Sentyabrın 3-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin mətbuat konfransı olmuşdur.
Azərbaycan Prezidenti İlham ƏLİYEV bəyanatla çıxış edərək dedi:
-Hörmətli Dmitri Anatolyeviç!
Hörmətli qonaqlar!
Xanımlar və cənablar!
Bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlərin tarixində çox əlamətdar gündür. Bu gün siyasi və iqtisadi xarakterli mühüm sənədlər - dövlət sərhədi haqqında, sərhədyanı Samur çayının su ehtiyatlarının bölünməsi və onlardan səmərəli istifadə edilməsi haqqında müqavilələr, habelə qaz sahəsində əməkdaşlıq sferasında kontrakta əlavə imzalanmışdır. Əminəm ki, onlar bizim münasibətlərin inkişafının çox mühüm istiqamətlərini uzun illər, qarşıdakı onilliklər üçün müəyyən edəcəkdir. Bütün bunlar bizim münasibətlərin dinamik və səmərəli inkişafının əyani göstəricisidir.
Biz münasibətlərimizi strateji tərəfdaşlar arasında, qonşular və mehriban dostlar arasında münasibətlər kimi səciyyələndiririk. Rusiya Prezidentinin bugünkü səfəri, imzalanmış sənədlər, habelə apardığımız fikir mübadiləsi və danışıqlar bizim münasibətlərin dinamik, səmərəli və müsbət inkişafına əyani sübutdur. Biz bu münasibətləri çox yüksək qiymətləndiririk. Əminəm ki, bütün istiqamətlər üzrə əlaqələrimizin gələcək inkişafı da bu günə qədər əldə edilənlər kimi səmərəli olacaqdır.
Ölkələrimiz arasında çox sıx siyasi qarşılıqlı əlaqə vardır, çox tez-tez görüşürük, əlaqə saxlayırıq. Rusiya Prezidentinin, böyük bir dövlətin Prezidentinin son üç ildə Azərbaycana üçüncü dəfə səfər etməsini xüsusi qiymətləndiririk. Mən də tez-tez Rusiyaya - Moskvaya və başqa şəhərlərə səfərlər edirəm. Bu, bir-birimizə olan qarşılıqlı marağa, eləcə də bizim münasibətlərin mövzusunun çox geniş olmasına dəlalət edir.
Bizim münasibətlər ayrıca bir sahədə əməkdaşlıqla məhdudlaşmır. Bu münasibətlər çoxşaxəlidir - siyasi əlaqələri, iqtisadi kooperasiyanı, müştərək layihələri əhatə edir. Energetika sahəsində, neft-qaz əməliyyatlarında, elektrik enerjisi satışı, nəqliyyat sahəsində əməkdaşlıq böyük bir blok təşkil edir. Biz regional və dünya miqyaslı layihələr üzərində birgə işləyirik. Şimal-Cənub nəqliyyat dəhlizi artıq bu gün öz potensialını göstərir və hazırda Rusiya və Azərbaycan həmin dəhlizin çox mühüm tərkib hissələridir. Biz Xəzərdə əməkdaşlıq edirik. Biz Qafqaz regionunda təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində əməkdaşlıq edirik. Ölkələrimiz arasında hərbi-texniki və humanitar sahələrdə əməkdaşlıq fəal inkişaf edir. Bu istiqamətlərin hər biri barəsində konkret faktlar və konkret layihələr əsasında çox danışmaq olar.
Dünən mən Rusiya Prezidentinin şərəfinə təntənəli ziyafət zamanı qeyd etmişdim ki, biz humanitar sahədə əməkdaşlığa xüsusi diqqət yetiririk. Bu sahədə bizim çox yaxşı nəticələrimiz vardır. Bu gün ikitərəfli əməkdaşlığımız artıq ikitərəfli formatı aşır və beynəlxalq humanitar layihəyə çevrilir. Bu il humanitar əməkdaşlıq sahəsində Bakıda keçirilən Rusiya-Azərbaycan forumunun müsbət təcrübəsi artıq yaxşı nəticələr verir. Biz bu gün razılığa gəldik ki, Rusiya və Azərbaycanın himayəsi altında keçirilən bu forum gələn il artıq beynəlxalq statusa malik olacaqdır. Beləliklə, humanitar sahədə əməkdaşlığımız artıq bu gün ikitərəfli formatı aşır və gələcəkdə bu sahədə əməkdaşlıqda marağı olan ölkələrin və xalqların yaxınlaşması işinə xidmət edəcəkdir. Biz Azərbaycanda buna maraqlıyıq. Biz istəyirik ki, ölkəmizdə bütün xalqların nümayəndələri gələcəkdə də indiki kimi sülh, dostluq, qardaşlıq şəraitində yaşasınlar. Biz çox sevinirik ki, ölkələrimiz arasında humanitar əməkdaşlıq konkret real layihələrlə zənginləşir.
Başqa sözlə desək, münasibətlərimiz olduqca çoxşaxəli, çoxtərəflidir, praktiki olaraq bütün sahələri əhatə edir. Ən başlıcası isə, bu gün dövlət sərhədi haqqında müqavilə imzalandıqdan sonra münasibətlərimizdə həll edilməmiş hər hansı məsələ qalmır. Həmin müqavilənin bu gün Bakıda bu cür təntənəli şəraitdə imzalanması münasibətlərimizin, niyyətlərimizin səmimiliyinə daha bir sübutdur. Bu müqavilə ölkələrimiz arasında münasibətlərin inkişafında mühüm mərhələdir. Qarşıda bizi başqa işlər gözləyir. Bu gün biz münasibətlərimizin iqtisadi tərkib hissəsini necə zənginləşdirmək barədə, hansı yeni layihələri həyata keçirməyə hazırlaşmağımız, gələcəkdə fəaliyyətimizi necə əlaqələndirməyi planlaşdırmağımız barədə fikir mübadiləsi etdik. Energetika sahəsində artıq konkret addımlar nəzərdə tutulmuşdur.
Mən ilk növbədə, Rusiya Prezidenti Dmitri Anatolyeviç Medvedevə ölkəmizə səfər etdiyinə, bugünkü razılaşmalara gətirib çıxarmış müştərək işə görə bir daha təşəkkür etmək və əmin olduğumu bildirmək istəyirəm ki, ölkələrimiz arasında münasibətlər gələcəkdə də dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq ruhunda inkişaf edəcəkdir.
{nl}
Rusiya Prezidenti Dmitri MEDVEDEV bəyanatla çıxış edərək dedi:
-Hörmətli İlham Heydər oğlu!
Hörmətli həmkarlar!
Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri!
Bu gün müstəqil dövlətlər olan Rusiya ilə Azərbaycanın münasibətləri tarixində həqiqətən çox əlamətdar gündür. Bu gün biz ölkələrimiz arasında mövcud olan mürəkkəb məsələlərdən sonuncusunu qapadıq. Azərbaycan üçün bu, sərhədin müəyyən edilməsi barədə ilk saziş, ilk müqavilədir. Ona görə də bu, gələcək münasibətlərimiz üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti indicə bu münasibətləri iki strateji tərəfdaşın səmimi dostluq münasibətləri kimi səciyyələndirdi. Təbii ki, mən bu fikrə tamamilə şərikəm. Münasibətlərimizin mahiyyətini kooperasiyamızın praktiki olaraq bütün sahələrində izləmək mümkündür. İndi mən həm iqtisadi əlaqələr barədə, həm təhlükəsizlik mövzularına dair əməkdaşlıq, regional, humanitar əlaqələr barədə danışa bilərdim. Lakin mən bu münasibətlərin xüsusi xarakterini hər şeydən yaxşı səciyyələndirən cəmi bir misal gətirəcəyəm.
Bildiyiniz kimi, bu il Rusiya Federasiyasına fəlakət üz vermişdir. Çoxlu yaşayış məntəqəsi yanmış, insanlar zərər çəkmiş, həlak olmuş, çoxlu evi alov bürümüşdü. Bu məqamda azərbaycanlı həmkarlarımız da bizə dost əlini uzatmış, bizim bir sıra yaşayış məntəqələrində yanğınların söndürülməsində iştirak etmişlər. Bu, həqiqətən çox vacibdir. Xüsusən ona görə ki, bu cür fəlakətlər adətən, gözlənilmədən baş verir və çox vaxt sürəkli xarakter daşıyır. Hətta indi, payızda da yanğınlar tüğyan edir. Dünən bizim iki vilayət yanğından zərər çəkmişdir, yaşayış məntəqələrinə, insanlara ziyan dəymişdir. Əlbəttə, biz bunların hamısını hökmən bərpa edəcəyik. Lakin bir məqam xüsusilə vacibdir ki, bu cür çətin şəraitdə, - hətta inkişaf etmiş iqtisadi potensiala malik olan Rusiya kimi böyük ölkə də çətin vəziyyətə düşə bilər, - yaxın dostlar kömək əlini uzadır. İlham Heydər oğlu, görülmüş işlərə görə bir daha çox sağ olun.
O ki qaldı gələcəyə, düşünürəm ki, gələcəyimiz çox yaxşı olacaqdır. Bizim çox perspektivli layihələrimiz vardır. Bu gün sərhədyanı Samur çayının su ehtiyatlarından birgə istifadə edilməsi barədə də müqavilə imzalanmışdır. Bu ehtiyatlar bizim müştərək sərvətimizdir və biz sadəcə olaraq, onlardan daha yaxşı istifadə etməyin yolları barədə fikirləşməliyik.
Energetika sahəsində əməkdaşlıq, əlbəttə, ən mühüm istiqamətdir. Lakin bu, yeganə istiqamət deyildir. Biz razılığa gəldik ki, bu məsələyə bəlkə də ayrıca bir görüş, dövlət başçılarının ayrıca bir zirvə toplantısını həsr etmək, bütün istiqamətlərdə vəziyyəti ölçüb-biçmək lazımdır. Xüsusən ona görə ki, artıq əlaqələr vardır. Bu əlaqələr, o cümlədən qaz sferasında əməkdaşlıq sahəsində kifayət qədər fəal inkişaf etməyə başlamışdır. Neft, ticarət, elektrik energetikası sahələrində əməkdaşlıq da elə istiqamətlərdir ki, biz onlara həqiqətən daha artıq diqqət yetiririk.
Regional məsələlər həmişə gündəlikdədir. Biz bu barədə çox danışmışıq. Təbii ki, təhlükəsizliyin təmin edilməsi məsələləri barədə danışmışıq. Lakin ümid edirəm ki, mətbuat konfransının gedişində bu cür suallar veriləcəkdir. Çünki zənnimcə, bu, maraqlıdır. İndi təfərrüata varmayacağam.
Biz son zamanlar daha bir ümumi məkanda əldə edilmiş müsbət nə varsa hamısını qoruyub saxlamağın zəruri olmasından danışdıq. Bu, Xəzər məkanıdır. Ümid edirəm ki, irəlidə bu əməkdaşlığı dərinləşdirmək üçün imkanımız olacaqdır.
Humanitar sahə çox vacibdir. İndicə ikonaların verilməsi kimi rəmzi bir akt baş tutdu. Həmin ikonalar Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmişdir. Çox yaxşı haldır ki, bizim hüquq mühafizə idarələri arasında bu cür əməkdaşlıq inkişaf edir. Onu demək istərdim ki, Rusiyaya məxsus təbərrüklərin verilməsinə görə Azərbaycan tərəfinə bir daha təşəkkürümüzü bildiririk. Bu, dost jestidir və təbii ki, biz onu müvafiq şəkildə qiymətləndiririk.
Təhsil sahəsində mütəxəssislər, mədəniyyət xadimləri arasında ünsiyyəti davam etdirmək lazımdır. Məhz bu səbəbdən bu gün Azərbaycan Prezidentinin irəli sürdüyü təşəbbüsü - Azərbaycanda keçirilən foruma beynəlxalq xarakter vermək təşəbbüsünü mən tamamilə bəyənirəm. Mənə belə gəlir ki, bura həm ikitərəfli humanitar məsələlərin, həmçinin siyasi əlaqələrin inkişafı məsələlərinin müzakirəsi üçün, həm də beynəlxalq miqyasda yaxşı məkandır. Xüsusən ona görə ki, bu işdə marağı olan tərəflər vardır - bizim qonşularımız da bu forumda iştirak etməyə hazırdırlar. Mənə belə gəlir ki, bu, maraqlı olacaqdır. Hər halda, əgər azərbaycanlı dostlarımız çağırsalar, biz həmin forumda məmnuniyyətlə iştirak edəcəyik.
Beləliklə, bu, həqiqətən əlamətdar səfərdir. Həm formal baxımdan əlamətdardır, çünki ölkələrimiz arasında qarşıdakı onilliklər üçün əməkdaşlığın təməlini yaradan çox mühüm sənəd imzalanmışdır. Həm də qeyri-formal mənada, şəxsi ünsiyyət baxımından əlamətdardır, çünki bu cür ünsiyyət olmadan mehriban münasibətləri inkişaf etdirmək mümkün deyildir. Biz çox görüşürük, çox ünsiyyət saxlayırıq. Bizim çox mehriban yoldaşlıq münasibətlərimiz vardır və ümid edirəm ki, bundan sonra da belə olacaqdır.
{nl}
***
Sonra dövlət başçıları jurnalistlərin suallarına cavab verdilər.
- Bu gün imzalanan əlavə sazişə görə, "Qazprom"un gələn il alacağı Azərbaycan qazının həcmi artırılmışdır. Eyni zamanda, məhz Azərbaycan qazı "Nabukko" boru kəmərinin başlıca doldurucusu kimi nəzərdən keçirilir. "Nabukko" isə "Cənub axını"nın bilavasitə rəqibidir. Bu iki məqam bir-biri üçün ziddiyyət təşkil etmirmi? Bir tərəfdən qaz sahəsində Rusiya-Azərbaycan münasibətləri möhkəmlənir, digər tərəfdən isə Azərbaycan rəqib layihədə iştirakdan imtina etmir. Ümumiyyətlə, qaz bütün layihələrə kifayət edəcəkmi? Sualım hər iki prezidentədir.
Prezident Dmitri MEDVEDEV: Bilirsiniz, biz iqtisadi maraqlarımıza diqqətlə yanaşmalıyıq. Biz anlamalıyıq ki, bir tərəfin və digər tərəfin mənafeləri mövcuddur. Bu maraqlar praqmatik xarakter daşıyır. Bu, ideal vəziyyətdə olan humanitar sahədə əlaqələr deyildir. Biz burada pul qazanırıq. Bu, normal haldır. Biz burada imkanlarımızı arzularımızla uyğunlaşdırmalıyıq. Bu, birincisi.
İkincisi, bu gün biz Azərbaycan Prezidenti ilə söhbət zamanı deyirdik ki, biz regionda sanballı oyunçularıq və maraqlarımız çox halda üst-üstə düşür. Çünki ölkələrimiz enerji ehtiyatlarının istehsalçıları və ixracatçılarıdır. Buna görə də biz bir tərəfdən razılığa gəlməliyik, digər tərəfdən isə kooperativləşməliyik. Həmkarlarımızın imzaladığı qaz ticarətinin genişləndirilməsi haqqında müvafiq sənədlər bunu nümayiş etdirdi.
Üçüncüsü, ən müxtəlif layihələr mövcuddur. Burada Rusiyanın mövqeyi həmişə elə olmuşdur ki, biz hər hansı layihələrə mane ola bilmərik və olmamalıyıq, bu, tamamilə qeyri-təbii işdir. Mənə elə gəlir ki, biz sadəcə əməkdaşlığın ən maraqlı sahələrini ayırmalı, birgə layihələrin cəlbediciliyini nümayiş etdirməliyik. Gələcək layihələrə gəldikdə isə, necə deyərlər, qoy mənfəət gətirən, tərəfdaşlarımız üçün maraqlı layihələr qalib gəlsin. Heç kim heç kimi heç nəyə vadar etmir. Eyni zamanda, bu, iqtisadi cəhətdən səmərəli layihələr olmalıdır. Gələcək üçün enerji sahəsində münasibətlər qurarkən mən buna əsaslanardım.
Prezident İlham ƏLİYEV: Mən də öz növbəmdə demək istəyirəm ki, Azərbaycan artıq 2007-ci ildən öz qazını beynəlxalq bazarlara çıxarır və Azərbaycanda hasil edilən qazın həcmi ilbəil artır. Ehtiyatlarımız yetərincə çoxdur. Azərbaycanda yalnız təsdiq edilmiş qaz ehtiyatı 2 trilyon kubmetrdən çoxdur. Potensialı isə biz real şəkildə təxminən 5 trilyon kubmetr həcmində qiymətləndiririk.
Buna görə də qaz bizə bir çox onilliklər kifayət edəcəkdir. Qaz sahəsində əməkdaşlığımız açıq və səmimi xarakter daşıyır. Biz bu sahəyə dostlarımız və tərəfdaşlarımızla münasibətlərimizi möhkəmləndirmək imkanı kimi baxırıq. Rusiya ilə bu sahədə əməkdaşlığımıza gəldikdə isə, bildiyiniz kimi, bu əməkdaşlıq nisbətən yaxınlarda başlanmışdır. Birinci sənədlər yalnız ötən il imzalanmışdır, lakin artıq qısa vaxt kəsiyində biz bu gün imzaladığımız müqavilə ilə Azərbaycan qazının Rusiyaya ixracının həcmini mahiyyətcə 4 dəfə artırırıq. Bu, böyük gələcəyi olan qarşılıqlı surətdə faydalı layihədir. Layihənin əhəmiyyətli üstünlüklərindən biri də budur ki, Azərbaycan ilə Rusiya arasında tranzit ölkə yoxdur. Biz qonşuyuq və bizi hazırda genişlənən qaz kəməri sistemi birləşdirir. Bizim tərəfimizdən Azərbaycan qazının Rusiyaya nəqli imkanlarının genişləndirilməsinə sərmayələr qoyulur.
Xatırlatdığınız başqa layihələrə və rəqabətə gəldikdə isə, biz qaz sahəsində fəaliyyətimizi hansısa əsaslandırılmamış rəqabət imkanı kimi nəzərdən keçirməmişik. Bu halda biz siyasi motivlərə deyil, yalnız iqtisadi və praktik motivlərə əsaslanırıq. Bu gün Rusiya və Azərbaycan şirkətləri arasında qaz sahəsində mövcud olan şərtlər bizi razı salır və mən ümid edirəm ki, Rusiya tərəfini də qane edir. Buna görə də əgər bütün maraqlı tərəflər buna məhz iqtisadi məqsədyönlülük nöqteyi-nəzərindən baxsalar və bu layihələrin süni şəkildə siyasiləşdirilməsi minimum səviyyəyə endirilsə, əminəm ki, bütün maraqlı tərəflərin mənafeləri nəzərə alınacaqdır. Bir daha demək istəyirəm ki, biz Rusiya ilə energetika sahəsində ikitərəfli əməkdaşlığımızı uzunmüddətli və strateji əməkdaşlıq kimi nəzərdən keçiririk və bu, təkcə qaz sahəsini əhatə etmir. Bu, həm neft, həm elektroenergetika sahələrinə də aiddir. Gələcəkdə qarşılıqlı razılığa gəlsək, biz bütün energetika komponentləri üzrə Rusiyaya təbii ehtiyatların ixracını artırmaq niyyətindəyik.
- Sualım hörmətli Rusiya Prezidentinədir. Azərbaycan ictimaiyyəti Sizin Ermənistana bu yaxınlardakı səfərinizə və orada Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı müqaviləyə dəyişikliklər haqqında imzalanmış protokola böyük maraq göstərir. Bu da aydın məsələdir. Siz bunu necə şərh edərdiniz?
Prezident Dmitri MEDVEDEV: Çox sağ olun. Təbii ki, mən səfərimin yekunlarını şərh edəcəyəm. Gizlətməyəcəyəm, biz Azərbaycan Prezidenti İlham Heydər oğlu ilə bu mövzunu müzakirə etmişik. Şübhəsiz ki, Rusiya üçün burada, Qafqazda sabitliyin qorunub saxlanması çox vacibdir. Rusiya Qafqaz ölkəsi, Xəzəryanı ölkədir. Biz ən yaxın qonşumuz və dostumuz Azərbaycan ilə münasibətlər quranda məhz buna əsaslanırıq.
Buna görə burada sülh və asayiş olması hamımızın marağına uyğundur. Mənim Ermənistana səfərim zamanı qəbul edilmiş qərara, yəni Ermənistanda Rusiyanın hərbi bazasının olması haqqında müvafiq sazişin qüvvədə olması müddətinin artırılması məsələsinə də məhz bu mövqedən baxmaq lazımdır. Burada hər hansı gizli və ya başqa mülahizələr yoxdur. Həmin baza sülhü və asayişi təmin etməyə, sabitliyi qoruyub saxlamağa, bu gün mövcud olan bütün mürəkkəbliklərin azalmasına xidmət edir və bağlanmış saziş çərçivəsində imkanlarımızı və səlahiyyətlərimizi həyata keçirərkən biz məhz bu mövqedən çıxış edəcəyik. Sazişdə heç bir prinsipial yenilik yoxdur, onun yalnız bir mənası var: həmin bazanın orada olacağı illərin sayı müəyyən qədər artırılır. Mən əminəm ki, biz mümkün olan bütün imkanları burada, Qafqazda, Cənubi Qafqazda ümumi vəziyyətin sağlamlaşdırılmasına yönəldəcəyik. Mən öz tabeliyimdə olanlara - həmin bazanın təminatı məsələləri ilə məşğul olan müvafiq nazirliklərin, idarələrin rəhbərlərinə də məhz bu cür təlimatlar verəcəyəm.
Biz Azərbaycan Prezidenti ilə bu barədə kifayət qədər ətraflı danışmışıq. Biz gələcəkdə də burada, bizim regionda təhlükəsizliyin təmin edilməsinə aid bütün məsələlər barədə fəaliyyətimizi, fikir mübadiləsini sıx əlaqələndirəcəyik.
- Sualım cənab Əliyevədir. Siz dediniz ki, Xəzəryanı problemlər həmişə Sizin diqqət mərkəzinizdədir. Xahiş edirəm deyin, Xəzəryanı dövlətlərin Tehran sammitində növbəti zirvə görüşünün Bakıda keçirilməsi haqqında qəbul edilmiş qərarın reallaşdırılması hansı mərhələdədir? Bu sammitin Bakıda çağırılmasına hər hansı maneələr varmı?
Prezident İlham ƏLİYEV: Biz həmin məsələni bu gün Dmitri Anatolyeviçlə müzakirə etmişik, sammitin Bakıda keçirilməsinə heç bir maneə yoxdur. Xəzər dənizinin delimitasiyası ilə əlaqədar məsələnin tənzimlənməsi barədə mövqelərimiz üst-üstə düşür. Bildiyiniz kimi, bizim milli sektorların ölkələrimiz arasında bölünməsi barədə müvafiq saziş imzalanmışdır. Hesab edirik ki, bu, çox yaxşı formatdır və Xəzər dənizinin statusu ilə bağlı məsələnin hərtərəfli tənzimlənməsinə nail olmaq üçün möhkəm zəmin ola bilər.
Bu gün biz sammitin keçirilməsinin təxmini vaxtını da müzakirə etmişik və tərəfdaşlarımızla, Xəzəryanı bölgədəki qonşularımızla müvafiq məsləhətləşmələrdən sonra həmin vaxtı konkret müəyyən edəcəyik. Mənim bildiyimə görə, bizim başa düşdüyümüz mənada məqsəd həmin sammitin keçirilməsini 2011-ci ilə təxirə salmamaqdan, onu ən yaxın aylarda, 2010-cu ildə Bakıda keçirməkdən ibarətdir.
- Mənim sualım hər iki prezidentədir. Məlum olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi regionda sülhün və təhlükəsizliyin bərqərar olması üçün çox böyük əngəl yaradır. Siz bu məsələnin tənzimlənməsinin perspektivlərini necə təsəvvür edirsiniz?
Prezident İlham ƏLİYEV: Bizim fikrimizcə, bu məsələ ən tez bir vaxtda tənzimlənməlidir. Çünki danışıqlar prosesi artıq neçə illərdir ki, davam edir. 1992-ci ildə bu məsələ ilə məşğul olan Minsk qrupu yaradılmışdır. 1994-cü ildən atəşkəs haqqında saziş bağlanmışdır. O vaxtdan atəşkəs rejimi mövcuddur. Lakin bütün bu illər ərzində münaqişənin tammiqyaslı tənzimlənməsinə təəssüf ki, nail ola bilməmişik. Azərbaycan əraziləri işğal altındadır. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti yeridilmiş, nəticədə Dağlıq Qarabağdan və Dağlıq Qarabağın ətrafındakı yeddi rayonun ərazisindən yüz minlərlə azərbaycanlı qovulmuşdur.
Beynəlxalq təşkilatların qətnamələri mövcuddur. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir. Həmin sənədlərdə işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması haqqında tələblər irəli sürülür. ATƏT-in Lissabon sammitinin qərarları, digər beynəlxalq təşkilatların qətnamələri mövcuddur.
Münaqişə həmin qərarlar və qətnamələr əsasında, beynəlxalq hüququn normaları və prinsipləri əsasında tənzimlənməlidir. Bu, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Moskvada imzalanmış Birgə Bəyannaməsində də əks olunmuşdur.
Ərazi bütövlüyü prinsipinin xalqların öz müqəddəratını təyin etmək hüququ ilə əlaqələndirilməsi məsələsi, bizim fikrimizcə, həll edilə bilməyən məsələ deyildir. Xalqın təyini-müqəddərat hüququ ölkələrin ərazi bütövlüyünün pozulmasını nəzərdə tutmamalıdır və ölkələrin ərazi bütövlüyü çərçivəsində uğurla həyata keçirilə bilər. Buna görə də biz hesab edirik ki, məsələnin məhz beynəlxalq hüququn norma və prinsipləri, beynəlxalq təşkilatların qətnamələri əsasında həllini tapmaq lazımdır. Azərbaycan torpaqlarının işğal edilməsinə son qoymaq, yüz minlərlə məcburi köçkünün öz əzəli torpaqlarına qayıtmasına və sülh şəraitində yaşamasına imkan yaratmaq lazımdır.
Ümid edirəm ki, erməni tərəfi konstruktiv yanaşma nümayiş etdirəcək və biz münaqişəni mənim dediyim prinsiplər əsasında tənzimləmək yolunu tapa biləcəyik.
Mən sizin sualınızdan istifadə edərək, Rusiya Prezidentinə bu prosesdə fəal iştirakına görə təşəkkür etmək istərdim. Dmitri Anatolyeviçin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan prezidentləri arasında altı görüş keçirilmişdir. Bu fakt özlüyündə misilsiz xarakter daşıyır. Həmsədr ölkələrin liderləri tarixdə hələ heç vaxt bu cür fəallıq və ən başlıcası, effektivlik nümayiş etdirməmişlər.
Dmitri Anatolyeviçin iştirakı ilə tərəflərin yaxınlaşdırılması işində çox mühüm addımlar atılmışdır. Mən Rusiya Prezidentinə təşəkkür etmək, eyni zamanda, ümidvar olduğumu bildirmək istəyirəm ki, o, gələcəkdə də bu istiqamətdə səy göstərəcəkdir. Biz bu gün bu məsələni müzakirə etmişik. Mən tam əminəm və inanıram ki, Rusiya Prezidentinin şəxsi iştirakı çox müsbət rol oynayır və onun iştirakı ilə aparılan danışıqlar daha səmərəlidir.
Prezident Dmitri MEDVEDEV: Mən demək istəyirəm ki, həqiqətən, son illər Azərbaycan və Ermənistan prezidentləri arasında Rusiya Prezidentinin iştirakı ilə görüşlərin sayı hədsiz çox olmuşdur.
Bu yaxınlarda mən həmin mövzuda danışmışam. Mən demişəm ki, son vaxtlar görülən işlərə görə xəcalət çəkmirəm. Bu, dərin, düşünülmüş müzakirələrdir və biz belə prosesdə yetərincə çətinliklər olduğunu anlayırıq. İstənilən halda, bu səylər müəyyən nəticələr verir. Danışıqlar davam edir və düşünürəm ki, əlaqələrin intensivliyi azalmamalıdır. Rusiya Minsk qrupu çərçivəsində vəzifələrini, həm də bu mövzuda ünsiyyəti davam etdirən qonşu ölkə kimi mənəvi vəzifələrini yerinə yetirməyə hazırdır. Şəxsən mən gündəlikdə qalan ən mürəkkəb məsələləri müzakirə etməyə hazıram. Ümidvaram ki, ölkələrimizin xarici siyasət idarələrinin iştirakı və şəxsən bizim iştirakımızla bu cür məsləhətləşmələr davam etdiriləcəkdir.
Mən xoş sözlərə görə Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevə minnətdaram.
Rusiya öz vəzifələrini hökmən yerinə yetirəcək və zəruri nəticənin əldə edilməsinə hərtərəfli kömək göstərəcəkdir. Nəticə isə çox lazımdır. Bu nəticə regiona möhkəm sülh və təhlükəsizlik gətirməyə qadirdir. Heç şübhəsiz ki, Rusiya Federasiyası da bunda maraqlıdır.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.