Mayın 1-də Ağdaşda Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun açılışı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir.
Son on ildə ölkəmizin yol-nəqliyyat infrastrukturunda baş verən əsaslı dəyişikliklər regionlarda da özünü büruzə verməkdədir. Ölkə ərazisində beynəlxalq əhəmiyyətli magistral yollar müasir standartlar səviyyəsində tamamilə yenidən qurulmuşdur. Paytaxt Bakının və rayon mərkəzlərinin küçə və yolları əsaslı surətdə abadlaşdırılır.
Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən indi diqqət regionlarda kənd və qəsəbələri, həmçinin yaşayış məntəqələrini birləşdirən daxili yolların təmirinə yönəldilmişdir. Bu tədbirlər iqtisadiyyatımızın getdikcə güclənməsinin göstəricisi olmaqla yanaşı, dövlətimizin ölkənin istənilən nöqtəsində yaşayan vətəndaşlara göstərdiyi qayğı və diqqəti əks etdirir. Bu proses Ağdaş rayonunda da geniş vüsət almışdır. Rayondakı Ləki-Pirəzə-Xınaxlı avtomobil yolu tamamilə yenidən qurulmuşdur.
Dövlətimizin başçısı yolun texniki göstəricilərini əks etdirən stendə baxdı.
Məlumat verildi ki, uzunluğu 34 kilometr olan avtomobil yolunun əsaslı yenidən qurulmasına ötən ilin iyununda başlanılmışdır. Ləki-Pirəzə-Xınaxlı avtomobil yolu 11 yaşayış məntəqəsini birləşdirir və ümumilikdə, 20 mindən çox əhaliyə xidmət göstərəcəkdir.
Azərbaycan Prezidenti yolun rəmzi açılışını bildirən lenti kəsdi, yeni yolda avtomobili idarə etdi.
Sonra Prezident İlham Əliyev sakinlərlə görüşdü.
SAKİNLƏR: Xoş gəlmisiniz. Həmişə Siz gələsiniz.
Prezident İlham ƏLİYEV: Təzə yoldan istifadə edirsiniz?
SAKİNLƏR: Bəli, çox rahatdır, gözəldir. Sizin sayənizdə bu problemimiz də həll olundu. Allah Sizi qorusun.
Prezident İlham ƏLİYEV: Təbrik edirəm.
SAKİNLƏR: Sağ olun. Böyük problem idi. Böyük iş görülüb.
Prezident İlham ƏLİYEV: Əlbəttə, böyük işdir. Burada göstərilən şəkillərdə gördüm ki, əvvəlki yol hansı vəziyyətdə idi. O yolu necə getdiyinizi təsəvvür etmək çətindir.
SAKİN: Hörmətli Prezident, mən Zərdab rayonundanam. Bu yol ilə Veys baba ziyarətgahına üç saata gedib gəlirdim. Çox sağ olun. Sizə çox minnətdarıq. İndi yollarımız çox gözəl çəkilibdir.
SAKİN: Cənab Prezident, Allah Sizi qorusun. Biz Sizdən çox razıyıq.
Prezident İlham ƏLİYEV: İndi bu yol Zərdaba qədər gedir.
SAKİNLƏR: Bəli, Zərdaba qədər gedir. Neçə kənd varsa, hamısının sakinləri Sizə duaçıdır.
Prezident İlham ƏLİYEV: Mənə dedilər ki, 11 kəndin 20 min əhalisi uzunluğu 34 kilometr olan bu yoldan istifadə edir.
SAKİN: Cənab Prezident, bu yoldan Zərdab camaatı da istifadə edir. Çox təşəkkür edirik. Sizə minnətdarıq. Mehriban xanıma minnətdarıq. Sizə möhkəm cansağlığı diləyirik.
Prezident İlham ƏLİYEV: Yol rahatlıq, müasirlik, mədəniyyət, rahat həyat deməkdir. İndi görün, necə gözəl yol çəkilibdir. Azərbaycanın bütün kənd yolları bax bu səviyyədə olacaqdır. Hər il dövlət büdcəsindən, Prezidentin Ehtiyat Fondundan böyük vəsait ayrılır, hər bir rayonda, hər bir bölgədə kənd yolları çəkilir. Ağdaşın da bütün kənd yolları belə olmalıdır. Ağdaşda 71 kənd vardır. Biz indi burada 11 kəndi birləşdirdik. Bundan başqa, Ləki-Ağdaş yolu da tikilmişdir. Gələcəkdə yeni kənd yolları da tikiləcəkdir. Sizi bir daha təbrik edirəm.
SAKİNLƏR: Allah Sizi qorusun. Bütün bu işlərə görə Sizə minnətdarıq. Sizə cansağlığı arzu edirik. Ömrünüz uzun olsun. Təkcə yola görə deyil, yaratdığınız bütün şəraitə görə Sizə təşəkkür edirik.
SAKİN: Yol salmaq savab işdir. Siz isə görün nə qədər
yol çəkdirmisiniz. Bu xalqın xeyir-duası Sizə bəsdir. Xalq Sizinlədir.
Prezident İlham ƏLİYEV: Sağ olun. Mən də xalq üçün çalışıram, işləyirəm. Mənim
əsas məqsədim xalqa xidmət etməkdir.SAKİNLƏR: Çox sağ olun. Allah Sizə cansağlığı versin. Sizin yaratdığınız bu əmin-amanlıq, gözəl işlər xalqın rifahı, dolanışığı üçündür. Biz Sizin uğurlu, cəsarətli xarici siyasətinizlə fəxr edirik.
Biz həmişə gözəl yolları şəhərdə görürdük. İndi öz kəndimizdə, öz rayonumuzda görürük. Biz inanırıq ki, Siz Qarabağımızı da qansız-qadasız qaytaracaqsınız. Biz Sizə inanırıq.
Prezident İlham ƏLİYEV: İnşallah. Sağ olun.
SAKİN: Xalq Sizi ürəkdən sevir. Ağsaqqallar adından, bütün ağdaşlılar adından Allahdan Sizə, ailənizə dualar edirik. Sizin Ağdaşa diqqətiniz çox böyükdür. Allah Sizdən razı olsun. Xalqın duaları Sizi qoruyacaqdır. Siz xalqın Prezidentisiniz, hər bir vətəndaşın Prezidentisiniz.
Prezident İlham ƏLİYEV: Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, xalq üçün işləyirəm, yaşayıram. Mənim başqa amalım yoxdur. Bu bölgələrdə, ucqar rayonlarda belə inkişafı, belə gözəl işləri görəndə ürəyim sevinir. Mənim üçün ən böyük mükafat sizin yaxşı yaşamağınızdır.
SAKİNLƏR: Çox sağ olun. Siz çox gözəl sözlərə layiqsiniz. Cənab Prezident, atanızın vəsiyyətlərini Siz 200 faiz yerinə yetirirsiniz. Sizə təşəkkür edirik.
Prezident İlham ƏLİYEV: Sağ olun. Təşəkkür edirəm.
SAKİNLƏR: Sağ olun.
* * *
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.