Ağdaşın Ləki dəmir yolu vağzalının yeni binasında sərnişinlərə yüksək səviyyədə xidmət göstəriləcəkdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Ağdaş rayonuna səfəri çərçivəsində Ləki dəmir yolu vağzalının yeni binasının açılışında iştirak etmişdir.

Son illərdə ölkənin nəqliyyat sisteminin, o cümlədən dəmir yolunun təkmilləşdirilməsi, sərnişin daşımalarının beynəlxalq səviyyədə qurulması istiqamətində mühüm layihələr icra olunur. Bu siyasətin tərkib hissəsi olaraq nəinki paytaxt Bakıda, eyni zamanda, regionlarda müasir standartlara cavab verən dəmir yolu vağzallarının tikintisinə və əsaslı təmirinə başlanılmışdır.

Yeni inşa olunan vağzallardan biri də “Azərbaycan Dəmir Yolları” QSC-nin Ləki stansiyasındakı binadır. Ləki dəmir yolu vağzalının binası müasir memarlıq üslubunda inşa olunmuşdur. Ərazidə yaşıllıq zolağı salınmışdır. Yeni binada sərnişinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır.

Dövlətimizin başçısı vağzal binasının əvvəlki görüntülərini əks etdirən fotostendə baxdı. Burada Azərbaycan Prezidentinə Ağdaş-Qəbələ avtomobil yolunun yenidən qurulması layihəsinin sxemi təqdim edildi.

Nəqliyyat naziri Ziya Məmmədov məlumat verdi ki, 28 kilometr uzunluğunda yol yenidən qurulacaq və dördzolaqlı olacaqdır.

Prezident İlham ƏLİYEV: Dördzolaqlı olsa, onda gərək ağaclar qırılsın. Dörd zolağa ehtiyac yoxdur, ağaclar heyifdir. Qətiyyən olmaz. Yaxşı ki, mən gəldim və bu sxemi gördüm.

Bildirildi ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin balansında olan Ləki dəmir yolu vağzalının əvvəlki binası 1897-ci ildə inşa olunmuşdu. Uzun müddət əsaslı təmir işləri aparılmadığından vağzal binasının sökülərək yenisinin inşası zərurəti yaranmışdı. Yeni vağzal binasının tikintisinə 2013-cü ilin yanvarında başlanılmışdır. “Azərbaycan Dəmir Yolları” QSC-nin Dəmir Yollarının və Texniki Qurğularının Təmir-Tikinti Departamenti tərəfindən inşa olunan vağzal binasında müasir standartlara uyğun xidmət göstərilməsi üçün hər cür şərait vardır. Gözləmə salonunda sərnişinlər üçün bütün rahatlıq yaradılmışdır. Burada ümummilli lider Heydər Əliyevin büstü qoyulmuş, Ulu Öndərin və Prezident İlham Əliyevin Ağdaşa səfərlərini əks etdirən fotoguşə quraşdırılmışdır.

Stansiyada ana və uşaq otağı fəaliyyət göstərəcəkdir. Dispetçer otağında da yüksək səviyyədə xidmət üçün müvafiq şərait yaradılmışdır.

Dəmir yolunun Ləki stansiyasının vağzal binası sərnişinlərə xidmətin səviyyəsinin ən müasir standartlara uyğun həyata keçirilməsinin daha bir konkret nümunəsidir. Binanın mühəndis-kommunikasiya sistemləri də müasir standartlara cavab verir. Burada sərnişinlər informasiya monitorundan yararlana biləcəklər.

Bildirilmişdir ki, stansiyada yeni platforma tikilmişdir. Ləki stansiyası xarakterinə görə yük stansiyasıdır. Burada qatarların qəbul edilib yola salınması üçün dörd yol, yükləmə-boşaltma əməliyyatları üçün altı yol, dartı yarımstansiyasının yolu, qoruyucu dalan, dartı yolu və eyni zamanda, stansiyaya birləşən təşkilatlara məxsus 2 dalan yolu vardır. İl ərzində Ləki dəmir yolu stansiyasında orta hesabla 150 vaqon - 19 min 600 ton yükləmə, 2500 vaqon - 150 min ton boşaltma işləri həyata keçirilir, 7 mindən çox sərnişinə xidmət göstərilir. Stansiyadan orta hesabla gün ərzində 40 qatar yola salınır.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, stansiyanın yeni vağzal binası dəmir yolu nəqliyyatı infrastrukturunun inkişafına mühüm töhfədir və əhalinin paytaxt Bakı və digər regionlarla rahat əlaqəsinin təmin olunması baxımından vacib əhəmiyyət kəsb edir.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında