Prezident İlham Əliyev “AITF-2014” XIII Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olmuşdur

Aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində “AITF-2014” XIII Azərbaycan Beynəlxalq turizm və səyahətlər və “HOREX Caucasus-2014” VIII Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olmuşlar.

Bu gün Azərbaycan sürətli iqtisadi və sosial inkişafı ilə dünyanın diqqət mərkəzindədir. Əlverişli coğrafi mövqeyi, zəngin iqlimi, flora və faunası, qədim tarixi və mədəniyyəti ölkəmizin turizm mərkəzi kimi də bütün dünyada tanınmasında mühüm rol oynayır. Azərbaycana gələn turistlərin sayının ildən-ilə artmasına bu sahəyə göstərilən yüksək dövlət qayğısı, Bakı ilə yanaşı, regionlarda da müasir turizm infrastrukturunun yaradılması müsbət təsir göstərir. Azərbaycanda turizm sektorunun inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, ölkədə dünya səviyyəli turizm brendlərinin tətbiqi geniş vüsət almışdır. Bakıda və bölgələrdə  beşulduzlu mehmanxana komplekslərinin tikilməsi və istifadəyə verilməsi məhz bu amilə əsaslanır. Bütün bunlar da ölkədə geniş şəbəkəyə malik turizm infrastrukturunun yaradılmasına və inkişafına xidmət edir.

Son illər Azərbaycanın turizm potensialını nümayiş etdirmək məqsədilə keçirilən bir sıra mühüm tədbirlər də bu sahəyə marağı artırmışdır. Bu baxımdan Bakıda hər il keçirilən beynəlxalq turizm və səyahətlər, o cümlədən mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgilərinin xüsusi rolu vardır. Azərbaycan beynəlxalq turizm və səyahətlər sərgisi ölkəmizin, ümumilikdə Cənubi Qafqaz regionunun turizm sənayesinin ən böyük ixtisaslaşdırılmış tədbiri hesab edilir. Məhz buna görə də ildən-ilə marağın artdığı bu sərgi böyük nüfuz qazanmışdır. Builki sərgidə əvvəlki illərlə müqayisədə milli stendlərin sayı da xeyli çoxdur. Sərgidə Azərbaycan ilə yanaşı, Argentina, Bolqarıstan, Macarıstan, Yunanıstan, Dominikan Respublikası, Xorvatiya, Hindistan, İndoneziya, İtaliya, Çin, Malayziya, Mərakeş, Tailand, Türkiyə, Fransa, Monteneqro, Çex Respublikası və digər ölkələrdən 24 milli və regional qrup iştirak edir. Bundan əlavə, bu il sərgiyə Litva, Xorvatiya, Rusiya və Monteneqrodan turizm sənayesi üzrə beynəlxalq ekspertlər və Rusiyanın Stavropol diyarından, eləcə də digər ölkələrdən nümayəndə heyətləri qatılmışlar. Tədbirin daha bir mühüm xüsusiyyəti turizm xidmətlərinin geniş çeşidini nümayiş etdirmək, turagentlik və turoperatorları, milli qrupları, beynəlxalq nümayəndəlikləri, avtomobil, hava və dəniz daşımaları üzrə şirkətləri, müxtəlif ölkələrin mehmanxana biznesi üzrə nümayəndələrini, turizm və ticarət assosiasiyalarını, eləcə də fəal və ekstremal istirahət turlarının təşkilatçılarını bir yerə toplamaqdır.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, sərgidə bu il də iştirakçıların sayında xeyli artım müşahidə olunur. 2002-ci ildə sərgiyə 14 ölkə qatılmışdısa, indi onların sayı 38-ə çatmışdır. Ümumilikdə, bu ölkələrdən 351 şirkət və təşkilat sərgidə xidmətlərini təqdim edir. Sərgi iştirakçılarının 60 faizdən çoxunu xarici, 40 faizini isə yerli şirkətlər təşkil edir. Ölkəmizin turizm sənayesinin inkişafında böyük əhəmiyyət kəsb edən bu sərgiyə maraq son illər Azərbaycanda turizm sahəsində həyata keçirilən mühüm infrastruktur layihələrinin dünya turizm aləmində böyük rəğbət və maraqla qarşılandığını göstərir. Bu tədbirlər həm də ölkəyə gələn turistlərin sayının xeyli artmasına səbəb olur.

Azərbaycan regionlarının milli pavilyonları sərgini daha da maraqlı və koloritli edir. Regional ekspozisiyada Azərbaycanın müxtəlif rayonlarının turizm imkanları nümayiş etdirilir. Burada turizm fəaliyyətinin müxtəlif növləri, o cümlədən kənd və ekoloji turizm, dağ-xizək və dəniz kurortları nümayiş etdirilir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sərginin pavilyonları ilə tanış oldular.

Litvanın stendi ilə tanışlıq zamanı məlumat verildi ki, bu ölkə turizmin müxtəlif istiqamətlərini, o cümlədən sanatoriya, tibbi klinikalar üzrə xidmətlərini nümayiş etdirir. Bir neçə dəfə sərgidə iştirak edən Litva bu dəfə 18 şirkətlə təmsil olunur.

Prezident İlham Əliyev ikinci dəfə sərgiyə qatılan Monteneqronun stendinə də baxdı. Ötənilki sərgidən sonra yay mövsümündə Azərbaycandan Monteneqroya birbaşa çarter reysləri həyata keçirilmişdir. Builki turizm mövsümündə də çarter reysləri bərpa ediləcəkdir.

İndoneziya da ardıcıl olaraq bu sərgidə təmsil olunur. Bu ölkənin stendində İndoneziyanın turizm imkanları və turizm marşrutları təqdim edilir.

Dövlətimizin başçısı Rusiyanın Stavropol vilayətinin stendinə də baxdı. Sərgidə çoxlu şirkətlərlə təmsil olunan bu vilayət əsasən tibbi turizm istiqamətində xidmətlərini nümayiş etdirir. Ümumilikdə, sərgidə Stavropol diyarının Mineralnıye Vodı, Pyatiqorsk, Yessentuki və Kislovodskda olan turizm-sağlamlıq obyektlərinin xidmətləri təqdim edilir.

Şamaxıda yerləşən və Naftalan nefti ilə müalicə imkanlarını təqdim edən sanatoriya da sərgidə iştirak edir. Naftalan neftinin şöhrəti bütün dünyada məşhurdur. Naftalan şəhərindəki

mənbələrdən çıxarılan neft nadirliyi ilə seçilir və bununla bağlı xidmətlər indi ölkəmizin müxtəlif regionlarında da təqdim olunur.

Prezident İlham Əliyev “Horex Caucasus-2014" VIII Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisi ilə də tanış oldu. Burada Azərbaycan, Almaniya, Gürcüstan, Niderland Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Türkiyə və İsveçrədən olan aparıcı şirkətlər məhsullarını nümayiş etdirir. Sərginin daimi iştirakçıları arasında bir sıra aparıcı şirkətlərin olması onun beynəlxalq nüfuzundan xəbər verir.

Dominikan Respublikası da ilk dəfə bu sərgidə iştirak edir. Bu ölkəyə məxsus stenddə əsasən ekzotik turizm növləri təqdim olunur.

Dövlətimizin başçısı Mərakeş və Yunanıstan stendlərinə də baxdı. Hər iki ölkə ikinci dəfədir ki, sərgiyə qatılır. Mərakeşə məxsus pavilyonda ölkənin kurort zonaları, mədəni və ekskursiya turizmi, bir neçə şirkətlə təmsil olunan Yunanıstan stendində isə əsasən yay turizmi, xüsusilə də ekskursiyalar, dəniz səyahəti təqdim edilir.

Sloveniya isə sərgidə 11 şirkətlə təmsil olunur.

Əvvəlki sərgilərdə olduğu kimi, bu il də Türkiyə sərgiyə geniş tərkibdə - 30 turizm şirkəti ilə qatılmışdır. Bu ölkəyə məxsus stenddə alternativ turizm də daxil olmaqla bütün istiqamətlər nümayiş etdirilir. Türkiyəni təmsil edən şirkətlərin müxtəlif stendlərində ölkənin turizm marşrutları, yaradılan infrastruktur barədə geniş məlumatlar əksini tapmışdır.

Bolqarıstan da bu sərgiyə olduqca böyük maraq göstərir. Bu ölkə də turizm potensialını qonaqlara yüksək səviyyədə təqdim edir.

Diqqətə çatdırıldı ki, “Bütün dünya - Bir sərgi” devizini tam doğruldan “AITF-2014"də 80-dən çox turizm marşrutu nümayiş olunur. Eyni zamanda, bu sərgi turizm bazarında həm maraqlı istiqamətlərin, həm də yeniliklərin nümayişi ilə seçilir. Sərginin debütantları arasında Şri-Lanka, Keniya və Cənubi Afrika Respublikasının turizm şirkətləri də yer almışdır.

Bildirildi ki, “AITF-2014" sərgisində tibbi turizm istiqamətini nümayiş etdirən iştirakçıların sayı xeyli artmışdır.

Sonra “City Sightseeing Baku” şirkətinin təqdimatı oldu.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə bu şirkət dünya brendi kimi tanınan və 33 ölkənin 100-dən çox şəhərində fəaliyyət göstərən “City Sightseeing Worldwide” şirkəti arasında bağlanmış razılaşmaya əsasən yaradılmışdır. “City Sightseeing Baku” ötən il mindən çox avtobusla 10 milyondan çox insana ekskursiya xidməti göstərmişdir. Şirkətin fəaliyyəti turistlərə Bakının mədəni irsinin və turizm potensialının geniş təbliğ olunması sahəsində mühüm əhəmiyyət kəsb edir. Avtobuslarda turistlər üçün bütün şərait yaradılmışdır. Nəqliyyat vasitələrində xüsusi sistemlə yaradılan avadanlıq turistlərə paytaxtın görməli və tarixi yerləri barədə məlumat əldə etməyə imkan verir.

Prezident İlham Əliyev sərginin işinə uğurlar arzuladı.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında