Rusiya Prezidenti Dmitri Medvedevin nitqi

- Hörmətli İlham Heydər oğlu!
Hörmətli Mehriban Arif qızı!
Hörmətli dostlar, həmkarlar!
Sizin ölkəyə gəlmək mənim üçün həmişə çox xoşdur. Çünki bu, həmişə dostlarımızın, yaxın qonşularımızın və strateji tərəfdaşlarımızın yanına səfər etmək deməkdir. Bu səfər bir günə hazırlanmamışdır. Bu, xüsusi səfərdir, ona görə ki, münasibətlərimizin tarixində ilk dəfə həqiqətən çox mühüm saziş hazırlamışıq. İlham Heydər oğlu bilir ki, bu sazişin hazırlanması asan olmamışdır. Ona görə yox ki, biz mübahisə edirdik, hərçənd müzakirə edilməsi, diskussiyalar aparılması tələb edilən bəzi məsələlər həmişə vardır. Sadəcə olaraq ona görə ki, bu saziş mürəkkəb, mühüm sənəddir. Əgər həmin saziş bizim ölkəmiz üçün sərhədin müəyyənləşdirilməsi, bir sıra sərhədyanı məsələlərin tənzimlənməsi barədə ilk sənədlərdən biridirsə, Azərbaycan üçün bu qəbildən ümumiyyətlə ilk sənəddir. Ona görə də mənə belə gəlir ki, biz yaxşı çalışmışıq, sabah rəsmi imzalanma olacaqdır. Bizim dostluq münasibətlərimizin möhkəm normativ baza əsasında inkişaf etməsi, tərəfdaşlar arasında beynəlxalq hüquq normalarına əsaslanan münasibətlərə çevrilməsi üçün bu saziş çox vacibdir. Bu sənəd də beynəlxalq hüquq aktıdır.
Bizim qarşılıqlı əlaqələrimizi möhkəmləndirən iqtisadi sazişlər də vardır. O cümlədən, sabah belə bir böyük sənəd, həmçinin bəzi başqa sənədlər imzalanacaqdır.
Bu, nəyə dəlalət edir? Ona dəlalət edir ki, dövlətlərimiz arasında münasibətlər ilbəil rəngarəng olur. Əlbəttə, Sizi ölkəmizdə, Moskvada görməyə həmişə çox şad oluruq. Biz beynəlxalq tədbirlərdə Sizinlə çox ünsiyyət saxlayırıq, müxtəlif görüşlər keçiririk. Lakin adətən bu cür böyük səfərlərin gedişində müəyyən kəmiyyət dəyişiklikləri üst-üstə yığılır və yeni keyfiyyət halına keçir. Buna görə də mən çox istərdim ki, Rusiya Prezidentinin və Rusiya nümayəndə heyətinin indiki səfəri bu cür kəmiyyət dəyişikliklərinin keyfiyyət dəyişikliklərinə keçməsi ilə əlamətdar olsun.
Siz gündəlikdəki bütün məsələləri dəqiq sadaladınız. Mən demək istəyirəm ki, əlbəttə, son illərdə biz iqtisadi münasibətlərin quruculuğu sahəsində irəliləmişik. Energetika sahəsində əməkdaşlıq bu münasibətlərin təməl daşıdır. Lakin mən istəməzdim ki, əməkdaşlığımız təkcə energetika ilə məhdudlaşsın. Bizim ölkələr enerji istehsal edən iri ölkələrdir. Lakin indicə Sizinlə danışdığımız kimi, dövlətlərimizin qarşısında iqtisadiyyatlarımızı modernləşdirmək məsələsi durur, böhran isə, yeri gəlmişkən, göstərdi ki, hətta enerji tədarükçüləri olan böyük dövlətlər də bazardakı vəziyyətdən asılıdırlar. Buna görə də bizim vəzifəmiz ölkələrimizdə iqtisadi şəraiti, təsərrüfatçılıq şəraitini dəyişməkdir. Hesab edirəm ki, başqa sahələrdə əməkdaşlığı inkişaf etdirməklə bu məsələdə bir-birimizə kömək edə bilərik. Söhbət yüksək texnologiyalar, istehsal, infrastruktur və hətta turizm sahələrində kooperasiya və əməkdaşlıqdan gedir. Bütün bunlar bizim ümumi işimizin tərkib hissələridir.
Təhlükəsizlik məsələləri çox mühüm mövzudur. Siz tamamilə dəqiq dediniz ki, bizim dövlətlər - Qafqaz dövlətləri, Xəzər dövlətləri və dost dövlətlərdir. Biz gələcəyə məhz bu cür baxmalıyıq. Elə etməliyik ki, asayiş olsun, münaqişələrin yaranmasına yol verilməsin. Bizim regionda problemlər kifayət qədərdir - həm gizli, həm də aşkar problemlər vardır. Bizim vəzifəmiz bu cür təhdidlərə mümkün qədər çevik münasibət bildirməyə çalışmaqdır. Rusiya bu proseslərdə öz rolunu başa düşür. Hətta Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi kimi olduqca çətin problem də, Sizin haqlı olaraq dediyiniz kimi, beynəlxalq hüquq normaları və tərəflərin qarşılıqlı iradəsi əsasında həll edilə bilər. Son vaxtlar biz dəfələrlə görüşmüşük. Səmimi deyim ki, bu görüşlərin dinamikası məni qane edir. Əlbəttə, nəticələr hələ çox cüzidir. Lakin Siz bir məsələyə əsla şübhə etməyə bilərsiniz ki, Rusiya hədsiz çətin olan bu münaqişənin tənzimlənməsinə maksimum kömək etmək əzmindədir. Bunun üçün biz, şəxsən mən özüm də hər cür səy göstərmişik və bundan sonra da göstərəcəyik.
Humanitar sahədə dostluq əlaqələrimiz yəqin ki, ayrıca təhlil aparılmasını tələb edir. Siz ölkənizdə rus dilinə xüsusi qayğı göstərildiyini xatırlatdınız. Nə gizlədim, bu, əlbəttə, mənim üçün çox xoşdur. Mənə belə gəlir ki, bu, Azərbaycan üçün də çox vacibdir. Çünki biz yaxın ölkələrik, bizim tariximiz uzun müddət birlikdə davam etmişdir, indi də biz yanaşı inkişaf edirik və rus dili bu mənada, əlbəttə, müəyyən əhəmiyyət kəsb edir. Lakin bu, heç də o demək deyildir ki, Rusiya Azərbaycan dilinin inkişafı üçün heç nə etməməlidir. Siz bilirsiniz ki, bu yaxınlarda mən telekanalların verilişlərinin peyk vasitəsilə dost ölkələr üçün yayımlanması barədə qərar qəbul etmişəm. Rusiyada böyük Azərbaycan diasporu vardır və onun Azərbaycan dilində xəbərlərlə tanış ola, proqramlara, filmlərə baxa bilməsi, əlbəttə, çox vacibdir. Əlbəttə, onlar hamısı rusca danışırlar, lakin ana dilini də yadda saxlamaq lazımdır. Buna görə də bu cür yayım həyata keçiriləcəkdir. Mənə belə gəlir ki, bu da çox faydalıdır, böyük mübadilələr də öz yerində - məsələn, indicə Siz Ulyanovskdakı məktəb və mehriban əməkdaşlığa dair bir sıra başqa nümunələr barədə danışdınız. Bu, çox vacibdir. Yeri gəlmişkən, elə Rusiya üçün də. Ona görə ki, Rusiya çox mürəkkəb, çoxmillətli, çoxkonfessiyalı dövlətdir və ölkə daxilində vətəndaş sülhü və asayiş olması üçün biz qonşularımızla dostluq etməyi bacarmalıyıq.
Buna görə Sizin ölkəyə gəlişimiz bizi çox sevindirir. Dəvət üçün sağ olun. Əminəm ki, biz bu gün də, sabah da səmərəli danışıqlar aparacaq, dostcasına ünsiyyət saxlayacağıq. İndi isə Rusiya Federasiyasının Prezidenti kimi mənə bircə bu qalır ki, Azərbaycan Prezidenti, hörmətli İlham Heydər oğlunun sağlığına, onun xanımı, hörmətli Mehriban Arif qızının sağlığına, azərbaycanlı dostlarımızın hamısının sağlığına, sülh naminə və xalqlarımızın tərəqqisi naminə badə qaldırmağı təklif edim!
AzərTAc

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında