Azərbaycan Prezidenti İlham Əliyevin və Yunanıstanın Baş naziri Antonis Samarasın yüksək səviyyəli iş adamları ilə görüşü

İyunun 16-da Afinada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Yunanıstan Respublikasının Baş naziri Antonis Samarasın yüksək səviyyəli iş adamları ilə görüşü olmuşdur.

Yüksək səviyyəli iş adamları ilə görüşü Yunanıstanın Baş naziri Antonis SAMARAS açaraq dedi:

– Bu gün burada Azərbaycan Respublikasının Prezidenti zati-aliləri İlham Əliyevi salamlamaq mənim üçün şərəfdir. Həmçinin Azərbaycanda ən böyük şirkətlərin rəhbərlərindən ibarət nümayəndə heyətlərini də salamlayıram. Yunanıstanın əsas şirkətlərinin və aparıcı biznes assosiasiyalarının rəhbərlərini burada görməkdən məmnunluq hissi keçirirəm.

Son illər ərzində Yunanıstan və Azərbaycan bir-birinə yaxın ölkələr olmuşlar. Enerji vasitəsilə biz ümumi marağı kəşf etdik və hələ də başlanğıcda olan və uzun inkişaf yolu qət edəcək münasibətləri qurmağa başladıq. Lakin ikitərəfli əlaqələrimizin perspektivlərini təkcə enerji müəyyən etmir. Kommersiya, turizm, daşınmaz əmlak, özəlləşdirmə layihələri aramızda, yəni, Cənubi Qafqazda aparıcı ölkə ilə Avropa və Asiya arasında körpü olan, Avropa İttifaqına üzv ölkə arasında çoxşaxəli əməkdaşlıq yarada bilər. Bir çox vacib kommersiya marşrutları sizin ölkədən keçərək Yunanıstana gəlir və bir çoxları da gələcəkdə Yunanıstandan keçə bilər.

Mən əminəm ki, bu reallıq ölkələrimizin perspektivlərini müəyyən edir. Qarşılıqlı iqtisadi maraqlarımızdan savayı, Yunanıstanı və Azərbaycanı birləşdirən mədəni aspektlər də vardır. Beləliklə, enerji sahəsində yaxşı təşkil olunmuş əməkdaşlıqdan başqa bütün sahələrdə - siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrimizi dərinləşdirmək üçün böyük potensial mövcuddur.

Keçən yaz Bakıya səfər etdikdə əməkdaşlığın hazırkı səviyyəsini necə qoruyub saxlamağın mümkünlüyü və əlaqələrimizə daha çox dinamika verilməsi barədə fikir mübadiləsi aparmaq fürsəti oldu. Zati-aliləri İlham Əliyevin Yunanıstana səfəri istəklərimizin bir olmasının göstəricisidir.

“SOCAR-ın qismində biz yeni bir biznes tərəfdaşı tapdıq”, – deyən Antonis Samaras DESFA-nın səhmlərini alan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə yaranan əməkdaşlıqdan danışdı. Antonis Samaras TAP layihəsinin əhəmiyyətinə toxunaraq Azərbaycanın təbii qazını Avropa bazarına nəql edəcək bu kəmərin Yunanıstan, İtaliya və Albaniyanın mavi yanacağa olan ehtiyacının ödənilməsində mühüm rol oynayacağını diqqətə çatdıraraq dedi:

- Bu şaquli dəhliz Balkan ölkələrini, habelə Mərkəzi və Şərqi Avropanı Cənubdan Şimala axan təbii qazla təmin edəcəkdir. Yunanıstan bu marşrutun başlanğıc nöqtəsi olacaq və bu marşruta TAP, eləcə də Yunanıstanda mövcud və yeni layihələr vasitəsilə qaz nəql olunacaqdır. Mən əminəm ki, planlara və əvvəlki müzakirələrimizə uyğun olaraq biz gələcəkdə TAP ilə nəql olunacaq yanacağın həcminin artırılması məsələsini müzakirə edəcəyik. Biz əsasən SOCAR vasitəsilə Azərbaycanın enerji landşaftında ən fəal və maraqlı tərəf olacağını gözləyirik.

Mən əminəm ki, enerji müştərək investisiyaların yatırılması üçün yeganə sahə deyildir. Yunanıstanda ciddi özəlləşdirmə proqramları həyata keçirilir. Bu proqramlarda əcnəbi və yerli investorlar üçün geniş imkanlar vardır. Həyata keçirdiyimiz islahatlar və ölkəmizdə olan müasir iqtisadiyyatda ən böyük fiskal gücləndirmə sayəsində biz biznes üçün münbit şərait yaratmışıq. Mən Yunanıstan və Azərbaycan iş adamlarını bir araya gəlməyə və ümumi zəmin tapmağa dəvət edirəm. İndi irəliləmək vaxtıdır. Yunanıstan hökuməti və şəxsən mən özüm biznes fürsətlərini konkret layihələrə çevirmək üçün sizə bütün lazımi dəstəyi göstərəcəyik.

Xanımlar və cənablar, hörmətli dostlar, mən həqiqətən inanıram ki, Yunanıstan-Azərbaycan iqtisadi əlaqələrinin inkişafı beynəlxalq iqtisadi diplomatiya üçün artıq bir örnəkdir. Biz birlikdə müştərək iqtisadi marağı xalqlarımızı bir araya gətirmək üçün möhkəm bazaya çevirdik. Artıq qeyd etdiyim kimi, Azərbaycan Cənubi Qafqaz bölgəsində çox sürətlə inkişaf edən bir ölkədir və qlobal enerji landşaftında mühüm rol oynayır. Yunanıstan çox sürətlə Asiyadan gələn enerji, turizm və kommersiya marşrutları üçün Avropanın qapısına çevrilir. Düşünürəm ki, ölkələrimizin dəyərli müqayisəli üstünlüyünü xalqlarımız və iqtisadiyyatlarımız üçün konkret faydalara çevirmək bizim tarixi vəzifəmizdir. Hər birinizə işinizdə uğurlar arzulayıram. Sağ olun.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış etdi.

 

Prezident  İlham  Əliyevin  çıxışı

– Hörmətli cənab Baş nazir!

Hörmətli dostlar!

Əvvəlcə, cənab Baş nazirə mənə və nümayəndə heyətimizə göstərdiyi qonaqpərvərliyə görə təşəkkür edirəm. Bu gözəl ölkəyə yenidən gəlməkdən çox məmnunam. Bu, Yunanıstana ikinci rəsmi səfərimdir. Bu da ölkələrimiz arasında əməkdaşlığın səviyyəsini göstərir. Bu əməkdaşlıq da çox yüksək səviyyədədir. Biz qısa müddət ərzində dostluq, qarşılıqlı etibar, dəstək, anlaşma və qarşılıqlı fayda əsasında həqiqi tərəfdaşlıq münasibətlərini qura bilmişik. Ölkələrimiz arasında əməkdaşlıq səviyyəsini yüksək qiymətləndiririk və biz bu münasibətləri genişləndirmək və dərinləşdirmək istəyirik.

Bu gün Baş nazirlə görüşdə geniş iqtisadi əməkdaşlıq, enerji və qeyri-enerji məsələləri üzrə perspektivləri ətraflı müzakirə etdik. Çünki düşünürəm ki, əməkdaşlıq potensialı böyükdür. Nümayəndə heyətimizə iqtisadiyyatımızın enerji və qeyri-enerji sektorlarını təmsil edən şəxslər daxildir.

Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Ötən 10 ildə 3 dəfədən çox iqtisadi artım müşahidə olunub. Bu da bizə ölkəmizi müasirləşdirmək üçün bir sıra infrastruktur layihələrini icra etmək imkanı verib. Əlbəttə ki, biz növbəti illərdə şaxələndirmə, infrastruktur və iqtisadiyyatımızın qeyri-enerji sektoruna yatırılan sərmayələr siyasətini davam etdirəcəyik. Çünki bu, dayanıqlı inkişafın təmin olunması üçün yeganə yoldur.

Azərbaycanda böyük enerji ehtiyatları vardır. Bunlar bizə 100 ildən çox kifayət edər. Lakin biz sonrakı müddəti düşünməliyik. Biz gələcək illər üçün dayanıqlı iqtisadi inkişafı yaratmalıyıq və iqtisadiyyatımızın enerji sektorundan asılılığını azaltmalıyıq. Qeyri-enerji sektorunun ümumi daxili məhsulun əsas hissəsini təşkil etməsi bizdə qürur hissi oyadır və vaxt keçdikcə qeyri-neft sektoru Azərbaycanın iqtisadi fəaliyyətində daha da dominant rol oynayacaqdır.

Ölkələrimiz arasında ticarətin həcmini və qarşılıqlı investisiyaları artırmaq üçün yaxşı imkanlar vardır. Azərbaycan xaricə sərmayə yatırmağa başlayıb və cənab Baş nazir də qeyd etdiyi kimi, bizim Avropada əsas sərmayələrimizdən biri DESFA-da pay sahibi olmaqdır. Biz, həmçinin digər region ölkələrinə də sərmayə yatırırıq. Eləcə də qarşılıqlı investisiyalar sahəsində Yunanıstan ilə daha çox əməkdaşlıq etməyi planlaşdırırıq. Mənə məlumat verildi ki, tezliklə Yunanıstan-Azərbaycan birgə iqtisadi komissiyasının iclası keçiriləcəkdir. Çox güman ki, investisiya imkanları burada daha çox qiymətləndiriləcək və biz də yeni əməkdaşlıq sahələri müəyyən edəcəyik. Əlbəttə ki, bu işlər hökumət və biznes dairələri ilə sıx əməkdaşlıq şəraitində aparılacaqdır.

Düşünürəm ki, Azərbaycan xarici sərmayələr üçün cəlbedici ölkədir. Son ildə ölkəmizə 28 milyard dollar investisiya yatırılıb ki, bunun da 30 faizi xarici sərmayələrin payına düşür. Xarici sərmayələr lazımi şəkildə müdafiə olunur. Bizdə çox yaxşı investisiya mühiti vardır. Ona görə də biz yunan şirkətlərini investor və podratçı qismində görmək istərdik. Bu gün biz bu məsələni, yəni yunan şirkətlərinin Azərbaycanda həyata keçiriləcək tikinti, müasir infrastrukturun yaradılması, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları və digər sahələr üzrə infrastruktur layihələrində iştirak etmək üçün dəvət olunması məsələsini müzakirə etdik.

Əlbəttə ki, turizm, əczaçılıq, bankçılıq, bütün bu sektorlar gələcək illərdə ölkəmizdə inkişaf etdirilməlidir. Müasirləşdirmə ilə bağlı böyük planlarımız var və biz “Azərbaycan 2020" proqramını qəbul etmişik. Bu proqram da bizə 2020-ci ilə qədər ölkəmizdə bütün əsas infrastruktur layihələrini həll etmək imkanını verəcəkdir. Ona görə də bu fürsətdən istifadə edərək mən şəxsən yunan şirkətlərini Azərbaycanda fəal olmağa, işləməyə və birgə biznes həyata keçirməyə dəvət edirəm.

Əlbəttə ki, iqtisadi əlaqələrimizdə enerji sektoru üstünlük təşkil edəcəkdir. Bu da təbii haldır, çünki bu sektor həm Azərbaycan, həm Yunanıstan, həm də Avropa üçün qarşılıqlı önəm təşkil edən sahədir. Bu, bütün tərəflərin fayda götürəcəyi bir layihədir. Azərbaycanın öz böyük qaz ehtiyatları üçün iri bazarlara ehtiyacı vardır. Avropanın da yeni qaz mənbələrinə və marşrutlarına ehtiyacı vardır. Bizim icra etməyə başladığımız “Şahdəniz”, TANAP və TAP layihələri həqiqətən də şaxələndirmə layihələridir. Çünki bu, sadəcə Avropaya qazın təchizi üzrə yeni marşrut deyil, ən önəmlisi bu, yeni qaz mənbəyidir. Bu, çoxhəcmli mənbədir.

Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,5 trilyon kubmetrdən çoxdur. Bu da ən azından 100 il ərzində qazı müxtəlif bazarlara ixrac etməyə imkan verir və əlbəttə ki, enerji strategiyamızın icrasında Trans-Adriatik boru kəmərinin seçilməsi vacib bir mərhələ idi. Mən çox şadam ki, TAP layihəsi seçildi. Bu layihə Azərbaycan, Yunanıstan, İtaliya və Albaniya arasında münasibətləri daha da gücləndirəcəkdir. Biz Xəzər dənizi, Qafqaz və Avropanın yeni geniş regional əməkdaşlıq formatını yaradacağıq. Bu, bizim hamımıza fayda verəcəkdir.

TAP layihəsinin reallaşması nəticəsində çoxlu işlər olacaq, minlərlə yeni iş yeri yaradılacaqdır. Bu da Azərbaycana Avropa bazarına enerjini təchiz etmək üçün yeni marşrutun yaradılmasından ibarət strateji məqsədləri tam yerinə yetirmək imkanını verəcəkdir. Bu gün qaz yatağı olan və ikinci mərhələdə istismar edilən “Şahdəniz”, TANAP və TAP Avropanın ən böyük infrastruktur layihələridir. Əlbəttə ki, bu layihələri vaxtında icra etmək üçün yunan tərəfdaşlarımızla əlaqəli şəkildə əlimizdən gələni edəcəyik. Layihələri vaxtında və yüksək səmərə ilə icra etmək üçün bizdən müntəzəm, ola bilsin ki, gündəlik və həftəlik əlaqələndirmə işləri aparmaq tələb olunacaqdır. Mən əminəm ki, biz bu məqsədə nail olacağıq, çünki bu günədək işlər qrafik üzrə gedir.

Həmçinin Azərbaycanda nəqliyyat sahəsində olan imkanları da diqqətinizə çatdırmaq istəyirəm. Biz hazırda Azərbaycanı Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa ilə birləşdirəcək çox önəmli dəmir yolu layihəsini həyata keçiririk. Bu, yeni İpək Yolu olacaqdır. Bu marşrut mövcud nəqliyyat marşrutlarından çox qısa olacaqdır.

Biz Bakıda yeni dəniz limanı, dəmir yol xətti və nəqliyyatla bağlı digər infrastruktur layihələri inşa edirik. Bu da Azərbaycan və Avropa arasında ticarət əlaqələrinin artmasında önəmli rol oynayacaqdır.

Fürsətdən istifadə edərək cənab Baş nazirə və Yunanıstan hökumətinə Azərbaycan-Avropa İttifaqı münasibətlərinə göstərdiyi dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm. Bu əlaqələr çox uğurla inkişaf edir. Biz Yunanıstanı Avropa İttifaqında əsas tərəfdaşımız və dostumuz kimi görürük. Başqa sözlə, bir çox sahələrdə iqtisadi əməkdaşlığı artırmaq üçün böyük imkanlar vardır. Bunun əsasını ölkələrimiz arasında güclü siyasi əlaqələr təşkil edir. Bu da təməldir. Bu münasibətlər səmimidir, qarşılıqlı hörmət və qarşılıqlı marağa əsaslanır. Bu möhkəm təməl üzərində biznes üçün yeni imkanların yaradılması vəzifəsi Yunanıstan hökumətinin dəstəyi ilə biznes icmasının öhdəsinə buraxılır.

Dediyim kimi, bizim nümayəndə heyəti iqtisadiyyatın müxtəlif sahələrini təmsil edir. Eyni fikri yunan nümayəndə heyəti barədə də demək olar. Əminəm ki, bu görüşdən sonra nümayəndə heyətləri bir-biri ilə daha sıx şəkildə işləyəcək və ola bilsin ki, bu görüşdən dərhal nəticələr əldə olunsun. Bir daha bu fürsətə görə sizə təşəkkürümü bildirirəm. Sağ olun.

*** 

Sonra mövzu ətrafında müzakirələr oldu. Yunanıstanın tanınmış  şirkətlərinin rəhbərləri və nümayəndələri təmsil etdikləri müəssisələr haqqında məlumat verdilər. Bildirildi ki, bu şirkətlər əsasən energetika, nəqliyyat, turizm, alternativ enerji mənbələri, informasiya texnologiyaları və digər sahələrdə ixtisaslaşıblar. İş adamları Azərbaycan ilə yeni əməkdaşlıq münasibətləri qurmaqda və mövcud qarşılıqlı fəaliyyətin genişlənməsində maraqlı olduqlarını deyərək Azərbaycan şirkətləri ilə təcrübə mübadiləsinə hazır olduqlarını bildirdilər.

İştirakçılar Azərbaycanın sürətli inkişafı ilə bağlı Prezident İlham Əliyevə təbriklərini çatdırdılar və respublikamızın biznes nöqteyi-nəzərindən də çox maraqlı ölkə olduğunu vurğuladılar.

Alternativ enerji mənbələri sahəsində ölkəmizdə həyata keçirilən işlərlə və bu sahədə əməkdaşlıqla bağlı suala cavabında Prezident İlham ƏLİYEV dedi:

– Günəş enerji batareyaları üzrə artıq bizdə pilot layihə vardır. Bu batareyaları istehsal edən zavodumuz da vardır. Azərbaycan günəşli və küləkli ölkədir. Düşünürəm ki, biz bu təbii iqlim imkanlarından maksimum şəkildə istifadə etməliyik. Həmçinin biz bu gün müxtəlif gücdə - 20-25 meqavatdan 1-5 meqavatadək su elektrik stansiyalarına böyük sərmayə yatırırıq. Bu sahədə də iş aparmaq üçün geniş imkanlar vardır. Siz tamamilə düz buyurursunuz. Bərpa olunan enerjini biz nə qədər çox istehsal etsək, ixrac üçün bizim daha çox qazımız olar və atmosfer də daha təmiz olar.

Bizim Naxçıvan Muxtar Respublikasında böyük bir layihəmiz vardır. Bu gün orada 100 faiz yerli enerji istehlakı su enerjisi hesabına təmin edilir. Bu plan yerinə yetiriləcəkdir və Energetika Nazirliyi bu məsələni öz nəzarətinə götürür. Ümid edirəm ki, sizin üzərində işlədiyiniz layihənin yaxşı gələcəyi olacaqdır. Onu da deyim ki, bizim bərpa olunan enerji mənbələri üzrə Dövlət Proqramımız vardır. Bu məsələ ilə əlaqədar biz sizinlə böyük məmnuniyyətlə işləməyə hazırıq.

* * *

Növbəti sual son illərdə iqtisadi böhranla üzləşən və hazırda tədricən bu vəziyyətdən çıxan Yunanıstanda biznes mühitinin səviyyəsi və bunun Azərbaycan iş adamları ilə əlaqələrə təsiri ilə bağlı oldu.

Prezident İlham Əliyev bu suala cavabında dedi:

– Biz indi əməkdaşlığın yeni mərhələsinə qədəm qoyuruq. Planlaşdırılmış birgə fəaliyyətin həcmini nəzərə alaraq ümidvaram ki, Yunanıstandan Azərbaycanda yaşayan və işləyən insanların sayı daha da çoxalacaqdır. Həmçinin ölkənizdə yeni vəziyyətlə bağlı şərhinizə istinad etmək, ölkəni inkişaf etdirmək üçün mükəmməl işlər görən mənim dostum Baş naziri təbrik etmək istəyirəm. Xoşbəxtlikdən ən çətin anlar artıq keçmişdə qalmışdır. Ölkə düzgün yolla irəliləyir, sürətlə inkişaf edir, çoxlu təşəbbüslər görürəm. Bu da biznes icması üçün yaxşı işarədir. Əminəm ki, Baş nazirin planlaşdırdığı bütün məsələlər yaxın gələcəkdə reallaşacaqdır.

* * *

Prezident İlham Əliyev TAP layihəsinin icrası zamanı görüləcək işlər və bu çərçivədə həyata keçiriləcək sosial layihələrə dair səslənən fikirlərə də münasibət bildirərək dedi:

– Mən münasibətlərimizdə yeni inkişaf mərhələsinin olması ilə bağlı fikrinizlə tam razıyam. Çünki TAP miqyasında olan layihə qlobal bir layihədir və DESFA bu layihəyə qarşılıqlı fəaliyyət əlavə edir. SOCAR  artıq dünyada çox etibarlı və yaxşı sərmayədar tərəfdaş kimi tanınır. İnvestisiya maraqları çox genişdir. Mən çox şadam ki, SOCAR Yunanıstanda fəaliyyətə başlayıb.

TAP icra olunmağa başlayanda Avropanın enerji xəritəsini tamamilə dəyişəcək, Avropa enerji bazarında ədalətli rəqabət üçün yeni imkanlar yaranacaqdır. Bu rəqabət yeni təchizatçıların və istehlakçıların xeyrinə olacaqdır. Düşünürəm ki, gələcək illərdə əlbəttə, həll edəcəyimiz və onun faydasını görəcəyimiz ən vacib məsələlərdən biri enerji istehsalçısı, tranzit ölkələr və istehlakçıların maraqlarının maksimum dərəcədə necə uzlaşdırılması ilə bağlıdır. TAP-ın timsalında bizim bir istehsalçımız, çoxlu istehlakçılarımız və tranzit tərəflər vardır. Buna görə də maraq balansı elə olmalıdır ki, hər bir tərəf xeyir götürsün.

Bizim TAP kimi layihələrin icrasında təcrübəmiz yox idi. Lakin bizim üçtərəfli formatda istehsalçı, tranzit tərəfi və istehlakçı qismində işləmək təcrübəmiz var idi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum uğurlu layihələrdir. Onlar TAP-ın bu xəttinin uzadılması üçün istifadə edilən dəhlizi yaradıb. Buna görə də TAP üzrə işçi münasibətlərimizi ətraflı şəkildə quracağımız növbəti ayda bu maraqlar balansı böyük əhəmiyyət kəsb edəcəkdir. Bu layihə istehsalçı qismində bizə, tranzit və istehlakçı qismində digər tərəflərə, bir sözlə, hamımıza fayda verəcəkdir. Bu, həqiqətən şaxələndirmə layihəsidir.

DESFA-nın səhmlərinin uğurla alınmasından sonra mən əminəm ki, SOCAR enerjinin paylanması şəbəkəsində özünü etibarlı tərəfdaş kini göstərəcəkdir. Çünki paylama xüsusi terminal vasitəsilə aparılacaq və buraya əlavə investisiya tələb olunacaqdır. Biz investisiya yatırdığımız istənilən yerdə həmişə hökumətlə məsləhətləşmələr aparırıq, çoxsaylı sosialyönümlü layihələr icra edirik ki, yerli icmalar da onların faydalarını dərhal görə bilsinlər. Əlbəttə bu, strateji layihədir. Bu layihə çoxumuza fayda verəcəkdir. Lakin həmin ərazidə yaşayan insanlar layihənin faydasını indi görmək istəyirlər. Ona görə düşünürəm ki, biz sosialyönümlü, strateji, qlobal biznes layihəsini bir meqalayihə çərçivəsində yaradacağıq və bunun yaxşı nəticələrini görəcəyik.

* * *

Yunanıstanın baş naziri Antonis Samaras bildirdi ki, əvvəllər Avropa məkanında enerji təhlükəsizliyinə o qədər də ciddi yanaşılmırdı. Bu gün isə artıq vəziyyət dəyişib və bu məsələ böyük aktuallıq kəsb edir. İndi yeni layihələr enerji təhlükəsizliyində ciddi rol oynayır və bu məsələdə TAP xüsusi əhəmiyyətə malikdir.

Görüşdə iştirak edən iş adamları Azərbaycan qazının nəqli ilə bağlı məsələlərlə də maraqlandılar.

Prezident İlham Əliyev bununla bağlı səslənən suala cavabında ölkəmizin malik olduğu nəql marşrutlarından danışaraq dedi:

– Çox sağ olun. Əminəm ki, TAP kimi böyükmiqyaslı layihənin icrası zamanı və ondan sonra çoxlu ideyalar və imkanlar yaranacaqdır. Çünki bu, həqiqətən də qlobal bir layihədir. Layihə nəticəsində minlərlə yeni iş yeri açılacaq, imkanlar yaranacaqdır. Bütün marşrut boyunca - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, İtaliya, Balkan ölkələrində biznes fəaliyyətinə stimul yaranacaqdır. Çünki biz Balkan ölkələrinə də qaz ixrac etməyi planlaşdırırıq. Məsələn, Bolqarıstan bizim tərəfdaşlarımızdan biridir. Baxmayaraq ki, o, TAP layihəsinin üzvü deyildir. Bu məsələdə Bolqarıstan bağlayıcısı öz əhəmiyyətli rolunu oynayacaqdır. Ona görə, biz bu layihəni strateji əhəmiyyət daşıyan, enerji təhlükəsizliyi, şaxələndirmə və böyük imkanlar layihəsi kimi dəyərləndiririk. Çünki qeyd etdiyim kimi, bu layihə Azərbaycanda və layihəyə cəlb olunmuş ölkələrdə minlərlə yeni iş yeri yaradacaqdır. Buna görə də düşünürəm ki, bu layihənin reallaşması nəticəsində meydana çıxan imkanları dəyərləndirməliyik.

Sizin qeyd etdiyiniz təklifləri də qiymətləndirmək olar. TAP ən yaxşı kommersiya layihəsi kimi seçildiyinə görə bu layihənin istənilən modifikasiyası lazımi şəkildə dəyərləndirilməlidir. Baş nazirin qeydlərinə qayıtmaq istəyirəm. O dedi ki, ilkin mərhələdə TAP layihəsi geridə qalırdı. Mən bunu çox yaxşı xatırlayıram. Çünki mən lap əvvəldən - 1994-cü ildən bəri Azərbaycanın enerji siyasətinin formalaşmasında iştirak etmişəm. Son 10 il ərzində mən Prezident kimi “Cənub” qaz dəhlizi, xüsusilə Nabukko layihəsi ilə bağlı bir neçə beynəlxalq konfrans və iclaslarda iştirak etmişəm. Bizim çox təşəbbüskar yanaşmamız var idi. Bu, Azərbaycanın ciddi dəstəklədiyi bir layihə idi. Çünki bu layihə bizim ehtiyatların bazara çıxarılması layihəsi idi. Həmin bazar olmasa idi, bu ehtiyatların dəyəri də olmazdı. Lakin əfsuslar olsun, bir neçə konfransda iştirak etdikdən sonra biz gördük ki, bu layihə haqqında sadəcə söhbətlər aparılır, yalnız xoş niyyətlər və məsləhətlər bildirilir. Kimin tərəfindən maliyyələşmənin, əlaqələndirmə işinin aparılacağına, layihəyə kimin rəhbərlik edəcəyi məsələsinə gəldikdə hər kəs boyun qaçırırdı. Sonra biz başa düşdük ki, güclü öhdəlik və rəhbərlik olmadan biz bu layihəni inkişaf etdirə bilmərik. Beləcə, yeni variant olan TANAP-ı təqdim etdik. TANAP layihəsinin təşəbbüskarı Azərbaycan olub və bu layihənin təşəbbüs kimi irəli sürülməsindən imzalanmasına qədər çox qısa müddət keçib. Sonra yaxşı kommersiya təklifinə, o cümlədən Yunanıstan, Albaniya və İtaliya hökumətlərinin layihə ilə bağlı üzərlərinə öhdəlik götürmələrinə görə TAP layihəsi arzuolunan layihəyə çevrildi. Biz bu layihəni ciddi dəstəkləyirdik, lakin bu, bizi təəccübləndirdi. Çünki geridə olan bir layihə birdən-birə lider və uğura layiq layihəyə çevrildi. Mən TAP-ın seçilməsinə şəxsən çox şadam.

Hazırda layihə işlənilmə prosesindədir. Çünki bu layihə hələ çox şeyləri dəyişəcəkdir. Məsələn, bizim birinci layihə - Bakı-Tbilisi-Ceyhan layihəsi regionda neftpaylama şəbəkəsini tamamilə dəyişdi. İlk dəfə Xəzər dənizini Aralıq dənizi ilə birləşdirdi. İndi isə Xəzər dənizini Avropa, İtaliya, Balkan ölkələri ilə birləşdiririk və biz bu prosesdə iştirak etdiyimizə görə qürur hissi keçiririk.

Baş nazirin qeyd etdiyi kimi, güclü tərəfdaşlıq münasibətləri Yunanıstan və Azərbaycan arasında güclü siyasi əlaqələr, Avropa və Azərbaycan arasında əlaqələr bu uğurun qazanılması üçün ilkin şərtdir. Əminəm ki, biz uğur qazanacağıq və gələcəkdə bu hadisələri qeyd edəcəyik. Sağ olun.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında