Aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Biznes Mərkəzində yaradılan şəraitlə tanış
olmuşdur.
Ölkəmizin sürətli inkişafı, iqtisadi sahənin tərəqqisi Azərbaycandakı biznes mühitinin də yaxşılaşdırılmasına şərait yaratmışdır. Bu sahəyə göstərilən dövlət qayğısının daha bir nümunəsi isə bölgələrdə müasir biznes mərkəzlərinin yaradılmasıdır. Naxçıvanda yeni inşa edilən Biznes Mərkəzi muxtar respublikanın biznes mühitinin və imkanlarının nümayişi, təbliği baxımından mühüm rola malikdir. Milli memarlıq ənənələrinə uyğun olaraq inşa edilən mərkəz inzibati hissə və geniş sərgi salonundan ibarətdir. Sərgi salonunda pavilyonlar, müasir tərcümə avadanlığı, proyektorlar və səsgücləndiricilər quraşdırılmışdır. Burada yaradılan şərait müxtəlif tədbirlərin, biznes forumların, işgüzar görüş və konfransların yüksək səviyyədə təşkilinə imkan verir.
Orijinal üslubda inşa edilən Naxçıvan Biznes Mərkəzi həm də şəhərin görkəminə əlavə çalarlar qatır, aparılan abadlıq-quruculuq, tikinti və yenidənqurma işlərinin miqyasını göstərir. Naxçıvan Muxtar Respublikasının “2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası iqtisadiyyatın dinamik inkişafını təmin etməklə yanaşı, iş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühitini formalaşdırmış, yeni istehsal və xidmət sahələrinin yaradılmasına imkan vermiş, sahibkarların fəaliyyətinin stimullaşdırılması məqsədilə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.
Dövlətimizin başçısına məlumat verildi ki, mərkəzin əsas fəaliyyət sahəsi sahibkarların maarifləndirilməsi, iş adamlarına ölkəmizdə, o cümlədən muxtar respublikada həyata keçirilən iqtisadi islahatlar, beynəlxalq iqtisadi əlaqələr, dünya və ölkə iqtisadiyyatındakı yeniliklər, sahibkarların yeni iş təcrübələri, marketinq fəaliyyəti, reklam işi, dünya maliyyə sistemindəki vəziyyət və dəyişikliklər barədə məlumat verməkdir.
Azərbaycan Prezidenti Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasında istehsal edilən məhsulların sərgisi ilə tanış oldu.
Burada müxtəlif növ ərzaq və sənaye məhsulları, əl işləri və rəsm əsərləri nümayiş etdirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dövlətimizin başçısına məlumat verdi ki, muxtar respublikada hazırda 346 növ və 988 çeşiddə məhsul istehsal olunur. Yeni yaradılan müəssisələr əhalinin 106 növ ərzaq və 226 növ qeyri-ərzaq məhsullarına olan tələbatını tamamilə yerli istehsal hesabına ödəmək imkanına malikdir. Hazırda muxtar respublikada 438 sənaye müəssisəsi vardır.
Diqqətə çatdırıldı ki, uzun müddət blokada şəraitində yaşamasına baxmayaraq, muxtar respublikanın sosial-iqtisadi inkişafını əks etdirən makroiqtisadi göstəricilər son 10 ildə xeyli artmışdır. 2003-2013-cü illərdə ümumi daxili məhsul 8,4 dəfə, sənaye məhsulunun həcmi 49, kənd təsərrüfatı məhsullarının istehsalı 4,7, əsas kapitala yönəldilən investisiyalar 4,1, əhalinin gəlirləri 10,2, xarici ticarət dövriyyəsi isə 13,9 dəfə artmışdır.
Prezident İlham Əliyevə məlumat verildi ki, sərgidə 88 şirkətin 280-dən çox çeşiddə məhsulu nümayiş etdirilir. Onların arasında yüngül və ağır sənaye, kənd təsərrüfatı, qida, tekstil, dağ-mədən, metallurgiya, avtomobil sənayesi, rabitə, balıqçılıq və digər sahələrin məhsulları sərgilənir. Məhsullar yüksək keyfiyyəti ilə seçilir. Bu, ilk növbədə, məhsulların hazırlandığı müəssisələrin ən müasir avadanlıqla təchiz edilməsi ilə bağlıdır. Təsadüfi deyildir ki, indi muxtar respublikada bir çox sahələrdə istehsal olunan məhsullara nəinki Cənubi Qafqaz və MDB, eləcə də dünya bazarında böyük tələbat vardır. Naxçıvanda istehsal sahələrinin çoxşaxəli olması blokada şəraitində yaşayan muxtar respublikanı qida, sənaye və digər məhsullarla tam təmin edir, idxaldan asılılığı minimuma endirir. Bu isə, heç şübhəsiz ki, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə apardığı uğurlu iqtisadi siyasətlə bağlıdır.
Bildirildi ki, sərgidə 27 sənətkarlıq subyektinin məhsulu da nümayiş olunur. Dövlət tərəfindən Naxçıvanın sahibkarlıq subyektlərinə 2003-2013-cü illər ərzində 89,8 milyon manat güzəştli kredit, kənd təsərrüfatı məhsulları istehsalçılarına 22,7 milyon manat yardım verilmişdir.
Prezident İlham Əliyev Naxçıvan avtomobil zavodunda istehsal olunan avtomaşınlara da baxdı. Qeyd olundu ki, 2010-cu ilin yanvarında istifadəyə verilən zavod müasir dizaynlı “NAZ-Llifan” markalı avtomobillər istehsal edir. İndiyədək burada 3 min avtomobil istehsal olunmuşdur. Birnövbəli iş rejimi ilə zavodun illik istehsal gücü 5 min avtomobil təşkil edir. Hazırda 62 nəfərin işlədiyi müəssisədə 9 müxtəlif modifikasiyada avtomobil istehsal olunur. Modifikasiyalar ilbəil yenilənir. Yaxın gələcəkdə zavodda yeni markalı avtomobillərin istehsalı planlaşdırılır. Həmçinin, gələcəkdə komplektləşdirici hissələrin 70 faizi respublikanın digər bölgələri, o cümlədən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən müvafiq müəssisələrin istehsalı hesabına ödəniləcəkdir.
Diqqətə çatdırıldı ki, son on ildə muxtar respublikada 954 istehsal və xidmət müəssisəsi yaradılmışdır. Görülən mühüm tədbirlər muxtar respublikanın sosial-iqtisadi gücünü artırmaqla yanaşı, həm də yeni iş yerlərinin yaradılmasında, əhalinin məşğulluğunun təmin edilməsində çox mühüm əhəmiyyət daşıyır. Bunun nəticəsidir ki, 2003-2013-cü illərdə 58 min 460 yeni iş yeri açılmış, bununla da işsizliyin səviyyəsi sıfıra enmişdir.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.