Prezident İlham Əliyevin Azərbaycanın ali təhsil müəssisələrinin vyetnamlı məzunları ilə görüşü

Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hanoyda ölkəmizin ali təhsil müəssisələrinin vyetnamlı məzunları ilə görüşmüşdür.

Əvvəlcə Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin SSRİ nümayəndə heyətinin rəhbəri kimi Vyetnama səfəri zamanı burada keçirdiyi görüşlərin əks olunduğu fotolara baxdı.

Sonra vaxtilə Azərbaycanda təhsil alan vyetnamlı tələbələrlə görüş keçirildi. 

Görüşü açan Vyetnamın Birlik və Dostluq Təşkilatının sədri Vu Xuan Honq Azərbaycan Prezidenti İlham Əliyevi, nümayəndə heyətini və digər qonaqları salamladı.

Vyetnam ilə Azərbaycanı gözəl dostluq tellərinin bağladığını və bu dostluğun yarım əsrdən çox tarixi olduğunu vurğulayan Vu Xuan Honq dedi: Azərbaycanlılar keçmiş sovet  xalqları ilə birlikdə Vyetnama  azadlıq mübarizəsi  və dinc quruculuq dövründə böyük, təmənnasız  və səmərəli kömək göstərib. 1959-cu ildə Ho Şi Minin Bakı şəhərinə səfərindən sonra  Azərbaycan Vyetnam üçün minlərlə elmi işçi, xalq təsərrüfatımızın vacib sahələri, o cümlədən, müdafiə  və təhlükəsizlik, xüsusilə də neft sənayesi, investisiya və energetika sahəsi üçün yüksək ixtisaslı mütəxəssis hazırladı. Bütün bunlar Azərbaycan ilə Vyetnam arasında xüsusilə böyük dostluq körpüsünün və təməlinin qurulmasında əhəmiyyətli rol oynayıb. Bu gün, hörmətli dostlar, bizə doğma torpağımızda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək şərəfi nəsib olub. İcazə verin, cənab Prezident, Sizə hərarətlə və səmimi salamlarımı yetirim. Sizin simanızda qardaş Azərbaycan xalqına hərarətli, səmimi salamlarımızı çatdırırıq.

1995-ci ildən bəri Sovet İttifaqı respublikalarında, o cümlədən Azərbaycanda ali təhsil alan vyetnamlıların mütəmadi görüşlərinin keçirildiyini deyən Vu Xuan Honq bu baxımdan Azərbaycanda ali təhsil alan vyetnamlıların Prezident İlham Əliyev ilə görüşünün mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. O,  vaxtilə Azərbaycanda təhsil alan və hazırda Vyetnamda yüksək vəzifə tutan şəxsləri dövlətimizin başçısına təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi.

 

Prezident  İlham  Əliyevin  çıxışı

– Əziz dostlar, mən ilk növbədə sizin hamınıza - taleyi Azərbaycan ilə bağlı olan şəxslərə bütün Azərbaycan xalqının dərin ehtiramını çatdırmaq və Azərbaycandakı dostlarınız adından hamınızı salamlamaq istəyirəm. Mən sizin ölkənizdə olmaqdan məmnunluq duyuram. Prezident ilə bugünkü  görüş və danışıqlar, eləcə də qarşıdakı görüşlər ölkələrimiz arasındakı münasibətlərin daha da inkişafına təkan verəcəkdir. Biz bu münasibətlərə çox böyük əhəmiyyət veririk və bu münasibətlər uğurla inkişaf etməkdədir. Bu münasibətlərin təməlini siz - Azərbaycanda təhsil alan, bizim ölkədə yaşayan, xoşbəxt gənclik çağlarını yaddaşında saxlayan insanlar qoyub. Bu gün biz qarşılıqlı hörmət, dostluq və əməkdaşlıq prinsipləri əsasında dövlətlərarası münasibətlər qurarkən bu təmələ əsaslanırıq. Bu, insanlar arasında olan münasibətdir. Bu təməl bizim xalqlarımız arasında  qarşılıqlı rəğbət deməkdir. Bu təməli də siz qoymusunuz. Çünki sizin ikitərəfli münasibətləri inkişaf etdirmək istiqamətlərində fəaliyyətiniz bu təməli daha da möhkəmləndirir.

Siz  çox gözəl bilirsiniz ki, Azərbaycan xalqı Vyetnama həmişə böyük sevgi və rəğbətlə yanaşıb. Sizin ölkənizin ən çətin dövrlərində azərbaycanlılar  Vyetnam ilə həmrəy olublar. Azadlıq uğrunda mübarizənizdə həmişə sizinlə yanaşı olublar. Elə bu dostluq, əməkdaşlıq, qarşılıqlı dəstək hissləri bizim bugünkü ikitərəfli münasibətlərimizin xarakterini və formasını müəyyənləşdirib.

Mənim Vyetnama səfərim Azərbaycan Prezidentinin Vyetnam Sosialist Respublikasına ilk səfəridir. Hərçənd, bayaq foyedə nümayiş etdirilən fotoşəkillərdən məlumdur ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyev Sovet İttifaqı nümayəndə heyətinin tərkibində sizin ölkənizdə səfərdə olub. 1959-cu ildə isə Vyetnam xalqının böyük oğlu, Prezident Ho Şi Min Azərbaycanda səfərdə olub. Bu tarixi faktlar bizim münasibətlərimizi möhkəmləndirir. Biz bu faktlarla irəli addımlayırıq. Tarixsiz nə bu günümüz, nə də gələcəyimiz ola bilər.

Bizim münasibətlərimizin, xalqlarımız arasında münasibətlərin tarixi dostluğa və qardaşlığa əsaslanır. Biz də bu münasibətləri bu gün, XXI əsrdə dinamik inkişaf edən iki müstəqil dövlət kimi inkişaf etdirməli və möhkəmləndirməliyik. Buna görə də mən əminəm ki, bu səfərim münasibətlərimizin inkişafında mühüm mərhələ olacaq, siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrimizə güclü təkan verəcəkdir.

Bu gün biz artıq əməkdaşlığımızın perspektivlərini  yüksək səviyyədə müzakirə etdik. Ölkələrimiz arasında əmtəə mübadiləsi çox böyük deyil, təxminən 400 milyon dollara bərabərdir. Lakin artım perspektivləri mövcuddur. Bu gün Vyetnam-Azərbaycan  biznes forumu  keçiriləcəkdir. Mənimlə birlikdə Azərbaycanın 50-dən çox müxtəlif şirkətinin nümayəndəsi buraya gəlib və biznes forumda iştirak edəcəkdir. Əminəm ki, tədbirin nəticələri müsbət olacaq, əmtəə mübadiləsini artırmağa imkan yaradacaqdır.

Biz neft-qaz sahəsində əlaqələrin yaxşı perspektivinə malikik, bu gün də həmin məsələ müzakirə olunub. Azərbaycanda təhsil alan vyetnamlıların əksəriyyəti Neft-Kimya İnstitutunda oxuyub. Buna görə də Azərbaycanda neft-qaz əməliyyatları ənənələrinə yaxşı bələddirlər və bilirlər ki, Azərbaycan dünyada sənaye üsulu ilə neft hasil edən ilk ölkədir. Dəniz yataqlarından da neft ilk dəfə Azərbaycanda hasil edilib. Bu gün biz həmçinin humanitar və təhsil sahələrini də inkişaf etdiririk və biz bu ənənəni bərpa etmək niyyətindəyik. Çünki bu əlaqələr Sovet İttifaqının süqutundan sonra kəsilmişdi. Amma fikrimcə, biz bu gün təhsil sahəsində əməkdaşlığa yenidən baxmalıyıq. Biz indi tələbələrimizi xaricdə təhsil almağa göndəririk. Buna görə də istərdik ki, bizim üçün vacib olan ixtisaslar üzrə sizin imkanlarınızdan da istifadə edək. Həmçinin vyetnamlı tələbələr üçün hər cür şərait yaratmağa hazırıq ki, gəlib Azərbaycanda təhsil alsınlar, köhnə ənənələri bərpa etsinlər. Çünki sizin nəsil də bu xatirələrlə yaşayır.

Görürəm ki, bu zalda  gənclər  çoxdur. Əsas odur ki, onlar da bir-birini tanısınlar, ünsiyyət qursunlar, bir-birinə hörmət etsinlər, dəstəkləsinlər və əməkdaşlıq etsinlər. Turizm, mədəniyyət sahələrində mümkün olan potensialdan maksimum istifadə etməliyik. Vyetnam bizim üçün dost ölkədir, xalqımızın  tarixən bağlandığı və qarşılıqlı rəğbət bəslədiyi dost ölkədir. Biz gərək münasibətlərimizi möhkəmləndirək. Bu gün Azərbaycan müstəqil dövlət kimi dünyada  öz mövqeyini qəti şəkildə bəyan edir. Biz dünya miqyasında böyük nüfuza malikik və son iki ildə BMT Təhlükəsizlik Şurasının üzvü olmuşuq. Bu quruma 155 ölkənin dəstəyi ilə seçilmişik. İyirmi ildən bir qədər artıq müstəqillik dövründə dünya ölkələrinin əksəriyyətinin  dəstəyini qazanmaq o qədər də asan deyildi. Bizim dəstəklənməyimizin əsas səbəbi isə budur ki, həmişə müstəqil yol tutmuşuq, müstəqil xarici siyasət, eləcə də fəal regional siyasət aparırıq. Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalət prinsiplərinə əsaslanır. Əgər dünyada bu iki əsas aparıcı tərəqqi və inkişaf elementinə riayət olunsa, nə  müharibə, nə işğallar, nə də ədalətsizlik olar. Buna görə də biz BMT Təhlükəsizlik Şurasında beynəlxalq hüquq prinsiplərini, beynəlxalq təşkilatların qətnamələrinə əməl olunmasını, eləcə də ədalət prinsiplərini möhkəm qoruyurduq.

Bizim ölkəmizdə təhsil alarkən əminəm ki, siz də Azərbaycanda tolerantlıq, dözümlülük mühitinin şahidi olmusunuz. Xalqımız çox qonaqpərvərdir. Azərbaycan çoxmillətli ölkədir. Ölkəmiz Sovet dövründə də belə olub, indi də belədir. Heç vaxt milli və dini zəmində anlaşılmazlıq, qarşıdurma  və  münaqişələr baş verməyib. Elə o vaxt da, ələlxüsus, indi də müstəqil dövlət kimi Azərbaycanda müxtəlif xalqlara və müxtəlif dinlərə mənsub insanlar sülh və əməkdaşlıq  şəraitində yaşayır, bir-birini yaxşı başa düşür, hörmət edir və onların hamısı çoxmillətli Azərbaycanın inkişafı naminə öz töhfələrini verir. Buna görə də siz yəqin ki, Azərbaycana Ermənistan tərəfindən məkrli təcavüz olduğunu eşidəndə təəccübləndiniz. Çünki bunun üçün heç bir səbəb yox idi. Bütün başqa xalqların nümayəndələri kimi ermənilər də Azərbaycanda rahat yaşayır, bütün nemətlərdən istifadə edirdilər. Təəssüf ki, Ermənistanda hakimiyyətə gələn millətçi qüvvələr  ölkəmizə qarşı məkrli, rəzil müharibəyə başladılar. Onilliklər ərzində çörəyini yedikləri Azərbaycan xalqına qarşı müstəsna naşükürlük göstərdilər. Bu müharibə nəticəsində bizim ərazilərimiz işğal altına düşdü, vətəndaşlarımız öz doğma ocaqlarını tərk etməyə məcbur oldular. Azərbaycanlılar doğma yurdlarından, tarixi torpaqlarından qovuldular. İndi bu torpaqlar işğal altındadır. Ərazilərimizin 20 faizi işğal olunub. Beynəlxalq təşkilatların qərar və qətnamələrinə baxmayaraq, bu işğal davam edir. Buna görə də mən deyəndə ki, beynəlxalq təşkilatların qərarları kimliyindən asılı olmayaraq, hamı tərəfindən yerinə yetirilməlidir, məhz beynəlxalq hüquqa riayət olunmasını nəzərdə tuturam. Bəs əslində necə olur? Bəzi hallarda Təhlükəsizlik Şurasının qərarları bir gün ərzində yerinə yetirilir. Bizə gəldikdə isə artıq 22 ildir ki, yerinə yetirilmir.

BMT Təhlükəsizlik Şurası  dünya birliyinin ali orqanıdır. O, erməni işğalçı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib, lakin onlar yerinə yetirilmir. Ermənistana qarşı da heç bir sanksiyalar, beynəlxalq qınaq irəli sürülmür. Münaqişənin indiyədək nizama salınmamasının səbəbi də elə budur. Digər beynəlxalq təşkilatlar da bu münaqişə ilə əlaqədar beynəlxalq hüquqa əsaslanan öz prinsipial mövqelərini bildiriblər, lakin görünür, bu, kifayət deyildir. Amma Azərbaycan  öz iqtisadi, hərbi, siyasi potensialını gücləndirəcəkdir.

Biz, əlbəttə, öz əzəli torpaqlarımıza - Qarabağa, Şuşaya, Xankəndiyə qayıdacağıq, əvvəlki kimi orada yaşayacağıq, nə dağılıbsa bərpa edəcəyik və ölkəmizin layiqli gələcəyini təmin edəcəyik. Deməliyəm ki, bu münaqişə ölkəmizin iqtisadiyyatına güclü ziyan vurub. Buna baxmayaraq, müstəqil siyasi xətt aparmaqla və yalnız öz təbii ehtiyatlarımıza güvənərək biz iqtisadiyyatımızı qısa müddət ərzində - son on ildə artım sürətinə görə birinci etmişik. Əsas səbəb milli ideya, yəni məhz müstəqillik ideyası ətrafında cəmiyyətin birliyi oldu. Eləcə də hökumətin əhalinin sosial səviyyəsinin yaxşılaşdırılması üzrə məqsədyönlü siyasəti mühüm rol oynadı.

Son on ildə əməkhaqları beş dəfə, pensiyalar, demək olar ki, on dəfə artıb. Xeyli sosial proqramlar həyata keçirilib. Əlbəttə ki, iqtisadi islahatlar da mühüm rol oynayıb, biz bunsuz indiki inkişaf səviyyəsinə çata bilməzdik. Xarici investisiyaların fəal cəlb olunması, Azərbaycan şirkətlərinin dövlət səviyyəsində dəstəklənməsi, fəal beynəlxalq əməkdaşlıq və iqtisadi mühitin, biznes mühitinin yaxşılaşdırılmasına yönəldilmiş islahatlar öz bəhrəsini verdi. Azərbaycanın inkişaf tarixinə nəzər yetirdikdə bir daha əmin olursan ki, milli maraqlar hər şeydən üstün tutulanda ölkələr uğur və tərəqqiyə nail ola bilər. Sizin ölkəniz bunun bariz nümunəsidir. Siz də təcavüz və işğaldan keçmisiniz. On minlərlə insanın iztirabını görmüsünüz. Böyük itkilər vermisiniz. Buna baxmayaraq, siz dirçəldiniz və güclü dövlətə çevrildiniz. Siz öz taleyinizin sahibisiniz. Buna görə də milli maraqlara, eləcə də əməkdaşlığa və dünyaya açıqlığa əsaslanan xarici siyasət kursu aparan Vyetnam və Azərbaycan kimi ölkələrin nümunəsi, fikrimcə, çox yaxşı  göstəricidir. Tərəqqiyə can atan hər bir ölkə üçün bu, yaxşı nümunədir.

Azərbaycanda təhsil sahəsində bir çox məsələlər həll olunur. Təbii ki, bu, bizim üçün önəmlidir. Məktəblərin, ali təhsil müəssisələri binalarının inşası  çox sürətli templərlə aparılır. Əlbəttə, biz təhsilin keyfiyyətinin yüksəldilməsi sahəsində xeyli iş görürük və bu proses hökumətimizin diqqət mərkəzində durur. Bizim ölkəmiz son illər ərzində regional miqyasda böyük uğurlar qazanıb.

Bu gün biz Prezidentlə neft-qaz sahəsində əməkdaşlıq məsələsini müzakirə etdik. Deməliyəm ki, Azərbaycanda həyata keçirdiyimiz layihələr regionun enerji xəritəsini tamamilə dəyişib. Biz ilk dəfə olaraq  neft-qaz kəmərləri şəbəkələri vasitəsilə Xəzər regionunu Qara dəniz  və Aralıq dənizi regionu ilə birləşdirmişik. Bu da həm bizə, həm də qonşularımıza neft-qaz ehtiyatlarından daha səmərəli istifadə etməyə imkan verir. Gələcəkdə biz daha böyük layihələr həyata keçirəcəyik. Bu layihələr bütün dünya miqyasında ən iri layihələrdir. Bütün bunlara da onun sayəsində nail olmuşuq ki, həm ölkə daxilində, həm də xaricdə bizim inkişafımıza böyük inam vardır. Biz öz siyasətimizi milli inkişaf və müstəqilliyimizi möhkəmləndirmək əsasında aparırıq. Siz bizim ölkəmizdə təhsil aldığınız müddətdə Azərbaycan müstəqil ölkə deyildi. Hətta o dövrdə də siz bizim cəmiyyətdə açıqlığı, inkişafı görürdünüz. Müstəqillik illərində Azərbaycan cəmiyyətində müsbət meyllər güclənib. Biz öz taleyimizin sahibi olmuşuq, üstün cəhətləri və gələcəyimizi özümüz təyin edirik. Dünyada da bundan böyük xoşbəxtlik ola bilməz.

Eyni zamanda, bizim mövqeyimiz həm regional, həm də daha böyük miqyaslı əməkdaşlığa əsaslanır. Sizin regionla əməkdaşlıq da bizim üçün mühüm istiqamətlərdən biridir. Vyetnam ilə isə ən mühüm istiqamətdir. Azərbaycanın ilk səfirliyi sizin regionda məhz Vyetnamda açılıb. Bu səfirlik artıq bir ildir ki, fəaliyyət göstərir. Bu, bizim hörmətimizin əlamətidir. Eyni zamanda, sizin Azərbaycana marağınızı əks etdirir. Mən əminəm ki, Azərbaycan  Vyetnam üçün regionda mühüm strateji tərəfdaş olacaqdır.

Bugünkü  səfər, əlbəttə ki, tarixdə qalacaqdır. Çünki bu, Azərbaycan Prezidentinin Vyetnama ilk dövlət səfəridir. Əminəm ki, bu səfəri başqa səfərlər də əvəz edəcəkdir. Mən bu gün Vyetnam Sosialist Respublikasının Prezidentini Azərbaycana rəsmi  səfərə dəvət etdim və bu dəvət qəbul olundu. Biz öz münasibətlərimizi daha da gücləndirəcəyik. Siyasi əlaqələrimizi möhkəmləndirəcəyik, bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyəcəyik. İqtisadiyyatlarımıza  fəal sərmayələr qoyacağıq. Mədəni-humanitar əlaqələrimizi  inkişaf etdirəcəyik. Başqa sözlə, ölkələrimiz arasında tammiqyaslı əməkdaşlıq artıq gerçəkliyə çevrilir. Əlbəttə ki, bu əməkdaşlıqda Azərbaycanı tanıyan, Azərbaycanı xatırlayan insanlara da xeyli yer vardır. Buna görə də siz bizim münasibətlərimizin inkişafında hərəkətverici qüvvəyə çevrilməlisiniz.

Mən bu gün sizinlə görüşməyimə çox şadam. İki mindən çox vyetnamlı vaxtilə Azərbaycanın ali təhsil müəssisələrində hazırlıq keçib və təhsil alıb. Əlbəttə ki, sizin hamınızı Bakıda görmək istərdim. Fürsətdən istifadə edərək, sizi ölkəmizə dəvət edirəm. Düşünürəm ki, biz bunu mütləq həyata keçirməliyik. Bakıda Vyetnam-Azərbaycan dostluğu  forumu keçirmək olar. Bu forum çərçivəsində də Azərbaycanın ali məktəblərinin vyetnamlı məzunları forumunu  təşkil etmək mümkündür. Elə indi burada Azərbaycanın təhsil nazirinə və Vyetnamdakı səfirimizə tapşırıq vermək istəyirəm ki, Vyetnam tərəfi ilə birgə həmin forumun hazırlıq işlərinə başlasınlar və ümid edək ki, tezliklə bu forumu keçirək və Bakıda görüşək. Diqqətinizə görə sağ olun.

 ***

Dövlətimizin başçısı İlham Əliyevi və nümayəndə heyətini Azərbaycanda təhsil alan vyetnamlılar adından salamlayan Vyetnam Sosialist Respublikasının Milli Yığıncağının sədr müavini Uonq Tyu Lıu 1959-cu ildə Vyetnamın o zamankı Prezidenti Ho Şi Minin Azərbaycana səfərini xatırlatdı, bu səfərin Vyetnam ilə Azərbaycan arasında dostluq əlaqələrinin inkişafına təkan verdiyini dedi.

Vyetnam ilə Azərbaycan arasında Sovet İttifaqının süqutundan sonra qurulan diplomatik münasibətlərin ölkələrimizin ənənəvi dostluğu və əməkdaşlığı üçün yaxşı əsaslar yaratdığını qeyd edən Vyetnam Milli Yığıncağının sədr müavini bildirdi ki, Prezident İlham Əliyevin bu səfəri Azərbaycan-Vyetnam əlaqələrini daha da genişləndirəcək, bir sıra sahələrdə, o cümlədən neft-qaz sferasında kəşfiyyat və hasilatın aparılmasında əməkdaşlığı möhkəmləndirəcəkdir. Uonq Tyu Lıu vurğuladı ki, Azərbaycanda təhsil alan vyetnamlı tələbələr müəllimlərin onların yüksək ixtisaslı kadrlar kimi yetişməsindəki rolunu və xidmətini daim xatırlayır. “Ötən il Azərbaycana səfər edən, əksəriyyətinin Bakıda təhsil alan vyetnamlı olduğu Vyetnamın Milli Yığıncağının nümayəndə heyətinə rəhbərlik etməkdən şərəf hissi duyuram”, – deyən Milli Yığıncağın sədr müavini bu səfərin nəticəsi olaraq parlamentlərarası dostluq qruplarının yaradıldığını bildirdi. Uonq Tyu Lıu dedi:

– Biz fəxr edirik ki, köhnə universitetimizi və Bakını ziyarət edə bildik. Biz tarixi şəhər olan Bakının necə müasir və dinamik olduğunu gördük. Biz Azərbaycan xalqının müstəqillik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı uğurlara çox sevinirik. Xüsusilə, qeyd etmək istərdim ki, bu gün də vyetnamlı tələbələr Azərbaycanda təhsillərini davam etdirir, orada yaşayır və işləyirlər. Bizim vətəndaşlar Azərbaycan dövləti və xalqı tərəfindən qayğı ilə əhatə olunurlar, onlara kömək göstərilir. Bunun nəticəsində isə onlar təhsil almaq və uzunmüddətli sabit çalışmaq üçün yaxşı şərait əldə edirlər.

Bütün bunlara və ümumilikdə, Azərbaycan dövləti və xalqı tərəfindən Vyetnama göstərilən dəstəyə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirən Milli Yığıncağın sədr müavini Azərbaycan Respublikasına gələcəkdə də inkişaf və tərəqqi arzuladı.

* * *

Prezident İlham Əliyevin Vyetnama dövlət səfəri ilə bağlı Azərbaycanın ali təhsil ocaqlarının məzunları olan vyetnamlıların əlaqələndirmə komissiyasının xətti ilə Azərbaycan-Vyetnam Dostluq Cəmiyyətini yaratmaq istədiklərini vurğulayan Vyetnamın Birlik və Dostluq Təşkilatının sədri Vu Xuan Honq sözü həmin komissiyanın sədri, elmlər doktoru Nev Bu Xauya verdi. Nev Bu Xau dedi:

– Möhtərəm cənab Prezident, dostlar, icazə verin, Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları adından Sizə möhkəm cansağlığı, xoşbəxtlik və prezidentlik vəzifənizdə uğurlar arzulayım. Qoy, Azərbaycan ilə Vyetnam arasında dostluq münasibətləri inkişaf edib möhkəmlənsin. Azərbaycan həmişə bizim qəlbimizdədir.

* * *

Azərbaycanın Vyetnam üçün neft və qaz sənayesi işçiləri ordusu hazırladığını, həmin mütəxəssislərin böyük bir qisminin bu görüşdə iştirak etdiyini deyən tədbirin aparıcısı Vu Xuan Honq sözü Azərbaycan Neft-Kimya İnstitutunun məzunu, “Veso-Petrol” birgə müəssisənin idarə heyətinin sədri Tıl Tenyaya verdi. “Veso-Petrol” birgə müəssisənin idarə heyətinin sədri dedi:

- Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev. Hörmətli azərbaycanlı qonaqlar, əziz vyetnamlı dostlar. Əvvəlcə sizi “Veso-Petrol” birgə müəssisəsinin beynəlmiləl kollektivi adından Vyetnam Sosialist Respublikasına gəlişiniz münasibətilə salamlayıram, sizə möhkəm cansağlığı, xoşbəxtlik və böyük uğurlar arzulayıram. Demək olar ki, “Veso-Petrol” birgə müəssisəsi neft-qaz sahəsindəki nailiyyətlərinin başlanğıcını 1959-cu ildə Bakıya rəsmi səfər etmiş Prezident Ho Şi Minin strateji düşüncələrindən götürür.

Tıl Tenya xatırlatdı ki, 1959-cu ildə Vyetnamın o zamankı Prezidenti Ho Şi Min Azərbaycana səfəri zamanı Vyetnamda da zəngin neft yataqlarının olduğunu, lakin müharibə şəraiti hökm sürdüyündən hasilatın mümkünsüzlüyünü vurğulamış və müharibə bitdikdən sonra ölkəsində neft-qaz sənayesinin inkişaf etdirilməsinə Azərbaycanın töhfələrini əsirgəməyəcəyinə inandığını ifadə etmişdi. Tıl Tenya 1981-ci ildə “Veso-Petrol” birgə müəssisəsinin Sovet İttifaqının köməyi ilə yaradıldığını vurğuladı, bu işdə sovet, o cümlədən Azərbaycan neftçilərinin də yaxından iştirak etdiklərini bildirərək dedi:

– Təsadüfi deyil ki, “Veso-Petrol” birgə müəssisəsinin ilk baş direktoru Məmmədov Cəlal Heydəroviç olub. Onun rəhbərliyi altında sovet neftçiləri vyetnamlı neftçilərlə birgə çiyin-çiyinə çalışaraq “Veso-Petrol” müəssisəsini yaratmağa başladılar. Bu gün mən bu zalda vaxtilə “Veso-Petrol” müəssisəsində çalışmış bəzi şəxsləri görürəm, Məhəmmədov Tofiq Quliyeviç, Rəfiyev Namiq və başqaları. Hansı ki, onlar mənim dostum və müəllimim olublar. Eyni zamanda, Azərbaycan neftçilərinin bizə göstərdikləri köməyi heç vaxt unutmuruq. Bilirsiniz ki, bizim baş ofisimiz yerləşən Hun Tau şəhərinin ən böyük küçəsi Bakının adını daşıyır.

* * *

Vyetnamın Birlik və Dostluq Təşkilatının sədri Vu Xuan Honq sözü bir daha Prezident İlham Əliyevə verdi. Dövlətimizin başçısı dedi:

– Mən ilk növbədə ölkəmiz və xalqımız haqqında səmimi qəlbdən çıxış edənlərə, öz fikirlərini söyləyənlərə, bu görüşə gələnlərə, yaddaşında bu dövrü əziz xatirə kimi saxlayanlara  minnətdarlığımı bildirmək istərdim. Həmçinin bu gün burada olmayanlara, ölkəmizdə yaşayan və təhsil alan və əminəm ki, bu gün bizimlə birgə olmağı arzulayan yüzlərlə, minlərlə vyetnamlıya minnətdarlığımı bildirmək istəyirəm. Düşünürəm ki, Bakıda forumun keçirilməsi bu gün burada olmayanlara da bizim birgə tədbirlərimizdə iştirakına imkan yaradacaqdır. Bu gün çox vacib və təsiredici gündür. Ona görə vacibdir ki, bu, mənim sizin ölkənizə ilk səfərimdir. Bu səfər əməkdaşlıq üçün böyük perspektivlər açır.

Biz bu gün sizinlə və Prezidentlə neft-qaz sahəsində əməkdaşlıq, birgə əməliyyatlar, qarşılıqlı investisiyalar, iqtisadi perspektivlərlə bağlı razılığın əldə ediləcəyinə əmin olduğum bugünkü biznes forum barədə müzakirələr apardıq. Eyni zamanda, bu gün çox təsiredici bir gündür, çünki bu, köhnə dostların görüşüdür, bu zalın ab-havasında dostluq, sevgi, xatirələr hiss olunur. Münasibətlərimizin tarixində elə bir gündür ki, hisslər siyasi və iqtisadi maraqlarla qarışır. Düşünürəm ki, bu, elə bizim münasibətləri təcəssüm etdirir. Bu münasibətlər qarşılıqlı rəğbətə, dostluğa, qarşılıqlı anlaşmaya əsaslanır. Eyni zamanda, bu münasibətlər ölkələrimizin və xalqlarımızın maraqlarına cavab verir.

Həmçinin onu da demək istəyirəm ki, yalnız vyetnamlılar Azərbaycanda deyil, azərbaycanlılar da Vyetnamda yaşayıb, işləyiblər və bu gün mənim nümayəndə heyətimin tərkibində Vyetnamda işləyən və həyatları bu ölkə ilə bağlı olan Azərbaycanın neft-qaz sahəsinin təmsilçiləri də vardır. Yəni, bu proses qarşılıqlı olub. Yəqin məhz bu səbəblərdən bənzərsiz dostluq və qarşılıqlı anlaşma mühiti yaranıb. Həmçinin, bugünkü belə səmimi ab-havanı nəzərə alaraq, protokolun, müəyyən olunmuş çıxışların çərçivəsindən kənara çıxaraq, həm Vyetnamla bağlı olan, həm də Azərbaycanın neft-qaz sahəsinin inkişafı üçün töhfələr verən şəxsə söz vermək istərdim. Bu, nəzərdə tutulmamışdı. İndi qərara aldım ki, bu, bir çox səbəblərə görə düzgün olacaqdır. Məhz ona görə ki, biz onunla 9 il ərzində bir-birimizdən iki metrlik məsafədə oturub işləmişik. Mən təhsilcə neftçi deyiləm, amma taleyim elə gətirib ki, 9 il mən Azərbaycanın neft şirkətində işləmişəm və mənimlə Xoşbəxt Yusifzadənin kabinetinin eyni qəbul otağı olub. Biz hər gün bir-birimizlə ən azı iki dəfə görüşürdük. Mən artıq 11 ildir ki, neft şirkətində işləmirəm, o isə hələ orada çalışır. Onun bilikləri və zəngin təcrübəsindən xüsusi danışmaq olar, yəqin ki, buna bir gün vaxt sərf etmək lazım gələrdi. Çünki o, qazma üçün yerin müəyyənləşdirilməsində, dünyanın aparıcı neft şirkətləri ilə mübahisələrdə səhv etmir. Onların avadanlığı, 3D seysmik qurğuları, müxtəlif yeni texnologiyaları vardır. Onun gücü isə təbii istedadı və Xəzərin havası ilə bağlıdır. O, həmişə haqlı olur və tarix bunu dəfələrlə təsdiqləyib. Mən 1994-cü ildə neft şirkətinə gələndə Xoşbəxt müəllimdən çox öyrənmişəm. Mən əvvəllər bilmədiyim bir çox məsələləri öyrəndim. Həm peşəkarlıq, həm də həyati təcrübə baxımından Xoşbəxt Yusifzadə ilə ünsiyyət mənim üçün çox qiymətli, faydalı olub.

Mən münasibətlərimizi çox yüksək dəyərləndirirəm. Biz hazırda eyni binada fəaliyyət göstərmirik, amma kabinetlərimiz arasında məsafə təqribən 100-150 metr təşkil edir. Bu baxımdan biz yenə də yaxınlıqda fəaliyyət göstəririk. Yeri gəlmişkən, o, xidmətlərinə görə Vyetnam Sosialist Respublikasının yüksək ordeni ilə təltif olunub. Mən istərdim ki, yekun sözü Xoşbəxt Yusifzadə desin, çünki bizim xalqları daha bir vacib xüsusiyyət - böyüklərə, ağsaqqallara hörmət birləşdirir. Ağsaqqallara hörmət əlaməti olaraq istərdim ki, Xoşbəxt Yusifzadə bugünkü görüşümüzə yekun vursun.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə dedi:

- Bilmirəm nədən başlayım. Bu xoş sözlərə görə təşəkkür edirəm, cənab Prezident. Kadrların hazırlanmasına görə “Dostluq” ordeni ilə məni təltif edən Vyetnam Prezidentinə minnətdarlığımı bildirirəm. Bu, xüsusi münasibətdir. İş ondadır ki, biz indi neçə nəfərin Azərbaycan Sənaye İnstitutunu bitirdiyindən danışırıq. Onların hazırlanmasında mənim də zəhmətim vardır. Bu gün buraya gətirdiyim sənəddən də görünür ki, mən 69 vyetnamlı mütəxəssis hazırlamışam. Bu sənədlərdə onların hansı qiymətlər aldıqları da əksini tapıb. Son zamanlar yataqların yeri barədə danışıqlarla bağlı mənim yanıma gələnlərə deyirəm: gözləyin, burada mənim qeyd dəftərim var, baxım görüm, soyadınız, adınız necədir, sizə hansı qiyməti vermişəm. Əgər beşdirsə, danışıqlar aparmaq olar. Mən bu gün onları burada görəndə fəxr etdim ki, Vyetnam üçün nə isə etmişəm.

Mən neft müqavilələri haqqında danışmıram, amma kadrların hazırlanması başqa məsələdir. Sənəddəki qiymətlərə baxanda görürük ki, hamısı əla oxuyub, çox yaxşı.  Mən düşünürəm ki, məhz buna görə onlar nazir, nazir müavini olublar. Əla oxumaq o mənanı verir ki, insan çalışmağı bacarır, insan özünü səylə işləməyə məcbur edə bilir. Əgər o, təhsildə səylə çalışırsa, deməli, öz işində də o cür olacaqdır. Təsadüfi deyil ki, əla qiymət alanlar Vyetnamda və ölkənin neft sənayesində yüksək vəzifələrdə qərarlaşıblar.

Onu da demək istəyirəm ki, Vyetnamda neft sənayesinin inkişaf tarixi mənim gözlərimin qarşısından kinolenti kimi keçir. 1980-ci illərdə Sovetlər İttifaqı Vyetnamda işləri təşkil etməyə başlayanda, - nəzərə alsaq, dənizdə neft işlərini Azərbaycandan yaxşı bilən yox idi, demək olar ki, Vyetnamdakı mütəxəssis kontingentinin əksəriyyətini azərbaycanlılar təşkil edirdi. Burada adlar çəkildi, hətta baş direktor da Azərbaycandan idi - Məmmədov Cəlal Heydər oğlu. Demək istəyirəm ki, indiyə qədər necə işlədiklərini onlar da xatırlayırlar. Münasibət çox gözəl idi, dostcasına. Bizim həmişə Vyetnama münasibətimiz gözəl olub. Mən bunu ona görə demirəm ki, Vyetnamdayam. Prezidentin də dediyi kimi, mən elə adamam ki, hər şeyin düzünü deyənəm.

Bizim vyetnamlılarla sıx dostluq münasibətlərimiz vardır. Danışıqlar aparırıq. Onu da demək istəyirəm ki, əgər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə danışıqlardan söhbət açsaq, bizim elə bir böyük layihələrimiz yoxdur. Amma biz danışıqları davam etdiririk. Burada əyləşən mütəxəssislər Muradxanlı yatağı barədə məlumatlıdırlar. Bu, çox mürəkkəb yataqdır. Vyetnam mütəxəssisləri bizimlə birgə orada işləmək istəyirlər. Vyetnam bizə dost olduğundan mən bu yatağın mürəkkəbliyini onlara bir daha xatırlatdım. Məlumatlandırdım ki, bu, elə də asan iş deyil, öhdəsindən gələ biləcəksiniz, ya yox? Onlar Mezazoy qatında çox işlədiklərinə görə bunun öhdəsindən gələ biləcəklərinə əmin idilər. Amma məncə bu, heç də belə deyildir. İqtisadi baxımdan bu, əlverişli deyildir. Amma danışıqlar hələ davam edir. Düşünürəm ki, gələcəkdə Muradxanlıda deyil, hansısa digər yataqlarda vyetnamlı mütəxəssislərlə birgə çalışa bilərik.

Nə deyə bilərəm?! İlk növbədə, Azərbaycan Prezidentinə məni nümayəndə heyətinin tərkibinə daxil etdiyi üçün minnətdarlığımı bildirirəm. Bu, məni çox təsirləndirdi ki, dostlarımla bir daha görüşüb, söhbət edəcəyəm. Vyetnam Prezidentinə məni “Dostluq” ordeni ilə təltif etdiyi üçün minnətdaram. Düşünürəm ki, “Dostluq” ordeni yalnız Xoşbəxt Yusifzadənin deyil, Azərbaycan neftçiləri və  alimlərinin xidmətinə verilən mükafatdır. Fikrimcə, cənab İlham Əliyevin Vyetnama budəfəki səfəri də dostluq xarakteri daşıyır. Bu səfər, keçirilən görüşlər Azərbaycan-Vyetnam dostluğunun gələcəyinə dəlalət edir. Hamınıza cansağlığı, xoşbəxtlik arzulayıram. Siz neft-qaz sənayesində sıfırdan başlayaraq hazırkı səviyyəyə qədər gəlib çatmısınız. Böyük miqdarda neft, qaz hasil edirsiniz. Düşünürəm ki, gələcəkdə bu həcm daha da artacaqdır. Sağ olun, xoşbəxt olun, öz xalqınızın rifahı naminə çalışmaqda davam edin. 

* * *

Sonda məzunlardan bir qrupu Azərbaycan dilində “Tələbə” mahnısını ifa etdilər.

Azərbaycan dövlətinin başçısına xatirə hədiyyəsi təqdim edildi. Prezident İlham ƏLİYEV dedi:

– Bugünkü görüşə görə sizə təşəkkür edirəm, dostlar. Sizə minnətdarlığımı çatdırıram. Qardaş Vyetnam xalqına tərəqqi, firavan həyat, sülh arzulamaq istəyirəm. Yaşasın Vyetnam-Azərbaycan dostluğu!

* * *

Sonda xatirə şəkli çəkdirildi.

 

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında