Prezident İlham Əliyevin və Baş nazir Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı

 

 

 

Prezident İlham Əliyevin bəyanatı

Aprelin 4-də geniş tərkibdə görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı olmuşdur. Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan əvvəlcə mətbuata bəyanatlarla çıxış etmişlər.

- Hörmətli cənab Baş nazir, əziz qardaşım!

Hörmətli qonaqlar!

İlk növbədə əziz qardaşım, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Bu, bələdiyyə seçkilərindən sonra Sizin ilk səfərinizdir. Biz çox şadıq ki, ilk səfəriniz məhz Azərbaycana olan səfərdir. Mən də xatırlayıram ki, keçən il prezident seçkilərindən sonra ilk xarici səfərimi qardaş Türkiyəyə etmişəm. Bu ənənə yaşayır, yaşayacaqdır və bir daha Türkiyə-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasını göstərir.

Fürsətdən istifadə edərək, rəhbərlik etdiyiniz partiyanı bələdiyyə seçkilərində qazandığı böyük qələbə münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm. Bu qələbə bir daha Sizin gördüyünüz işlərə türk xalqı tərəfindən verilən yüksək qiymətdir. Sizin rəhbərliyinizlə son illərdə Türkiyə böyük və şərəfli yol keçmişdir. Türkiyənin iqtisadi, siyasi, sənaye potensialı böyük dərəcədə artmışdır. Türkiyə bu gün böyük 20-lərin sırasındadır. Dünyanı bir neçə il bundan əvvəl bürümüş iqtisadi və maliyyə böhranı Türkiyəyə heç bir təsir etməmişdir. Çünki Türkiyənin Sizin kimi rəhbəri vardır. Müdrik, öz xalqını sevən, xalqa bağlı olan lider var ki, Türkiyəni bu yolla irəliyə aparır.

Biz Türkiyənin uğurlarını öz uğurlarımız kimi qəbul edirik. Bütün uğurlara sevinirik və çox şadıq ki, bu gün Türkiyə-Azərbaycan əlaqələri dinamik inkişaf dövrünü yaşayır. Biz bütün sahələrdə qardaş, dost kimi birgə fəaliyyət göstəririk. Bugünkü səfər əsnasında apardığımız danışıqlar və etdiyimiz söhbətlər bir daha bizim birliyimizi təsdiq edir. Biz siyasi sahədə müttəfiqik. Bu gün dünyada ikinci belə ölkələr tapılmaz ki, bir-birinə Türkiyə-Azərbaycan kimi yaxın olsunlar. Biz iqtisadi sahədə böyük layihələrə imza atırıq. Qarşılıqlı sərmayə qoyuluşu uğurla həll edilir və Azərbaycan sərmayələri Türkiyəyə, Türkiyə sərmayələri Azərbaycana yatırılır. Bu proses uğurla davam etdirilir. Növbəti 7-8 il ərzində təqribən 20 milyard dollara yaxın Azərbaycan sərmayəsi Türkiyə iqtisadiyyatına yatırılacaqdır. Bu da bizim xaricə yatırdığımız ən böyük sərmayədir.

Bizi birləşdirən enerji layihələri vardır. Biz bu layihələri bərabər icra edirik. Türkiyə və Azərbaycan bu layihələrin icrasında öz liderlik rolunu göstərir. Artıq bu layihələr regional çərçivədən çıxıb və dünya miqyaslı layihələrdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP layihələri dünyanın enerji xəritəsini dəyişdirmişdir.

Digər istiqamətlər üzrə birgə fəaliyyət göstərilir. Bizi birləşdirən nəqliyyat, enerji dəhlizləri xalqlarımız, qonşularımız üçün də böyük fayda verəcəkdir.

Bu gün biz, eyni zamanda, hərbi sahədə əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. Bu sahədə də çox yaxşı imkanlar, perspektivlər və nəticələr vardır. Təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri bu gün müzakirə edildi. Biz Türkiyə dövlətinə minnətdarıq ki, daim bizə diqqət göstərir, Azərbaycanın haqlı işində bizə həmişə dəstəkdir, dayaqdır. Bildiyiniz kimi, beynəlxalq birlik tərəfindən tanınmış bizim ərazi bütövlüyümüz uzun illərdir ki, Ermənistan tərəfindən pozulub, torpaqlarımız işğal altındadır. Bu işğal, ədalətsizlik davam edir. Buna son qoyulmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və işğaldan əziyyət çəkən soydaşlarımız öz doğma torpaqlarına qayıtmalıdırlar. Əminəm ki, belə də olacaqdır. Buna nail olmaq üçün biz daha da güclü olmalıyıq və olacağıq.

Bir sözlə, bugünkü səfər bir daha bizim ikitərəfli münasibətlərimizin inkişafı üçün çox gözəl addım olmuşdur. Çox şadam ki, yenidən öz dostum, qardaşımla görüşürəm. Bir daha Sizə, bütün türk xalqına xoşbəxtlik və yeni uğurlar arzulayıram. Bir daha xoş gəlmisiniz.

 

 

Baş nazir Rəcəb Tayyib Ərdoğanın bəyanatı

- Çox təşəkkür edirəm, hörmətli Prezident, dəyərli media nümayəndələri, xanımlar, cənablar!

Əvvəla ənənəvi hal alan səfərlərimizin birincisini martın 30-da keçirilən yerli seçkilərdən sonra qardaş Azərbaycana etməkdən məmnunluq duyuram. Bu səfəri nazir və deputat dostlarımızla birlikdə həyata keçirdik və bu gün Azərbaycan-Türkiyə arasındakı ikitərəfli əlaqələrimizi, regional məsələləri müzakirə etmək imkanımız oldu. Çox mənalı bu müzakirələr nəticəsində xarici ticarət dövriyyəsi təqribən 15 milyard dollara doğru gedən iki ölkənin gələcəyə baxışındakı bünövrə günbəgün daha da möhkəmlənir. Bir az əvvəl cənab Prezidentin də ifadə etdiyi kimi, Türkiyədəki Azərbaycan sərmayələrinin hədəfləri həqiqətən çox böyükdür. Bunların ən əhəmiyyətlisi də təbii ki, TANAP layihəsidir. Bu layihə ilə əlaqədar başlanan rəsmiləşdirmə işləri ilə bağlı Nazirlər Kabinetinin qərarı da qəbul edilmişdir. Qarşıdakı aylarda, inşallah, burada addımlar atılacaq və TANAP-la bağlı 2018-ci il hədəfinə nail olacağımız an inanıram ki, bu beynəlxalq layihə aramızdakı qardaşlığımızı qat-qat gücləndirəcəkdir.

Təbii ki, bununla yanaşı, cənab Prezidentin də ifadə etdiyi kimi, Bakı-Tbilisi-Ceyhan neft kəməri məsələsi, ondan sonra eyni şəkildə yenə Bakı-Tbilisi-Qars dəmir yolu məsələsi, ondan sonra yenə Şahdəniz-Ərzurum layihəsi, bütün bunlar həqiqətən Azərbaycan-Türkiyə arasındakı bağların nə qədər güclü olduğunu göstərən ən mühüm sərmayələrdir.

Bizim aramızda təbii ki, siyasi, hərbi, mədəni, iqtisadi, ticarət, - bütün bu sahələrdəki birlik, həmrəylik qardaşlığımızın hansı səviyyədə olduğunu göstərən ən gözəl nümunələrdir. Gələcəkdə inanıram ki, çox ciddi sərmayələri birlikdə yatıracağıq. Xüsusilə təbii qaz məsələsində yatırmaqda olduğumuz, yatıracağımız sərmayələr və bu mövzu ilə əlaqədar olaraq daha əvvəl “Petkim”də başlayan proses və “Petkim”dəki yeni investisiyalar bu addımların nə qədər əhəmiyyət daşıdığını ifadə edir.

Bizim bu həmrəyliyimiz, bu qardaşlığımız bundan sonrakı dövrdə də eyni qətiyyətlə davam edəcəkdir. Bu məsələdə tərəflərdə heç bir narahatlıq yoxdur. Təkbətək görüşümüzdə də bunları əhatəli müzakirə etmək imkanımız oldu. Nümayəndə heyətlərinin iştirakı ilə görüşdə də bunları eyni şəkildə dəyərləndirmək imkanımız oldu.

Nazirlərimiz öz aralarında istər enerji, istər müdafiə sənayesi istiqamətində birlikdə nələr edə biləcəyimizi müzakirə etdilər. Fikir verirsinizsə, Azərbaycan ilə Türkiyə arasındakı yüksək səviyyəli səfərlər son vaxtlarda daha da artmağa başlamışdır. İstər prezidentlər arasındakı, istər Baş nazir, nazirlər arasındakı görüşlər hər keçən gün daha da artaraq davam edir. Bunlar bundan sonra da tərəddüdsüz şəkildə davam edəcəkdir. Bizim bu məsələdəki qətiyyətimiz həmişəki kimi, eyni şəkildə davam etməkdədir.

Təbii ki, bu gün aramızda yenə Qarabağ məsələsini müzakirə etmək imkanımız oldu. Bunu təkrar aramızda müzakirə etdik və Dağlıq Qarabağ mövzusunda biz bu günə qədər necə bir qətiyyət, mövqe göstərmişiksə, bundan sonra da yenə eyni qətiyyətli mövqedə olmaqda davam edəcəyik. Burada güzəştə getməyimiz əsla müzakirə mövzusu ola bilməz. Bunun xüsusilə ekran qarşısında bizi izləyənlərin bilməsini bir daha istəyirəm. Bu baxımdan bunu ifadə edirəm.

Mən bizə göstərilən qonaqpərvərliyə, xüsusilə media nümayəndələrinə də dərin minnətdarlığımı bildirirəm. Təşəkkür edirəm.

* * *

Sonra jurnalistlərin sualları cavablandırılmışdır.

 

 

“Əl-Cəzirə Türk” Televiziyasının aparıcı müxbiri Didem Özel TÜMER: Cənab Baş nazir,

TANAP-da təməlqoyma mərasiminin daha əvvəl 2014-cü ildə olacağı açıqlanmışdı. Bu görüşdə bir tarix müəyyən edə bildinizmi? Sizə başqa bir sualım, “Camaat məktəbləri” olaraq tanınan türk məktəblərinin Azərbaycandakı fəaliyyəti ilə bağlı cənab Əliyevdən hər hansı bir istəyiniz oldumu?

Cənab Əliyev, həmin məktəblərlə əlaqədar olaraq fikriniz nədir? Bir də türk mətbuatında “Gülən camaatı”nın Azərbaycandakı fəaliyyəti ilə bağlı bəzi xəbərlər çıxdı, bəzi yüksək səviyyəli bürokratların vəzifədən azad edildiyi şəkildə. “Camaat”ın fəaliyyəti ilə bağlı Sizin fikriniz nədir?

Baş nazir Rəcəb Tayyib ƏRDOĞAN: Əvvəla, təbii ki, mənim buraya səfərimin ən mühüm səbəbi ənənəyə uyğun olaraq hər seçkidən sonra ilk səfərimizin Azərbaycana olmasıdır. Bu səfərimiz də ənənəyə uyğun olaraq atdığımız addımdır. İkitərəfli münasibətlərimizi müzakirə edirik. Təbii ki, ölkələrimizdə hər hansı bir sıxıntı varsa və bu sıxıntı ölkələrimizi həqiqətən narahat edirsə, bunları da aramızda ayrıca müzakirə edirik.

TANAP ilə əlaqədar məsələyə gəldikdə, Nazirlər Kabinetinin qərarı ilə hazırda rəsmiləşdirmə prosesi başlamışdır. Bu prosesi davam etdirib başa çatdıra bilsək, hər halda bu ilin sonuna qədər kəmərin təməlini qoya bilərik. Bu məsələ ilə bağlı narahatlığımız yoxdur. Bizim əsas məqsədimiz odur ki, bir an əvvəl buldozerlər işləməyə başlasın və qısa müddətdə, inşallah, TANAP marşrutu ortaya çıxsın. Təbii ki, bunlar layihə və plan şəklində vardır. Amma bu kanallar açılmağa başladığı andan etibarən, bütün borular orada göründüyü anda artıq dünya bunu çox yaxından izləyəcəkdir. Təşəkkür edirəm.

Prezident İlham ƏLİYEV:

TANAP layihəsi ilə bağlı istərdim ki, bir-iki kəlmə söz əlavə edim. Bu layihə birgə layihəmizdir. Türkiyə və Azərbaycan bu layihənin müəllifidir, lideridir. Bu layihənin həyata keçirilməsində Türkiyə və Azərbaycan rəhbərliyinin iradəsi və qətiyyəti ən böyük rol oynamışdır. Bu layihənin həyata keçirilməsi nəticəsində bizim ölkələrimiz bir-birinə daha da sıx bağlı olacaq, siyasi və iqtisadi imkanlarımız böyük dərəcədə artacaqdır. Biz çalışacağıq ki, bu layihəni vaxtında icra edək. Hər halda bizə verilən məlumata görə hər şey cədvəl üzrə gedir. Ümid edirəm ki, 2018-ci ildə biz bu layihənin açılışını əziz qardaşımla bərabər qeyd edəcəyik.

O ki qaldı sualın digər hissəsinə, əziz qardaşımın dediyi kimi, bizim görüşlərimiz ənənəvi xarakter daşıyır. Biz ildə bir neçə dəfə görüşürük. Keçən dəfə dörd ay bundan əvvəl görüşmüşük, bu dəfə də görüşürük. Gələn ay da görüşümüz ola bilər. İyun ayında görüşümüz olacaqdır. Yəni bu, təbiidir. Biz müttəfiqik, biz dostuq, biz qardaşıq. Bizim aramızda olan söhbətlər, əlbəttə ki, çox geniş sahəni əhatə edir. Elə bir məsələ yoxdur ki, biz bu məsələni səmimiyyətlə, dost, qardaş kimi müzakirə etməyək. Əsas məsələ ondan ibarətdir ki, burada Türkiyə və Azərbaycan tərəfi başqa sahələrdə olduğu kimi həmfikirdir ki, biz əlaqələrimizə zərrə qədər zərər verə biləcək hər hansı bir addımı qəbul etmirik, imkan vermirik və verməyəcəyik. Biz dostuq, qardaşıq, rəhbərlər qardaşdır, xalqlar qardaşdır. Belə də olmalıdır. Gələcək uğurlu inkişafımız və dünyada yerimizi möhkəmləndirmək üçün Türkiyə-Azərbaycan birliyi bundan sonra da davam edəcəkdir, etməlidir. Bu, xalqların iradəsindən doğan bir sifarişdir, Türkiyə və Azərbaycan rəhbərliyinin əqidəsidir. Biz həmişə bir-birimizin yanındayıq, bir-birimizi müdafiə edəcəyik, yaxşı günlərdə və o qədər də yaxşı olmayan günlərdə də həmişə bir yerdə olmalıyıq. Zatən, qardaşlar belə olmalıdır və biz də belə qardaşlardanıq.

Azərbaycan İctimai Televiziyasının müxbiri Mehriban Məmmədova: Cənab Baş nazir, bəzi ölkələrin KİV-lərində Sizin rəhbərlik etdiyiniz partiyanın nurçuluqla bağlı olduğu söylənilir. Hazırda Türkiyədə nurçuluq meyilləri ilə mübarizə aparılması müşahidə olunur. Sizin bu vəziyyətə münasibətinizi bilmək istəyərdik. Çox sağ olun.

Rəcəb Tayyib ƏRDOĞAN: Bu, təbii ki, mənə çox qəribə gəldi. Bizim elə bir bağlantımız təbii ki, yoxdur. Bizim yeganə bağlantımız millətlədir. Millətlə olan bağlantımız çox yaxşı olduğu üçün 46 faiz səs aldıq. Bu seçki də məlumdur ki, necə deyərlər, etimadın doğrulması idi və bunu bacardıq. Biz xalqımızın içərisində hər hansı bir ayrı-seçkiliyə imkan vermərik. Ayrı-seçkiliyə tamamilə qarşıyıq. Baxın, hazırda Türkiyənin demək olar ki, bütün vilayətlərində üzvləri bələdiyyə sədri seçilən tək partiya bizik. Bununla yanaşı, bizim 7 bölgəmiz vardır, bu 7 bölgənin altısında birinci partiyayıq, digər bölgədə də bərabərik. Bizim belə bir xüsusiyyətimiz də vardır.

Bu, haradan qaynaqlanır? Biz bütün xalqı əhatə edirik. Digərləri əhatə edə bilmir. Bəziləri irqçilik, bəziləri bölgəçilik edir. Bizdə bu, yoxdur. Biz 77 milyonun partiyasıyıq. Biz 780 min kvadratkilometrin partiyasıyıq. Mən həmişə deyirəm, bizim dörd əsas prinsipimiz var: Tək millət, tək bayraq, tək vətən, tək dövlət. Bu, xalqımızın bizə olan xoş münasibətini artırmışdır. Təşəkkür edirəm. 

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında