Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində “Arpaçay-1” və
“Arpaçay-2” Su Elektrik stansiyalarının işə
salınması mərasimində iştirak etmişdir.
Son illərdə ölkəmizin elektroenergetika sektoru üzrə enerji təchizatının dayanıqlılığı, səmərəliliyi və təhlükəsizliyi prinsiplərini nəzərə alan mühüm Dövlət proqramları qəbul olunmuşdur. Proqramlara əsasən Naxçıvan Muxtar Respublikasında da olduqca əhəmiyyətli işlər görülmüşdür. 20,5 meqavat gücündə “Arpaçay-1" və 1,4 meqavat gücündə ”Arpaçay-2" Su Elektrik stansiyalarının işə salınması bu qəbildən olan tədbirlərin ardıcıl xarakter aldığını nümayiş etdirir.
Naxçıvanda həyata keçirilən bu layihələr muxtar respublikanın elektrik enerjisi ilə təminatında mühüm rol oynayaraq, ümumilikdə, ölkəmizin enerji təhlükəsizliyinə töhfə verir. Belə stansiyaların fəaliyyətə başlaması Naxçıvanın iqtisadi inkişafının təmin edilməsində də müstəsna rol oynayır. Bundan başqa, bu cür layihələr sosial məsələlərin həlli üçün nəzərdə tutulan işlərin uğurla, həm də qısa müddətdə reallaşmasına yardım edir. Bütün bunlar Prezident İlham Əliyevin belə vacib və strateji əhəmiyyət kəsb edən layihələrin icrasına daim diqqətlə yanaşdığını bir daha təsdiqləyir. Təsadüfi deyildir ki, dövlətimizin başçısının diqqət və qayğısı sayəsində hələ 2006-cı ildə Naxçıvanın enerji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edən və ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası işə salınmışdır. Turbinlərin qazla işləmə rejiminə keçirilməsi nəticəsində Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasının gücü artaraq 60 meqavat olmuşdur. Sonradan müxtəlif dövrlərdə bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində Heydər Əliyev su anbarı üzərində 4,5 meqavat gücündə Ordubadda Biləv Su Elektrik Stansiyası fəaliyyətə başlamış, Şərur rayonunda “Arpaçay” Su Elektrik Stansiyasının işə salınması istiqamətində mühüm işlər görülmüşdür.
Əvvəlcə “Arpaçay-2" Su Elektrik Stansiyasının fəaliyyəti ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, 1,4 meqavat gücündə olan stansiyanın anbarının ümumi su tutumu 3 milyon kubmetrdir. Əsasən paylayıcı funksiyanı yerinə yetirən stansiyada son vaxtlar görülən işlər əhalinin elektrik enerjisi ilə fasiləsiz təmin olunmasına və daha geniş ərazidə əkin sahələrinin suvarılmasına əlverişli imkanlar yaradır.
Dövlətimizin başçısı “Arpaçay-2” Su Elektrik Stansiyasını işə saldı.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Prezident İlham Əliyevə məlumat verdi ki, aparılan yenidənqurma işləri zamanı müasir texnika və avadanlığın quraşdırılması diqqət mərkəzində saxlanılmışdır. Bu işlər Prezident İlham Əliyevin 2014-cü il martın 14-də “Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyasının tikintisinin maliyyələşdirilməsi haqqında" imzaladığı sərəncam əsasında aparılmışdır. Sərəncama əsasən, “Arpaçay-2” Su Elektrik Stansiyasının tikintisini başa çatdırmaq məqsədilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 4 milyon manat ayrılmışdır.
Sonra Prezident İlham Əliyev “Arpaçay-1” Su Elektrik Stansiyasının işə salınması mərasimində iştirak etdi.
Dövlətimizin başçısına məlumat verildi ki, gücü 20,5 meqavat olan Su Elektrik Stansiyası suqəbuledici qurğu, stansiya binası, tunel və transformator yarımstansiyasından ibarətdir. Suqəbuledici saniyədə 37 kubmetr su buraxmaq gücünə malikdir. Tuneldən suyu turbinlərə ötürmək üçün yüksək təzyiqli boru xətti çəkilmiş, havaboşaldıcı inşa edilmişdir. Buradakı anbarın su tutumu 150 milyon kubmetrdir. Anbardan götürülən su ilə 17 min 370 hektar əkin sahəsi suvarılacaqdır.
Stansiya binasında müasir iş otaqları və idarəetmə mərkəzi yaradılmışdır. Burada stansiyanı idarəetmə və nəzarət-mühafizə sistemləri quraşdırılmışdır. Bu da stansiyanın iş rejimini daimi nəzarətdə saxlamağa imkan verir. Stansiya binasında 8 meqavat gücündə iki, 4,5 meqavat gücündə bir turbin quraşdırılmışdır. Bu energetika qurğusunda bütün emal prosesi avtomatlaşdırılmışdır. İstehsal olunmuş elektrik enerjisini şəbəkəyə ötürmək üçün ərazidə transformator yarımstansiyası qurulmuş, 11 kilometr uzunluğunda 110 kilovoltluq elektrik xətləri çəkilmişdir.
Prezident İlham Əliyev “Arpaçay-1” Su Elektrik Stansiyasını işə saldı.
Azərbaycan Prezidentinə məlumat verildi ki, iqtisadi səmərəlilik və enerji potensialının gücləndirilməsi baxımından böyük əhəmiyyətə malik olan stansiyanın işə salınması ilə muxtar respublikanın elektrik enerjisinə olan tələbatının böyük hissəsi su elektrik stansiyaları hesabına ödəniləcəkdir. Bu prosesə hazırda Şərur rayonu ilə yanaşı, Ordubadda 36 meqavat gücündə inşa olunan yeni elektrik stansiyasının tikintisi də əsaslı töhfə verəcəkdir. Sovet hakimiyyəti illərində cəmi bir elektrik stansiyası olan muxtar respublikada hazırda 7 elektrik stansiyası fəaliyyət göstərir. Nəticədə blokada şəraitində yaşamasına baxmayaraq, Naxçıvan Muxtar Respublikasının elektrik enerjisinə olan tələbatı daxili imkanlar hesabına tam ödənilir. Bundan başqa, muxtar respublikanın elektrik enerjisi ixrac etmək imkanları da ilbəil genişlənir.
Sonra dövlətimizin başçısı Naxçıvan Muxtar Respublikası ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham
ƏLİYEV dedi:
- Bu gün Naxçıvanda əlamətdar bir gündür. Biz “Arpaçay-1 və 2” su elektrik stansiyalarının açılışını qeyd edirik. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu hadisə bir daha onu göstərir ki, bu gün Naxçıvan inamla, uğurla inkişaf edir. Naxçıvanda böyük infrastruktur layihələri icra edilir. Respublika çox dinamik inkişaf dövrünü yaşayır.
Bu gün səhər mən Naxçıvanda müxtəlif obyektlərin açılışında iştirak etmişəm. Bütün bu açılışlar ölkəmizin gücünü göstərir və Naxçıvanda görülən işlər ən yüksək səviyyədədir. Bu münasibətlə bütün Naxçıvan sakinlərini, Naxçıvan Muxtar Respublikasının rəhbərliyini ürəkdən təbrik edirəm.
Naxçıvan şəhəri gözəlləşir, abadlaşır, sosial proqramlar icra edilir, sosial infrastruktur layihələri uğurla həyata keçirilir. Əlbəttə ki, Naxçıvanın enerji təminatı məsələləri ön plandadır. Biz hamımız yaxşı xatırlayırıq ki, vaxtilə Naxçıvanı elektrik enerjisi ilə təmin etmək üçün çox böyük problemlər mövcud idi. Ulu Öndərin rəhbərliyi ilə Naxçıvanın enerji təhlükəsizliyi məsələlərinin həllinə start verildi və bu gün biz bu siyasəti uğurla davam etdiririk. Son illərdə Naxçıvanda 5 elektrik stansiyası tikilmişdir. Demək olar ki, Naxçıvanda enerji təhlükəsizliyi məsələləri tam şəkildə öz həllini tapmışdır. Son illərdə biz “Vayxır”, “Biləv” su elektrik stansiyalarının açılışlarını qeyd etmişik və bu gün Naxçıvanın enerji ilə təminatı su elektrik stansiyalarının xətti ilə icra edilir. Bu da Naxçıvanı dünya miqyasında çox nadir bir respublika kimi təqdim edir. Çünki dünyada çox nadir hallarda daxili tələbat bərpa olunan enerji növləri hesabına təmin edilir. Bu gün Naxçıvanın reallıqları belədir ki, su elektrik stansiyalarının fəaliyyəti sayəsində Naxçıvanın tam enerji təminatı həll edilib. Bu gün Naxçıvanın enerji potensialı 220 meqavata yaxındır və bu da imkan verir ki, eyni zamanda, Naxçıvanın ixrac potensialı da artsın.
Bu gün Azərbaycan reallıqları bundan ibarətdir. Vaxtilə başqa ölkələrdən elektrik enerjisini almaq üçün səylər göstərmiş Azərbaycan, bu gün Naxçıvandan Türkiyəyə elektrik enerjisi ixrac edir. Bu ixrac getdikcə artır, daha da artacaqdır. Çünki gələcəkdə Naxçıvanın enerji potensialının artırılması üçün əlavə tədbirlərin görülməsi də nəzərdə tutulur. Buna ehtiyac var, çünki əhali artır. Naxçıvan əhalisi artıq 430 mindən yuxarıdır. Naxçıvanın sənaye istehsalı artır, yeni müəssisələr işə salınır, sosial məsələlər öz həllini tapır. Beləliklə, biz gələcəkdə Naxçıvanın dinamik inkişafını təmin etmək üçün yeni enerji güclərini yaratmalıyıq.
Bu gün Naxçıvan Muxtar Respublikası demək olar ki, tam qazlaşdırılıbdır, qazlaşdırılma 100 faizə yaxındır. Elektrik enerjisi ilə təminat yüksək səviyyədə təşkil edilibdir. Yəni, muxtar respublikanın enerji təhlükəsizliyi məsələləri tamamilə öz həllini tapıbdır. Bu gün dünyada enerji təhlükəsizliyi məsələləri, ümumiyyətlə, ön plana çıxır. Biz görürük ki, enerji təhlükəsizliyi məsələləri ölkələrin ümumi təhlükəsizlik məsələləri ilə sıx uzlaşır. Yəni, özünü enerji təhlükəsizliyi baxımından rahat hiss etməyən ölkələr böyük problemlərlə üzləşirlər. Orada asılılıq yaranır. Azərbaycan öz enerji siyasətini Ulu Öndərin siyasəti sayəsində elə qurub ki, bu gün Azərbaycan tam enerji təhlükəsizliyini təmin edib, başqa ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində də öz rolunu oynayır və bu rol getdikcə artacaqdır.
Əlbəttə, Naxçıvanın enerji potensialının yaradılması və inkişafı həmişə gündəlikdə duran məsələ olubdur. Bu məsələ artıq həll edilib və deyə bilərəm ki, bu, tarixi hadisədir. “Arpaçay” su elektrik stansiyalarının tikintisi də bu gün dövlətimizin gücünü göstərir. Çünki bu layihə texniki cəhətdən çox çətin bir layihədir. Bu layihəni Azərbaycan mütəxəssisləri, fəhlələri icra ediblər. Bu dağlar arasında tunel tikilibdir, qurğular yaradılıbdır. Layihənin icrası dövründə yeni bir təşəbbüs Naxçıvan Muxtar Respublikası rəhbərliyi tərəfindən irəli sürülmüşdür və “Arpaçay-2” stansiyasının tikintisi də artıq reallaşıbdır. Yəni, budur bugünkü müasir yanaşma və budur Naxçıvanın inamlı inkişafı.
Qeyd etdiyim kimi, burada sosial, iqtisadi məsələlər uğurla həll edilir, Naxçıvanın hərbi gücü lazımi səviyyədədir. Bu gün Naxçıvana gətirilmiş yeni texnikanın nümunələri ilə tanış olmuşam. Respublikanın inkişafı üçün bütün işlər görülür, işsizlik demək olar ki, aradan götürülübdür, yeni iş yerləri açılır. Yəni, dinamik inkişaf təmin edilir.
Hər bir ölkənin, respublikanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının inamlı inkişafı üçün elektrik enerjisi birinci şərtdir. Siz energetiklər bunu yaxşı bilirsiniz. Enerji hər bir inkişafın təməlində dayanan ən vacib amildir və bu gün Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan bu məsələni tam şəkildə həll edibdir. Bu, böyük hadisədir, tarixi nailiyyətdir. Bu hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm, sizə yeni uğurlar, cansağlığı arzulayıram.
Sağ olun.
* * *
Sonda xatirə şəkli çəkdirildi.
Daha sonra Prezident İlham Əliyev tutumu 150 milyon kubmetr olan su anbarına baxdı.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.