhəri və ötən dövrdə bu ərazilərdə aparılan bərpa, yenidənqurma işləri barədə məlumatlar verilir.

Prezident İlham Əliyev Füzuli rayonundan olan Musa Yaqubovun hazırladığı 16 musiqi aləti ilə tanış oldu.

 

AzərTAc

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında