Azərbaycan Prezidenti Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksinin istifadəyə verilməsi mərasimində iştirak etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksinin istifadəyə verilməsi mərasimində iştirak etmişdir.

Prezident İlham Əliyev tərəfindən imzalanan regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası iqtisadiyyatın bütün sahələrinin inkişafına səbəb olmuşdur. Dövlət Proqramına uyğun olaraq, ölkəmizdə su və kanalizasiya sistemləri də yenidən qurulur. Bu işlər Azərbaycan dövlətinin vətəndaşlarına göstərdiyi qayğının daha bir ifadəsidir.

Naxçıvan Muxtar Respublikasında da həyata keçirilən sosial siyasətin mərkəzində insan amili dayanır. Hər hansı sahə üzrə infrastruktur yaradılarkən, ilk növbədə, əhalinin rahat yaşayışının təminatı ön planda saxlanılır. Son illər şəhər və rayon mərkəzlərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulmasını buna misal göstərmək olar. Mövcud hidroresurslardan istifadə olunaraq əhalinin ekoloji cəhətdən təmiz və dayanıqlı içməli su ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Hazırda Naxçıvan şəhərində və rayon mərkəzlərində istehlakçıların tələbatına uyğun içməli su və kanalizasiya sistemləri qurulur, bu sahədə müasir infrastruktur yaradılır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dövlətimizin başçısına kompleks barədə ətraflı məlumat verdi.

Bildirildi ki, Naxçıvan şəhərinin mövcud içməli su sistemi ötən əsrin 60-70-ci illərində qurulmuşdur. O dövrün tələblərinə uyğun qurulan və uzun müddət istismar edilən sistem bu gün Naxçıvan şəhərində əhalinin keyfiyyətli içməli suya olan tələbatını ödəmirdi. Yeni istifadəyə verilən müasir kompleks Naxçıvan şəhərində 90 minə yaxın əhalini və sənaye obyektini perspektiv nəzərə alınmaqla fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə təmin edəcəkdir. 2009-cu ildən etibarən muxtar respublikanın paytaxtı Naxçıvanda və rayon mərkəzlərində də içməli su və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılmışdır. Artıq Naxçıvan şəhərində və rayon mərkəzlərində tikinti işlərinin əsas hissəsi başa çatdırılmışdır.

Diqqətə çatdırıldı ki, ümumiyyətlə, son illər muxtar respublika iqtisadiyyatının müasirləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər meliorasiya və su təsərrüfatı sistemini də əhatə etmiş, bu sahənin maddi-texniki bazası gücləndirilmişdir. Bu baxımdan muxtar respublikada son illər içməli su təminatının yaxşılaşdırılması məqsədilə görülən işlər mühüm əhəmiyyətə malikdir. İstifadəyə verilən kompleks də Naxçıvan şəhərinin içməli su sisteminin yenidən qurulması tədbirləri çərçivəsində inşa edilmişdir.

Qeyd edildi ki, kompleksdə ən müasir avadanlıq quraşdırılmışdır. Təmizləmə prosesində xammal kimi ozon və duzdan istifadə olunması isə suyun insan sağlamlığı üçün yararlılığına tam zəmanət verir. Sutəmizləyici qurğuda bütün iş prosesinin avtomatik olaraq tənzimlənməsi sistemin etibarlılığını və davamlılığını təmin edəcəkdir.

Sonra Prezident İlham Əliyev  sutəmizləyici qurğunu işə saldı.

Azərbaycan Prezidentinə burada quraşdırılan nanosüzgəcli qurğu barədə məlumat verildi.

Qeyd edildi ki, iqtisadi cəhətdən səmərəli olan yeni nanosüzgəcli qurğu ənənəvi qum süzgəclərindən fərqli olaraq, sudakı bütün zərərli mikrobları tutaraq saxlayır. Bununla da su təbii mineral tərkibi saxlanılmaqla təmizlənir. Nanosüzgəcdən keçən su içməyə tam yararlı olur və emal zamanı onun xlordan istifadə etməklə zərərsizləşdirilməsinə ehtiyac qalmır. Suyun sərfinə, təzyiqinə, elektrik keçiriciliyinə və bulanıqlığına idarəetmə mərkəzində quraşdırılan kompyuterlə nəzarət olunur və iş prosesi avtomatik idarə edilir. Kompleksdə ümumi tutumu 25 min kubmetr olan 3 su anbarı tikilmişdir. Su anbarlarının inşası zamanı hündürlük fərqinin nəzərə alınması şəhərin su təchizatının özüaxımlı rejimdə təmin olunmasına imkan verəcəkdir.

Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev Naxçıvan şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması tədbirləri çərçivəsində görülən işlərin gedişi ilə maraqlandı.

Məlumat verildi ki, Naxçıvan şəhərində bu günə qədər 218 kilometr içməli su və 200 kilometr kanalizasiya xətti çəkilmiş, 19 minə yaxın mənzilə su verilmişdir. Tikinti işləri aparılarkən keyfiyyət amilinə xüsusi diqqət yetirilir. Naxçıvan şəhərində su və kanalizasiya sistemlərinin yenidən qurulması tədbirlərinin 2014-cü ildə tam başa çatdırılması nəzərdə tutulmuşdur.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında