Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanışlıq

Mayın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstana işgüzar səfəri çərçivəsində Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olmuşdur.

Dövlətimizin başçısına məlumat verildi ki, bina vaxtilə Tiflisdə yaşayıb işləyən M.F.Axundzadənin öz vəsaiti ilə inşa edilmişdir. Gürcüstanın azərbaycanlı ziyalılarının müraciətinə əsasən 1982-ci ildə binada M.F.Axundzadənin ev-muzeyi yaradılmışdır. 1996-cı ildə ulu öndər Heydər Əliyevin Gürcüstana rəsmi səfərindən sonra bu mədəniyyət ocağı əsaslı təmir olunmuş və həmin vaxtdan Azərbaycan Mədəniyyəti Mərkəzi kimi fəaliyyət göstərmişdir.

2007-ci ildə Gürcüstan Prezidentinin Sərəncamına əsasən Mərkəzə Azərbaycan Mədəniyyəti Muzeyi statusu verilmişdir.

Bildirildi ki, 2013-cü ildə Azərbaycan Respublikasının maliyyə dəstəyi ilə Muzeydə əsaslı təmir və yenidənqurma işləri həyata keçirilmişdir. Həmin il mayın 8-də Muzeyin açılışı olmuşdur.

Hazırda Muzeyin nəzdində mədəniyyət mərkəzi fəaliyyət göstərir. Mərkəzdə xalçaçılıq, musiqi, muğam, rəsm və dil kursları vardır. Muzeyin əsas fəaliyyət istiqamətləri Azərbaycan mədəniyyətini, xalqımızın mədəni irsini Gürcüstanda qoruyub saxlamaq, təmsil və təbliğ etməkdir.

Muzey Gürcüstanda fəaliyyət göstərən müxtəlif muzeylərin fondlarından Azərbaycanın mədəni irsinə aid milli dəyərlərimizi aşkarlayaraq tədqiq edir, onların sərgilərini keçirir. Muzeydə mədəni tədbirlər, konfranslar da təşkil olunur. Burada Mirzə Şəfi Vazehin 1820-1830-cu illərdə Gəncədə qurduğu “Divani-Hikmət” ədəbi məclisinin fəaliyyətini davam etdirən “Müdriklər Məclisia” yaradılmışdır.

Muzeyin 6 ekspozisiya zalı vardır. Bu zallarda Azərbaycanın milli musiqi alətləri, geyimlər, xalq sənətinin müxtəlif sahələrinə aid nümunələr, M.F.Axundzadənin həyat və fəaliyyətini əks etdirən eksponatlar, onun şəxsi əşyaları, müxtəlif dillərdə nəşr olunmuş əsərlərinin üz qabıqlarının, görkəmli Azərbaycan dramaturqu ilə sıx təmasda olmuş şair və yazıçıların fotoşəkilləri, o dövrdəki konsert afişalarının surətləri nümayiş etdirilir.  

Zallardan biri Azərbaycan-Gürcüstan dostluğuna həsr olunmuşdur. Burada Azərbaycan və Gürcüstan heykəltəraşlarının xalqlarımızın dostluq münasibətlərini əks etdirən əsərləri, Tbilisi şəhərində ulu öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkının, M.F.Axundzadə adına məktəbin və kitabxananın, Bakı şəhərindəki Tbilisi prospektinin və “Dostluq abidəsi”nin fotoşəkilləri yer almışdır.

Muzeydə Tbilisi şəhərində yeganə olan Azərbaycan dilli kitabxana fəaliyyət göstərir. Həmçinin binada incəsənət qalereyası və “Müsyö Jordan” kafe-kitabxanası yerləşir.

AzərTAc

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında